Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iki ölkə arasında möhkəm tarixi köklərə və ortaq dəyərlərə əsaslanan münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə səyləri bu əlaqələrin daha da inkişafını şərtləndirən əsas amillərdəndir.
S.Məmmədov iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və həyata keçirilən təcrübə mübadiləsinin münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə verdiyini vurğulayıb.
Görüşdə qonaqlara əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, həmçinin onların müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.
Türkiyənin Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveci rəhbərlik etdiyi qurumun dövlət qulluqçularının əmək hüquqlarının müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Birgə layihələrin həyata keçirilməsinin, beynəlxalq həmkarlar ittifaqları platformalarında koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.