Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Kardinal Corc Ceykob Kuvakadı qəbul etməsi ölkəmizlə Vatikan arasında inkişaf edən münasibətlərin növbəti mühüm təzahürü kimi diqqət çəkir.
Görüş zamanı iki tərəf arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, həmçinin qlobal çağırışlar fonunda birgə fəaliyyət imkanları müzakirə edildi.
Əslində, Azərbaycan-Vatikan münasibətləri adi diplomatik əlaqələrdən daha genişdir. Bu münasibətlər müxtəlif dinlərə, mədəniyyətlərə və sivilizasiyalara mənsub xalqlar arasında qarşılıqlı hörmətin, etimadın və humanist dəyərlərin təcəssümüdür. Məhz buna görə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşan əməkdaşlıq modeli bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması və ölkəmizin tolerantlıq ənənələrinin beynəlxalq miqyasda tanıdılması Ümummilli Lider Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biri idi. Ulu Öndər bilirdi ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu mehriban yaşadığı Azərbaycan dünyaya məhz bu model vasitəsilə nümunə ola bilər. Odur ki, Ümummilli Liderin rəhbərliyi dövründə dini etiqad azadlığının təmin olunması, dini icmaların fəaliyyətinə şərait yaradılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan ilə Vatikan arasında münasibətlərin inkişafı da məhz həmin dövrdə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində iki tərəf arasında etimad mühiti formalaşdı və sonrakı illər bu münasibətlər daha da dərinləşdi.
Azərbaycan-Vatikan münasibətlərinin tarixində ən mühüm hadisələrdən biri 2002-ci ilin mayında Roma Papası II İoann Pavelin Bakıya səfəri oldu. Bu səfər təkcə iki dövlət arasındakı münasibətlər baxımından deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi böyük əhəmiyyət daşıyırdı. Dünyanın nüfuzlu dini liderlərindən biri hesab olunan Roma Papasının Azərbaycana gəlməsi ölkəmizdə mövcud olan tolerantlıq mühitinə verilən yüksək qiymət idi.
Səfər çərçivəsində Papa II İoann Pavel ilə Prezident Heydər Əliyev arasında keçirilən görüşlərdə dinlərarası dialoq, beynəlxalq sülh, mədəniyyətlərarası əməkdaşlıq və humanitar məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Papa çıxışlarında Azərbaycanın müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə olduğunu vurğulayaraq ölkəmizin bu sahədəki təcrübəsini yüksək qiymətləndirirdi. Bu səfərdən sonra Azərbaycan-Vatikan münasibətləri daha da intensiv xarakter aldı və əməkdaşlıq yeni istiqamətlər üzrə genişləndi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan-Vatikan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bakıda keçirilən Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Zirvə görüşləri, Mədəniyyətlərarası Dialoq forumları və digər beynəlxalq tədbirlər ölkəmizin bu istiqamətdəki rolunu daha da gücləndirib. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: "Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir".
Bu fikir Azərbaycan reallığının ifadəsidir. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristianlar, iudistlər və digər dini icmalar sərbəst fəaliyyət göstərir, onların ibadət yerləri dövlət tərəfindən qorunur və bərpa edilir. Dövlətimizin başçısının digər bir fikri isə Azərbaycanın bu sahədəki fəlsəfəsini aydın şəkildə ortaya qoyur: "Multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, həyat tərzidir". Bu siyasət nəticəsində ölkəmiz bu gün dünyada dini tolerantlığın uğurlu modellərindən biri hesab edilir.
Azərbaycan-Vatikan münasibətlərindən danışarkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond uzun illərdir Vatikanla uğurlu əməkdaşlıq edir. Vatikan Muzeyində saxlanılan bir sıra tarixi eksponatların bərpası, Müqəddəs Pyotr Bazilikasının katakombalarının restavrasiyası, Romada müxtəlif tarixi-mədəni irs nümunələrinin qorunmasına verilən dəstək beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanıb. Bu layihələrin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan müsəlman ölkəsi kimi başqa dinə aid müqəddəs abidələrin qorunmasına töhfə verir. Bu isə ölkəmizin sivilizasiyalararası dialoqa verdiyi real töhfənin göstəricisidir. Təsadüfi deyil ki, Vatikan rəsmiləri dəfələrlə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək həmin qurumu mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən nümunəvi fəaliyyət adlandırıblar.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan haqq işini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll etdiyi zaman da Müqəddəs Taxt-Tac regionda sülhün və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu bildirdi. Müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən dini-mədəni irsin bərpası Vatikan tərəfindən də maraqla izlənildi. Bu gün Qarabağda təkcə məscidlər deyil, xristian dini abidələri də bərpa olunur. Azərbaycan bununla bütün dini irsə bərabər münasibət nümayiş etdirir və dünyaya tolerantlığın praktik modelini təqdim edir. İşğal dövründə dağıdılmış məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin bərpası ilə yanaşı, xristian irsinin qorunmasına da xüsusi diqqət yetirilməsi Azərbaycanın humanist yanaşmasının göstəricisidir.
Kardinal Corc Ceykob Kuvakadın Bakıya səfəri və Prezident İlham Əliyev tərəfindən Roma Papası XIV Leona ünvanlanmış dəvət məktubunun təqdim edilməsi göstərir ki, Azərbaycan-Vatikan münasibətləri yeni inkişaf mərhələsinə daxil olur. Bu münasibətlər artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, qlobal miqyasda sülhün, qarşılıqlı anlaşmanın və humanitar əməkdaşlığın təşviqi baxımından da mühüm əhəmiyyət kəsb edir. Müasir dünyanın üzləşdiyi dini ekstremizm, dözümsüzlük, separatizm və sivilizasiyalararası qarşıdurma kimi təhlükələr fonunda Azərbaycan ilə Vatikanın ortaq mövqeyi xüsusi əhəmiyyət daşıyır. Hər iki tərəf dialoqun, qarşılıqlı hörmətin və humanizmin alternativsiz yol olduğunu müdafiə edir.
Bu gün Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada, hörmətə və ortaq mənəvi dəyərlərə əsaslanan tərəfdaşlıq nümunəsidir. Həmin münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti və Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm humanitar layihələr dayanır.
Elşən QƏNİYEV,
"Azərbaycan"