Avropa liderlərinin Azərbaycana intensivləşən səfərləri və artan marağı təsadüfi deyil. Təbii ki, bu dinamika Azərbaycanın həm regional, həm də qlobal miqyasda yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Milli Məclisin deputatı Vüqar İskəndərov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanla əlaqələrdə enerji təhlükəsizliyi və bu sahədə etibarlı əməkdaşlıq əsas yer tutur, ölkəmiz artıq Avropa üçün alternativ deyil, strateji və etibarlı enerji təminatçısı rolundadır: "Azərbaycanın Avropaya təbii qaz ixracının həcmi artmaqdadır. Bu sahədə ölkəmizin potensialı böyükdür. Burada "yaşıl enerji"dən də danışmaq mümkündür".
Azərbaycanla əməkdaşlığın Avropanın gələcək enerji hədəfləri ilə üst-üstə düşdüyünü deyən V.İskəndərov qeyd edib ki, ölkəmizin Avropa İttifaqı ilə bu sahədə müqaviləsi də mövcuddur. Digər mühüm məqam hazırki vəziyyətdə Orta dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) olan marağın artmasıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın ənənəvi şimal yollarının riskli olması Azərbaycan üzərindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini artırıb. "Azərbaycan Orta dəhliz vasitəsilə Çin və Mərkəzi Asiyadan gələn yüklərin təhlükəsiz və sürətli daşınması üçün vacib ünvana çevrilib. Bu da ölkəmizin daha da cəlbedici olmasına gətirib çıxarıb. Bundan başqa, digər sahələrdə də əməkdaşlıq mümkündür", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Avropa rəsmilərinin son səfərləri zamanı, xüsusən İtaliya və Çexiya rəsmiləri ilə görüşlərdə diqqətçəkən məqamlardan biri də müdafiə sənayesi sahəsində aparılan müzakirələrdir ki, bu da perspektiv planlarda vacib faktor kimi qeyd edilməlidir.
V.İskəndərov vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaratdığı yeni reallıq müəyyən Qərb dairələrini hələ də narahat etsə də, ümumilikdə ölkəmizin gücü, artan nüfuzu artıq Avropa qitəsi tərəfindən qəbul edilir: "Rəsmi Bakı Cənubi Qafqazda sabitliyin əsas təminatçısıdır. Azərbaycan dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınır. Əsasən də Avropa rəhbərləri bu regionun lider ölkəsi olan Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir, onunla qarşılıqlı faydalı əməkdaşlıq etməkdə maraqlı olduqlarını açıq bəyan edirlər. Bunu Avropa liderlərinin intensivləşən səfərlərindən də aydın görmək mümkündür. Zamanla bu münasibətlər ən yüksək səviyyəyə çatacaq".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"