20 Yanvar 2026 08:25
152
CƏMİYYƏT
A- A+
Yarımçıq qalan arzular...

Yarımçıq qalan arzular...


Oğul, aralı ollam,

Başı qaralı ollam,

Yanında yer qalmayıb, -

Bə mən haralı ollam?!


Bu misralar kağız üzərində yazılmış adi sözlər deyil, 20 Yanvar gecəsi şəhid olan 23 yaşlı Azərin vaxtsız ölümünə atası Nəsib Ələkbərovun qəlbindən qopan fəryadıdır. O fəryad ki, 20 Yanvar gecəsi başladı, illər keçsə də, sönmədi, zaman ötsə də, səngimədi. Ta ki 2008-ci ildə şəhid oğlunun doğum günündə gözlərini əbədiyyətə yumana qədər...

1990-cı ilin 20 Yanvarı bir tarix deyil, bir yaradır. Hər il qanayan, hər il yenidən sızlayan... Həmin gecə yüzlərlə evə qara xəbər gəldi, minlərlə ürəyə sağalmaz yara vuruldu.

O məşum gecə Bakının üzərinə çökən zülmət yalnız gecənin qaranlığı deyildi. Tank və güllələrin səsi, insanların çarəsiz harayı şəhəri bürüyərkən sovet imperiyası öz son nəfəsində bir xalqın azadlıq istəyinə qanla cavab verdi. Həmin gecə atılan güllələr təkcə insan bədənlərini deyil, evlərin işığını, anaların ümidini, ataların dayaq bildiyi övladlarını da hədəf aldı.

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış səhifədir. Şəhid olan hər bir insanın arxasında yarımçıq bir həyat hekayəsi qaldı. Onlardan biri də 23 yaşlı Azər Ələkbərov idi. 

Azər 1967-ci il avqustun 9-da Gəncədə tanınmış jurnalist Nəsib Ələkbərovun ailəsində dünyaya göz açıb. 1985-ci ildə məktəbi bitirən istedadlı yeniyetmə 1987-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-maarif fakültəsinin kütləvi bayramlar və tamaşalar rejissoru ixtisasına daxil olub. 1987-ci ilin yanvar ayından Rusiyanın Moskva şəhərinin Volodnı vilayətinə hərbi xidmətə yollanan Azər 1989-cu ilin payızında geri dönərək təhsilini davam etdirir.

Əbədiyyətə qovuşanda Azər üçüncü kurs tələbəsi idi. Arzuları, xəyalları vardı. Sənətə, yaradıcılığa bağlı idi. Bir neçə gün sonra Dövlət Televiziyasında işə başlayacaqdı. Amma həmin gecə...

Şəhidin bacısı Gülsəda Ələkbərzadə qardaşından bəhs edərkən sanki həmin günü yenidən yaşayır: "Yanvarın 19-u adi gün kimi başlamışdı. Xalamgil Gəncədən bizə qonaq gəlmişdilər. Azər imtahandan gəldi, hamımız birlikdə söhbət etdik, dedik-güldük. Axşam 20:00 idi, qonaqlar artıq getmişdi. Birdən televiziyada yayım kəsildi. Nə baş verdiyini öyrənmək üçün atam yoldaşlarıyla, akademiyanın əməkdaşlarıyla görüşməyə getdi. Artıq gecə düşürdü, mən yerləri açırdım. Bir də gördük küçədə dəhşətli səs-küy qopdu. Eyvanın qapısı açıq idi. Güllə, qışqırıq səsləri gəlirdi. Mən də qışqırdım ki, müharibə başladı..."

Bunları görən Azər atasını tapmaq üçün tələsik evdən çıxır. Evdəkilər nə qədər mane olmağa çalışsalar da, onu saxlaya bilmirlər. O, gedəndən 15-20 dəqiqə sonra atası evə qayıdır. Səhərə kimi gözləsələr də, övladlarının geri qayıtmadığını görən valideynləri onu axtarmağa başlayırlar.

"Anam küçədəki meyitləri görəndə dedi ki, inanmıram Azər sağ ola. Ümidimizi hər yerdən üzmüşdük. Atam Mərkəzi Komitəyə zəng elədi və dedi ki, oğlumun öldüyündən, qaldığından bir xəbər verin. Evə zəng gəldi ki, bəs "Semaşko"ya (indiki Kliniki Tibbi Mərkəz) meyitlər aparıblar, bəlkə ordadır. Xalam oğlu Rişad xəstəxanada həkim işləyirdi. Elə Azərin cansız bədənini də ilk o görür. Atam Rişadı görəndə qardaşımın orada olduğunu anlayıb. Azəri Gəncədə dəfn etmək istəyirdik. Hətta xəbər də göndərmişdik ki, hazırlıq görün, gətiririk. Amma qoymadılar, dedilər ki, Şəhidlər xiyabanında dəfn olunacaq".

Azərin şəhidliyi ailənin həyatını kökündən dəyişdi. Bacısı deyir ki, o gecədən sonra heç nə əvvəlki kimi olmadı. Evdə gülüş kəsildi, sevinc olmadı. Ananın saçları bir gecədə ağardı, atanın beli büküldü. Nəsib Ələkbərov illərlə oğul dərdi ilə yaşadı. O, oğluna həsr etdiyi yazılarda bu dərdi böyük ürək ağrısı ilə qələmə aldı. "Aman allah, oğul dərdi nə yaman olurmuş. O, bizi od-alova salıb getdi. Onun yeri soyuq məzar, odlu-alovlu bu gen dünya bizim qəbrimiz!" deyə yaralı ata bir yazısını belə bitirmişdi. Bu sözlər təkcə bir atanın yox, bütün şəhid ailələrinin içində yanan odu təsvir edirdi.

Azərin bacısı deyir ki, illər keçsə də, hər sevinc anı içində bir nisgil daşıyır: "Bu illər ərzində hər xoş günümdə - ailə quranda da, övladlarım dünyaya göz açanda da gələnlərin, xeyir-dua verənlərin arasında gözüm qardaşımı axtarır. Ona görə də yanvar ayını heç sevmirəm. Bu ay mənə kədər gətirib, həmin gün bütün həyatımız  alt-üst oldu. Toylarda, şənliklərdə, ailə yığıncaqlarında gözüm həmişə qardaşımı axtarır. Elə hey öz-özümə "görəsən nə deyərdi, necə hərəkət edərdi" deyə düşünürəm. Kaş yadigarı qalmış olaydı. Kimsə yanımda qardaşının nişanından, toyundan danışanda boğazım düyünlənir, qəhər məni boğur".

Bu gün Şəhidlər xiyabanında dalğalanan üçrəngli bayrağımız, sükut içində oxunan dualar, qırmızı qərənfillər Azər kimi gənclərin yarımçıq qalan arzularının davamıdır. Onlar yaşaya bilmədikləri sabahları bizə əmanət etdilər. Elə buna görə də 20 Yanvar  təkcə matəm günü deyil, həm də qürur günüdür. O gecə xalqımız qorxmadı, geri çəkilmədi. Tankların qarşısına sinə gərən insanlar azadlığın bünövrəsini qoydular. Şəhidlərin qanı azadlıq yolunu işıqlandırdı. Bu gün müstəqil Azərbaycanda yaşayırıqsa, bu, Azər kimi gənclərin sayəsindədir. Onlar arzularını yarımçıq qoyub, gələcək nəsillərin azad yaşaması üçün can verdilər. Şəhidlərimizin xatirəsi yaşadıqca, bu tarix unudulmayacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!