Dövlətin siyasi idarəetməsi qədər xalqların təşkilatlanması da olduqca vacib məsələdir. Çünki insan sivilizasiyalarının yaranması ilə liderlik qabiliyyəti də önə çıxan amildir. Qədim dövrlərdən bəri insanlar öz icmaları üçün sabitlik, təhlükəsizlik və rifahı təmin etmək qədər, həm də onları irəliyə doğru aparacaq liderə böyük ehtiyac duymuşlar. Tarix boyu siyasi liderlər müxtəlif rol və funksiyalara malik olublar. Bu insanlar dövlətin idarə olunmasını təmin etmək üçün əhali arasından seçilir və yaxud təyin olunurlar.
Zaman keçdikcə siyasi liderlik anlayışı siyasi, sosial və iqtisadi dəyişikliklərə cavab olaraq inkişaf etmiş və təkamül tapmışdır. Bu gün siyasi liderlik dedikdə, bu, klassik mənada başa düşdüyümüz anlamlardan daha fərqli çalarları özündə ehtiva edir. Liderin əsas qayəsi siyasi təşkilat daxilində bir qrup insana rəhbərlik etmək, onları idarə etmək, ortaq bir vizyon yaratmaq, sadəcə yaşadığı dövrün deyil, özündən sonra da gələcək nəsillərin taleyi baxımından vacib qərarlar qəbul etmək bacarığı olmalıdır. Siyasi liderlik son dərəcə mükəmməl ünsiyyəti, natiqlik qabiliyyətinə malik olmağı, qərar qəbul etmə bacarıqları, habelə dürüstlüyü, xarizması, insanları ruhlandırmağı və səfərbər etməyi nəzərdə tutur. Liderliyin tarixilik və fəlsəfə baxımından da dərin mənaları var. Siyasi liderlərin mənşəyi və liderlik anlayışı ilə bağlı bir çox nəzəriyyə və perspektivlər mövzu olsa da, tarix boyu bu məsələ daim təşəkkül tapmışdır. Liderlər ətrafındakı insanlarla danışıqlara, sövdələşmələrə diqqət yetirməyi bacaran şəxslər olur. Liderlik həm də transformasiya xarakterini özündə ehtiva edir. Belə ki, ortaq vizyon yaratmaq, onu başqaları ilə bölüşmək, insanları motivasiya etmək və ortaq məqsədlərə kökləmək məsuliyyətini öz üzərinə götürmək mühüm keyfiyyətlərdir. Xarizmatik liderlər dünyada olduqca azdır, çünki onlar həm motivasiya etmək, həm də transformativ dəyişikliklərə nail olmaq üçün xüsusi şəxsi vizyona sahib olmalıdırlar. Liderin xarizması qədər zəkası və qətiyyəti olmalıdır. O, özündən sonra ənənəvi məktəb və davranış məktəbi yaratmağı bacarmalıdır. Ulu Öndərimiz məhz belə lider olub. Azərbaycanın müstəqillik tarixi Heydər Əliyevin adı ilə bağlıdır. O tarix ki, olduqca keşməkeşli yollardan keçib. Çünki xalqımızın tarixinə dövlət yaratmaq və qurmaq qədər, faciələrə və soyqırımlara məruz qalmaq da yazılıb. 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublikanı yaradan Azərbaycan xalqı böyük xalq olduğunu tarix boyu dəfələrlə sübut edib. Lakin zaman-zaman bu xalqın taleyini dəyişməyə çalışıldığı da məlumdur.
1991-ci ildə müstəqilliyi yenidən əldə etsək də, dövlətimiz və cəmiyyətimiz xaos və anarxiyaya qərq olmuşdu. Ölkədə hakimiyyət özbaşınalığı və siyasi hərc-mərclik ən üst səviyyəyə çatmışdı. Belə bir ağır zamanda xalqı bu vəziyyətdən çıxaracaq liderə zərurət yaranmışdı. Xalq heç şübhə etmədən gözünü məhz Heydər Əliyevə dikdi və təkidli tələblə onu Bakıya dəvət etdi.
Məhz bu dövrdən başlayaraq, Azərbaycan tarixində Heydər Əliyevin idarəçiliyinin yeni və parlaq səhifəsi açıldı. Məhz Heydər Əliyevin 1993-cü ilin 15 iyunundan - Qayıdış Günündən başlayaraq, Azərbaycanın inkişafa doğru aparılmasının təməli qoyuldu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının təməli qoyuldu. Xarici investorların Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar sərmayə qoymasına şərait yaradıldı. 1996-cı il 16 iyulda "Torpaq islahatı haqqında" qanun qəbul edildi, torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillər üçün təminat yaradılması məqsədilə Dövlət Neft Fondu yaradıldı. Bakı-Tbilisi-Ərzurum və Qars kəmərlərinin təməli qoyuldu.
Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Onun 1995-2003-cü illəri əhatə edən islahatları Azərbaycanın yeni inkişaf modelini yaratdı. Bank, vergi, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlər əldə olundu.
Hazırda Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyev bizə elə bir miras qoyub ki, bu miras xalq-iqtidar birliyi üzərində daha da möhkəmlənir. Bu, bizim həmrəyliyimizdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını "Azərbaycançılıq" məfkurəsi altında elə sıx birləşdirdi ki, 44 günlük Vətən müharibəsinin simvolu olan "dəmir yumruq" sayəsində bütün dünyanın qarşısında məğrur dayanmağı bacardıq.
Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfərimiz gələcək nəsillər üçün qürur mənbəyidir. Azərbaycan 30 illik erməni işğalına son qoydu, ərazi bütövlüyünü, suverenliyini, həm də milli ləyaqətini bərpa etdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən mötəbər, güclü orduları ilə bərabər addımlayır. Azərbaycanın müdafiə sənayesi müasirləşdirilir, yeni silahlarla, texnika ilə təchiz edilir. Xüsusi təyinatlı qüvvələrin say tərkibində əhəmiyyətli artım var, yeni yaradılmış komando qüvvələrinin təcrübəsi dünya tərəfindən öyrənilir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. İnsanlar öz yurd-yuvalarına geri dönürlər. Bununla da Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh yaradır. Beynəlxalq təşkilatlarla münasibətlər dərinləşdirilir.
Azərbaycan Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tam hüquqlu üzv seçildi. Ölkəmiz elə bir xarici siyasət yürüdür ki, atdığı addımlarla sadəcə dövlət olaraq özünü deyil, bütöv bir regionu beynəlxalq münasibətlər sisteminə, dünya siyasətinin mərkəzinə daşıyır.
Azərbaycanın iqtisadi potensialı, enerji siyasəti, nəqliyyat imkanları və logistika infrastrukturu gündən-günə inkişaf edir. Məhz bütün bu amillər heç bir tərəfə imkan vermir ki, hansısa aktor bizə öz iradəsini diktə etsin. Azərbaycanın valyuta ehtiyatları tarixi rekord həddə - 90 milyard dollara yaxın məbləğə çatıb. Xarici borcumuz ümumi daxili məhsulun (ÜDM) cəmi 6,3 faizini təşkil edir. Müqayisə üçün bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz və ya daha artıqdır. Valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir. Məhz bunun nəticəsidir ki, dünyanın mötəbər reytinq agentlikləri Azərbaycanın kredit və investisiya reytinqlərini müsbət səviyyəyə qaldırıblar. Geriyə dönüb baxdıqca bugünkü Azərbaycan üçün həqiqətən də Ümummilli Lider Heydər Əliyevə minnətdar oluruq. Ulu Öndər Heydər Əliyevin doğum günü yaxınlaşdıqca onun Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolu bir daha xüsusi ehtiramla xatırlanır.
Azərbaycan və Ulu Öndərin adı bir-biri ilə sıx bağlıdır və bu iki anlayışı bir-birindən ayırmaq mümkün deyil. Çünki müasir Azərbaycan dövlətinin əldə etdiyi uğurların təməlində məhz onun siyasi iradəsi, uzaqgörənliyi və məqsədyönlü fəaliyyəti dayanır. Ulu Öndər iki dəfə Azərbaycana rəhbərlik edib və hər iki dövr ölkənin ən mürəkkəb və taleyüklü mərhələlərinə təsadüf edib. 1969-cu ildə rəhbərliyə gəldiyi zaman respublikanın iqtisadiyyatı durğunluq içində idi. Sənaye artımı zəifləmiş, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşmüş, infrastruktur və sosial obyektlərin inkişafı məhdud səviyyədə qalmışdı. Lakin 1969-1982-ci illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında ciddi dönüş baş verdi. Sənaye istehsalı 2,5-3 dəfə artdı, orta illik iqtisadi artım tempi 7-8 faiz təşkil etdi. 600-dən çox iri sənaye müəssisəsi və sosial obyekt istifadəyə verildi. Kənd təsərrüfatı məhsulu təxminən 2 dəfə artdı.
Şəhərlərin genişləndirilməsi və yeni yaşayış massivlərinin salınması nəticəsində mənzil fondu 2 dəfədən çox artdı. Təhsil sahəsində də mühüm nailiyyətlər əldə olundu. Belə ki, ali təhsil müəssisələrinin sayı 2 dəfədən çox artdı, minlərlə gənc ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Səhiyyə sahəsində xəstəxanaların və həkimlərin sayı 1,5-2 dəfə artdı, uşaq ölümü göstəricilərində ciddi azalma müşahidə olundu. Orta aylıq əməkhaqqı isə təxminən 1,5 dəfə yüksəldi. Nəticədə Azərbaycan ittifaq daxilində dotasiya alan respublikadan büdcəyə töhfə verən qabaqcıl respublikalardan birinə çevrildi. 1990-1993-cü illər isə ölkə üçün son dərəcə ağır və təlatümlü dövr kimi yadda qalıb. Bu illərdə dərin iqtisadi böhran, investisiya çatışmazlığı və texnoloji gerilik hökm sürürdü. ÜDM təxminən 60 faiz azalmış, sənaye istehsalı iki dəfədən çox geriləmişdi. İnflyasiya 1000 faizi keçmiş, dövlət büdcəsində ciddi kəsir yaranmışdı. Siyasi qeyri-sabitlik və idarəetmə böhranı ölkəni dərin tənəzzülə sürükləmişdi. Belə bir mürəkkəb şəraitdə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə sabitliyin bərpasına nail oldu və ölkənin inkişaf strategiyasını müəyyənləşdirdi. 1995-2003-cü illərdə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq davamlı inkişaf mərhələsinə qədəm qoydu. ÜDM 2 dəfədən çox artdı, orta aylıq əməkhaqqı 6-7 dəfə, pensiyalar isə 5-6 dəfə yüksəldi. İnflyasiya səviyyəsi kəskin şəkildə azaldıldı və əhalinin real gəlirlərində artım müşahidə olundu. Bu dövrdə 200-dən çox yeni məktəb tikildi və ya əsaslı təmir edildi, onlarla xəstəxana və poliklinika yenidən qurulmağa başlandı. Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünlər üçün 100-dən çox yaşayış məntəqəsinin inşasına başlanıldı. Yoxsulluq səviyyəsi tədricən azaldıldı, özəl sektorda məşğulluq genişləndi, sosial müdafiə sistemi gücləndirildi. Ulu Öndərin həyata keçirdiyi iqtisadi strategiyanın əsasını isə neft siyasəti təşkil edirdi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın gələcək iqtisadi inkişafının təməlini qoydu. Bu müqavilə nəticəsində ölkəyə 20 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olundu. Neft istehsalı 1995-ci ildəki 9 milyon tondan 2003-cü ildə 15 milyon tona yüksəldi, xarici ticarət dövriyyəsi 3 dəfə artdı. Azərbaycan beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əməkdaşlığa başladı. Enerji resurslarının dünya bazarlarına çıxarılması üçün Bakı-Supsa kəməri istifadəyə verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası qoyuldu. 1996-cı ildə həyata keçirilən torpaq islahatı nəticəsində torpaqların 90 faizi özəl mülkiyyətə verildi. Özəlləşdirmə proqramı çərçivəsində 2000-dən çox dövlət müəssisəsi özəl sektora ötürüldü ki, bu da sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına təkan verdi. Beləliklə, 1993-2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, iqtisadi əsaslarının qurulması və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi dövrü kimi xarakterizə olunur. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi və iqtisadi kurs sonrakı illərdə Azərbaycanın davamlı inkişafının əsasını təşkil edərək ölkəni regionun aparıcı dövlətlərindən birinə çevirdi. Azərbaycanın iqtisadi tənəzzüldən çıxarılması, böhranların effektiv idarə olunması, eləcə də ölkəmizin adının dünya siyasətinə inteqrasiya edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yaşadığı dövrün çətinliklərinə baxmayaraq, çağırışlara adekvat cavab vermək, bu cavab tədbirlərini əlaqələndirmək və ictimaiyyətlə effektiv ünsiyyət qurmaq bacarığı Ulu Öndəri son dərəcə güclü lider kimi səciyyələndirir. Əsas vacib məqam onda idi ki, Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını prioritet hesab edirdi. Davamlılıq, funksional təşkilatlanma və bu təşkilatlanmanı qoruyaraq dəyişən şəraitə uyğunlaşmaq bacarığı Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas xüsusiyyətlərindəndir.
Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın memarlıq üslubunun qorunmasına böyük həssaslıqla yanaşmışdır. Ulu Öndərin ilk ixtisasının memar olması onun şəhərsalmanın planlaşdırlmasında və daha effektiv qurulmasında əhəmiyyətli rol oynamışdır. Bu baxımdan, Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələ kimi yadda qalır. Onun rəhbərliyi illərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri həm paytaxt Bakının, həm də regionların simasını əsaslı şəkildə dəyişdirdi.
Sovet dövründə başlanılan şəhərsalma siyasəti çərçivəsində yeni yaşayış massivləri salındı, sənaye zonaları inkişaf etdirildi və müasir infrastrukturun təməli qoyuldu. Paytaxtda inşa edilən Respublika Sarayı və Gülüstan Sarayı kimi memarlıq nümunələri yalnız funksional obyektlər deyil, həm də dövrün estetik baxışını əks etdirən mühüm mədəniyyət ocaqları oldu. Eyni zamanda Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi şəhər həyatının dinamikliyini artırdı.
Müstəqillik illərində isə bu siyasət daha da dərinləşdirildi. Bakı Bulvarı yenidən qurularaq paytaxtın ən gözəl istirahət məkanlarından birinə çevrildi, Şəhidlər Xiyabanı və Fəxri Xiyaban kimi ərazilər abadlaşdırılaraq milli yaddaşın mühüm simvolları kimi formalaşdırıldı. Heydər Əliyev seyrangahların salınmasına da xüsusi həssaslıqla yanaşırdı. Bu addımların hər biri Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin göstəricisidir. Eyni zamanda regionlarımızın inkişaf strategiyasının təməlinin qoyulması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq, şəhərsalma sahəsində sistemli islahatlar həyata keçirilməyə başlanıldı. Həmin dövrdə Bakının baş planı yenidən işləndi, paytaxtımızın infrastrukturunun müasirləşdirilməsi baxımından mühüm addımlar atıldı. Yeni yaşayış massivlərinin salınması, çoxmərtəbəli binaların inşası, geniş prospekt və yolların çəkilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Milli üslubla müasir elementlərin uzlaşdırılması Heydər Əliyevin xüsusi diqqət etdiyi məsələ idi. Ulu Öndər sovet ideologiyasının ziddinə gedərək milli ornamentlərin memarlıq nümunələrinə salınması üçün göstəriş verirdi. Bu, son dərəcə cəsarətli addım idi. Bu, tarixə hörmət, soykökə bağlılıq idi. Bütün bu layihələr Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycanın şəhər mühitində müasirlik, funksionallıq və estetik harmoniyanın vəhdətini təmin etdi. Bu gün həmin memarlıq nümunələri ölkənin inkişaf yolunun canlı şahidi kimi öz əhəmiyyətini qoruyub saxlayır. İstər paytaxtımız Bakı şəhərinin, istərsə də regionların hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla icra edən cənab Prezident İlham Əliyevin də fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu gün yeni reallığımız da var. Bu reallığımız Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsidir. Bölgə yeni inkişaf mərhələsinə qədəm qoyur, müasir yaşayış məntəqələri qurulur. Həmin ərazilər sürətlə dirçəlir və inkişaf edir. Hazırda Qarabağ və Şərqi Zəngəzur beynəlxalq diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakı şəhərinin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi etməsi bunun bariz nümunəsidir. Bu tədbir ölkənin davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Dünya Şəhərsalma Forumu Cənubi Qafqazda keçiriləcək ən böyük tədbirlərdən biri olacaq. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəsmiləri, QHT nümayəndələri, mütəxəssislər və ekspertlər, ictimai xadimlər Azərbaycana səfər edərək təcrübə mübadiləsi aparacaqlar. Mühüm məqamlardan biri odur ki, tədbirə qədər təxminən 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıtması planlaşdırılır. Bu, olduqca əhəmiyyətli göstəricidir. Bu, dayanıqlı inkişaf məqsədlərinə, habelə dayanıqlı sülhə töhfədir. Hazırda bölgə dünya standartlarına uyğun şəkildə yenidən qurulur. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan bütün bu işləri öz daxili imkanları və resursları hesabına həyata keçirir.
WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən müasir dövrdə dünyanın üz-üzə qaldığı aktual problemlərdən biri olan sürətli şəhərləşməni və bu problemin insanlara, şəhərlərə, ayrı-ayrı iqtisadiyyatlara, iqlim dəyişikliyinə, habelə bu istiqamətdə yürüdülən siyasətlərə təsirini araşdırmaq məqsədilə yaradılmışdır. İlk WUF 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilmişdir. O vaxtdan bu yana sözügedən tədbir dünyanın hər yerində keçirilir. Sayca on üçüncü olan WUF Azərbaycanın paytaxtı olan, son zamanlarda ölkəmizin qazandığı nüfuz səbəbilə isə özünə bütün dünyanı cəlb edən Bakı şəhərində keçiriləcək. Azərbaycan yerli prioritetləri qlobal səylərlə uzlaşdırmağın unikal modelini ortaya qoyur. Atılan addımlar davamlı şəhərsalma, dayanıqlı inkişafı təşviq etmək amallarına töhfədir.
Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malik ölkədir. Regionla bağlı baş verən hadisələr göstərir ki, cənab İlham Əliyevin yürütdüyü siyasət, sərgilədiyi yanaşma, atdığı addımlar, verdiyi qərarlar dəqiq və əhəmiyyətlidir. Necə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan ittifaq respublikaları arasında öncül sırada dayanırdı, bu gün də cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət həmin xəttin üzərindədir.
Azərbaycan Lideri elə bir reallıq yaradıb ki, ölkəmiz yalnız beynəlxalq münasibətlər sisteminin mərkəzində dayanmır, dövlət başçımız yürütdüyü siyasətlə Cənubi Qafqazı dünya siyasətinin mərkəzinə daşımağı bacarır. Bu gün artıq elə bir reallıq yaranıb ki, bu reallıqda uduzan tərəf olmayacaq. Regional layihələr, bağlantılar, nəqliyyat və logistika qovşaqları Azərbaycanı dünya iqtisadiyyatının mərkəzinə aparır. Dünyanın mötəbər dövlətləri, aparıcı təşkilatları Azərbaycanla əməkdaşlıq etmək üçün təşəbbüskarlıq göstərirlər.
Cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, həm də nüfuzunu qaldırıb. Bu gün Azərbaycan xalqına məğrur xalq kimi dünyada hörmət olunur.
Azərbaycanın evsahibliyi etdiyi qlobal forumlar, Qarabağın artıq diplomatiya mərkəzinə çevrilməsi, daxili və xarici siyasətdə atılan ardıcıl addımlar ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə yaxından dəstək verməsi, Heydər Əliyev Fondunun Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda icra etdiyi layihələr xalqımızın mədəni obrazının dünyaya tanıdılması deməkdir.
Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən xalqının ümidlərini doğruldacağını bildirmişdi. Ümummilli Lider Heydər Əliyevin "Ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm" fikri bu gün özünü tam mənası ilə doğruldur.
Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini