15 Yanvar 2026 08:35
119
SİYASƏT
A- A+
Qayıdışın mənəvi zəfəri

Qayıdışın mənəvi zəfəri


Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərlə səmimi görüşləri tarixi və unudulmaz anlarla yadda qalır


"Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar".

Prezident İlham Əliyevin yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü zamanı dediyi kimi, illər boyu həsrəti ilə yaşadıqları doğma yurdlarına qovuşan keçmiş məcburi köçkünlər üçün bu günlərin hər biri tarixi və unudulmaz anlarla yadda qalır. 

Ötən müddətdə keçmiş məcburi köçkünlər torpaq nisgili ilə yaşamağa məhkum oldular, maddi-mənəvi məhrumiyyətlər çəkdilər, çadırlarda, vaqonlarda, yataqxanalarda acınacaqlı şəraitlərdə yaşadılar, amma heç zaman yurda dönüş ümidlərini itirmədilər. Budur artıq bu insanlarımız bir zamanlar ağlaya-ağlaya tərk etdikləri yurdlarına, evlərinə sevinclə yenidən qədəm qoyurlar. Əziz qonaqlarını öz evlərində gülərüzlə qarşılayırlar. 


Həyat yenidən canlanır


2003-cü ildə Azərbaycana rəhbərliyə başladıqdan sonra Prezident İlham Əliyevin siyasətinin başlıca prioriteti torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bərpası və keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı olub. O da təsadüfi deyildi ki, dövlətimizin başçısı işğal illərində diqqəti, qayğısı ilə daim bu insanlarımızın yanında olub. Mütəmadi olaraq həmin vətəndaşlarımızla görüşən ölkə rəhbəri onların problemləri ilə şəxsən maraqlanıb, həlli istiqamətində göstərişlər verib. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərlə olan bütün görüşlərində onlara mütləq öz yurdlarına qayıdacaqlarını qətiyyətlə söyləməsi isə bu insanlara ən böyük mənəvi dəstək olub. 

Qarabağın xilaskarı İlham Əliyevin gerçəkləşdirdiyi hərbi, diplomatik siyasət nəticəsində hazırda qalib Azərbaycan xalqı tarixi günlər yaşayır. 2020-ci il Vətən müharibəsində qazanılan şanlı zəfər sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzur quruculuq ünvanına çevrilib. Demək olar ki, hər ötən gün bu yerlərə qayıdış köçləri həyata keçirilir, doğma sakinləri yurdlarına qovuşdurulur.  

Azadlığından sonra mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edən Prezident İlham Əliyev həm  burada həyata keçirilən quruculuq və bərpa işləri ilə tanış olur, obyektlərin açılışlarını edir, yeni təməllər qoyur, həm də el-obalarına dönən keçmiş məcburi köçkünlərlə doğma evlərində görüşür, onların yurd sevinclərini bölüşür. 

Bu görüşlər zamanı dövlət başçısı sakinlərlə səmimi söhbət edərək onların hazırkı yaşayış şəraiti ilə yaxından maraqlanır, qayıdış sevinclərinə şərik olur. Prezidentin keçmiş məcburi köçkünlərlə sadə, səmimi ünsiyyəti bu vətəndaşlarımızın hər birinin rifahının daim dövlətimizin, şəxsən cənab İlham Əliyevin diqqətində olduğunu göstərir.  Doğma ocaqlarda baş tutan bu görüşləri obrazlı şəkildə həm də qayıdışın mənəvi zəfəri adlandırmaq olar. 


"Qarabağın qəhrəman oğlu"


Yanvarın 13-də Qarabağın xilaskarı İlham Əliyevin Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü də bu qəbildən oldu. 

Görüş zamanı ölkəmizin rəhbəri söylədi ki, bütün bu kəndlərdə olub: "Evlər gözəl təmir olunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişik və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar".

Ölkəmizin rəhbəri onu da əlavə etdi ki, son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir: "Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb - işıq, su, qaz, yollar, iş yerləri".

Ağdərədə səmimi dialoqlarla yaddaşlara yazılan bu görüş zamanı qürur, sevinc və duyğu dolu anlar yaşandı. 

Sakinlərin Prezidentə xitabən səsləndirdikləri, "Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sağ olun, var olun", "...Siz dünyada Azərbaycan xalqının fəxrisiniz...", "...Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam... ...Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə "Qarabağın qəhrəman oğlu" deyirəm".

"Siz də bizim ata yurdumuza, şəhidlərin qanı qədər, haqqı qədər müqəddəs olan Qarabağa, Ağdərəyə xoş gəlmisiniz", - fikirləri bu insanların Müzəffər lider İlham Əliyevə olan böyük etimadının, sevgisinin təzahürüdür. 

Yaxud "Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim cənab Prezidentlə görüşməkdir", "Çox istərdim ki, gələcəkdə bir dəfə də Ağdərədə, Çaparda mənim evimin qonağı olasınız. Allahım Sizi qorusun", - deyə sakinlərin fikirlərini səmimi şəkildə dilə gətirmələri onların dövlətimizin rəhbəri İlham Əliyevi özlərinin ən yaxınları, doğmaları saymalarının, ən böyük arxa-dayaqları hesab etmələrinin göstəricisidir. Bu, həm də keçmiş məcburi köçkünlərin torpaq həsrətlərinə son qoyan xilaskar liderə duyduqları minnətdarlıq hisslərinin ifadəsidir.    

Bəli, dədə-baba yurdlarından zorla qovulmuş, faciələr yaşamış, maddi-mənəvi əzablarla üzləşmiş keçmiş məcburi köçkünlər bu gün illərlə arzuladıqları xoşbəxt həyata qədəm qoyublar. 

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərlə doğma yurdlarında görüşərək onların sevinc hisslərini bölüşməsi, gözaydınlığı verməsi isə təbii ki, bu insanlarımıza əlavə mənəvi güc verir. 

Dövlətimizin başçısı Aşağı Oratağ kəndində keçirilən görüşlə bağlı fikirlərini belə ifadə etdi: "İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın". 

Bütün bunlar Prezident İlham Əliyevin şəxsi diqqəti və rəhbərliyi altında həyata keçirilən qayıdış prosesinin yalnız infrastruktur deyil, mənəvi dirçəliş olduğunu da göstərir. 

Doğma ocaqlarına qayıdan keçmiş məcburi köçkünlərin üzlərindəki sevinc, dillərindəki minnətdarlıqlar bu insanların illər əvvəl yarımçıq qalan arzularının gerçəkləşməsini özündə daşıyır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!