20 Yanvar 2026 08:20
158
SİYASƏT
A- A+
Qanla yazılmış şərəfli səhifə

Qanla yazılmış şərəfli səhifə


Yanvarın 20-si təqvimdə adi bir tarix deyil. Bu tarix xalqımızın yaddaşına qara hərflərlə yazılsa da, ruhumuzda işıq kimi parlayan bir gecənin simvoludur. O gecə Bakı səması azadlıq uğrunda küçələrə çıxmış insanlara tuşlanan güllə səsləri ilə yaralandı, şəhərin küçələri tankların soyuq dəmiri ilə titrədi. O gecə Bakı həm də qürur dolu bir gün yaşadı. Qaranlıq gecənin bağrına bir həqiqət doldu: azadlıq qorxudan güclüdür.

20 Yanvar gecəsində imperiya gücü xalq iradəsi ilə üz-üzə gəldi. Silahsız insanlar öz haqlarını müdafiə etmək üçün küçələrə çıxdılar. Azadlığa təşnə olan insanlar vicdanı, inamı və Vətən sevgisi ilə silahlanmışdılar. Tankların qarşısında sinəsini sipər edən bu insanlar tarixə adlarını qanla deyil, şərəflə yazdılar. Bakı küçələrinə doldurulan zirehli texnika azadlıqsevərlərin bədənlərini əzsə də, iradələrini sındıra bilmədi. İllərlə əlimizdən alınan azadlığımız əzilən cismimizdan sağlam ruh kimi çıxdı.

Şəhidlərin qanı torpağa düşdüyü an Vətən daha da cana gəldi. Artıq bu torpaq  susqunluğun, qorxunun deyil, cəsarətin torpağına çevrildi. Mərd oğullarını, ciyərparalarını yola salan analar sinələrinə göz yaşlarını axıdaraq həm də "Azadlıq"  hayqırdılar. Atalar dik duraraq sükutla taleyin üzünə baxmadılar; ölümün gözünə dik baxa-baxa gənclərə azadlığın yolunu göstərdilər. 20 Yanvar bir gecənin faciəsi kimi tariximizə yazılmadı, bir millətin oyanış dastanı olaraq yaddaşımıza əbədi möhrünü vurdu.

20 Yanvar həm də həqiqətin sınağı idi. O gecə dünya susdu, amma Azərbaycan danışdı. Qanlı səhnələrin fonunda haqqın səsi eşidildi. O gecə imperiyaya rəhbərlik edənlər anladılar ki, nə etsələr də, xalqın iradəsi tapdanmaz, azadlıq güllə ilə boğulmaz. Bu səs sonradan meydanlarda, tribunalarda, beynəlxalq kürsülərdə eşidildi, nəhayət, dövlət müstəqilliyinin möhürünü vurdu.

20 Yanvar faciəsinin ən ağır və taleyüklü anlarında SSRİ rəhbərliyi tərəfindən siyasi təcridə məruz qalan Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gəlişi yalnız bir siyasi etiraz aktı deyildi. Bu, Ümummilli Liderin  ürəyindən qopan hayqırtı, xalqına qarşı törədilən cinayətə susmayan böyük şəxsiyyətin vicdanının  çağırışı idi. Heydər Əliyev həyatını real təhlükə altına ataraq imperiya qorxusunu yarıb haqqın səsini dünyaya çatdırdı, Qanlı Yanvarın məsuliyyətinin açıq şəkildə SSRİ rəhbərliyinin üzərində olduğunu qətiyyətlə qeyd etdi. Həmin tarixi çıxış bir insanın deyil, bir millətin qeyrətinin və gələcək müstəqilliyin bünövrəsinə çevrilən cəsarətli mövqeyinin təcəssümü idi.

Zaman keçdikcə yaralar sağalır. Taleyimizə, tariximizə tuşlanan güllənin, qəsdin acısı  yaddaşımızda  sağalmamalıdır. Çünki yaddaş itərsə, tarix təkrar olunar. 20 Yanvar bizə bir dərs verdi: azadlıq pay verilmir, qanla alınır. Onu qorumaq daha böyük məsuliyyətdir.

Bu gün Şəhidlər xiyabanında atılan hər addım bir anddır. Bu hər bir gəncin, ahılın, Azərbaycan vətəndaşının andı olmalıdır ki, o gecənin qurbanları unudulmasın, o qan hesabına qazanılan azadlıq heç vaxt ucuzlaşdırılmasın. 20 Yanvar - matəm olduğu qədər də qürur günüdür. Çünki o gecə Azərbaycan diz çökmədi, ayağa qalxdı. Qaranlıqdan işığa gedən yolun başlanğıcı məhz o gecə başladı.

Ruhunuz şad olsun, azadlığın keşikçiləri! Sizin susqun qəhrəmanlığınız bu xalqın ən yüksək səsidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!