Müasir tariximizin elə mühüm hadisələri var ki, onların təsiri yalnız müəyyən bir dövrlə məhdudlaşmır, bütövlükdə xalqımızın taleyini, dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz böyük qələbə və 2023-cü ildə aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpa olunması məhz belə dönüş nöqtələridir.
Bu qələbə yalnız işğal altındakı torpaqların azad edilməsi ilə yekunlaşmadı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi məsuliyyətli və uzunmüddətli bir strateji mərhələ başlandı. Bu, dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, azad torpaqlarımızda həyatın bərpası və yüz minlərlə insanın doğma yurdlarına qayıdışının təmin edilməsi mərhələsidir.
Məhz bu baxımdan Böyük qayıdış müasir Azərbaycanın ən mühüm dövlət proqramlarından biri olmaqla yanaşı, həm də milli inkişaf strategiyasının əsas istiqamətinə çevrilib. Bu prosesin mahiyyəti yalnız keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması ilə məhdudlaşmır. Söhbət yeni iqtisadi modelin qurulmasından, müasir şəhərsalma prinsiplərinin tətbiqindən, dayanıqlı məşğulluğun təmin edilməsindən, innovativ kənd təsərrüfatının yaradılmasından, "yaşıl enerji" zonasının formalaşdırılmasından və bütövlükdə Qarabağla Şərqi Zəngəzurun ölkənin ümumi sosial-iqtisadi sisteminə tam inteqrasiyasından gedir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi də məhz budur: azad edilmiş torpaqları yalnız bərpa etmək deyil, onları Azərbaycanın ən müasir və rəqabətqabiliyyətli iqtisadi regionlarından birinə çevirmək.
Kompleks inkişaf konsepsiyası
Son beş ildə görülən işlər göstərir ki, Böyük qayıdış ayrı-ayrı layihələrin toplusu olmaqdan daha çox dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən kompleks inkişaf konsepsiyasıdır. İnfrastrukturun qurulması, yaşayış məntəqələrinin tikintisi, yol, elektrik, qaz, su və rabitə şəbəkələrinin yaradılması, hava limanlarının inşası, sənaye parklarının salınması, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin təşkili və məşğulluğun təmin olunması Azərbaycan Prezidentinin irəli sürdüyü vahid strategiyanın tərkib hissələridir.
Bu strategiyanın mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, dövlət əvvəlcə yaşayış üçün bütün zəruri şəraiti formalaşdırır, daha sonra insanların qayıdışını təmin edir. Beləliklə, öz doğma yurdlarına qayıdan vətəndaş hazır infrastruktur, o cümlədən məktəb, xəstəxana, xidmət müəssisələri və məşğulluq imkanları ilə əhatə olunur. Bu yanaşma Böyük qayıdışı dünyanın müxtəlif bölgələrində həyata keçirilmiş oxşar proqramlardan fərqləndirən əsas cəhətlərdəndir.
Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda isə ikinci dövlət proqramının hazırlanması istiqamətində intensiv iş aparılır. Bu faktın özü dövlətin inkişaf siyasətinin necə dayanıqlı və davamlı, bütün təfərrüatlarına qədər düşünülmüş, dəqiq planlaşdırılmış şəkildə həyata keçirildiyini göstərir. Əgər birinci mərhələnin əsas məqsədi infrastrukturun qurulması, yaşayış məntəqələrinin yaradılması və ilkin məskunlaşmanın təmin edilməsi idisə, ikinci mərhələdə əsas prioritet iqtisadi dayanıqlığın gücləndirilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti Administrasiyasının, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Ağdərə şəhərində keçirilmiş növbəti toplantısında da qeyd edildiyi kimi, artıq yaradılmış infrastruktur bazası üzərində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, məskunlaşmanın iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu yanaşma dövlətimizin insanların yalnız qayıtmasını deyil, onların uzunmüddətli rifahını da təmin etməyi hədəflədiyini nümayiş etdirir.
Məşğulluq Böyük qayıdışın sosial dayağıdır
Bu baxımdan aqrar sektorun inkişafı yeni iqtisadiyyatın əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzur tarixən Azərbaycanın ən məhsuldar kənd təsərrüfatı bölgələrindən olub. Uzun illər işğal nəticəsində istifadəsiz qalmış münbit torpaqlar bu gün yenidən ölkənin ərzaq təhlükəsizliyinə xidmət etməyə başlayıb. Yeni dövlət siyasətində torpaq və su ehtiyatlarından səmərəli istifadə, yüksək məhsuldarlığa əsaslanan müasir aqrar istehsal, emal müəssisələrinin yaradılması və kənd yerlərində dayanıqlı məşğulluğun təmin olunması xüsusi yer tutur. Bu məqsədlə 2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf proqramının Böyük qayıdış strategiyası ilə uzlaşdırılması nəzərdə tutulur.
Belə yanaşma təsadüfən formalaşmayıb: dünya təcrübəsi göstərir ki, müharibədən sonrakı dövrdə kənd təsərrüfatının sürətli inkişafı həm məşğulluğu artırır, həm də regionların iqtisadi dayanıqlığını möhkəmləndirir. İnsan yalnız evə qayıtmaqla deyil, həmin ərazidə işləmək, gəlir əldə etmək və ailəsini təmin etmək imkanına malik olduqda doğma yurdda daimi məskunlaşır. Məhz buna görə də dövlət siyasətində məşğulluq məsələsinə xüsusi önəm verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən proqramlar nəticəsində 2026-cı ilin iyun ayına qədər işğaldan azad olunmuş ərazilərdə məskunlaşan 12 mindən artıq iqtisadi fəal şəxsdən 10,8 min nəfərinin məşğulluğu təmin olunub. Əlavə olaraq 1300 nəfərə yaxın şəxsin də işlə təmin edilməsi istiqamətində iş aparılır. Bu göstərici "Böyük qayıdış" proqramının sosial siyasətlə iqtisadi siyasətin vəhdəti üzərində qurulduğunu göstərir.
Ardıcıl şəkildə həyata keçirilən özünüməşğulluq proqramları bölgədə yeni sahibkarlar da yetişdirir. Məlumdur ki, məşğulluq vətəndaşların yalnız dövlət müəssisələrində işlə təmin olunması ilə məhdudlaşa bilməz. Bu baxımdan azad olunmuş ərazilərdə həyata keçirilən özünüməşğulluq proqramları kənd təsərrüfatı, xidmət və istehsal sahələrində yüzlərlə kiçik ailə biznesinin formalaşmasına imkan yaradır. Artıq 881 nəfər aktivlərlə təmin edilərək öz təsərrüfatını qurub. Hazırda daha 490 ailənin proqrama cəlb olunması nəzərdə tutulur. Bu proqramların üstünlüyü ondadır ki, insanlar dövlət yardımından asılı qalmır, öz bizneslərini quraraq yerli iqtisadiyyatın inkişafında iştirak edirlər.
İnsan kapitalına sərmayədən başlamış ekoloji tarazlığadək
Bu gün dünyanın bütün məkanlarında müasir iqtisadiyyat üçün ən vacib resurs məhz insan kapitalıdır. Belə bir zərurəti nəzərə alaraq hazırda minlərlə keçmiş məcburi köçkün peşə hazırlığı kurslarına cəlb olunur. İndiyədək 6724 nəfər müxtəlif ixtisaslar üzrə peşə hazırlığı keçib, onların əhəmiyyətli hissəsi artıq işlə təmin olunub. Bağbanlıq, qida təhlükəsizliyi, traktorçu-maşinist və digər peşələr üzrə təşkil olunmuş kurslar gələcəkdə regionun iqtisadi inkişafı üçün zəruri kadr ehtiyatı formalaşdırır.
Böyük qayıdışın uğurunun vacib şərtlərindən biri də özəl investisiyaların cəlb edilməsidir. Artıq Ağdərə və Xocalıda həyata keçirilən iri aqrar və sənaye layihələri bunu aydın nümayiş etdirir. Qərargahın toplantısında adları çəkilən "Frutti Aqro" şirkətinin intensiv meyvə bağları, "Dəmirli" Filiz Emalı Kompleksi, Daşbulaqda yaradılan baramaçılıq infrastrukturu, "Qoç Ət" fermer təsərrüfatı və digər layihələr regionda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verir. Eyni zamanda Xocalıda istifadəyə verilmiş "Qarabağ Tekstil Evi" müəssisəsində artıq onlarca sakin daimi işlə təmin olunub və yeni peşə hazırlığı proqramları həyata keçirilir.
Qarabağın, Şərqi Zəngəzurun bərpası yalnız sosial-iqtisadi layihələrlə məhdudlaşmır. Yeni inkişaf modeli ekoloji tarazlığın qorunmasına da əsas prioritetlərdən biri kimi mühüm əhəmiyyət verir. Su ehtiyatlarının səmərəli idarə olunması, ekosistemlərin bərpası, torpaqların qorunması və təbii resurslardan rasional istifadə uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bu yanaşma gələcək nəsillər üçün sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Dövlətin həyata keçirdiyi kompleks strategiya sayəsində Qarabağın, Şərqi Zəngəzurun bütün bölgələrində paralel bərpa-quruculuq prosesləri təmin olunur. Əlaqələndirmə Qərarganının iclasının keçirildiyi Ağdərə də yeni inkişaf mərhələsinin əsas simvollarındandır. Bu, Ağdərənin Böyük qayıdışın növbəti mərhələsində mühüm inkişaf mərkəzlərindən birinə çevrildiyini göstərir. Şəhərin Baş planı, yeni sənaye və aqrar layihələr, infrastrukturun genişləndirilməsi və sahibkarlığın inkişafı Ağdərənin yaxın illərdə Qarabağın mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Milli iradənin təntənəsi
"Böyük qayıdış" proqramı yalnız iqtisadi layihə deyil, həm də Azərbaycan xalqının tarixi yaddaşının, milli həmrəyliyinin və dövlətçilik iradəsinin təcəssümüdür. 30 ilə yaxın doğma yurd həsrəti yaşayan insanların yenidən öz evlərinə qayıtması milli ədalətin bərpasıdır. Dağıdılmış şəhərlərin yenidən qurulması Azərbaycanın gücünün, iqtisadi imkanlarının, idarəetmə potensialının göstəricisidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq keçmiş münaqişə bölgəsi deyil. Burada yeni şəhərlər salınır, məktəblər açılır, müəssisələr fəaliyyətə başlayır, istehsal genişlənir, insanlar işləyir və yaşayırlar.
Məhz buna görə Böyük qayıdış Azərbaycanın gələcəyinə doğru inamlı addımdır. Dövlətin həyata keçirdiyi ardıcıl siyasət göstərir ki, azad olunmuş torpaqlar yaxın onilliklərdə ölkənin iqtisadi artımının, ərzaq təhlükəsizliyinin, "yaşıl inkişaf"ının və regional rəqabət qabiliyyətinin əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək. Beləliklə, Böyük qayıdış artıq bir dövlət proqramından daha geniş məna daşıyır. O, müasir Azərbaycanın inkişaf fəlsəfəsini, milli birliyini və gələcəyə baxışını ifadə edən ümummilli hədəfdir. Qarabağda və Şərqi Zəngəzurda qurulan hər bir yol, tikilən hər bir məktəb, istifadəyə verilən hər bir müəssisə və doğma evinə qayıdan hər bir ailə bu böyük strateji məqsədin gerçəkləşdiyini nümayiş etdirir.
İradə ƏLİYEVA,
"Azərbaycan"