1990-cı ilin Qanlı Yanvarından başlanan azadlıq yolu xalqımızı Bütöv Azərbaycana yetirdi
1990-cı il yanvarın 20-si…
Bu tarix Azərbaycanın müstəqillik yoluna qanla yazılmış imzasıdır.
Bu gün azadlıq və demokratiya uğrunda ayağa qalxan bir xalqın sarsılmaz iradəsinin, sınmayan qürurunun qəhrəmanlıq salnaməsidir.
Bu gün zülmə, istibdada, haqsızlığa qarşı yalın əllə üsyana qalxan oğul və qızlarımızın əbədiyyətə ucaldığı gündür.
Bu gün həm faciədir, həm də milli oyanışın qan yaddaşıdır.
Vətən tarixi
O gecə xalqımızın inamını sındırmaq, milli azadlıq eşqini boğmaq istədilər. Güllə ilə qorxutmaq, tankla iradəsini tapdalamaq istədilər. Amma bilmədilər ki, azadlıq eşqi güllədən də, tankdan da güclüdür. 20 Yanvar gecəsi Azərbaycan xalqı ölümü seçdi, əsarəti yox. Və həmin seçimlə tarix yazdı.
Tarix bəzən susur, bəzən də qanla danışır… 1990-cı ilin Qanlı Yanvarı məhz belə danışan tarixlərdəndir. O gecədən 36 il keçir. Amma o gecənin harayı azadlıq istəyən bir xalqın sarsılmayan iradəsinin, sınmayan ruhunun səsinə çevrildi. O məşum gün bir xalqın azadlığa olan inamını boğa biləcəklərini düşündülər, amma yanıldılar. Çünki həmin gecə Azərbaycan xalqı nəinki qorxuya, ölümün özünə meydan oxudu. Sinələrini zülmün topuna, gülləsinə sipər edən oğul və qızlarımız bilsələr də ki, bu yolun sonu ölümdür, yenə də geri çəkilmədilər, 1990-cı ilin 20 Yanvarını Vətənin qan yaddaşına çevirdilər. Sabir Abbasovların, Musa Adilovların, İlham Allahverdiyevlərin, Telman Bağırovların, İlkin Cavanşirovların, Vəfadar Eminovların, Azad Rzayevlərin... adı bu yaddaşa qızıl hərflərlə həkk olundu.
Müqəddəs andımıza sadiq qaldıq
Düz 36 il əvvəl Vətənin azadlığı naminə şəhadət zirvəsinə ucalan oğul və qızlarımızı haqqın dərgahına yola salarkən Şəhidlər xiyabanında müqəddəs and içmişdik. O Qanlı Yanvar gecəsində sovet imperiyasının dəmir rejiminə qarşı yalın əllə mübarizə aparan, dirənc göstərən, gözünü qırpmadan şəhidliyi seçən qəhrəmanlarımızın ruhu qarşısında söz vermişdik ki, Azərbaycan müstəqil olacaq. Torpaqlarımıza göz dikən düşmənin layiqli cavabını verəcək, ərazi bütövlüyümüzü qoruyacaq, şəhidlərimizin qanını yerdə qoymayacağıq. Demişdik ki, bu Vətən qalib olacaq.
İndi dünyada yaşayan bütün azərbaycanlılar həmin müqəddəs andımızın yerinə yetməsinin qüruru içərisindədirlər.
2020-ci il noyabrın 8-də Şuşada, 2023-cü il sentyabrın 20-də Xankəndidə çalınan zəfər zəngləri 20 Yanvarın yarımçıq qalan harayına cavab oldu, düz bir qərinə idi ki, qanayan yaralarımıza məlhəm çəkdi. İki əsr boyu xalqımıza qarşı qətliamlar, soyqırımları törədən erməni vandalizmi diz çökdürüldü. Qarabağda quldur yuvası dağıdıldı, separatçılar Azərbaycan xalqının iradəsi qarşısında baş əyməyə, yalvarmağa məcbur edildi. Bu, təkcə hərbi qələbə deyildi. Bu, haqqın öz yerini tapması idi. Bu, şəhidlərin ruhuna verilən cavab, onların intiqamının alınması demək idi. 2020-ci ildə Azərbaycan əsgəri yalnız torpaqlarımızı işğaldan azad etmədi, həm də ana torpaq uğrunda şəhid olan oğul və qızlarımızın yarımçıq qalan missiyalarını başa çatdırdı. 2023-cü il 19-20 sentyabr tarixlərində suverenliyimizin tam bərpası, Konstitusiyamızın bütün ərazilərimizdə hüquqi qüvvəyə minməsi ilə tarixi ədalət bərqərar oldu.
2020-ci il noyabrın 8-də Şuşanın azadlıq müjdəsi təsadüfən Şəhidlər xiyabanından verilməmişdi. O gün Qarabağın xilaskarı İlham Əliyev xalqımıza zəfərin xoş xəbərini, torpaqlarımızın işğaldan əbədi qurtulduğunu belə yetirdi: "Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".
Bəli, 2020-ci ildə Şəhidlər xiyabanından ucalan Zəfər səsi bütün dünyaya "Qarabağ Azərbaycandır" həqiqətinin bəyanı idi. Bu, Azərbaycan xalqının məğlubedilməzlik dastanının Zəfər nidası idi. Azadlığı üçün ölümü belə seçməyi bacaran xalqın mütləq qalib gələcəyinin formulu idi.
Qan yerdə qalmadı
Bu tarixi zəfərə yetənə qədər isə xalqımız çox faciələrlə üzləşdi. 1980-ci illərin sonlarından açıq müstəviyə keçən erməni fitnəsinə qarşı alovlanan azadlıq hərəkatımızı, haqq səsimizi boğmaq üçün üstümüzə qoşun yeridən sovet imperiyası ilə yalın əllə çarpışmalı, 20 Yanvar faciəsini yaşamalı olduq.
1987-ci ilin axırlarında yenidən ortaya atılmış qondarma "Dağlıq Qarabağ" problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda, o cümlədən Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz dədə-baba torpağından qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və ovaxtkı SSRİ rəhbərliyinin ermənilərə açıq şəkildə havadarlıq etməsindən hiddətlənən xalqımız azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına axışıb, gecə-gündüz haqlı etirazını bildirirdi. 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq uğrunda mübarizəsini dayandırmaq, haqq səsini boğmaq üçün geniş xalq kütləsinə qarşı hərbi əməliyyatlara başladı. Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
1990-cı il yanvarın 20-də gecə baş verən sovet zülmünə qarşı etiraz edən qəzəbli insan izdihamı Azadlıq meydanına axışaraq şəhidlərin cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını istədilər.
Qərara gəlindi ki, Şəhidlər xiyabanı kimi 1918-ci il şəhidlərinin dəfn olunduğu yer - Dağüstü park seçilsin. Bu həm də tarixi yaddaşın təzələnməsi olsun.
Yanvarın 22-si saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi.
Faciəyə ilk siyasi-hüquqi qiyməti Ulu ÖndərHeydər Əliyev verdi
1990-cı il yanvarın 20-də Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. Təhlükələrə baxmayaraq, Ulu Öndər ölkəmizdə baş verən qanlı hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
"Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır", - deyə SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb edən Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da isə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi.
Vətən azaddır, bütövdür...
1988-ci ilin 20 fevralında ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq qərar qəbul etmişdilər ki, DQMV Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir. Bu bədnam qərarın qəbul edildiyi tarixə görə isə həmin iclasın keçirildiyi binanın qarşısındakı meydana "20 Fevral adına Dirçəliş Meydanı" adı vermişdilər. Bu meydanda hərəkata başlayan erməni şovinistləri xalqımızın başına çox müsibətlər açmışdılar.
Düz 35 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan bayrağını məhz həmin meydanda - Zəfər meydanımızda əbədi ucaltdı.
2023-cü il oktyabrın 15-də Qarabağın xilaskarı İlham Əliyev Xankəndidə Zəfər meydanından bütün dünyaya bəyan etdi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Bəli, Qanlı Yanvar faciə idi... Amma o faciədən doğan sarsılmaz iradə Zəfərə çevrildi. Şəhidlər Xiyabanından azadlığa uzanan yol Qarabağda - Zəfər meydanında zirvəsinə çatdı.
Bu gün Şəhidlər xiyabanına, ölkəmizin dörd bir yanındakı şəhid məzarlıqlarına fərqli hisslərlə üz tuturuq. Bu dəfə göz yaşlarımızla yanaşı, ürəyimizdə qürur da var. Bu dəfə kədərin içində təsvirəgəlməz mənəvi rahatlıq da var. Bilirik ki, Vətən azaddır, bütövdür...
Şəhidlərimizin qanı yerdə qalmayıb...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"