20 İyun 2026 08:00
3724
SİYASƏT
A- A+
Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli

Azərbaycanın dünyaya təqdim olunan inkişaf modeli


Dönməz siyasi sabitlik, dinamik iqtisadi inkişaf, artan beynəlxalq nüfuz


İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 2026-cı il üzrə İllik Toplantıları nüfuzlu beynəlxalq maliyyə tədbiri olmaqla yanaşı, həm də Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun, beynəlxalq mövqeyinin və gələcək strateji prioritetlərinin təqdim olunduğu mühüm siyasi-iqtisadi platformaya çevrildi. 

Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki çıxışı ölkəmizin son 35 ildə formalaşdırdığı dövlətçilik modelinin, xarici siyasət kursunun, iqtisadi inkişaf strategiyasının və postmünaqişə dövrü üçün müəyyən etdiyi prioritetlərin sistemli təqdimatı kimi böyük maraq doğurur. Çıxışda Azərbaycanın əldə etdiyi nəticələr faktlar və konkret göstəricilər əsasında təqdim olunmaqla bərabər, qarşıdakı dövr üçün inkişaf istiqamətləri də müəyyən edilib. Prezident İlham Əliyevin mesajlarında bir neçə əsas strateji xətt xüsusilə ön plana çıxarılıb.


Azərbaycanın beynəlxalq nüfuzu və etibarlı tərəfdaş imici


Yada salaq ki, Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına artıq ikinci dəfədir evsahibliyi edir və bu, təsadüfi seçim deyil. Belə bir fakt ölkəmizin beynəlxalq maliyyə institutları ilə formalaşdırdığı etibarlı tərəfdaşlığın və qazandığı yüksək etimadın göstəricisidir. 2010-cu ildə keçirilmiş ilk toplantı ölkəmizin iqtisadi islahatlarına və inkişaf strategiyasına yeni impuls vermişdisə, 2026-cı il toplantısı  tamamilə başqa reallığın nümayişinə çevrildi. Artıq Azərbaycan təkcə inkişaf edən dövlət deyil, regional və qlobal proseslərə təsir göstərən aktorlardan biri kimi çıxış etməkdədir. 

Son illər ölkəmizin evsahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin miqyası da bunu təsdiqləyir. 2024-cü ildə COP29-un uğurla keçirilməsi, bu il WUF13-ün Bakıda təşkili, müxtəlif beynəlxalq iqtisadi, humanitar və siyasi platformaların respublikamıza həvalə olunması ölkəmizin təşkilati imkanlarına və beynəlxalq nüfuzuna verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq dəstək qazandığı bu nümunələri xüsusi vurğuladı: "Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb. Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır". Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv, daha sonra 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına yekdilliklə sədr seçilməsi və sədrliyin müddətinin yenidən uzadılması respublikamızın beynəlxalq münasibətlər sistemində qazandığı etimadın bariz nümunələridir.

Burada diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin "beynəlxalq ictimaiyyət" anlayışına verdiyi yeni siyasi məzmundur. Dövlətimizin başçısı vurğuladı ki, beynəlxalq ictimaiyyət müəyyən dövlətlər qrupu deyil, BMT-yə üzv olan bütün ölkələrdir. Azərbaycanın məhz dünya dövlətlərinin böyük əksəriyyətinin dəstəyini qazanması isə onun müstəqil və balanslaşdırılmış xarici siyasətinin uğurlarına dəlalət edir. 


Sabitlik - inkişafın təməl daşı


Prezident İlham Əliyevin çıxışında ən çox vurğulanan amillərdən biri məhz sabitlik idi. Dövlətimizin başçısı Azərbaycanın son 35 illik inkişaf yolunu qiymətləndirərkən bildirdi ki, müstəqilliyin ilk iki ilində yaşanan ağır böhranlardan sonra ölkəmizdə formalaşan siyasi, iqtisadi və sosial sabitlik bütün uğurların əsasını təşkil edib.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi risklərin artdığı, silahlı münaqişələrin genişləndiyi, iqtisadi qeyri-müəyyənliyin dərinləşdiyi bir dövrdə sabitlik artıq yalnız daxili siyasət məsələsi deyil, həm də iqtisadi rəqabət üstünlüyü kimi çıxış edir. İnvestorların sabit ölkələrə üstünlük verməsi də bunun ən aydın göstəricisidir. Azərbaycan modeli isə göstərir ki, uzunmüddətli iqtisadi inkişaf yalnız siyasi sabitlik, sosial həmrəylik və idarəetmə sisteminin effektivliyi şəraitində mümkündür. Son illərdə həyata keçirilən iri enerji, nəqliyyat və sənaye layihələrinin uğuru da məhz bu amillər üzərində qurulub.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi iqtisadi göstəricilər də Azərbaycanın sabitlik mühitində son iyirmi ildə keçdiyi inkişaf yolunu aydın şəkildə nümayiş etdirir. Qeyri-neft sektorunun ÜDM-də payının 70 faizi keçməsi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticəsidir. Uzun illər enerji ixracatçısı kimi tanınan Azərbaycan artıq qeyri-neft sənayesinin, xidmət sektorunun, kənd təsərrüfatının və logistikanın inkişafı hesabına yeni iqtisadi model formalaşdırır.

350 milyard ABŞ dollarına yaxın birbaşa investisiyanın cəlb edilməsi, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi və Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi Azərbaycanın maliyyə dayanıqlığını nümayiş etdirən mühüm göstəricilərdir. Beynəlxalq reytinq agentliklərinin ölkəmizin  kredit reytinqini investisiya səviyyəsinə yüksəltməsi də təsadüfi olmayıb, ölkədə iqtisadi idarəetmənin effektivliyinə verilən yüksək beynəlxalq qiymətdir.

Sosial sahədə də diqqətəlayiq nəticələr əldə olunub. İşsizlik və yoxsulluq səviyyəsinin təxminən 5 faizə qədər enməsi, əhalinin üçdəbirindən çoxunu əhatə edən sosial proqramların həyata keçirilməsi iqtisadi inkişafın sosial rifahla paralel aparıldığını göstərir. Prezident İlham Əliyev dedi: "Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30 faizindən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik. Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir. Məşğulluqla bağlı olan məsələlər əhalisi artmaqda olan istənilən digər ölkə kimi, bizim də diqqətimizin mərkəzində olacaq. Çünki əhali artdığı zaman, - təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik, - bunun, eyni zamanda özü ilə bir çox çağırışlar gətirdiyini görürük. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ - işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq".


Azərbaycanın geoiqtisadi üstünlüyü


Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji siyasəti artıq yalnız milli iqtisadiyyatın deyil, regional və qlobal təhlükəsizliyin mühüm elementi kimi təqdim edildi. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və bu göstəriciyə görə dünyada aparıcı mövqelərdən birini tutur. Xəzər hövzəsini Qara və Aralıq dənizləri vasitəsilə Avropaya bağlayan enerji dəhlizlərinin yaradılması uzun illər davam edən siyasi, diplomatik və iqtisadi səylərin nəticəsidir.

Cənab İlham Əliyev çıxışında yeni mərhələnin konturlarını da açıqladı. Artıq əsas prioritetlərdən biri "yaşıl enerji" ixracıdır. 2032-ci ilə qədər ölkəmizdə 8 qiqavat günəş və külək enerjisi istehsal gücünün yaradılması planlaşdırılır. Bu isə Azərbaycanın ənənəvi enerji ixracatçısından "yaşıl enerji" ixrac edən dövlətə transformasiyasını sürətləndirəcək.

Eyni zamanda "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir. Məqsəd ölkə üzərindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Bu hədəf Azərbaycanın Avrasiya məkanında logistika mərkəzi statusunu daha da möhkəmləndirməyə xidmət göstərir. 

Prezident İlham Əliyevin çıxışının mühüm bir hissəsi də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpasına və postmünaqişə dövründə görülən işlərə həsr olundu. Dövlət başçısı bir daha vurğuladı ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olunub. Bundan sonra isə qalib tərəf kimi məhz ölkəmiz sülh təşəbbüsü ilə çıxış edib. Bu yanaşma regionda yeni siyasi reallığın əsasını təşkil edir.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur artıq ölkənin yeni iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda həmin ərazilərdə 90 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Dövlət tərəfindən bölgəyə yönəldilən investisiyaların həcmi artıq 17 milyard dollara yaxınlaşıb. Yeni hava limanları, avtomobil yolları, tunellər, körpülər, elektrik stansiyaları, su anbarları və digər infrastruktur layihələri bölgənin tamamilə yeni iqtisadi məkan kimi formalaşdırılmasına xidmət edir.


Gələcəyin inkişaf prioritetləri   


Prezident İlham Əliyevin çıxışı yalnız əldə olunan nəticələrin təqdimatı ilə məhdudlaşmadı. Dövlət başçısı qarşıdakı illər üçün inkişaf prioritetlərini də aydın müəyyənləşdirdi. Bu prioritetlərin əsas istiqamətlərini iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-logistika potensialının artırılması, su ehtiyatlarının səmərəli idarə olunması və "yaşıl enerji" iqtisadiyyatına keçid təşkil edir.

Bu istiqamətlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının yeni mərhələsini formalaşdırır. Burada məqsəd iqtisadi artımı davam etdirməklə yanaşı, eyni zamanda dəyişən qlobal çağırışlara uyğun dayanıqlı inkişaf modelini möhkəmləndirməkdir.

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarındakı çıxışı Azərbaycanın 35 ildə formalaşdırdığı inkişaf modelinin kompleks təqdimatı kimi tarixi mahiyyət daşıyır. Çıxışda beynəlxalq nüfuz, siyasi sabitlik, iqtisadi dayanıqlıq, enerji təhlükəsizliyi, logistika imkanları, postmünaqişə quruculuğu və "yaşıl inkişaf" strategiyası vahid konsepsiya şəklində təqdim olundu.

Çıxışın təsvir etdiyi əsas reallıqlar bundan ibarətdir ki, Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, o, etibarlı tərəfdaş, regional logistika mərkəzi, beynəlxalq maliyyə institutları üçün cəlbedici iqtisadi məkan, "yaşıl enerji" istehsalçısı və qlobal gündəmin formalaşmasında iştirak edən məsuliyyətli dövlətdir.

Məhz buna görə İslam İnkişaf Bankının Bakıda keçirilən İllik Toplantıları mötəbər beynəlxalq maliyyə tədbiri olmaqla bərabər, həm də Azərbaycanın dünyaya təqdim etdiyi yeni inkişaf modelinin nümayişi kimi tarixə düşdü.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Britaniya dənizçilik agentliyi: Hörmüz boğazında təhlükəsizliyə təhdidin səviyyəsi yüksəkdir

15:50
10 İyul

Fərhad Abdullayev: Azərbaycan və Latviya Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyətlidir

15:47
10 İyul

İctimai rəy sorğusunun nəticələri Prezident İlham Əliyevin siyasətinə yüksək dəstəyi təsdiqləyir

15:45
10 İyul

Azərbaycanın ilk dəfə Eqmont Qrupunun Plenar İclasına ev sahibliyi edib

15:43
10 İyul

HTP çərçivəsində xaricdə təhsil üçün 700-ə yaxın müraciət qeydə alınıb

15:40
10 İyul

Türkiyənin vitse-prezidenti: Qərəzli qətnamələr Avropa Parlamentinin nüfuzuna xələl gətirir

15:37
10 İyul

Rəqəmsal inkişaf və süni intellekt Azərbaycan iqtisadiyyatı üçün yeni perspektivlər vəd edir 

15:35
10 İyul

Rusiyada parlament seçkilərində 11 siyasi partiya iştirak edəcək

15:33
10 İyul

Səhiyyə Nazirliyi: Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir

15:30
10 İyul

Azərbaycan Qazaxıstanda beynəlxalq festivalda təmsil olunur

15:27
10 İyul

Ağdam Sənaye Parkındakı müəssisələr 1,86 milyard manatlıq məhsul satıb

15:25
10 İyul

İlin birinci yarısında ölkədə sənaye istehsalının dəyəri açıqlanıb

15:23
10 İyul

Azərbaycan “Metrik Konvensiya”ya qoşulub

15:20
10 İyul

Kubanıçbek Ömüralıyev: İmzalanan sənədlər TDT-yə üzv dövlətlərin maliyyə kəşfiyyatı sahəsində əməkdaşlığını gücləndirəcək

15:18
10 İyul

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

13:43
10 İyul

İlin birinci yarısında Azərbaycanda 65,2 milyard manatlıq ÜDM istehsal edilib

13:40
10 İyul

FHN taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:37
10 İyul

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

13:35
10 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

13:33
10 İyul

Bu il qlobal neft tələbatı sutkada 103 milyon barelə enəcək

13:28
10 İyul

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!