07 May 2026 09:25
88
CƏMİYYƏT
A- A+
Zəmanə uşaqları

Zəmanə uşaqları


Müdriklərdən birinin kəlamıdır: uşaqlar valideynlərindən çox öz zəmanələrinə bənzəyirlər. Bu fikir, əslində, müasir cəmiyyətimizin əhəmiyyətli hissəsini təşkil edən azyaşlıların davranışlarında müşahidə etdiyimiz bir çox dəyişikliklərin aydın izahını verir. 

Hər nəslin yaşadığı dövrün həyat ritmi, texnologiyaları, informasiya yükü və sosial münasibətlər sistemi əvvəlkindən xeyli fərqlənir. Uşaqların da bu fərqliliklər mühitində yetişərək formalaşması həyatın dəyişməz qanunauyğunluğudur. Bu baxımdan, yeni nəslin fərqli davranışları, orijinal düşüncə tərzi, həyat üslubu tamamilə təbii qarşılanmalıdır. Əks halda, dialektikanın əsas qanunlarından olan inkarı-inkar qanunu işləməz və ictimai təkamül, cəmiyyətin tərəqqisi prosesi zəifləyər. Keçmişləri yada salmağa başlasaq, yaxşı xatırlayacağıq ki, biz özümüz də indiki uşaqların yaşında olanda hansısa davranışlarımızla özümüzdən əvvəlki nəslin təəccübünə, müəyyən mənada narahatlıq və iradlarına əsas yaratmışıq. 

Amma burada mütləq vurğulanmalı incə bir məqam var: fərqli və problemli davranışlar eyni olmadığından onlar arasında bərabərlik işarəsi qoyulmamalıdır. Əgər uşaq müasir texnologiyalardan istifadə edir, fərqli öyrənmə üsulları seçir, klassik bilikləri, həqiqətləri, ideyaları sorğulayırsa, bu, inkişafın və dövrün diktə etdiyi dəyişikliyin əlamətidir, onun bu davranışları təqdir olunaraq dəstəklənməlidir. Yox, əgər, uşaqlarda diqqət dağınıqlığı, yuxusuzluq, aqressiya, empatiya (qarşı tərəfin emosional vəziyyətinə özünü oxşatmaq) zəifliyi, asılılıq, dəyərlərə hörmətsizlik və s. bu kimi xoşagəlməz hallar özünü göstərirsə, bu artıq "zamanın övladı olmaq" deyil, mühitin düzgün idarə olunmamasının fəsadlarıdır.  


Diqqət yetirilməli olan üç səbəb


Ekspertlərin rəylərinə görə, əfsuslar olsun ki, bu gün uşaqlarda söylədiyimiz ikinci məqamı xarakterik təzahür kimi tez-tez müşahidə edirik və müasir dövrdə bütün dünyada uşaqların psixoloji sağlamlığı getdikcə daha çox narahatlıq doğuran məsələyə çevrilir. Texnologiyanın sürətli inkişafı, sosial mühitin dəyişməsi və ailə institutunda müşahidə olunan zəifləmələr azyaşlıların və yeniyetmələrin davranışında, emosional vəziyyətində ciddi dəyişikliklər yaradır. Bu dəyişikliklər çox vaxt müxtəlif psixoloji pozuntular, diqqət dağınıqlığı, yuxu və qidalanma problemləri kimi özünü göstərir.

Texnologiya, sosial mühit və ailə amilləri bir-birindən ayrı deyil, əksinə, onlar bir-birini tamamlayıb gücləndirən əsaslar kimi çıxış edərək uşağın psixoloji dünyasını yenidən formalaşdırır. Amma müasir texnologiyalar həyatımızı son dərəcə asanlaşdırmaqla yanaşı, uşaqların psixikasına da ciddi şəkildə təsir göstərir. Bu gün uşaq çox erkən yaşlardan rəqəmsal mühitə daxil olur, onun gündəlik həyatının böyük hissəsi ekran qarşısında keçir. İlk baxışdan bu, informasiya bolluğu, sürətli öyrənmə və geniş dünyagörüşü kimi müsbət imkanlar yaradır. Lakin burada ciddi bir ziddiyyət də ortaya çıxır: söhbət uşağın psixoloji inkişaf tempi ilə texnologiyanın təqdim etdiyi informasiya və stimul sürəti arasında uyğunsuzluqdan gedir. Bu halda körpə hələ emosional və idrak baxımından hazır olmadığı məlumatlarla qarşılaşır. Zorakı oyunlar, aqressiv vizual məzmun, sürətli mükafat mexanizmləri onun beynində "tez nəticə - tez həzz" modelini formalaşdırır. Bu isə səbrin, davamlı diqqətin, dərin düşüncənin zəifləməsinə gətirib çıxarır. Real həyatın tədrici və zəhmət tələb edən uğurları uşağa çox mənasız, maraqsız görünməyə başlayır. Ən təhlükəlisi isə virtual dünyada aludə olduğu zorakı məzmun uşaqlar üçün real həyatda da zorakılığı və davranışlarında aqressiyanı artırır.

Bu texnoloji təsirin güclənməsində sosial mühitin dəyişməsi mühüm rol oynayır. Əgər əvvəlki dövrlərdə uşaq daha çox real sosial mühitdə - ailədə, həyətdə, məktəbdə, kitabxanalarda, müxtəlif yaradıcılıq dərnəklərində və s. tərbiyələnirdisə, bu gün sosiallaşmanın böyük hissəsi virtual platformalara adlayıb. Uşaq virtual məkanda ünsiyyət qurur, amma bu ünsiyyət emosional dərinlikdən məhrumdur. Rəqəmsal ünsiyyət vasitələri hisslərin sadələşdirilmiş formalarını təqdim edir və bu, onlarda inkişafa mane olur. Uşaq real insan münasibətlərində lazım olan incə emosional siqnalları oxumaqda çətinlik çəkir, konfliktlərə dözümlüyü azalır, sosial məsuliyyət hissi zəif formalaşır. 


Sosial şəbəkələrdəki həyat


Bütün bunlardan əlavə, sosial şəbəkələrdə nümayiş etdirilən "ideal həyat" modelləri uşağın özünüqavrayışına mənfi təsir göstərir. Daim müqayisə şəraitində yaşayan uşaq çox vaxt özünü yetərsiz hiss edir ki, bu da daxili gərginlik və narazılıq yaradır. İndi psixoloqların əksəriyyəti bu fikrin üzərində dayanır. 

Narahatlıq doğuran bir məqam da budur ki, uşaqlar indi dəyərləri xaotik formalarda əxz edirlər. Əsrlər boyu uşaqlar yaxşını-pisi, doğrunu-yanlışı valideynin davranışından, ailə mühitindən, yaxın sosial çevrədən, ədəbiyyatdan, filmlərdən sistemli şəkildə öyrəniblər. Tarix boyu dəyərlər yeni nəslə məhz ictimai sınaqdan keçmiş hekayələr vasitəsilə ötürülüb. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanları kimi əsərlərdə cəsarət, sədaqət, ədalət, həmrəylik və s. kimi dəyərlər təkcə izah və təbliğ olunmur, eyni zamanda yaşadılır. Yaxud bir çox mənəvi dəyərləri əxz etmək üçün Viktor Hüqonun "Səfillər"indki Jan Valjan obrazından gözəl örnək nə ola bilər?

Bu gün isə dəyərlər uşağa son dərəcə pərakəndə və ziddiyyətli şəkildə təqdim olunur. Uşaq eyni anda həm empatiya çağırışları, həm zorakılıq, həm də uğuru yalnız maddi göstəricilərlə ölçən mesajlarla qarşılaşır. Bu isə onun daxilində sabit dəyər sistemi formalaşdırmağı çətinləşdirir. Uşaqlar üçün ideallar da dəyişib. Son onilliklərə qədər uşaq üçün nümunə valideyn, müəllim, cəmiyyətdə böyük nüfuza malik şəxsiyyətlər, ədəbi qəhrəmanlar idi. Bu gün isə həmin rolu çox vaxt sosial media fenomenləri, bloqçular, virtual qəhrəmanlar, bəzənsə ən təhlükəlisi - kriminal ünsürlər tutur. Onların təqdim etdiyi həyat tərzi isə əksər hallarda səthi uğur, populyarlıq, görünüş, saxta qəhrəmanlıq üzərində qurulur. Nəticədə uşağın dəyər meyarları dəyişib ziyanlı məcraya yönəlir. 

Belə bir mənzərədə ailə institutunun rolu həlledici olmalıdır. Əfsuslar ki, məhz burada müşahidə olunan zəifləmə problemi daha da dərinləşdirir. Müasir həyatın sürəti, iqtisadi və sosial təzyiqlər valideynlərin uşaqlarla keyfiyyətli ünsiyyətinə mane olur. Ailə tədricən yalnız maddi təminat funksiyasını yerinə yetirən bir quruma çevrilir, halbuki onun əsas rolu həm də emosional təhlükəsizlik mühiti formalaşdırmaqdır. Unutmayaq ki, valideynin diqqəti, davranış modeli və qoyduğu sərhədlər uşağın psixoloji inkişafında tənzimləyici mexanizm rolunu oynayır. Bu mexanizm zəiflədikdə uşaq ya həddindən artıq sərbəstlik, ya da laqeydliklə üzləşir. Belə vəziyyətdə texnologiya boşluğu doldurur və bir növ "virtual valideyn"ə çevrilir. Lakin bu "valideyn" azyaşlıya nə emosional dəstək verir, nə də sağlam davranış modelləri təqdim edə bilir. 


Qapalı dövrə


Ən təhlükəli məqam isə bu üç amilin bir-birini gücləndirərək qapalı dövrə yaratmasıdır. Valideynin diqqət çatışmazlığı üzündən uşaq meylini texnologiyalara salır, texnologiya uşağı virtual mühitə çəkir, virtual mühit isə onun real sosial bacarıqlarını zəiflədir. Nəticədə uşaq ailədə və məktəbdə daha çox çətinlik yaşayır, bu da valideyn və müəllimlərin təsir imkanlarını məhdudlaşdırır. Beləliklə, problem tək-tək hadisələr məcrasından çıxaraq sistemli böhrana çevrilir.

Bu gün uşaqlarda müşahidə olunan aqressiya, diqqət dağınıqlığı, motivasiya çatışmazlığı, emosional sabitsizlik, yuxu və qidalanma pozuntuları və s. kimi hallar, əslində, bu böyük mənzərənin ayrı-ayrı simptomlarıdır. 

Uşaqlarda xüsusilə qısamüddətli diqqət problemi bu gün ən geniş yayılmış və böyük narahatlıq doğuran hallardandır. Uşaq uzun müddət bir məsələyə, məzmuna, işə fokuslana bilmir, tez yorulur, tez-tez diqqəti yayınır. Bunun arxasında duran əsas səbəblərdən biri informasiyanın həddindən artıq çoxluğu və sürətidir. smartfonlar, planşetlər və kompüterlər vasitəsilə fasiləsiz olaraq dəyişən görüntülər, məlumat axını uşağın beynini sürətli stimullara öyrəşdirir, nəticədə real həyatdakı daha yavaş proseslər ona maraqsız görünür.

Mütəxəssislərin araşdırmalarına görə, təxminən 15-20 il əvvəl məktəb yaşlı uşaqlarda davamlı diqqət müddəti orta hesabla 15-20 dəqiqə arasında qiymətləndirilirdi. Müasir dövrdə isə bu göstəricinin artıq 7-10 dəqiqəyə, bəzi hallarda isə hətta 5 dəqiqəyə qədər düşdüyü müşahidə olunur. Əlbəttə, bu, uşağın, ümumiyyətlə, diqqətinin azalması demək deyil, burada daha çox diqqətin tipinin dəyişməsindən söhbət gedir. Uşaq uzun müddət kitab oxumağa fokuslana bilmir, amma həmin uşaq saatlarla oyun oynaya və ya qısa videolar izləyə bilir. Bu isə göstərir ki, problem dərin və davamlı diqqətin zəifləməsi, səthi, sürətli diqqətin güclənməsidir. Davamlı diqqətin insanın gündəlik həyat və fəaliyyətindəki rolunu nəzərə alsaq, bunun gələcəkdə onlar üçün hansı sosial-psixoloji problemlərə gətirə biləcəyi adamda təşviş yaradır.  

Yuxusuzluq problemi də bu mənzərənin ayrılmaz hissəsidir. Gec saatlara qədər ekran qarşısında qalmaq, sosial şəbəkələr və oyunlar uşağın bioloji ritmini pozur. Keyfiyyətsiz yuxu balacaların həm psixoloji vəziyyətinə, həm də fiziki inkişafına mənfi təsir göstərir, yuxusuz uşaq daha əsəbi, aqressiv və diqqətsiz olur.


Ailə süfrələri


Son onilliklərdə uşaqların qidalanma vərdişləri də ciddi şəkildə dəyişib. Şəkərli və emal olunmuş qidaların çoxluğu uşaqların azyaşlı və yeniyetmələrin bədəninə də, psixikasına da öz təsirini göstərir. Sağlam olmayan qidalanma enerji səviyyəsinin sabitsizliyinə, əsəbilik və diqqət problemlərinin artmasına gətirib çıxarır. 

Uşaqların qidalanma vərdişlərində baş verən dəyişikliklər də, əslində, çox geniş sosial-psixoloji kontekstin tərkib hissəsidir. Əgər bir vaxtlar qidalanma ailə daxilində formalaşan sabit və nizamlı bir mədəniyyət idisə, bu gün o, sürətlə dəyişən həyat ritminin, bazar mexanizmlərinin və texnoloji təsirlərin formalaşdırdığı dinamik bir davranış modeli kimi görünür. Müasir ailədə valideynlərin iş yükü artıb, vaxt imkanları azalıb, bu da ailələrin gündəlik qida seçimlərinə birbaşa təsir edir. Evdə hazırlanan ənənəvi və balanslı yeməklər tədricən yerini daha tez hazırlanan, yaxud hazır şəkildə əldə edilən qidalara verir. Bu, gözümüzün önündə olan reallıqlardır. 

Uşaqların ekran qarşısında, yaxud smartfonla keçirdiyi vaxt artdıqca qidalanma davranışı da dəyişir. Yemək artıq diqqətin mərkəzində olan şüurlu fəaliyyət deyil, paralel prosesə çevrilir. Uşaq film izləyərkən, oyun oynayarkən və ya sosial şəbəkələrdə vaxt keçirərkən qidalanır. Bu isə həm yemək porsiyalarının nəzarətsiz artmasına və ya azalmasına, həm də doyma hissinin düzgün formalaşmamasına səbəb olur. 

Sosial mühit də uşaqların qidalanma vərdişlərinin yaranmasında mühüm rol oynayır. Məktəb bufetlərində təklif olunan məhsullar, dost çevrəsinin təsiri və ümumi şəhər mədəniyyəti uşağın seçimlərini müəyyənləşdirir. Əgər ətraf mühitdə qeyri-sağlam qidalanma normadırsa, uşaq üçün də bu, adi və qəbul edilən davranış modelinə çevrilir. Sosial uyğunlaşma ehtiyacı onu bu seçimləri təkrarlamağa sövq edir.

Bir vaxtlar bütün ailə üzvlərinin eyni vaxtda süfrə başına keçməsi hər evdə gündəlik ən azı iki-üç dəfə təkrarlanan müqəddəs ritual idi, ailə süfrələri qidalanma qədər həm də ünsiyyət və tərbiyə məkanı rolunu oynayırdı. Bu gün isə ailələrdə birgə yemək ənənəsi tədricən itib-gedir, hər kəs fərqli vaxtda və çox vaxt fərqli mühitdə qidalanır. Valideynin şəxsi nümunəsi burada həlledici rol oynayır: əgər valideyn özü qeyri-sağlam qidalanırsa, uşaqdan fərqli davranış gözləmək çətindir. Çünki uşaq üçün əsas öyrənmə mexanizmi müşahidədir, nəsihət deyil.


Nə etməli?


Bir çox hallarda təhsil sistemi, məktəb, müəllimlər də bu qlobal proses qarşısında gücsüz görünürlər. Sinifdə diqqəti dağınıq, motivasiyası aşağı olan şagirdlə işləmək çətinləşir. Təhsil sistemi də hər zaman sürətlə dəyişən yeni reallıqlara çevik uyğunlaşa bilmir. Çünki təhsil uzunmüddətli ənənələr formalaşdırıb onun əsasında bərqərar olan sistemdir, uşaqların davranışları isə az qala ildən-ilə dəyişir. Nəticədə tərbiyə problemi daha da dərinləşir - nə ailə, nə məktəb uşağın formalaşmasında əvvəlki qədər effektiv rol oynaya bilir.

Bununla belə, vəziyyətdən çıxış yolları hər zamankı kimi yenə də olmamış deyil. Mütəxəssislər yazırlar ki, ilk növbədə, valideynlər daha aktiv və məsuliyyətli mövqe tutmalı, uşağın gündəlik rejimini (yuxu, qidalanma, ekran vaxtı və s.) nəzarətdə saxlamalıdırlar. Ailə daxilində ünsiyyət artırılmalı, uşağın emosional ehtiyacları nəzərə alınmalıdır.

İkinci mühüm həll yolu təhsil sistemindədir. Məktəblər yalnız bilik verməklə kifayətlənməməli, psixoloji dəstək mexanizmlərini gücləndirməlidir. Müəllimlərə  yeni nəsil uşaqlarla işləmək üçün əlavə metodik və psixoloji hazırlıq verilməlidir.

Eyni zamanda uşaqların texnologiya ilə münasibəti balanslaşdırılmalıdır. Burada tam qadağa deyil, düzgün yönləndirmə əsasdır. Fiziki fəaliyyət, idman, kitab oxuma, rəsm, musiqi və digər yaradıcılıq növləri, sosial ünsiyyət alternativ kimi təşviq olunmalı, uşaqlarda buna müəyyən stimullar yaradılmalıdır. 

Nəhayət, tərbiyə məsələsinə kompleks yanaşma mütləqdir. Bu, yalnız ailənin və ya məktəbin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Sağlam psixologiyaya malik nəsil yetişdirmək üçün həm fərdi, həm də institusional səviyyədə ardıcıl, şüurlu addımlar atılmalıdır.

Uşağın sağlam inkişafı üçün texnologiya idarə olunmalı, sosial mühitdə canlı ünsiyyət bərpa edilməli, ailə institutu yenidən öz əsas funksiyasına - emosional dayaq və dəyər ötürücüsü roluna qayıtmalı, təhsil sistemində müasir dövrün çağırışları nəzərə alınmalıdır. Yalnız bu halda müasir dünyanın yaratdığı risklər minimuma endiriləcək və biz daha sağlam, psixoloji cəhətdən daha dayanıqlı nəsil yetişdirə biləcəyik. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!