Müharibələr zamanı döyüşən əsgərlərlə bərabər, hərbi həkimlərin də üzərinə böyük vəzifələr düşür. Hətta bir çox hallarda onlar da çiyinlərində silah Vətən uğrunda düşmən üzərinə gedirlər. Döyüşçülər yaralananda isə ilkin tibbi yardım göstərərək onları ölümün əlindən alırlar.
İkinci Qarabağ müharibəsində hərbi həkimlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış zabit və əsgərlərimizin həyata qaytarılması üçün bütün bacarıqlarını səfərbər etdilər. Sona qədər hərbi andlarına sadiq qaldılar. Müharibənin davam etdiyi günlərdə göstərdikləri şücaəti nəzərə alıb demək olar ki, erməni işğalçıları üzərində Zəfərin qazanılmasında hərbi həkimlərin də böyük rolu oldu.
Ehtiyatda olan polkovnik Asəf Ağa oğlu Məmmədov da uzun illər doğma ordumuzun sıralarında hərbi həkim kimi xidmət edib. İkinci Qarabağ müharibəsinin ilk günlərindən sonadək vəzifəsini layiqincə yerinə yetirib. Torpaqlarımızın azadlığı uğrunda gedən əməliyyatlarda yaralanan zabit və əsgərlərimizə tibbi xidmət göstərib, onların tez bir zamanda sağalmalarına çalışıb. Müharibə zamanı göstərdiyi şücaətə görə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.
Ordu sıralarından ehtiyata buraxılan Asəf Məmmədov həkim kimi yenə də fəaliyyətini davam etdirir, insanların sağlamlığı keşiyində dayanır. Artıq tarixə dönmüş İkinci Qarabağ müharibəsində yaşadığı qanlı-qadalı və şərəf dolu günləri isə unutmur. Söhbətimiz zamanı həmin gərgin günləri xoş təəssüratlarla xatırladı. Dedi ki, 44 günlük Vətən müharibəsi qəhrəmanlıq tariximizə böyük hərflərlə yazıldı: "Çünki bu müharibə zamanı rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 illik işğala son qoyaraq torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. Qürur duyuram ki, mən də hərbi həkim kimi 44 günlük Vətən müharibəsində iştirak etdim, düşmən üzərində qələbənin qazanılmasında az-çox xidmətim oldu. İkinci Qarabağ müharibəsi başlayanda Gəncə istiqamətində hərbi həkim kimi xidmət edirdim. Müharibənin elə ilk günlərindən biz də əməliyyatlara cəlb olunduq. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərə atılan yaralı hərbçilərimizi qəbul etdik. İlk yaralılar qəbul olunanda tibb heyəti heç bir çətinliklə üzləşmədi, həyəcan keçirmədi. Çünki biz buna hazırlaşmışdıq. Ötən müddət ərzində xeyli təlim keçmiş, kifayət qədər təcrübə toplamışdıq. Buna görə də ilk anlardan təlimata uyğun zəruri addımlar atdıq. Yaralıların xilas edilməsi üçün bütün tibb heyəti işini məsuliyyətlə, diqqətlə yerinə yetirirdi. Buna görə də qəbul olunan yaralıların hamısının həyatı xilas olunurdu. Biz xəstəxana və hospitallarla yanaşı, cəbhə xəttində də fəaliyyət göstərirdik. Kəlbəcər, Daşkəsən, Göygöl istiqamətində vəzifə borcumuzu yerinə yetirirdik".
Asəf həkimi az sonra ağır döyüşlər gedən Cəbrayıl və Füzuli bölgəsinə ezam edirlər. Həmin günlərdən söz açan həkim deyir ki, gecə-gündüz yorulmadan çalışırdıq: "Oktyabrın əvvəllərində komandanlıqdan verilən döyüş əmrinə uyğun olaraq, həkim briqadası ilə Cəbrayıl və Füzuli istiqamətinə getdik. Məqsəd vuruşan hərbi hissələrin tibb xidmətini əlavə qüvvələrlə gücləndirmək idi. Hərbi həkim kimi qarşıma qoyulan tapşırığı yerinə yetirdikdən sonra verilən əmrə uyğun olaraq vaxt itirmədən xidməti yerimə döndüm. Çox keçmədi ki, komandanlıqdan daha bir mühüm tapşırıq verildi. Yenə də Cəbrayıl, Füzuli və Qubadlı istiqamətinə ezam olunduq. Qısa müddət ərzində işğaldan yenicə azad olunmuş Qubadlı rayonunun kəndlərinin birində hərbi səhra hospitalı açılmalıydı. Vaxt isə az idi. Odur ki, əmrin icrasına başladıq, peşəkar, təcrübəli həkimləri bu işə cəlb etdik. Səhra hospitalında həm yaralılara ilkin zəruri tibbi yardım göstərilir, həm də başqa zəruri əməlliyyatlar icra olunurdu. Günlərimiz gərginlik içində keçirdi. Ağır yaralanmış zabitin, əsgərin həyatını xilas edəndə sanki dünyanı bizə bağışlayırdılar. Cəbhələrdən də qələbə müjdəli xəbərlər gəlirdi. Bu xəbərlər ovqatımıza ovqat qatır, yorğunluğumuzu unutdururdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini də diqqətlə izləyirdik. Artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı erməni işğalından azad olunmuşdu. Hərbçilərimiz irəlilədikcə biz həkimlər də irəliləyirdik".
Söhbət zamanı onu da öyrəndik ki, ehtiyatda olan polkovnik Asəf Məmmədov Laçının Qarakeçdi kəndində anadan olub. 15 yaşında erməni işğalçılarının hücumları nəticəsində ailəliklə doğma ocaqlarından köçkün düşüb. Uzun illər ata-baba yurdunun həsrətini çəkə-çəkə yaşayıb. Bir gün də olsun dağlar qoynunda yerləşən kəndlərini unutmayıb. Həmin günlərdən söz açan həkim dedi ki, ata-baba yurdundan didərgin düşmək çox ağrılıdır: "Təəssüflər olsun ki, 15 yaşından bu ağrını yaşamalı oldum. Amma köçkünlük həyatı qəddimizi əymədi, mübarizliyimizi, cəsarətimizi zərrə qədər də olsun zədələmədi. Düşmənə qisas və nifrət hissi ilə mübariz, məğlubedilməz ruhda böyüyüb tərbiyə aldıq. Əmin idik ki, günlərin birində doğma ocaqlarımıza qayıdacağıq. Nəhayət, noyabrın 8-də musiqi beşiyimiz olan Şuşanın erməni qəsbkarlarından azad olunduğunu eşitdik. Sevincimizin hədd-hüdudu yox idi. Ardınca Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş erməni işğalçıları Laçından, Kəlbəcərdən və Ağdamdan qovuldular. Qoynunda dünyaya göz açdığım Laçın erməni işğalından azad olundu. Silahlar susandan, əməliyyatlar dayandırılandan sonra hospitala yaralılar gətirilmədi. Bir müddətdən sonra biz xidməti yerimizə qayıtdıq".
Asəf həkim uzun illərdən sonra həsrət qaldığı Laçına, kəndləri Qarakeçdiyə getdiyi günün təəssüratlarını da bizimlə bölüşdü. Bildirdi ki, Laçının, doğma kəndimizin azad olunduğunu eşidəndə sevincdən ürəyim sinəmə sığmırdı: "2020-ci il dekabrın 1-də düşmən Laçından qovuldu. Amma həmin günlərdə mina təhlükəsi olduğundan doğma ocaqlarımıza gedə bilmirdik. Nəhayət, dekabrın 21-də ata-baba yurduna getmək mümkün oldu. Böyük sevinc içində Qarakeçdiyə üz tutdum. Aman Allah, ermənilər kənd-kəsəklərimizi nə günə salmışdılar. Uçurulmamış, dağıdılmamış bir ev qalmamışdı. Torpaqla, daşla, ağaclarla, bulaqlarla, dağlarla pıçıldaşırdıq. Əvvəlki illərdə olduğu kimi, yenə də bu gözəl yerlərdə arın-arxayın gəzirdik".
Ehtiyatda olan zabit Asəf Məmmədov İkinci Qarabağ müharibəsində iştirak edib, yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə tibbi xidmət göstərib. Görəsən, o, necə düşünür, hesab edirmi ki, xidmət müddətində hərbi həkim kimi vəzifəsini layiqincə yerinə yetirib. Bu barədə soruşanda dedi ki, xidmətimi iki dövrə bölürəm: "Birinci dövr Tovuz döyüşlərinə qədər, ikinci dövr isə ondan sonrakı dövr. Xidmətimin birinci dövrü elə də çətin olmadı. Tovuz döyüşlərindən sonra başlanan ikinci dövr isə gərginlik içində keçdi. Həmin döyüşlərdən bir neçə ay sonra İkinci Qarabağ müharibəsi başladı. 44 gün davam edən müharibənin hər günü bizim üçün bir ay, bir il qədər uzun oldu. Gecə-gündüz bilmədən yaralılara xidmət göstərdik, həyatlarını xilas etməyə çalışdıq. İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatandan bir müddət sonra da Qubadlıdakı hospitalda xidmətimizi davam etdirdik.
Asəf Məmmədov bu gün insanların sağlamlığı keşiyində dayanır, xəstələrə diqqət və qayğı göstərir. Söhbətinin sonunda həkim dedi ki, əgər Vətən çağırsa, yenə də hərbi həkim kimi xidmətimi davam etdirməyə hazıram.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"