Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən əlamətdar tarixlərindən olan 15 İyun - Milli Qurtuluş Günü respublikamızın öz müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda xalqın öz taleyinə sahib çıxdığı dönüş nöqtəsidir. Bu tarix xalqın Ümummilli Lider Heydər Əliyevə dərin və sarsılmaz inamının, milli birliyinin və qurtuluşunun rəmzidir. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev dövləti xilas etməklə bərabər, gələcək nəsillərə güclü, müstəqil və qüdrətli bir ölkə miras qoydu.
1990-cı illərin əvvəllərində kritik həddə çatan ictimai-siyasi böhran Azərbaycanı məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplaşmaların səriştəsiz siyasəti respublikada vəziyyəti idarəolunmaz hala gətirib çıxarmışdı. 1992-ci ilin may ayında hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü, dövlət idarəçiliyindəki qeyri-peşəkarlıq, şəxsi ambisiyalar və hakimiyyət davası ilə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. İqtisadiyyat tamamilə tənəzzülə uğramış, ordu quruculuğu isə milli maraqlara zidd, səriştəsiz insanların əlinə keçmişdi.
Dövlət idarəçiliyindəki bu boşluq ağır nəticələrə gətirib çıxarmışdı. Ermənistanın işğalçılıq siyasəti qarşısında ordu nizamsızlığı və vahid komandanlığın olmaması ciddi ərazi itkilərinə yol açmışdı.
1992-ci ilin mayında 10 gün ara ilə Şuşa və Laçının, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ölkənin coğrafi və hərbi cəhətdən parçalanması ilə nəticələnmişdi. Respublikanın hər yerində qıtlıq, səfalət hökm sürmüşdü. Yüz minlərlə soydaşımız yurdundan didərgin düşərək çadır düşərgələrində, vaqonlarda, yataqxanalarda ağır məhrumiyyətlər içərisində yaşamağa məcbur olmuşdu. Küçələrdən gələn, dövlət idarəçiliyi və təcrübəsi olmayan təsadüfi şəxslərin yüksək vəzifələrə gətirilməsi, ölkədə qardaş qanının axıdılmasını qaçılmaz etmişdi.
1993-cü il iyunun 4-də Gəncədə baş verən hadisələr də ölkədəki proseslərin məntiqi nəticəsi idi. Ölkənin daxilində vətəndaş müharibəsi alovlanır, separatçı qüvvələr baş qaldırır, dövlət faktiki olaraq parçalanmaq təhlükəsi yaşayırdı.
Bu xaos şəraitində xalqın yeganə ümid yeri görkəmli dövlət xadimi Heydər Əliyev idi. Buna görə də çətin durumunda xalqın nəzər-diqqəti Naxçıvana - Ulu Öndərə yönəldi. Blokada şəraitində belə muxtar respublikanı qorumağı bacaran, təcrübəsi və xarizması ilə dünya səviyyəli siyasətçi kimi tanınan Heydər Əliyev dövlətin və xalqın yeganə nicatı idi. Xalqın təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev proseslərə müdaxilə edərək ilk növbədə hərbi böhranın daha da dərinləşməsinin, vətəndaş qarşıdurmasının qarşısını aldı. Prezident İlham Əliyev bu barədə deyib: "Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi".
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə respublikamızın tarixinə "Milli Qurtuluş Günü" kimi həkk olunan, dövlətçiliyimizin və müstəqilliyimizin əbədiləşdirilməsini təmin edən yeni və tarixi bir mərhələ başladı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərqərar olunması, separatizmin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atıldı. Həmin dövrkü reallıqlar şəraitində bunları həyata keçirmək siyasi qətiyyət və əzmkarlıq tələb edirdi. Bu baxımdan, Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçildikdən sonra hərbi-siyasi böhranın aradan qaldırılması istiqamətində həyata keçirdiyi fəaliyyət Ulu Öndərin siyasi dühasının təntənəsinə çevrildi.
Həmin ilin oktyabr ayında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi isə bütün xalqın Ulu Öndərə olan inamının növbəti təcəssümü oldu. Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkəmizi uçurumun kənarından döndərərək, dövlətçiliyimizin sarsılmaz təməllərini atdı və bu gün qürurla yaşadığımız, ərazi bütövlüyü tam bərpa olunmuş müstəqil Azərbaycanın formalaşmasına yol açdı.
Ulu Öndər yaxşı bilirdi ki, işğal altındakı torpaqları azad etmək üçün güclü ordu və iqtisadi müstəqillik lazımdır. O, bu çətin yolda gələcək Zəfərin strategiyasını hazırladı və atəşkəs dövrünü dövlətin gücləndirilməsi üçün fürsət kimi dəyərləndirdi.
1994-cü ilin may ayında Ermənistanla atəşkəs elan edildikdən sonra Heydər Əliyev bütün qüvvə və bacarığını ölkənin sosial-iqtisadi inkişafına, silahlı qüvvələrimizin tamamilə yenidən qurulması işinə yönəltdi. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsasını qoydu. Ulu Öndər həmin dövrdə çox yaxşı başa düşürdü ki, ölkəyə investisiyaların qoyulmasını təmin etmədən və iqtisadiyyatı inkişaf etdirmədən iqtisadi geriliyi aradan qaldırmaq mümkün olmayacaqdır. "Əsrin müqaviləsi"nin imzalanması və ölkənin neft sənayesinə investisiyaların cəlb olunması Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu.
Taleyüklü məsələləri həll edən dahi rəhbər fundamental təməllərə əsaslanan dövlət quruculuğuna başladı. Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyini təmin edəcək institusional strukturlar formalaşdırıldı, 1995-ci ilin noyabrında qəbul olunan və tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.
Həmin dövrdə paralel olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün diplomatik sahədə çox ciddi addımlar atıldı. Bunlardan ən önəmlisi 1996-cı il ATƏT-in Lissabon Sammiti idi. Bu sammitdə Ulu Öndər Heydər Əliyev misilsiz diplomatik iradə nümayiş etdirdi. Ermənistanın işğalçılıq siyasətini beynəlxalq səviyyədə ifşa edən Heydər Əliyevin qətiyyəti nəticəsində ATƏT-in 53 üzv ölkəsi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən prinsipləri qəbul etdi. Bu, Azərbaycanın diplomatik mübarizədə qazandığı ən parlaq tarixi qələbələrdən biri, Ermənistanın beynəlxalq səviyyədə təcridinin başlanğıcı və Qarabağın işğaldan azad edilməsinin hüquqi fundamenti idi.
Ulu Öndər Heydər Əliyevin Qarabağa qayıdış inamı onun dövlətçilik fəlsəfəsinin ən sarsılmaz və ən həssas nöqtəsi idi. O, Qarabağın işğalını Azərbaycanın ürəyinə vurulmuş bir yara kimi görürdü və bu yaranın sağalacağına, torpaqların geri qaytarılacağına bir an belə şübhə etmirdi.
Dahi şəxsiyyətin ən çətin dövrlərdə belə səsləndirdiyi "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" fikri həm də gələcək qələbənin ideoloji proqramı idi. Ulu Öndər Azərbaycanın tarixi torpaqlarının işğal altında qalmasını müvəqqəti hal kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu ədalətsizliyi qəbul etməməyə çağırırdı. Mötəbər tribunalardan Qarabağ həqiqətlərini dünyaya çatdıran dahi şəxsiyyət işğalçılıq siyasətinin ifşası üçün sistemli diplomatik yol xəritəsi çəkirdi.
Ulu Öndərin "Bizim hamımızın elliklə, obalıqla xalqımızın, millətimizin bir müqəddəs arzusu, istəyi, bir müqəddəs məqsədi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır… biz bu arzumuza mütləq çatacağıq... …İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir" sözləri ilə ifadə etdiyi qayıdışa sarsılmaz inamı xalqın mübarizə əzmini sınmağa qoymurdu.
Heydər Əliyev öz siyasəti ilə ordu quruculuğuna, iqtisadi gücə və beynəlxalq nüfuza önəm verərək, gələcək Zəfərin təməlini məhz o illərdə qoydu.
Heç şübhəsiz dahi siyasətçi Heydər Əliyevin cənab İlham Əliyevi öz siyasi varisi kimi müəyyən etməsi Azərbaycanın müasir tarixinin ən strateji və uzaqgörən qərarlarından biri, dövlətçiliyimizin qüdrətlənməsini və uğurlarının davamlılığını təmin edən tarixi seçim oldu. Bu qərar Azərbaycanın gələcək taleyi üçün düşünülmüş məsuliyyətli siyasi kursun varisliyi idi.
1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində Heydər Əliyev cənab İlham Əliyevi layiqli namizəd kimi təqdim edərkən, onun siyasi hazırlığını, intellektual səviyyəsini və ən əsası, dövlətçilik təfəkkürünü xüsusi vurğulamışdı. Ulu Öndərin bu tarixi mesajı xalqın gələcəyə olan etimadını möhkəmləndirdi: "İnanıram ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, tədbirləri İlham Əliyev başa çatdıra biləcək".
Təbii ki, bu qərarın arxasında cənab İlham Əliyevin uzun illər boyu keçdiyi siyasi məktəb dururdu. O, 1990-cı illərin əvvəllərindən etibarən Ulu Öndərin yanında olmaqla, dövlət idarəçiliyinin bütün incəliklərini, daxili və xarici siyasətin prinsiplərini birbaşa özündən öyrənmişdi. Neft strategiyasının həyata keçirilməsində sərgilədiyi yüksək peşəkarlıq, beynəlxalq qurumlarda göstərdiyi effektiv fəaliyyət cənab İlham Əliyevin liderlik potensialını, eyni zamanda Ulu Öndərin siyasi xəttinin ən sadiq davamçısı olduğunu təsdiqləmişdi.
Ulu Öndərin cənab İlham Əliyevi siyasi varisi seçməsi, Azərbaycanın öz müstəqilliyini qoruması və daha da güclənməsi üçün atılmış ən doğru addım idi. Bu qərar, Azərbaycanın dövlətçilik xəttinin pozulmadan, daha böyük uğurlara doğru inamla irəliləməsinin təminatçısı oldu. Ümummilli Liderin vaxtilə müəyyənləşdirdiyi "Azərbaycanın inkişaf strategiyası" cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. İqtisadi müstəqillik, güclü ordu və milli birliyin daha da təkmilləşdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirdi. Qısa müddətdə ölkə iqtisadiyyatını şaxələndirərək yüksək templi inkişafa rəvac verən Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq arenada sözükeçən qüdrətli dövlət etdi.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın azadlığı, Prezident İlham Əliyevin rəhbərliyi və Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində reallığa çevrildi.
Bu tarixi missiyanın zirvəsi 2020-ci il 8 noyabrda yaşandı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı azad etməklə, həm xalqımızın torpaq həsrətinə son qoydu, həm də ata vəsiyyətini yerinə yetirdi. Bu Qələbə, eyni zamanda 1993-cü ildə başlanan qurtuluş missiyasının ən böyük təntənəsi oldu.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparır, Böyük qayıdışı uğurla gerçəkləşdirir. 15 iyun tarixi bizə göstərdi ki, xalq və lider birliyi, müdrik qərarlar və məqsədyönlü siyasət ən ağır şəraitdən belə dövləti zirvələrə daşıya bilir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti və qlobal miqyasda strateji tərəfdaş kimi çıxış edir. Bərqərar edilən yeni geosiyasi reallıq, daxili sabitlik, sülh mühiti və dinamik inkişaf edən iqtisadiyyat müasir Azərbaycanın simasını müəyyən edən əsas amillərdir. Reallıq ondan ibarətdir ki, Azərbaycan artıq regional layihələrin iştirakçısı deyil, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi və əsas hərəkətverici qüvvəsidir.
Ölkəmizin gerçəkləşdirdiyi mühüm fəaliyyətlərdən biri regionda formalaşdırdığı sülh gündəliyidir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və ardınca suverenliyin tam bərpası Cənubi Qafqazda çoxillik münaqişəyə son qoydu.
Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti, həmçinin beynəlxalq miqyasda irəli sürülən sülh təşəbbüsləri ölkəmizə dünyada "sabitlik adası" ünvanı qazandırıb. Bu sülh mühiti təkcə ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz və Avrasiya məkanı üçün təhlükəsizlik qarantıdır.
Ulu Öndərin iqtisadiyyatın şaxələndirilməsi barədə vaxtilə verdiyi tövsiyələr bu gün tam reallığa çevrilib. Enerji resurslarından əldə olunan gəlirlər qeyri-neft sektorunun, infrastrukturun, rəqəmsal iqtisadiyyatın və insan kapitalının inkişafına yönəldilib.
Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan dünyanın ən strateji enerji və logistika mərkəzlərindən birinə çevrilib.
Bu möhtəşəm uğurların və sarsılmaz dövlətçilik xəttinin arxasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi strategiyası və qoyduğu möhkəm təməllər dayanır.
Bəli, zaman sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi strateji xətt ölkəmizi bütün fırtınalardan qoruyaraq ən uca zirvələrə daşıyıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu təməllər üzərində ucalan müasir Azərbaycan gələcəyə doğru böyük inamla addımlayır.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini