20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda verdiyi ilk böyük qurbanlarla tariximizə həkk olundu. Sovet rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı xalqın göstərdiyi kütləvi müqaviməti sındırmaq məqsədilə qanlı qırğın törətdi. Bu hadisə təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış, dövlət səviyyəli ağır hərbi cinayət idi.
1990-cı il yanvarın ortalarından etibarən SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər xüsusi təyinatlı hərbi birləşmələrə məxsus 66 mindən çox əsgər və zabit Bakı şəhərinə gətirilmiş, Qala və "Nasoslu" aerodromlarında, Respublika stadionunda, eləcə də Salyan kazarmasında yerləşdirilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Dinc əhali ağır hərbi texnika və müxtəlif növ silahlardan atəşə tutuldu, nəticədə çoxsaylı günahsız insanlar kütləvi şəkildə qətlə yetirildi. Fövqəladə vəziyyətin 1990-cı il yanvarın 20-də saat 00:00-da tətbiq edilməsi elan olunsa da, hərbi hissələr şəhərə bundan xeyli əvvəl - yanvarın 19-da saat 21:00-dan etibarən, əsasən Türkan-Qala istiqamətindən daxil olmağa başlamışdı. "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fövqəladə vəziyyət tətbiq edilərkən əhali bu barədə dərhal və rəsmi şəkildə məlumatlandırılmalı idi, lakin həmin gecə Azərbaycan xalqı tətbiq olunan fövqəladə vəziyyət barədə heç bir xəbərdarlıq almamışdı.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların böyük kontingentinin Bakını zəbt etməsi misilsiz qəddarlıqla həyata keçirilmişdi. Bu hərbi əməliyyata birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filipp Bobkov rəhbərlik edirdilər.
Qırğın öncədən hazırlanmış ssenari üzrə icra olunurdu. Belə ki, fövqəladə vəziyyətin tətbiqi əhaliyə rəsmən elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri isə ağır yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən xeyli sonra - 1990-cı il yanvarın 20-si səhər saat 05:30-da Bakı şəhərinin komendantı V.Dubinyak radio vasitəsilə fövqəladə vəziyyətin elan edildiyi barədə rəsmi məlumat verdi. Halbuki yanvarın 20-nə keçən gecə saat 00:00-dan etibarən tanklar və zirehli texnika şəhərə yeridilmiş, Xəzər Hərbi Donanmasının gəmilərindən sahilə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra da qətliamlar davam etdirilmiş, yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirilmişdi. Qanlı Yanvar hadisələrinin əks-sədası bölgələrdə də hiss olundu: yanvarın 25-də Neftçalada, 26-da Lənkəranda, fövqəladə vəziyyət rejimi tətbiq olunmayan ərazilərdə daha 8 dinc sakin öldürüldü. Ümumilikdə respublika üzrə 147 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz şəkildə həbs edilmişdi. Hücum zamanı 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım kimi dövlət və şəxsi əmlak vəhşicəsinə məhv edilmişdi. Dövlətə və vətəndaşlara həmin dövrün qiymətləri ilə 5,6 milyon rubldan çox maddi ziyan vurulmuşdu.
Bu hadisələr xalqın Sov.İKP-yə və mövcud rejimə olan nifrətini son həddə çatdırdı. İnsanlar kütləvi şəkildə partiya biletlərini yandıraraq onun sıralarını tərk etməyə başladılar. Bu qanlı faciə həm də siyasi reallıqları üzə çıxardı. Xalqın mübarizəsini və tökülən qanı öz siyasi niyyətləri üçün vasitəyə çevirən Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin iç üzü zamanla aydınlaşdı. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra bu məsələni arxa plana keçirdi və əlindəki imkanlardan istifadə edərək faciəyə lazımi siyasi-hüquqi qiymətin verilməsini təmin etmədi.
1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına və şəxsi həyatına yönələn təhlükələrə rəğmən Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında açıq şəkildə ittiham etdi. Ulu Öndər verdiyi cəsarətli bəyanatla əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya və humanizmə zidd bir addım, həmçinin Moskvanın və respublika rəhbərliyinin buraxdığı kobud siyasi səhv kimi ifşa etdi. Beləliklə, xalqımızın başına gətirilən bu dəhşətli müsibətə ilk siyasi-hüquqi qiymət məhz Ümummilli Lider tərəfindən verildi. Heydər Əliyev Bakıya əlavə qoşun yeridilməsini kəskin tənqid edərək bildirirdi ki, respublikada kifayət qədər daxili hərbi qüvvə olduğu halda kənardan ordu gətirilməsi xalqa qarşı törədilmiş qəsd idi. O, bu qərarı qəbul edən SSRİ rəhbərliyini və öz xalqını taleyin ümidinə buraxıb qaçan ozamankı respublika rəhbəri Vəzirovu məsuliyyətə səsləyirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Yanvar faciəsinin tədqiqi dövlət səviyyəsində diqqət mərkəzinə alındı. Onun təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" xüsusi qərar qəbul etdi. Heydər Əliyev faciənin başvermə səbəblərinin və günahkarların araşdırılması istiqamətində qətiyyətli addımlar ataraq, illərboyu gizli saxlanılan həqiqətlərin üzə çıxarılmasını təmin etdi. 1998-ci ildə Ümummilli Liderin imzaladığı müvafiq fərmanla ölkəmizdə "20 Yanvar Şəhidi" fəxri adı təsis olundu. Bu gün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi qayğı ilə yanaşır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial təminat sistemi formalaşdırılmışdır. 2006-cı ildə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu qayğının bariz nümunəsidir. Şəhidlər xiyabanında aparılan genişmiqyaslı abadlıq işləri ilə yanaşı, Bakının Yasamal rayonunda Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi xalqımızın qəhrəmanlıq tarixinə verilən ehtiramın rəmzidir. Hər il yanvarın 20-də saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilir, dövlət bayraqları endirilir və hüzn əlaməti olaraq səs siqnalları verilir. Azərbaycan dövləti və xalqı öz azadlığı uğrunda canından keçən övladlarının şücaətini daim yüksək qiymətləndirir və onların əziz xatirəsini qəlbində uca tutur.
Bu gün 20 Yanvar faciəsi xalqımızın yaddaşında təkcə kədərli bir gün kimi deyil, həm də azadlıq mübarizəmizin ən şərəfli səhifələrindən biri kimi qalmaqdadır. Artıq 36 ildir ki, Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmişdir. Prezident İlham Əliyevin xalqımıza Şuşanın azad olunması müjdəsini məhz Şəhidlər xiyabanından verməsi böyük rəmzi məna daşıyırdı. Bu tarixi hadisə ilə həm 20 Yanvar şəhidlərinin, həm də Birinci Qarabağ müharibəsi qəhrəmanlarının narahat ruhları nəhayət ki, dinclik tapdı. 20 Yanvar qırğını Azərbaycan xalqına ağır zərbə vursa da, onun iradəsini sındıra bilmədi. Əksinə, düşmən öz vəhşiliyi ilə qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın və onun havadarlarının planları puça çıxdı. Bu gün üçrəngli bayrağımız həm Şəhidlər xiyabanında, həm də bütün Qarabağda qürurla dalğalanır.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı