Hazırda müasir aqrar sektorun qarşısındakı əsas vəzifələrdən biri də davamlı əkinçilik sistemini yaratmaqla torpaqlardan rasional istifadə etmək, onun münbitliyini yaxşılaşdırmaq və qorumaqdır. Bu vəzifələr ekosistemin və insan sağlamlığının qorunması məqsədilə yaradılmış "Ekoloji əkinçilik"də öz əksini tapır. Bu gün ekoloji əkinçiliklə bağlı dünyada Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (İFOAM) fəaliyyət göstərir.
Bəs bu gün orqanik kənd təsərrüfatına maraq hansı zərurətdən artıb? Cavab sadədir: orqanik kənd təsərrüfatı torpağın münbitliyinin qorunmasına, biomüxtəlifliyin saxlanmasına, su və torpaq ehtiyatlarının mühafizəsinə, pestisid yüklənməsinin azalmasına və insan sağlamlığına xidmət edir. Ekoloji əkinçilik kimyəvi üsullarla alınmış gübrə, pestisid, herbisid və boya maddələrinin, o cümlədən geni dəyişdirilmiş toxumların istifadəsini ləğv etməklə üstünlüyü paxlalı bitkilərə, peyinə, sideratlara, bitki qalıqlarına, üzvi tullantılara, torpağın rasional mexaniki becərilməsinə, xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı bioloji və aqrotexniki üsullardan istifadəyə verir. Bu kimi prinsiplər orqanik heyvandarlıqda da qorunur. Belə ki, orqanik heyvandarlıq sintetik əlavələrdən, antibiotik və hormonlardan imtina etməklə, insan sağlamlığının və ekoloji balansın qorunmasına yönəlmiş təbii yemləməyə əsaslanır.
Azərbaycanda da orqanik məhsullara maraq artmaqdadır. Lakin mövcud potensiala baxmayaraq, sahənin inkişafı hələ istənilən səviyyədə deyil. Xatırladaq ki, hələ 2008-ci ildə ölkəmizdə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qəbul edilmişdir. Azərbaycanda orqanik kənd təsərrüfatının elmi əsaslarla inkişafında əhəmiyyətli rolu olan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) isə bu sahənin institusional fəaliyyətinə 25 il öncə başlanılmışdır. Uzun illər ADAU-da çalışmış professor Amin Babayev Azərbaycanda ekoloji təmiz (orqanik) kənd təsərrüfatının təşviqi və tətbiqinin elmi əsaslarının işlənməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin ali kadr hazırlığı işinə böyük töhfələr vermişdir. O, bu sahədəki fəaliyyətinə, o cümlədən elmi tədqiqatların aparılması və praktiki sahədə əldə olunan nəticələrə görə 2017-ci ildə Vahid Dünya Mükafatına (Almaniya) layiq görülmüşdür.
Orqanik kənd təsərrüfatının inkişafında ölkəmizin əlverişli torpaq-iqlim şəraitini və orqanik məhsulların ixrac potensialını nəzərə alaraq, ADAU-da kadr hazırlığı istiqamətində fundamental işlər aparılır. Universitetdə ekoloji əkinçilik sistemləri, natural əkinçilik, permakultura, bioloji, orqanik (üzvi), biodinamik əkinçilik sistemləri və onların əsas prinsipləri, ekoloji əkinçilikdə torpaq münbitliyinin dayanıqlı idarəetmə strategiyaları və digər bu kimi məsələlər haqqında tələbələrə bilik və bacarıqlar aşılanır.
Ölkənin yeganə ali aqrar təhsil müəssisəsində Aqronomluq fakültəsinin mütəxəssisləri tərəfindən "Ekoloji kənd təsərrüfatının əsasları", "Ekoloji əkinçiliyin əsasları", ""Ekoloji əkinçilik sistemləri" və "Ekoloji məhsul istehsalı texnologiyası" adlı dərsliklər və dərs vəsaitləri hazırlanmışdır. Bundan başqa, 2023-cü ildən etibarən ADAU-nun Tədris-Təcrübə Təsərrüfatında Aqronomluq fakültəsinin Ümumi əkinçilik, genetika və seleksiya kafedrası "Orqanik əkinçilikdə vermikultura və effektiv mikroorqanizmlərin torpağın münbitliyinə və becərilən bitkilərin məhsuldarlığına təsirinin öyrənilməsi" mövzusunda fundamental elmi-tədqiqat işləri aparır.
Qeyd edək ki, Azərbaycanın müxtəlif torpaq-iqlim zonaları - Aran, Gəncə-Qazax, Lənkəran-Astara, Şəki-Zaqatala və Qarabağ iqtisadi rayonlarında orqanik məhsul istehsalı üçün əlverişli şərait var. Bu bölgələrdə orqanik meyvəçilik, tərəvəzçilik, üzümçülük, çayçılıq və arıçılıq üçün potensial imkanlar mövcuddur. Araşdırmalarımızın nəticələri göstərir ki, son illər bəzi iri və orta fermer təsərrüfatları orqanik istehsala keçid etmiş, təsərrüfatlarda ixracyönümlü orqanik məhsul istehsalı təşəbbüsləri artmışdır. Dövlət tərəfindən də bu sahəyə dəstək mexanizmləri gücləndirilmişdir. Bununla belə, ölkədə orqanik kənd təsərrüfatı məhsulları istehsalının payı ümumi istehsalda hələ də istənilən səviyyədə deyil. Orqanik torpaqların ümumi kənd təsərrüfatı torpaqlarına nisbəti də aşağıdır. Ölkəmizdə təxminən 37 min hektar orqanik torpaq sahəsi var və 300-ə yaxın fermer bu sahədə çalışır. Bu onu göstərir ki, ölkəmizdə orqanik sektorun potensialı olsa da, hələ əsas kənd təsərrüfatı sisteminin çox kiçik hissəsidir.
Sağlam qidalanma mədəniyyətinin artması, xüsusən iri şəhərlərdə orqanik məhsullara tələbatın yüksəlməsi bazarın genişlənməsi üçün imkan yaradır. Bu istiqamətdə Azərbaycan coğrafi mövqe və logistika imkanları baxımından rəqabət üstünlüyünə malikdir. Azad edilmiş ərazilərdə torpaq və ekosistemlərin bərpası prosesində orqanik və ekoloji təmiz istehsal modelinin tətbiqi gələcəkdə dayanıqlı kənd təsərrüfatı üçün strateji imkan verir. Bu, regionun "yaşıl aqrar zona" kimi formalaşmasına şərait yarada bilər.
Məlumdur ki, hazırda Azərbaycandan ixrac olunan orqanik məhsullar əsasən nar və nar məhsulları, fındıq, meyvə şirələri, dərman və aromatik bitkilərdir. Əsas ixrac bazarlarımız isə Rusiya, Gürcüstan, digər MDB ölkələri, son illər Yaxın Şərq, Avropa, Çin və Şimali Afrika bazarlarıdır. Azərbaycan bu gün hətta orqanik gübrə istehsal edir və onu qonşu Gürcüstana ixrac edir.
Orqanik məhsul istehsalına dair dəyər zəncirinin həlqələri arasında aparılan araşdırmalar, o cümlədən fermerlərlə keçirilən görüşlər onu deməyə əsas verir ki, ölkəmizdə orqanik məhsulların ayrıca satış şəbəkəsi, logistika və brendinq mexanizmləri hələ tam formalaşmamışdır. Bu istiqamətdə elmi araşdırmaların məhdudluğu, ixtisaslı kadrların azlığı və məsləhət xidmətlərinin çatışmazlığı, fermerlərin maarifləndirilməsinin yetərli olmaması orqanik kənd təsərrüfatında inkişafı ləngidir. Bundan başqa, orqanik məhsulların beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması fermerlər üçün həm maliyyə, həm də sənədləşdirmə proseduru baxımdan çətinlik yaradır. Çünki ənənəvi (konvensional) təsərrüfatdan orqanik sistemə keçid 2-3 il zaman tələb edir. Amma bütün bunlara baxmayaraq, ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. 11 iqlim zonasından 9-u, kifayətedici aqroiqlim ehtiyatı, ildə 2-3 dəfə məhsul götürmək imkanı onu deməyə əsas verir ki, bu sahədə ölkəmizdə böyük potensial mövcuddur. Qalır onlardan istifadə etmək. Sonda onu da qeyd edək ki, orqanik kənd təsərrüfatı yalnız alternativ istehsal modeli deyil, həm də ölkənin ekoloji təhlükəsizliyi, torpaq resurslarının qorunması və uzunmüddətli aqrar strategiyasının mühüm tərkib hissəsidir. Düzgün planlaşdırılmış strategiya və elmi əsaslı yanaşma ilə Azərbaycan bu sahədə regional liderə çevrilə bilər.
Fariz ƏLƏKBƏROV,
ADAU-nun dosenti