09 May 2026 09:10
115
CƏMİYYƏT
A- A+
Adını "Şəhid" yazan kəşfiyyatçı

Adını "Şəhid" yazan kəşfiyyatçı


Son baharın erkən qaranlığı Bakı küçələrinə yenicə çökmüşdü. 2020-ci ilin 28 sentyabr axşamında Sadıqovlar ailəsinin evində zaman sanki dayanmışdı. Otağın ortasında dayanan Səbuhi nə yarımçıq qalan çayından bir qurtum içir, nə də anasının hazırladığı xörəklərə toxunurdu. Onun ruhu artıq çoxdan cəbhədə, atası Rövşənin, anası Yeganənin həsrət qaldığı o barlı-bəhərli Füzuli torpaqlarında idi... Ürəyi quş kimi uçunur, savaşa yox, sanki toya gedirmişcəsinə sevinirdi... 

Vida anı çatmışdı. Anası Yeganə müharibəyə yola saldığı oğlunu bəy otağına çağırıb "Qurani Kərim"i onun başı üzərində üç dəfə dolandırmış, dualarını pıçıldamışdı... 

O gün Sadıqovlar ailəsində yaşanan bu yolasalmanın çadır şəhərciyində başlayan bir ömrün, bəy otağından keçib şəhadət zirvəsinə doğru atdığı ilk müqəddəs addım olduğunu heç kəs bilmirdi... Nə Səbuhini yola salan ata-anası, bacısı, nə qohumları, nə də qonşuları... Bu müqəddəs yolçuluğa çıxması təkcə Səbuhinin özünə əyan idi... 

Doğmaları ilə görüşüb qapıdan çıxanda "Ana, heç vaxt başını aşağı əymə, gör sənin oğlun hara gedir!", - demişdi.

Bir də 24 yaşlı gənc titrək səslə Yeganə ananın qulağına pıçıldamışdı: "Nişanlıma deyərsən ona haqqımı halal edirəm, ailə qursun, xoşbəxt olsun..."

Bəli, Vətən müharibəsinin qəhrəman şəhidi Səbuhi Rövşən oğlu Sadıqov vətən uğrunda doğmalarından, hətta canından belə keçməyi çoxdan gözünün önünə almışdı...


Torpağa ürəkdən bağlıydı 


Görünür, elə Vətən torpağına bu qədər ürəkdən bağlılığına görə idi ki, Füzuliyə, Ələsgərli, Horadiz kəndlərinə də hər kəsdən əvvəl Səbuhinin ruhu qanadlandı, qanı ilə bu torpağı suvarıb vətənin bağrında al laləyə çevrildi...

9 may 1996-cı ildə Biləsuvar çadır şəhərciyində əslən Füzuli rayonundan olan Rövşən Sadıqovun ailəsində dünyaya gələn Səbuhi cəmi 24 il sürən qısa ömür kitabına özündən sonra doğmalarının, el-obasının qürurla anacağı xeyli şərəfli xatirələr yazıb. 

Səbuhi Sadıqov Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbin IX sinfini bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olub. Uşaq yaşlarından idmana böyük həvəsi olan Səbuhi karate, kikboks ilə məşğul olub, 8-9-cu sinfə kimi yüngül klublararası turnirlərdə iştirak edib. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan milli yığmasının üzvü olub. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunub, çempion adını qazanıb. MMA (Qaydasız döyüş) növü üzrə professional olaraq məşğul olub. 

2015-ci ildə Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində 1 il 6 ay xidmət edib. 2015-2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olub. Gürcüstanda Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparıb və qara kəmər qazanıb. Bununla yanaşı, şəxsi "Comando Fight Klub"unu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirib. Bir tələbəsi Gürcüstanda Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında dünya çempionu adını qazanıb.

28 sentyabr 2020-ci ildə Vətən müharibəsinə könüllü olaraq yollanan Səbuhi Sadıqov Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmət edib. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. 


Çadır şəhərciyində başlayan ömür


Müharibədə od-alovun içərisində olmasına baxmayaraq, Səbuhi ailəsi ilə hər dəfə telefon əlaqəsi saxlayanda, "Narahat olmayın, hər şey yaxşıdır" deyər, doğmalarının onun üçün nigaranlıq keçirməsinə razı olmazdı. 

9 may tarixi Səbuhi Sadıqovun dünyaya göz açdığı gündür. Taleyinə qısa, amma şərəflə 24 bahar yazılan Səbuhinin xatirəsini 30-cu ildönümündə anası Yeganə Əliyeva ilə birlikdə "Azərbaycan" qəzetinin "Vətən oldu oğullar" rubrikasında andıq. 

İllər bir-birinin üstünə gəlsə də, yaralı ananın göz yaşları hələ də qurumayıb, dilindən Səbuhi adı düşməyib, ürəyindəki oğul dağı qaysaqlamayıb... 

Dünyasının yerlə yeksan olduğu, deyə-gülə əsgərliyə yola saldığı həyat dolu oğlunun bayrağa bükülmüş nəşinin həyətlərinə gətirildiyi o məşum 5 noyabr gününü hər an ağrı-acı ilə yenidən yaşayır... 

Səbuhinin hekayəsi 1993-cü ilin payızında - Füzulinin işğalı ilə başlayır. Gənc yaşlarındaykən atası Rövşən Füzuli rayonunun Ələsgərli, anası Yeganə isə Horadiz kəndindən didərgin düşürlər. Tale onların yollarını çadır şəhərciyində birləşdirir və ailə qururlar. Sadıqovlar ailəsi ilk körpələrinin sevincini yaşayırlar. 1996-cı il mayın 9-da Səbuhi Biləsuvardakı çadır şəhərciyində dünyaya göz açanda, onun ilk laylası həsrət, ilk nəfəsi isə yurd nisgili ilə yoğrulur. Ailə məcburi köçkünlüyün bütün ağrı-acılarını yaşayır. Qışın dondurucu şaxtasına, yayın nəfəs kəsən istisinə dözür... Biləsuvarın çadır şəhərciyindən, İmişli stadionunun sığınacağından, Bakının dar yataqxanalarına qədər uzanan bu çətin yolda Səbuhi bir həqiqəti dərk edərək böyüyürdü. İnsan harada yaşayırsa yaşasın, ruhu ancaq doğma torpağında azad, rahat olur. Səbuhinin qanındakı vətənpərvərlik ruhu, əslində, təsadüfi deyildi. Anasının babası Birinci Dünya müharibəsinin iştirakçısı, öz ana babası Birinci Qarabağ müharibəsi zamanı hərbi komandirin sürücüsü kimi cəbhənin qaynar nöqtələrində olmuşdu. Atası Rövşən Sadıqov isə Birinci Qarabağ müharibəsində "Kamaz" maşını ilə döyüş bölgəsinə mərmi daşımışdı. O, belə bir vətənpərvər ailədə doğmalarının müharibə xatirələri ilə böyümüşdü. 

Səbuhinin daxili enerjisi və sarsılmaz iradəsi onu erkən yaşlarından idmana bağladı. Karate, kikboks və MMA üzrə qazandığı uğurlar, aldığı "qara kəmər" onun fiziki dözümündən çox, döyüşkən ruhundan xəbər verirdi. 

Hərbi xidmət zamanı peşəkar döyüşçü və kəşfiyyatçı kimi yetişən Səbuhi üçün hərb sanki ruhunun ehtiyacı, darda qalan ata yurdunun azadlığına gedən yol idi. 

Buna görə də Vətən müharibəsinin başladığını eşidən kimi işlədiyi şirkətin maşınına bayraq sancıb evə tələsmiş, "Vətən dardadır!" deyib könüllü olaraq cəbhəyə can atmışdı.

Yeganə xanım danışır ki, Səbuhi Xocalıda, digər ərazilərimizdə düşmənin törətdiyi vəhşilikləri heç zaman unutmurdu. Bunlarla bağlı videokadrlara baxır, yazılanları oxuyurdu və həmişə deyirdi ki, ana bu qan yerdə qalmaz, qisasımızı mütləq alacağıq:

- 2020-ci ilin yayında bütün fikri Lələtəpədə olan dostlarının yanında idi. Bibisi rayonda yaşayırdı, onlara gedib oradan həmin əsgərlərə yemək bişirtdirib, digər ehtiyaclarını - ərzaq, su, siqaret və sair aparıb postlarına çatdırmışdı. 

Vətən müharibəsi başlayan gün Səbuhinin yaşadığı sevinci heç bir sözlə izah edə bilmirəm. Səbirsizlənirdi ki, onu da müharibəyə çağırsınlar və elə ertəsi gün bu arzusuna çatdı. İnanın ki, o sevincindən yerə-göyə sığmırdı. 

Müharibəyə yola saldığımız gün qonşu qadın ona dedi ki, Səbuhi, getmə bala, evin tək oğlusan, nişanlısan, bu gün-sabah toyun olacaq. Onun həmin ilin aprelində pandemiyaya görə təxirə düşmüş toyunu payızda etməyi düşünürdük. Amma Səbuhi bircə kəlmə dedi: "Vətən dardadır, getməliyəm!"

Bütün qonum-qonşu, oğlumu tanıyan hər  kəs zəng vurub deyirdi ki, müharibə başlayıb, bilirik ki, Səbuhi mütləq döyüşə gedəcək. Hamı onun lap uşaq yaşlarından necə vətənpərvər olduğunu bilirdi. Sosial şəbəkələrdə paylaşımlarında hər zaman şəhidlərimizi anardı, Mübariz İbrahimovu özünün qəhrəmanı sayardı. Üzərində şəhidlərimizin fotoları olan bir plakat hazırlamışdı. Onların sırasına öz fotosunu da yapışdırmışdı. O zaman bu mənə qəribə gəlməmişdi. Ancaq indi düşünəndə...

Müharibə günlərində tez-tez evə zəng vururdu, amma vaxt keçdikcə bu zənglərin arası uzanırdı. Deyirdi ki, dağlardayıq, ola bilər mənə iki, hətta on gün belə zəng çatmaya bilər. Nigaran olmayın". Eyni zamanda "Ana, bütün əsgərlərimizə dua et", - deyirdi. 

Ermənilər Gəncəni vuran gün də Səbuhi evə zəng etmişdi. O mənim kədərli olduğumu duyub soruşdu ki, ana, niyə kefsizsən, dedim Gəncəni vurublar, orada körpə uşaqlar, dinc əhali həlak olub. Dedi ki, ana, bilirəm, şərəfsizlər Xocavənddən vurublar, amma yerlərində oturtduq onları, bir daha vura bilməyəcəklər. Cəbhədən zəng vuranda uşaq kimi sevinirdi və deyirdi ki, çox sevinirəm, ana, torpaqlarımızın azad olunmasında mənim də payım var. 

Oktyabrın 24-də Səbuhi ilə sonuncu dəfə danışdıq. O gündən sonra nə onun səsini eşitdim, nə də üzünü gördüm... Balam gülə-gülə arzuladığı şəhidlik məqamına ucaldı. 


Jetonun arxasındakı müqəddəs sirr


Səbuhi Sadıqov Vətən müharibəsində 37 gün davam edən döyüş yolunda Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində əsl kəşfiyyatçı rəşadəti göstərdi. Anasına zəng vurub "Sənin, atamın doğulduğunuz torpaqdayam, ana!" deyəndə səsi uşaq kimi sevincli idi. Şəhidlərimizin qisasını aldığına, körpələrin qanını yerdə qoymadığına görə daxili bir rahatlıq tapmışdı.

Onunla çiyin-çiyinə vuruşan yoldaşları heyrətamiz bir detalı sonradan danışmışdılar. Səbuhi boynundakı hərbi jetonun arxasına öz əlləri ilə bir söz həkk etmişdi. Sanki gedəcəyi ünvanı qəlbi ilə əvvəlcədən duymuşdu...

...Cəbhənin barıt qoxulu gecələrindən biri idi. Səngərdə hər kəs bir anlıq sükuta dalsa da, Səbuhinin daxilində böyük bir fırtına qopmuşdu. O, boynundakı hərbi jetonu - hər bir əsgərin kimlik vəsiqəsi olan soyuq metal parçasını əlinə aldı. Ayın solğun işığı metalın üzərinə düşür, rəsmi rəqəmlər və hərflər qaranlıqda parıldayırdı.

Gənc döyüşçü bir an dayandı. Sonra cibindən iti uclu bir metal parçasını çıxardı. Heç bir tərəddüd etmədən, elə bil rəssamın kətan üzərində son ştrixini çəkdiyi rahatlıqla, jetonun hamar arxa tərəfinə bircə kəlmə həkk etməyə başladı.

Ş... Ə... H... İ... D...

Metalın metala sürtülərkən çıxardığı tükürpədici səs gecənin sükutunda sanki bir vəsiyyət kimi əks-səda verirdi. Bir kəşfiyyatçı üçün adının gizli qalması peşə qanunudur, amma Səbuhi öz "kod adı"nı əbədiyyət üçün özü seçirdi. Boynundakı kiçik metal parçasına öz gələcəyini, anasının duasını və Vətənin azadlıq müjdəsini sığdırırdı. Sonra jetonu yenidən köynəyinin altına, sinəsinin üstünə buraxdı. Soyuq metal bədəninə toxunanda o, gülümsədi. Çünki artıq bilirdi ki, bu lövhə nə vaxtsa tapılacaqsa, o, mütləq arzularına çatmış olacaqdı... 

Bəli, Səbuhi Sadıqov tale zirvəsini öncədən seçmişdi. 2020-ci il noyabrın 4-də, Şuşanın azadlığına cəmi dörd gün qalmış Laçının Suarası kəndində mərmi qəlpəsi onun qəhrəman ürəyini nişan aldı. Səbuhi əli ürəyinin başında, simasında azad torpağın xoşbəxt təbəssümü ilə əbədiyyətə qovuşdu.

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Səbuhi Sadıqovun nəşi ata yurdunda - Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn olunub.

Bu gün Səbuhi Sadıqovun adı "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə qoşa çəkilir. Çadırda doğulan o körpə böyüyərək düşməndən qisasını aldı, Azərbaycanın bütövlüyünü qoruyan qəhrəmanlarımızdan birinə çevrildi.

Səbuhi Sadıqovun ömür akkordları bəlkə həzin bitdi, amma onun yazdığı qəhrəmanlıq simfoniyası əsrlərlə bu torpaqlarda əks-səda verəcək.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov  

10:00
09 May

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib  

09:24
09 May

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib  

09:23
09 May

Bilmək istəyirəm

09:15
09 May

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

Tarixin silinməz yaddaşı

08:50
09 May

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

08:47
09 May

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

08:45
09 May

Azərbaycanla əməkdaşlıq Avropanın gələcək enerji hədəflərinə uyğundur

08:40
09 May

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

08:35
09 May

BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı

08:30
09 May

Tarix yazan Lider

08:27
09 May

Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət

08:25
09 May

Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur

08:20
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!