İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində Qələbədə Azərbaycanın rolu tarixin danılmaz, silinməz səhifəsidir. Bakı nefti olmasaydı, SSRİ-nin qələbəsinin mümkün olmayacağı fikrini bir çox görkəmli hərbçilər, yüksək ranqlı dövlət xadimləri, dünyanın tanınmış siyasətçiləri də təsdiqləyiblər. Ümumiyyətlə, 1941-1945-ci illərdə respublika iqtisadiyyatı tam hərbi tələblərə uyğunlaşdırılmışdı. Azərbaycan ön cəbhədə də qəhrəmanlıqla döyüşürdü. Xalqımızın yüzlərlə övladı müharibənin ilk günündən silaha sarılmışdı.
Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq".
Elə bu böyük iştaha ilə də Hitlerin ad günü üçün bişirilən tortun üstündə Bakı şəhəri və Xəzər dənizi təsvir edilmişdi. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planı) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə olunmuşdu. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. "Ost" planına görə, Bakının 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunması nəzərdə tutulmuşdu. Faşistlər Bakını işğal edib onun neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 1941-ci il iyulun 16-da Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.
Faşistlər Bakını tuta bilmədilər! Çünki Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə apardı - həm ön, həm də arxa cəbhədə. Tanınmış həmyerlimiz Nikolay Baybakovun dediyi kimi: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir". Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov təsdiqləyib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.
1941-1945-ci illər müharibəsi ümumxalq xarakteri daşıyırdı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı Sovet İttifaqı kimi ucsuz-bucaqsız bir ölkəni başdan-başa bürümüşdü. Azərbaycan da faşizmlə mübarizəyə qalxmışdı. Xalqımızın müharibədə iştirakı təkcə igid oğullarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özü də bir cəbhəyə çevrilmişdi - arxa cəbhəyə.
Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi. Marşal Georgi Jukov vurğulayırdı ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, düşmən üzərində qələbəyə kifayət qədər yüksəkkeyfiyyətli yanacaq vermişlər.
O illərdə respublikamızda fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq - neft bazası olan Bakının rolu xeyli artmışdı. Belə ki, müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda "Katyuşa" raketi, "Şpakin" pulemyotu istehsal edilirdi. "Yak-3" qırıcı təyyarələri yığılırdı. Burada 130-dan çox silah və onların hissələri hazırlanırdı.
Marşal Andrey Qreçko sonralar belə yazmışdı: "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksəkkeyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".
O dövrdə SSRİ-nin yüksəkoktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Çünki belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə yüksəkoktanlı benzin alındı. Təsadüfi deyil ki, azərbaycanlı alim SSRİ Dövlət mükafatına layiq görüldü və onun adı döyüş maşınları və mühərrikləri icad edən İlyuşinlə, Yakovlevlə, Lavoçkinlə, Mikulinlə yanaşı çəkildi.
Marşal Konstantin Rokossovski demişdi: "Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır".
Neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. "Pravda" qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki "Azərbaycan bu gün" adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.
Azərbaycan neftçiləri təkcə əmək meydanında hünər göstərməklə kifayətlənmirdilər. Onların qəlbi bütün ölkə ilə birlikdə döyünürdü. Məsələn, Leninqrad (indi Sankt-Peterburq) blokadasında qalan insanlara yazırdılar ki, Azərbaycan neftçiləri daim sizinlədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının müharibə illərindəki fədakarlığını belə dəyərləndirmişdir: "Bugünkü və gələcək tarix İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər".
Digər bir çıxışında isə Ulu Öndər demişdir: "Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi".
Aydındır ki, Azərbaycan neftçiləri çətin şəraitdə işləyirdilər. Bununla belə, neft hasilatını əvvəlki illərə nisbətən qat-qat artırmağa nail olmuşdular. Müharibənin təkcə birinci ilində Bakı ölkəyə 23,5 milyon ton neft və 2,6 milyon kubmetr təbii qaz vermişdi. Bakı mədənlərində ovaxtadək belə göstəricilərə nail olunmamışdı.
Müharibə şəraiti ortaya hər gün yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını "yer anbarları"na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Prezident İlham Əliyev 11 oktyabr 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəyə töhfəsini bir daha vurğulamışdır: "Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində "Xəzər dənizi" sözləri yazılmış bir oyuq, həmin oyuqda "Bakı" adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb "Bakı" sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı".
O illərdə Azərbaycan kəndi də arxa cəbhənin əsas dayaqlarından biri kimi böyük şücaət göstərirdi. Kişilərin cəbhəyə getməsi ilə kənd təsərrüfatı, əkin-biçin işləri əsasən qadınların, qocaların və yeniyetmələrin çiyinlərinə düşmüşdü. Kəndlər ordunu ərzaqla təmin edirdi. Cəbhəyə taxıl, ət və digər ərzaq məhsulları göndərilirdi. Kişi əməyinin azalması nəticəsində qadınlar traktorçu, kombaynçı və briqadir kimi işlərdə fəaliyyət göstərir, ağır şəraitdə istehsalatı dayanmağa qoymurdular.
1941-1945-ci illərdə Azərbaycan oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar xalqımıza böyük şan-şöhrət, əbədi başucalığı gətirdi. Belə ki, o müharibənin odlu, qanlı-qadalı savaşlarında 600 mindən çox (bəzi mənbələrdə 700 minə qədər) azərbaycanlı döyüşüb. Onların yarısı döyüşlərdə həlak olub və ya itkin düşüb. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülənlərin sayı 120-dən çox olub. Tank qoşunları general-mayoru Həzi Aslanov bu adı iki dəfə alıb. 30 nəfər "Şöhrət" ordeninin tam üç dərəcəsinə layiq görülüb. 170 nəfərdən çox döyüşçü orden və medallarla təltif edilib.
Təsadüfi deyil ki, Hitler faşizmi üzərində Qələbə günü olan 9 May Azərbaycanda hər il qeyd edilir. O acı olaylar da yaddan çıxmır ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü öz hakimiyyəti dövründə bu bayramı ləğv etmişdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdi və indi 9 May rəsmi bayramlar sırasında yer alır. Prezident İlham Əliyev hər il 9 May ərəfəsində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayır. İstər bayram günündə, istərsə digər vaxtlarda faşizm üzərində qələbə üçün Azərbaycanın verdiyi töhfəni yada salır, tarixin o mərhələsində də mərdlik və igidlik göstərmiş ata-babalarımızı anır, onların xatirəsini ehtiramla yad edirik.
Flora SADIQLI,
"Azərbaycan"