Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan bütün bunlara beynəlxalq hüquq normalarına uyğun olaraq öz gücü hesabına nail olub. Vətən müharibəsindən ötən beş ildə qlobal siyasi arenada əldə olunan uğurlar, həmçinin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətindəki irəliləyişlər qətiyyətli iradə, əzm və düşünülmüş, praqmatik xarici siyasət sayəsində mümkün olub.
İşğaldan azad olunmuş ərazilər artıq yenidən qurulur, bərpa edilir, əzəli sahiblərinin qayıdışı ilə o torpaqlara həyat qayıdır. Bütün bunlar illərin həsrətinə son qoyur, amma ötən dövrdə yaşanan acıları, itkiləri, xalqın başına gətirilən müsibətləri unutdurmur. Həmçinin ağır zamanında vətənin müdafiəsinə qalxanlar, uğrunda canını qurban verənlər, bu yolda sağlamlıqlarını itirənlər, şəhadətə yüksələnlər unudulmurlar. Şəhid ailələri, qazilər, əlilliyi müəyyən olunmuş şəxslər davamlı dövlət qayğısı ilə əhatə olunurlar. Bu baxımdan Qanlı Yanvar faciəsi ilə əlaqədar şəhid ailəsi üzvlərinə, əlil olmuş insanlara da dövlət tərəfindən hər zaman dəstək göstərilib.
20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edib. 1998-ci ildə Heydər Əliyevin imzaladığı müvafiq fərmanla "20 Yanvar Şəhidi" fəxri adı təsis olunub. Ulu Öndər tərəfindən həssas qrupdan olan insanların hərtərəfli qayğı ilə əhatə olunması üçün bir sıra qərarlar qəbul edilib. Daha sonra bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib.
Dövlət başçısının 2006-cı il 19 yanvar tarixli fərmanı ilə "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilib. Azərbaycanın azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsini yad edərək, şəhid ailəsi üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə "20 Yanvar Şəhidi" fəxri adı almış insanların ailə üzvlərinə aylıq 300 manat Prezident təqaüdü təyin olunub. Bu kateqoriyadan olan şəxslərin sosial təminat sistemi ilə əhatə olunması üçün görülən tədbirlər Prezident İlham Əliyevin həssas qruplara xüsusi diqqət və qayğısı nəticəsində ildən-ilə davam etdirilərək daha da gücləndirilib. Hazırda Prezidentin aylıq təqaüdü ilə təmin olunan 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq olaraq 700 manat, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 600 manat, 61-80 faiz pozulmasına görə 500 manat, 31-60 faiz pozulmasına görə 400 manat ödənilir.
Bununla yanaşı, əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının pozulma faizinə müvafiq olaraq 300 manat, 250 manat və 180 manat müavinət, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə 120 manat Prezidentin aylıq təqaüdü də təyin edilib.
Həmçinin ötən dövrdə dövlət tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 140-dan çox mənzil, eyni zamanda əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Bütün bunlar həssas təbəqədən olan insanların həyat şəraitinin asanlaşdırılması, rifah halının yüksəldilməsi məqsədi daşıyır. Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər reabilitasiya vasitələri və reabilitasiya xidmətləri ilə də təmin edilirlər.
Ümumiyyətlə, bu kateqoriyadan olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, şəhid övladlarının təhsili və sağlamlığını itirənlərin müdafiəsi dövlətin daim nəzarətindədir və bu istiqamətdə ardıcıl işlər görülür. Sosial islahatlar zamanı həmin şəxslərin sosial müdafiəsi məsələsi xüsusilə ön planda olur ki, bunu da verilən qərarlardan aydın görmək mümkündür.
20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir. Prezidentin 18 mart 2014-cü il tarixli sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.
Vətən müharibəsindən sonra da müharibədə şəhid olanların ailələrinə, həmçinin yaralananlara göstərilən diqqət və qayğı da göstərir ki, həssas təbəqədən olan şəxslər daim dövlət qayığısı ilə əhatə olunurlar. Bu istiqamətdə həyata keçirilən tədbirlər, davamlı layihələr də onlara göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin verdiyi sərəncam, fərmanlara əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin effektli sosial müdafiə sistemi formalaşıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, habelə 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün həmçinin qanunvericilikdə bir sıra imtiyaz və güzəştlər də nəzərdə tutulub.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, and yerimiz olan Şəhidlər xiyabanı da şəhidlərimizə böyük ehtiramın təzahürüdür. Hər il yanvarın 20-də minlərlə insan şəhidlərin uyuduğu bu müqəddəs məkana baş çəkərək onları bir daha anır, ruhları qarşısında baş əyir.
Heydər Əliyevin 5 avqust 1998-ci il tarixli sərəncamına əsasən, Şəhidlər xiyabanında yaradılan "Əbədi məşəl" abidə kompleksinin açılışı elə həmin il oktyabrın 9-da baş tutub. 2007-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənilib. 20 yanvar 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən açılışı olan "20 Yanvar Abidə-Kompleksi" də faciə qurbanlarının xatirələrinin daim uca tutulduğunun təsdiqidir. Ümumi sahəsi 1500 kvadratmetr olan kompleks üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı və Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib.
1990-cı il Qanlı Yanvardan ötən 36 ildə şəhid ailələri və faciə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə göstərilən diqqət bir daha göstərir ki, azadlıq mübarizəmizin fədailəri unudulmur, sağlamlıqlarını bu yolda qurban verənlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyadan olanların sosial müdafiə sisteminin gücləndirilməsi, onlara bütün sahələrdə öncüllük verilməsi isə dövlət qurumlarının əsas vəzifələrindən biridir. Bunu Prezident İlham Əliyev bir vəzifə kimi qarşıya qoyub və fəaliyyət istiqamətində özünün borcu kimi müəyyənləşdirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"