09 May 2026 08:50
101
Mədəniyyət
A- A+
Tarixin silinməz yaddaşı

Tarixin silinməz yaddaşı


1945-ci il mayın 8-də Berlində feldmarşal Vilhelm Keytel Almaniyanın müttəfiq dövlətləri qarşısında qeyd-şərtsiz kapitulyasiya aktını imzaladı və bununla Avropada İkinci dünya müharibəsi başa çatdı. Bu xəbər SSRİ ərazisində mayın 9-da elan edildi və həmin gün SSRİ-də və keçmiş sosialist bloku ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunmağa başladı. Faşizm üzərində qazanılan bu möhtəşəm qələbə, yalnız hərbi zəfər deyildi, eyni zamanda insanlığın, ədalətin qaranlıq qüvvələr üzərində qələbəsi idi.  Bu il bəşəriyyətin faşizm bəlasından xilas olmasından 81 il ötür. Həmin amansız, qanlı savaşda 50 milyondan çox adam həlak oldu, 100 milyondan çox insan yaralandı və şikəst qaldı. Təkcə sovetlər birliyi müharibədə 30 milyon nəfərədək itki verdi. 61 dövlətin, dünya əhalisinin 1 milyard 700 milyon nəfərinin və ya dörddə üçünün iştirak etdiyi İkinci Dünya müharibəsi 40 ölkənin ərazisini əhatə etdi, 110 milyon adam hərbi səfərbərliyə alındı. 

Azərbaycan xalqı da İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə şücaət və əzmkarlıq göstərdi. 600 mindən artıq soydaşımız müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşdu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçdi. Müharibənin ilk günlərində təqribən 40 min nəfər könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. 1941-ci ilin sonunda "xalq qoşunu" adlanan dəstələrdə Azərbaycandan getmiş 200 min döyüşçü vardı. Onlardan 15 min nəfərdən çoxu qadın idi.

Ağır müharibə illərində azərbaycanlı əsgər və zabitlər od-alov püskürən döyüş meydanlarında misilsiz şücaət göstərirdilər. Cəbhənin elə bir istiqaməti yox idi ki, həmvətənlərimiz orada döyüşməmiş olsun. Azərbaycanlılardan ibarət 414-cü, 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və başqa milli diviziyaların əsgərləri və zabit heyəti Simferopolda, Odessada və digər şəhərlərdə vuruşdular. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində xüsusi igidlik göstərdi. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçdi. Bəşəriyyətin yaddaşına ən dağıdıcı savaş kimi yazılmış bu amansız müharibə dünyanın faşizmdən qurtulması uğrunda aparılırdı.

Azərbaycanı təmsil edən döyüşçülərdən 170 min nəfəri keçmiş SSRİ-nin orden və medalları ilə təltif olundu. 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Hər orden və medalın arxasında isə hünər və rəşadət dayanırdı, yüzlərin, minlərin arasında seçilənlərin qəhrəmanlığı əks olunurdu. Odlu müharibə yollarında, qanlı döyüş meydanlarında dəfələrlə yaralananlar da az olmadı. Hospitallara düşdülər, cəbhəyə dönmək əzmi ilə sağalıb yenidən döyüşə qatıldılar. Növbəti yaraları almaqdan heç də qorxmadılar, qələbə əzmi ilə döyüşdülər. 


"Qırmızı Bayraq"lı və II dərəcəli "Suvorov" ordenli 416-cı diviziya


Bu diviziya 1942-ci ilin mart-sentyabr aylarında yaradılmışdır. Müxtəlif vaxtlarda komandanları S.Starojilov, V.Maslov, T.Əliyarbəyov, D.Sızqanov, qərargah rəisi və siyasi rəhbərləri H.Zeynalov, P.Ryabov, R.Məcidov və başqaları olmuşlar. Onun tərkibində 2 atıcı polk, topçu polku, minamyot və tank vuran qırıcı diviziyonu, topçu və qərargah batareyası, tibb-sanitar batalyonu vardı. 

416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qənimət ələ keçirmişdi.

Diviziyanın 1368-ci atıcı alayı "Qırmızı Bayraq", 1054-cü topçu alayı "Suvorov", 444-cü əlahiddə topçu divizionu "Boqdan Xmelnitski", 348-ci əlahiddə sanitar batalyonu "Qırmızı Bayraq" ordenləri ilə təltif edilmişlər. Diviziyanın 14396 əsgər və komandiri də keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuşlar. 1943-cü il avqustun 30-da Taqanroq şəhərinin azad edilməsində həmyerlilərimiz xüsusilə fərqlənmişdilər. Taqanroq ətrafında vuruşmalar zamanı düşmənin 10000 nəfərədək əsgər və zabiti məhv edilmiş, ərzaqla dolu 150 maşın ələ keçirilmişdi. 416-cı diviziyanın döyüşçülərindən Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, İslam Səfərli üçüncü dərəcəli "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdu. 416-cı diviziyanın döyüşçülərindən 8 nəfər 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə göstərdiyi igidliyə görə noyabr ayının 1-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bütün bunlara görə diviziyaya "Taqanroq" adı verilmişdir.


Odlu yollardan keçən ömürlər


Onların hər birinin taleyi ayrıca bir qəhrəmanlıq dastanıdır. Kimisi 18 yaşında partizan dəstələrinə qoşulub, kimisi Berlinə qədər piyada yol gedib, kimisi isə arxa cəbhədə gecə-gündüz çalışaraq qələbəni yaxınlaşdırıb. Onlar aclığa, soyuğa və ölümün gözünə dik baxaraq, gələcək nəsillərin firavan yaşamaları üçün canlarından keçib,  gəncliklərini qurban veriblər.

Bu diviziyanın qəhrəman döyüşçülərindən Bəhyəddin Mirzəyev 1936-cı ildə ordu sıralarına çağırılmışdı. 1938-ci ilədək Bakı zenit topçu alay məktəbində oxumuş, 1939-cu ildə Tbilisidə hərbi məktəbi bitirmiş, 416-cı diviziyanın tərkibində Mozdokdan Berlinədək döyüş yolu keçmiş, taqım, batareya, divizion komandiri kimi Şimali Qafqaz, Ukrayna və Moldovanın azad edilməsində iştirak etmiş, Visla-Oder əməliyyatında rəşadət göstərmişdir. B.Mirzəyev 1943-cü ildə Melitopol ətrafında vuruşan diviziyanın 4-cü batareyasına komandir təyin edilmiş, Melitopol əməliyyatında göstərdiyi igidliyə görə I dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunmuş, baş leytenant rütbəsi almışdır. Dnepr çayı sahilində Bolşaya Belozorka rayonu ətrafındakı vuruşmalarda göstərdiyi şücaətə görə isə "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur.

1943-cü ilin iyun ayında B.Mirzəyev Moskvaya 3 aylıq zabitlər kursuna göndərilir. Kursu bitirdikdən sonra 7-ci batalyona komandir təyin olunur. Döyüşlərdə təcrübə toplayan igid azərbaycanlı kapitan rütbəsinədək yüksəlir. Dnestr çayının qərb sahillərində almanlarla döyüşdəki igidliyinə görə "Qırmızı Ulduz" və I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunur. 

B.Mirzəyev Oder çayı sahilində şiddətli döyüşlərdə iştirak edir. Almanlar 30-a qədər təyyarə və 20-yə yaxın tankla əks-hücuma keçirlər. Onun batareyası - topçu komandirlər Qasım Qasımov, Mövsüm Qasımov, Rasim İbrahimov düşmənin bir alay qüvvəsini məhv edir, 4 tankı yandırır. 1945-ci il martın 24-də B.Mirzəyevə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

416-cı diviziyanın komandanı olmuş Tərlan Əliyarbəyov həm Birinci, həm də İkinci Dünya müharibələrində iştirak etmiş görkəmli Azərbaycan hərb xadimi idi. O, 1932-ci ildə Azərbaycan Neft İnstitutunda hərbi-pedaqoji fəaliyyət göstərmişdir. O, M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirəndə müharibə başlamışdı. Cəbhəyə səfərbər olunan polkovnik Tərlan bəy Əliyarbəyov 1942-ci il oktyabrın 15-də azərbaycanlılardan ibarət 416-cı, sonra 402-ci diviziyalarının komandiri, 79, 88-ci alayın komandiri və 58-ci diviziya komandirinin müavini təyin edilmişdir. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüş xidmətləri yüksək qiymətləndirilərək 1944-cü il fevralın 9-da ona general-mayor rütbəsi verilmişdir. O, Lenin, "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri, müxtəlif medallar, "Müqəddəs Stanislav", "Müqəddəs Anna", "Müqəddəs Georgi" ordenləri ilə təltif edilmişdir. 

Polkovnik Rəşid Əsəd oğlu Məcidov da bu müharibədə şücaətlər göstərərək hərb salnaməsində xüsusi yeri olan Azərbaycan övladlarından biridir. 1945-ci il mayın 2-də Berlinin alınması zamanı Brandenburq qapısı üzərində sovet bayrağının qaldırılması məhz bu igid zabitin başçılığı ilə həyata keçirilib. Onun göstərdiyi igidlik nəsillərə hünər və mərdlik məktəbidir.

R.Məcidov 1908-ci ildə Bakıda hərbçi ailəsində anadan olmuş, 1927-ci ildə Bakı Sənaye və İqtisadiyyat Texnikimunu bitirmişdir. 1933-cü ildə Azərbaycan komsomolu Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirən R.Məcidov sonradan Qaradağ Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri olmuşdur. 

1945-ci ilin mayında Berlinin alınması zamanı 416-cı diviziya yenə də öndə idi. Almanlar Berlini asanlıqla təhvil vermək istəmirdilər. Əsas maneə Brandernburq qapılarının arxasındakı döyüşən artilleriya idi. Bir neçə zərbədən sonra qapıların yanında yerləşən üçmərtəbəli məktəb çökür. Rəşid Məcidov bu an əsgərlərinə Azərbaycan dilində "irəli" əmrini verir. O, qarşıda SSRİ-nin Berlindəki səfirliyinin də yerləşdiyi Reyxstaqın binasını tanıyır. Polkovnikin tapşırığı və düzgün planı ilə bina zərər görmədən ələ keçirilir. Bunun sayəsində səfirlikdə yerləşən minlərlə məxfi sənəd qorunub saxlanılır. Diviziya bir neçə gün ərzində Berlin Universitetini, Daxili İşlər, Maliyyə nazirliklərini və bir neçə strateji yeri tutur. Mayın 2-də Berlinin alınması zamanı polkovnik Rəşid Məcidovun rəhbərliyi altında 416-cı diviziyanın əsgərləri Brandenburq qapısı üzərində sovet bayrağını dalğalandırırlar. Bayrağı sancan  azərbaycanlı Ələkbər Məcidov olur. Həmin günlər Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxış edərək deyir: "Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı".

İkinci Dünya müharibəsində əsgərləri ilə ən təhlükəli əməliyyatlara qatılan Rəşid Məcidov bütün döyüşlərdən uğurla çıxmışdır. Polkovnik haqqında olan yazılarda bir məqam da diqqətimizi cəlb etdi. İllər sonra Rusiyada ermənilər onunla bağlı faktları saxtalaşdırmağa çalışırlar. Onlar iddia edirlər ki, guya Berlinin azad olunmasında yalnız erməni atıcı diviziyası iştirak edib. Lakin arxiv materialları, sənədlər, generalların, böyük sərkərdələrin çıxışları, xatirələri bu iddiaların yalan olduğunu üzə çıxarmışdır. Polkovnik Rəşid Məcidov "Qırmızı Ulduz", iki dəfə "Qırmızı Bayraq", I və II dərəcəli Vətən Müharibəsi ordenləri ilə təltif olunmuşdur.

Vətən savaşından sonra azərbaycanlı zabit Bakıda Milli Diviziyanın siyasi şöbəsinin rəhbəri oldu. Bakı şəhəri Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işlədi, bir neçə ildən sonra isə Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri təyin edildi və ömrünün sonuna qədər bu vəzifədə çalışdı. O, rəhbər işlərdə çalışdığı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və müxtəlif ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. 1967-ci ildə Xankəndidə ermənilər azərbaycanlılara qarşı təxribat törətmək istəyəndə Rəşid Məcidov həmin təxribatın qarşısının alınmasında iştirak etmişdir. 1970-ci il iyulun 2-də vəfat edən R.Məcidov I Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan dövləti İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsini hər zaman uca tutur.  Prezident İlham Əliyevin sərəncamı ilə hər il müharibə iştirakçılarına, həlak olmuş döyüşçülərin dul arvadlarına və arxa cəbhə fədailərinə birdəfəlik maddi yardımlar təyin olunur. Bu, veteranlarımıza göstərilən dövlət qayğısının və xalqın minnətdarlıq hissinin nümunəsidir.

Vaxt amansızdır, veteranlarımızın sırası ildən-ilə seyrəlir. Bu gün bizim üzərimizə düşən ən böyük vəzifə sağ olan qəhrəmanlarımızı sevgi ilə əhatə etmək, dünyasını dəyişənlərin xatirəsini əbədi yaşatmaqdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib  

09:24
09 May

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib  

09:23
09 May

Bilmək istəyirəm

09:15
09 May

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

Tarixin silinməz yaddaşı

08:50
09 May

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

08:47
09 May

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

08:45
09 May

Azərbaycanla əməkdaşlıq Avropanın gələcək enerji hədəflərinə uyğundur

08:40
09 May

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

08:35
09 May

BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı

08:30
09 May

Tarix yazan Lider

08:27
09 May

Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət

08:25
09 May

Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur

08:20
09 May

Xilaskarlığın Naxçıvandan başlanan missiyası 

08:15
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!