18 İyun 2026 08:45
145
CƏMİYYƏT
A- A+
Dönüşü olmayan qəhrəmanlıq yolu

Dönüşü olmayan qəhrəmanlıq yolu


Mübarizəmizin nümunəsi olan Mübariz 16 il öncə özünə əbədiyyət qazanıb


Zaman-zaman cəsur oğullarımız Vətən uğrunda böyük cəsarət və hünər göstərmişlər. Ölümün gözünün içinə dik baxa-baxa şəhidlik zirvəsinə yüksəlmişlər. Qəhrəmanlıqları ilə onu tanıyan və tanımayanları heyran qoymuşlar. Belə cəsur, igid oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Onu uşaqdan tutmuş böyüyə qədər hamı tanıyır, xatirəsi qarşısında baş əyir. Mübarizin ilıq bir yaz gecəsində cəbhədə göstərdiyi qəhrəmanlıq zaman durduqca yaşayacaq. Xalqımız belə cəsur oğulları ilə həmişə fəxr edib qürur duyacaq.

Mübariz İbrahimovun ölümü, şəhidliyi şüurlu şəkildə qəbul etmiş müqəddəs bir ölümdür. Necə deyərlər, həyat qədər dəyərli bir ölümdür. Tərəddüd etmədən demək olar ki, Mübariz İbrahimov zəmanəmizin əsl qəhrəmanlıq, igidlik və cəsurluq simvoludur. Mübariz vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşdü, bu yolda canını əsirgəmədi. Rəşadəti, hünəri ilə düşmənlərə meydan oxudu, canlarına qorxu saldı. Azərbaycan əsgərinin necə də qəhrəman, igid olduğunu erməni qəsbkarlarına göstərdi. 

Demək olar ki, Mübariz İbrahimov Qarabağ müharibəsi ilə həmyaşıd idi. Dünyanı sarsıdan Xocalı faciəsi baş verəndə Mübariz 4 yaşın içindəydi. Məktəbdə Xocalı faciəsindən inşa yazar, vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə iştirak edər, televiziyada erməni vəhşiliklərini əks etdirən kadrlara baxardı. Bütün bunlar onun körpə qəlbində erməni işğalçılarına qarşı nifrət və qisas hissi oyadardı. 

Qəhrəmanlığı ilə dünyanı heyran qoyan Mübariz İbrahimov valideynlərinin ona qoyduğu adı doğrultdu. Zərrə-zərrə qanına hopan vətənpərvərlik ruhu onu qəhrəmanlığa, mübarizliyə səslədi. Onun üçün Vətən hər şeydən üstün, hər şeydən dəyərli və uca idi. Yaxınlarının danışdıqlarına görə, hər dəfə sevgidən söz düşəndə deyərmiş ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, onu erməni işğalçılarından azad etməliyik, qəsbə son qoymalıyıq. "Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən..."

18 iyun 2010-cu ildə gecənin qaranlığında Tərtər rayonunun Çaylı kəndi yaxınlığında ön xətdə xidmət edən, yurdunun torpağını göz bəbəyi kimi qoruyan gizir Mübariz İbrahimov həmişə arzusunda olduğu, xəyalını qurduğu qəhrəmanlıq yoluna çıxdı. İllərdən bəri torpaqlarımızı işğalda saxlamış Ermənistan ordusunun üstünə təkbaşına getdi. Yaxşı bilirdi ki, bu yol müqəddəsdir, bu yolun gedişi var, dönüşü yoxdu. Ürəyində erməni işğalçılarına qarşı qisas hissi dolub-daşırdı. Bu hiss ona güc verirdi, addım-addım qəhrəmanlığa, igidliyə doğru aparırdı. Düşmən qüvvələrinin yerləşdiyi məntəqəyə çatmaq üçün qarşıda xeyli yol var idi. Hələ minalanmış sahəni də keçməliydi. Nə qədər çətin və təhlükəli olsa da, Mübariz qarşısına qoyduğu missiyanı yerinə yetirdi. Elə birinci həmlədə Ermənistan silahlı qüvvələrinin xeyli sayda əsgər və zabitini məhv etdi. Qəsbkarların canına vəlvələ saldı. Beş saatdan çox işğalçılarla təkbaşına döyüşdü. Düşməni ağır itkilərə məruz qoydu, məqsədinə çatdı. Özü də qəhrəmancasına şəhid oldu. 

Deyirlər ki, Mübariz qışda doğulsa da, baharı, yazı çox sevərmiş. Bu dünyada iyirmi iki bahar yaşadı. Bəlkə də taleyin qismətindən idi ki, şəhidlik zirvəsinə qovuşanda da bahar fəsli idi. Yayın gəlməsinə günlər qalırdı. Kim bilir, bəlkə də elə bunu özü seçmişdi. Çox illər ötəcək, çox zamanlar dəyişəcək. Amma Mübariz elə 22 yaşında da qalacaq. Gələcək və keçəcək zaman heç nəyi dəyişməyəcək. Çünki şəhidlər ölməzdir, əbədiyaşardır. 

Qəhrəmanın ömür yoluna nəzər salanda öyrəndik ki, Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. Körpənin adını Mübariz qoyublar. Deyilənə görə, daşıdığı adın insan taleyində təsiri, rolu az olmur. Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. O, şəhid M. Piriyev adına orta məktəbdə təhsil alıb. Oxuya-oxuya idmana da maraq göstərib, boksla məşğul olub. 2005-ci ildə isə hərbi xidmətə çağırılıb. Mübariz bu çağırışı toy- bayram kimi qəbul edib, ordu sıralarına böyük fərəhlə yollanıb. Daxili Qoşunların hərbi hissələrinin birində, xüsusi təyinatlı bölükdə xidmət edib. Çavuş rütbəsi ilə əsgəri xidmətini başa vurub. 2009-cu ildə ordu sıralarında xidmətə başlayıb. Sınaqlardan uğurla keçərək gizir rütbəsi alıb. Beləcə, onun qəhrəmanlığa gedən yollarına ilk kərpiclər döşənib. 

Şəhid olduqdan bir müddət sonra Mübarizin ölümündən əvvəl doğmalarına yazdığı  məktub üzə çıxıb. Onun valideynlərinə yazdığı məktubda oxuyuruq: "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirərək demişdir: "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir".

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova göstərdiyi şücaətə və cəsarətə görə, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu ilin iyununda cəbhə xəttində təkbaşına göstərdiyi qeyri-adi qəhrəmanlığın üstündən illər keçsə də, onun igidliyi xarici medianın, xüsusilə də Rusiyanın rəqəmsal platformalarının diqqət mərkəzindədir. Məşhur "Doktor Nova" layihəsinin hazırladığı sənədli materialda rusiyalı aparıcı 18 iyun 2010-cu ilin gecəsində baş verənləri diqqət və heyranlıqla tamaşaçılarına çatdırır. Həmin videoda Mübariz İbrahimovun addımlarını ardıcıllıqla təhlil edir. O, 22 yaşlı gənc bir əsgərin kimsədən dəstək almadan, gecənin qaranlığında bir kilometrlik minalanmış sahəni və müşahidə postlarını necə böyük ustalıqla keçdiyini vurğulayır. Onun  qəhrəmanımız haqqında işlətdiyi iftixar dolu ifadələr diqqətimizi özünə çəkir: "O, düşmən səngərində təkbaşına elə bir döyüş aparırdı ki, sanki "Rembo" filminin kadrları canlanırdı. Amma bir fərqlə - bu gecə hər şey tamamilə gerçək idi. Düşmən qarşısında neçə nəfərin olduğunu anlaya bilmirdi, bütün ordu xaosa düşmüşdü. Halbuki onların hamısına qarşı vuruşan cəmi bir nəfər idi". Müəllif materialda döyüşün gedişatı ilə yanaşı, Mübarizin düşmən üzərində yaratdığı psixoloji üstünlüyü və qorxunu da önə çəkir. Rəsmi məlumatlara istinad edilərək, Mübarizin təkbaşına 45 düşmən hərbçisini zərərsizləşdirdiyi, silahı və patronu bitdikdə isə qarşı tərəfin silahlarını ələ keçirərək döyüşü səhərə qədər davam etdirdiyi vurğulanır. Şərhçinin düşmənin Mübarizin cansız bədənindən belə qorxması faktını qabarıq şəkildə ifadə edir: "Qarşı tərəf bu gənc əsgərdən elə qorxurdu ki, o, şəhid olduqdan sonra belə əllərini bağlamışdılar. Sanki onun hər an yenidən ayağa qalxa biləcəyindən vahimələnirdilər".

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının əbədiləşdirilməsi üçün həm ölkəmizdə, həm də onun hüdudlarında bir sıra önəmli işlər görülüb. Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verilib. 2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. 2011-ci ildə "Palmali" şirkətinin Türkiyədə hazırladığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfənglərindən biri qəhrəmanın şərəfinə "Mübariz" adlandırılıb. 2016-cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verilib. Həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mübariz İbrahimovun heykəli ucaldılıb. 

Türkiyənin TRT 1 kanalında nümayiş etdirilən "Sakarya Fırat" və 2014-cü ildə yayımlanan "Qızıl alma" adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub. Təbiidir ki, bu hələ son deyil. İnanırıq ki, bundan sonra da ölkəmizin ərazisindəki küçələrə, məktəblərə qəhrəmanın adı veriləcək, abidəsi ucaldılacaq. Mübarizin adı ürəklərdə və qəlblərdə əbədi olaraq yaşayacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!