19 İyun 2026 08:00
3306
SİYASƏT
A- A+
İkinci dəfə Bakıda

İkinci dəfə Bakıda


İslam İnkişaf Bankının illik toplantısı keçirildi


Qlobal əhəmiyyətli siyasi, iqtisadi və humanitar forumlara, irimiqyaslı idman yarışlarına evsahibliyi edən Azərbaycanda daha bir mötəbər beynəlxalq tədbir keçirilir. Bakı bu dəfə İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarının iştirakçılarını bir araya toplayıb. 

İslam İnkişaf Bankı (İİB) qlobal maliyyə qurumlarından hesab olunur. 57 dövlətin üzv olduğu İİB-nin əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsini, investisiya qoyuluşunu, qrantlar şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir. 1974-cü ildə yaradılan bank hazırda 150 milyard dollarlıq nizamnamə kapitalı və 76 milyard dollarlıq abunə kapitalına malikdir. Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. 2007-ci ildə bankın Azərbaycan üzrə yerli nümayəndəsi təyin edilib. 

Dünən Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib. Tədbirin yüksək səviyyədə təşkil olunması ölkəmizin beynəlxalq arenadakı yüksək nüfuzunun, iqtisadi dinamizminin və etibarlı tərəfdaş statusunun növbəti əyani təsdiqidir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, maliyyə qurumlarının rəhbərlərini və aparıcı ekspertləri toplayan bu mötəbər platforma Azərbaycanın yüksəlişini, daxili sabitliyini və qlobal inkişafa verdiyi töhfələri nümayiş etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. 

Tədbirin rəsmi açılış hissəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin daxili və xarici siyasətinin fundamental sütunlarını, tarixi inkişaf yolunu və gələcəyə yönəlik qlobal hədəflərini xarakterizə edən nitq söyləyib. Azərbaycanın ikinci dəfədir ki, İllik Toplantıya evsahibliyi etdiyini bildirən dövlətimizin başçısı ölkəmizdəki ilk tədbirin 2010-cu ildə keçirildiyini xatırladıb: "Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu. Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafımıza qəti sadiqliyimizə söykənən siyasətimizin təzahürüdür. Uğurlu inkişaf bir çox meyara əsaslanır". 

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın son onilliklərdə əldə etdiyi uğurlar xüsusi olaraq formalaşdırılmış bir modelin nəticəsidir. Burada ən mühüm amil qərarların qəbulu zamanı birbaşa dövlətin və xalqın milli mənafelərinin rəhbər tutulmasıdır. Bu siyasət özünü xüsusilə resursların idarə olunmasında, nəhəng enerji strategiyasının qurulmasında və milli təhlükəsizlik arxitekturasının formalaşmasında aydın büruzə verir. Bununla yanaşı, Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti qlobal iştirakçılarla praqmatik, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin qurulmasını təmin edib. İİB Qrupunun 51-ci İllik Toplantılarının Bakıda keçirilməsi də Azərbaycanın dünyaya inteqrasiyasının və qlobal maliyyə-iqtisadi institutları üçün etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş olmasının əyani sübutudur. Azərbaycanın uğurlu inkişafı təkcə daxili iqtisadi göstəricilərlə deyil, həm də ölkəmizin dünya miqyasında qəbul edilən çəkisi və strateji əhəmiyyəti ilə ölçülür.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır: "Azərbaycan cəmi 35 ildir ki, müstəqildir. Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk iki ili istisna etməklə, qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik, - yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, - nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir".

Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik tarixinin ilk illərində üzləşdiyi işğal, müharibə və humanitar fəlakətləri xatırladaraq bugünkü siyasi, iqtisadi və sosial sabitliyi ölkəmizin reallığı kimi qiymətləndirməsi qazanılan uğurların miqyasını göstərir. Bu yanaşma beynəlxalq auditoriyaya Azərbaycanın böhranlardan necə çıxdığını və daxili dayanıqlılıq potensialını hansı formada reallaşdırdığını aydın nümayiş etdirir. Həmin həqiqətsə bundan ibarətdir ki, müstəqilliyimizin ilkin mərhələsindəki xaos və Ermənistanın təcavüzü nəticəsində yaranmış ağır böhranın qarşısı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə alınmışdır. Məhz Ulu Öndərin fəaliyyəti sayəsində daxili sabitliyimizin sarsılmaz təməli qoyulmuşdur. 

Bu gün Prezident İlham Əliyevin uğurlu rəhbərliyi altında Azərbaycan Ulu Öndərin qurduğu möhkəm təməllər üzərində siyasi sabitliyin, iqtisadi inkişafın və sosial rifahın vəhdətindən ibarət yüksəliş modeli təqdim edir. Enerji resurslarından gələn gəlirlərin ilk növbədə qeyri-neft sektoruna, genişmiqyaslı infrastruktur layihələrinə yönəldilməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük qayıdış" proqramı bu modelin real göstəriciləridir. 

Digər mühüm məqam odur ki, sabitlik daxili inkişafla bərabər, xarici investisiyaların ölkəyə cəlb olunması üçün də başlıca şərtdir. İslam İnkişaf Bankı kimi nəhəng qlobal təşkilatların Azərbaycana böyük layihələr üçün vəsait ayırması məhz bu daxili sabitliyə olan böyük etibardan qaynaqlanır. 

Prezident İlham Əliyev Azərbaycanın regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektdə artıq mühüm iştirakçıya çevrildiyini deyib: "Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb. Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır". Azərbaycanın regional və qlobal müstəvidə mühüm aktora çevrilməsi və müstəqil siyasəti nəticəsində dostlarının sayının ilbəil artması ölkəmizin böyük geosiyasi proseslərə birbaşa təsir edən və ayrıca gündəlik formalaşdıran aparıcı dövlət olduğunu təsdiqləyir. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə qlobal miqyaslı logistik qovşağa çevrilib. Ölkəmiz regionda yaratdığı yeni geosiyasi reallıqlar və Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol sayəsində mühüm oyunçu statusunu qazanıb. 

Dünyada bir çox dövlətin müxtəlif güc mərkəzlərinin təsir dairəsində hərəkət etdiyi mürəkkəb dövrdə Azərbaycanın müstəqil daxili və xarici xətt yürütməsi beynəlxalq aləmdə böyük rəğbət və hörmətlə qarşılanır. Qoşulmama Hərəkatına uğurlu sədrlik, Türk Dövlətləri Təşkilatındakı fəal liderlik və digər beynəlxalq platformalarda yüksək nüfuz sahibi olması ölkəmizin qlobal tərəfdaşlarının coğrafiyasını davamlı olaraq genişləndirir. Rəsmi Bakının qarşılıqlı maraqlara və əməkdaşlığa əsaslanan diplomatiyası ölkəmizə böyük dəstək təmin edir. 

Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın təxminən bir ilə yaxındır sülh şəraitində yaşadığını, müsbət nəticələrin olduğunu vurğulamaqla yanaşı, Ermənistanın işğalçılıq siyasətinin, xalqımıza qarşı törətdikləri vəhşiliklərin də heç vaxt unudulmayacağını bəyan edib: "Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz qisasımızı döyüş meydanında aldıq və bu kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır".

Azərbaycan öz tarixi yaddaşını qorumaqla gələcəyə yönəlik böyük iqtisadi və logistik hədəflər arasında tarazlıq nümayiş etdirir. Bu mənada dövlətimizin başçısının Ermənistanın işğalçılıq siyasətini, xalqımıza, mədəni-dini irsimizə qarşı törədilən vəhşilikləri vurğulaması milli yaddaş siyasətimizin təməlini təşkil edir. 30 ilə yaxın davam edən işğalçılıq dövründə Azərbaycanın tarixi torpaqlarında həyata keçirilən soyqırımı, dini abidələrin sistemli şəkildə məhv edilməsi və məscidlərin təhqir olunması təkcə Azərbaycan xalqına yox, bütövlükdə islam dünyasına və bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 

Dövlətimizin başçısı bu faktları mütəmadi olaraq səsləndirməklə törədilmiş vandalizm aktlarının hüquqi və mənəvi məsuliyyətinin unudulmasına imkan vermir. Bu həm də Azərbaycanın öz tarixi keçmişinə sahib çıxdığını və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin mənəvi əsasını təşkil etdiyini göstərir. 

Prezident İlham Əliyev gələcəyin prioritet istiqamətlərindən birinin bağlantı olduğunu söyləyib və vurğulayıb ki, biz Azərbaycanı daha güclü nəqliyyat-logistika mərkəzinə çevirməliyik: "Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14-15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik". 

Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən unikal coğrafi mövqeyini son illər yaradılmış müasir infrastruktur - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasirləşdirilmiş dəmir yolları, magistral avtomobil yolları və beynəlxalq hava limanları şəbəkəsi vasitəsilə real iqtisadi gücə çevirib. Yüklərin həcminin iki dəfə artırılması hədəfi qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı, xüsusilə Orta dəhlizə tələbatın artdığı dövrdə rəsmi Bakının beynəlxalq ticarətdəki açar rolunu daha da möhkəmləndirmək niyyətini ortaya qoyur. Bu strategiya Azərbaycanın qitələrarası ticarəti birləşdirən önəmli logistik mərkəz olmasını təmin edir. İnfrastruktur imkanlarının davamlı olaraq genişləndirilməsi və rəqəmsal logistik həllərin tətbiqi ölkəmizə milyardlarla dollar həcmində əlavə tranzit gəlirlərinin daxil olmasına, qeyri-neft sektorunun sürətli inkişafına və Azərbaycanın qlobal arenada strateji tərəfdaş kimi mövqeyinin sarsılmaz edilməsinə xidmət edir.

Beləliklə, Azərbaycan daxili sabitliyini qorumaqla, eyni zamanda gələcəyin hədəflərinə doğru qətiyyətlə irəliləməklə bənzərsiz dövlətçilik modeli nümayiş etdirir. Müstəqil xarici siyasət xətti, etibarlı tərəfdaşlıq fəlsəfəsi və qlobal layihələrdə oynadığı birləşdirici rol Azərbaycanı beynəlxalq arenada sözü imzası qədər dəyərli olan mühüm qlobal aktora çevirib. Bakıda keçirilən mötəbər forumlar və orada səslənən fikirlər bir daha təsdiqləyir ki, güclü liderlik və milli maraqlara sadiqlik fonunda Azərbaycanın qazandığı uğurlar davamlı olacaq və ölkəmizin beynəlxalq nüfuzu ilbəil daha da yüksələcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:29
16 İyul

"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

03:28
16 İyul

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:27
16 İyul

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

03:27
16 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:26
16 İyul

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

03:25
16 İyul

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

03:21
16 İyul

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

18:55
15 İyul

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:16
15 İyul

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

17:58
15 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:43
15 İyul

Əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:31
15 İyul

Yarım ildə ölkədə 65,2 milyard manatlıq ÜDM istehsal edilib

17:13
15 İyul

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb

16:48
15 İyul

DSMF: Birinci yarımildə 1 milyondan çox şəxsə 1,1 milyard manatdan çox müavinət və təqaüd ödənilib

16:37
15 İyul

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi anlaşma memorandumu imzalayıb

16:34
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

16:17
15 İyul

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

16:02
15 İyul

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

15:53
15 İyul

XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib

15:49
15 İyul

DSX Akademiyasının magistratura pilləsini 5 nəfər fərqlənmə diplomu ilə bitirib

15:41
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!