Azərbaycan xalqı əsrlər boyu çox keşməkeşli tale yaşamışdır. Əlverişli coğrafi mövqe, yeraltı və yerüstü sərvətlər, xalqımızın qonaqpərvər xisləti, dostluğa sadiq olması, qonşularla münasibətlərini müsbət istiqamətdə inkişaf etdirməsi hər zaman bəzi qüvvələr tərəfindən narahatlıqla qarşılanmışdır. Bu baxımdan Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq böyük planın tərkib hissəsi, türk coğrafiyasının parçalanması demək idi.
Bu, imperialist qüvvələrin, böyük dövlətlərin maraqlarına xidmət edirdi. Lakin tarix hər zaman elə bir sərkərdə, elə bir siyasətçi yetişdirir ki, bu böyük oyunların öhdəsindən gəlir. Bu məsələyə toxunmadan öncə qeyd etməliyik ki, müstəqillik uğrunda canından keçən Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malikdir. Bu ənənələr əsrlərin yaddaşından süzülərək gəlib. Azərbaycan xalqının bugünkü dövlət institutlarının təməlində dayanan məhz bu amil və prinsipdir. Müstəqillik əzmimizi, müstəqil yaşamaq istəyimizi qırmaq istiqamətində imperialist qüvvələrin tarixboyu bir neçə məkrli planları, çirkin həmlələri olmuşdur. Buna baxmayaraq, Azərbaycanın igid, mərd oğul və qızları bu planların qarşısında sinələrini sipər etmişdilər.
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqil yaşamaq arzusunun təcəssümü idi. Bu əzmi, ruhu sındırmağa çalışan qüvvələrin qarşısında Azərbaycan xalqı dik dayandı. Digər yandan sovet imperiyasının çökməsi, onun süquta uğraması da qaçılmaz idi. Bunu aydın görən Moskva imperiyanın müxtəlif istiqamətlərinə ordusunu göndərir, beləliklə, xalqları bir daha özündən asılı vəziyyətə salaraq, gözünü qorxudur, müstəqilliyə gedən yolun qarşısını almaq niyyəti və məqsədi güdürdü. 20 Yanvar hadisələri sovet imperiyasının bünövrədən laxlaması, çökməsi demək idi. Çünki məhz bundan sonra xalqımız ayağa qalxdı və nəinki postsovet məkanına, bütün dünyaya bəyan oldu ki, artıq xalqları əzmək, onların sərvətlərini sümürmək mümkün deyil. Hər bir dövlət və xalq öz müstəqilliyi, milli kimliyi, sərvəti uğrunda mübarizə aparır, bütün ülvi istəkləri uğrunda canlarından keçirdilər.
20 Yanvar hadisələri Azərbaycan xalqının qəlbində həm dərin kədərlə, həm də böyük qürurla daim anılacaqdır. Məhz bu hadisələr bir daha sübut etdi ki, heç bir imperialist qüvvə böyük xalqımızın qarşısında dayana bilməz. Böyük sərkərdələri yetişdirən xalqımız məhz həmin çətinliklərə sinə gərib. Məhz bütün dünyaya öz zəkası ilə işıq saçan Ümummilli Lider Heydər Əliyevin atdığı cəsarətli addımlar sayəsində milli kimliyimiz daha da möhkəmləndi. 20 Yanvar hadisələrinə cavab olaraq Kommunist Partiyasının biletini cırıb atmaq o dövr üçün həm cəsarətli, həm də çox təhlükəli addım idi. Buna baxmayaraq, Heydər Əliyev həyatı bahasına bu addımı atdı, bu məkrli planın icraçılarını ifşa etdi. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti nəticəsində 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi.
1990-cı ilin 20 Yanvar faciəsi birdən baş vermədi. Bu uzun müddətdən bəri düşünülmüş böyük planın, ən amansız, canlar almağa hesablanan məkrli ssenarinin tərkib hissəsi idi. Bu qanlı gecəni yetişdirən məqamlar yavaş-yavaş toplanmışdı. 1990-cı ilin Yanvar faciəsinin işartıları azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir dövrdən - 1987-ci ildən başlamışdı. Xalqlar arasında bilərəkdən gərginlik yaradılır, bu gərginlikdən istifadə etmək üçünsə fürsətlər axtarılırdı. Belə bir zamanda artan gərginliyin qarşısını almaq yerinə sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törətdi. Azərbaycan xalqının üzərinə yeridilən erməni zabit və əsgərləri, hərbi məktəblərdə xüsusi təhsil alan, təlim keçən erməni kursantları dəhşətli qətliam törətdilər. Bütövlükdə 66 min nəfərdən çox əsgər və zabit Azərbaycanın müxtəlif istiqamətlərində yerləşdirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxil İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yerləşdirildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirildilər. Bir gün əvvəl tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhaliyə heç bir xəbər verilməmişdi. Qətl zamanı xüsusi qəddarlıq nümayiş etdirilirdi. Hətta fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və növbəti günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Respublika üzrə bütövlükdə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı. 841 nəfər qanunsuz həbs edildi. 200 ev və mənzil, 80 avtomaşın, təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu. Amma yenə də imperiya öz məqsədinə çata bilmədi. Əslində, 20 Yanvar hadisələrini törətməklə sovet imperiyası Azərbaycanda özünün siyasi və hüquqi dayaqlarını itirdi. İnsanlar artıq kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. Bütün məkrli niyyətlər ifşa olunmuşdu.
Xalq Cəhbəsi hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi unuduldu. Yalnız Ümummilli Lider Heydər Əliyev tərəfindən bu faciəyə siyasi hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev dövrün bütün çətinliklərinə baxmayaraq, SSRİ rəhbərliyini kəskin tənqid edirdi və bu cinayətin törədilməsi ilə bağlı onlardan rəsmi açıqlamalar tələb edirdi. Bu, məhz onun siyasi xadim kimi olduqca ötkəm, qətiyyətli xasiyyətə malik olmasında, habelə vətənə, torpağa, xalqına bağlılığında özünü büruzə verirdi. Dövlətin gördüyü işlər bununla kifayətlənmədi. Ümummilli Lider Heydər Əliyev Bakı şəhərindəki Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması ilə xalqının qəlbində ən uca mərtəbədə qərar tutdu. "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi isə xalq tərəfindən olduqca yüksək dəyərləndirildi, təqdir edildi. Bəli, 20 Yanvar tariximizin kədərli və faciəli bir səhifəsidir. Amma eyni zamanda bu tarix həm də qəhrəmanlıq və rəşadət salnaməsidir.
Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Xalqa Zəfər bəxş edən məhz Ümummilli Lider Heydər Əliyev ideallarıdır. 20 Yanvarda Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Xalqın birliyi və milli ləyaqət hissi tanklara, məkrli planlara qalib gəldi. 44 günlük Vətən savaşında, antiterror əməliyyatlarında Zəfər salnaməsi yazan övladlar məhz 20 Yanvarda, o qanlı gecədə sınmayan, əzilməyən, məhv olmayan nəslin davamçılarıdır. 44 gün nəinki Azərbaycan tarixində, dünya tarixində olduqca şərəfli günlərdir. Biz bir daha bütün xalqlara, millətlərə nümunə olduq ki, torpaq hər şeydən - candan da şirindir.
20 Yanvar hadisələri dünya azərbaycanlılarının təşkilatlanmasına da səbəb oldu. İlk dəfə olaraq, milli faciəmizin tanıdılması naminə azərbaycanlılar yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 20 Yanvar hadisələri həm də milli kimliyin formalaşdırılmasında mütləq əhəmiyyətə malikdir. Xalq öz gələcəyini yalnız müstəqil yaşamaqda görürdü.
Bu gün bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Bütün bunların təməlində Azərbaycan xalqının sarsılmaz iradəsi dayanır.
Azər BADAMOV,
Milli Məclisin deputatı