23 İyun 2026 09:10
133
CƏMİYYƏT
A- A+
Ziyadxan bayraq aşiqi idi

Ziyadxan bayraq aşiqi idi


Kəfəni də bayraq oldu


Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük cəsarət və igidliklə vuruşaraq şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də Ziyadxan İbrahim oğlu Əliyevdir. Ziyadxan 12 yanvar 1997-ci ildə Kürdəmirin Carlı kəndində dünyaya göz açıb. 

Onun ailəsi əslən Cəbrayıl rayonundan idi. Onlar 1993-cü ilin yayında erməni işğalçılarının hücumları nəticəsində rayonun Soltanlı kəndindən didərgin düşmüşdülər. Həyatlarının o çətin, keşməkeşli günlərində yaşamaq ümidi ilə Kürdəmir rayonuna üz tutmuşdular. Xeyirxah adamların köməyi ilə burada məskunlaşa bilmişdilər. Ziyadxanın valideynləri övladlarını vətənpərvərlik ruhunda, düşmənə qarşı nifrət hissi ilə tərbiyə etmişlər. 

Hiss olunmadan ötən zaman Ziyadxanı da qoynuna alıb böyüdürdü. Artıq yaşıdları kimi o da məktəbə gedirdi. Elmə, biliyə maraq göstərən Ziyadxan dərslərini yaxşı oxuyur, yüksək qiymətlər alırdı. Ziyadxan 10-11-ci sinifləri Sumqayıtda fəaliyyət göstərən Qubadlı rayon Fərzən kənd orta məktəbində oxudu. 2014-cü ildə orta təhsilini yüksək göstəricilərlə başa vuraraq Azərbaycan Texniki Universitetinə qəbul oldu. Tələbəlikdən sonra Ziyadxanı əsgəri xidmət gözləyirdi. O isə Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməyə hazır idi. 2019-cu ilin oktyabr ayında hərbi xidmət keçmək üçün ordu sıralarına çağırıldı. Əsgərlik həyatının ilk günlərindən nümunəvi xidmətilə seçildi. Marağını, həvəsini nəzərə alan komandanlıq onu 3 aylıq hərbi tibb kursuna cəlb etdi. Üç ay ərzində əsgər Ziyadxan Əliyev ilkin yardım üçün zəruri olan bir çox bilik və vərdişləri dərindən mənimsədi. 

Artıq əsgər Ziyadxan Əliyevin xidməti yavaş-yavaş başa çatırdı. Ordu sıralarından tərxis olunmağına sayılı günlər qalırdı. Bu gün-sabah komandirlər və əsgər dostları ilə sağollaşıb doğmalarının yanına qayıdacaqdı. Həmin günlər onun ürəyi arzularla dolub-daşırdı. Düşünürdü ki, ordu sıralarından tərxis olunduqdan sonra işə düzələcək, valideynlərinin dolanışığına kömək edəcək, bir müddətdən sonra isə min gözəlin içindən sevib-seçdiyi qızla ailə həyatı quracaqdı. Ömrünün ən gözəl günlərini yaşayacaqdı. Əgər 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlamasaydı, hər şey Ziyadxanın düşündüyü kimi də olacaqdı.

Müharibənin ilk günlərindən əsgər Ziyadxan Əliyevin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti savaşa cəlb olundu. Onlar Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində döyüşə atıldılar. Ziyadxan həm səhra tibb məntəqəsinin heyətində yaralı əsgərlərimizin həyatını xilas edir, həm də əlində silah vuruşurdu. Düşmən  Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında dayana bilməyərək geri çəkildikcə,  torpaqlarımız addım-addım işğaldan azad olunurdu. 

Günlər keçdikcə döyüş təcrübəsi artan Ziyadxan Qarabağın işğaldan azad olunması uğrunda müharibənin sonunadək vuruşmaq istəyirdi. Təəssüflər olsun ki, o, bu arzusuna çata bilmədi. Oktyabrın 1-də yaralı əsgər yoldaşına tibbi yardım göstərərkən düşmən gülləsinə tuş gəldi, şəhidlik zirvəsinə ucaldı. Ertəsi gün onun meyitini məskunlaşdıqları Kürdəmirə gətirdilər. Oktyabrın 2-də yaxınlarının, doğmalarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanında dəfn olundu. 

Şəhidin anası Müşgünaz xanım övladını xatırlayaraq dedi ki, Ziyadxan haqqında keçmişdə danışmaq mənim üçün çox çətindir: "Amma nə etməli, həyatdır. Görünür, onun da ömür yolu bu cür yazılıb. Hər şeydən əvvəl onu deyim ki, Ziyadxan çox ağırtəbiətli, tərbiyəli, məsuliyyətli uşaq idi. Tapşırıqlarını səliqəli xətlə yazar, heç vaxt dərsə hazırlıqsız getməzdi. Orta məktəbdə də, universitetdə də yaxşı oxumuşdu, yüksək qiymətlər almışdı. Doğma ocaqlarımız olan Cəbrayıldan didərgin düşəndən sonra xeyli əziyyət çəkdik. Bizim üçün nə qədər çətin olsa da, çalışırdıq ki, uşaqlarımız Vətən, torpaq, yurd sevgisi ilə böyüsünlər. Onların oxuduqları şeirlər, inşa yazıları Qarabağa həsr olunurdu. Ziyadxan bayrağımızın vurğunu idi. Yadımdadır, birinci sinfə gedəndə atası ona pul vermişdi ki, rayon mərkəzinə gedəndə özünə istədiyi paltarı alsın. Ziyadxan isə bayraq almışdı. Orta məktəbi başa vuranda, sinif yoldaşları bir-biri ilə rəqs edəndə Ziyadxan bayrağı başı üzərinə qaldıraraq oynamışdı". 

Bir anlıq dərindən ah çəkən Müşgünaz xanım sözünə davam etdi: "Sentyabrın 30-da gecədən xeyli keçmiş Ziyadxandan atasına zəng gəldi. Həyəcanla onun səsinə qulaq asırdım. Oğlum atası ilə danışandan sonra dedi ki, telefonu anama ver. Əlim əsə-əsə telefonu qulağıma yaxınlaşdırdım. Onunla salamlaşandan sonra  dedim ki, qadan alım, Ziya, məndən gizlətsən də, döyüşdə olduğunu bilirəm. Sonra vəziyyətinin necə olduğunu soruşdum. Sualıma cavab verərək dedi ki, ana, mən yaxşıyam, narahat olma! Qardaşımdan muğayat ol! Sizin dərmanınız var? Qurtarıbsa, bacıma yazın, tez göndərsin. İşdi, mənə bir şey olarsa, ağlama, başını həmişə dik tut!"

Doğmaları ilə olan bu telefon danışığının ertəsi gün valideynlərinin qapısını övladlarını şəhid olduğu xəbəri döyür. Ziyadxan bayraq aşiqi idi. Elə kəfəni də bayraq oldu.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Ziyadxan İbrahim oğlu Əliyev Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Cəsur döyüşçü", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.


Vahid MƏMMƏDQULUOĞLU, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!