20 Yanvar 2026 09:00
116
SİYASƏT
A- A+
Qanla yazılan tarix heç vaxt unudulmur

Qanla yazılan tarix heç vaxt unudulmur


36 ildir 20 Yanvar faciəsinin ağrı-acıları qəlbimizi göynədir, ürəyimizi yandırır. Keçmiş sovet imperiyasının  başımıza gətirdiyi bu qanlı faciənin üstündən illər ötüb keçsə də, Azərbaycan xalqı müstəqilliyi və azadlığı uğrunda şəhid olan övladlarını heç vaxt unutmur, daim onları hörmət və ehtiramla xatırlayır.  

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycan tarixinin qanlı hadisələrindən biri baş verdi. Keçmiş ittifaqın  ağır silahlarla təchiz olunmuş ordusu gözlənilmədən, heç bir xəbərdarlıq etmədən müxtəlif istiqamətlərdən ölkəmizin paytaxtı üzərinə hücuma keçərək dinc şəhər sakinlərini gülləbaran etdi. 

Xalqımız 1990-cı ilin 20 yanvarının səhərini güllə səslərinə açdı. Hər gün insanların mehribancasına, əmin-amanlıq içində gəzdiyi, səhərlər işə, axşamlar evə tələsdiyi  küçə və prospektlərdən atəş səsləri eşidilirdi. Havadan barıt iyi gəlirdi.  Keçidlər, küçə və yollar qana bulanmışdı. Yaşamaq, qurub-yaratmaq arzusunda olan neçə-neçə insanın həyat yolu həmin gecə sovet əsgərlərinin atdığı güllələrdən yarıda qırılmışdı. İnsanlara ölüm gətirən güllələr şəhidlərimizi harada gəldi yaxalamışdı. Çox böyük qəddarlıqla sovet hərbçiləri binaların divarlarını da, yol kənarında dayanmış avtomobilləri də güllədən keçirmişdilər. Faciənin qanlı mənzərələrinə baxdıqca nifrətimiz, qəzəbimiz aşıb-daşırdı. İnsan qanına susamış bu qəddar zabit və əsgərlər heç kəsə aman verməmiş, kimi harada gəldi güllələmişdilər. Olduqca dəhşətli və tükürpədici səhnələr idi. Bu mənzərəni görən gözlər qan ağlayır, ürəklər qəzəblə çırpınırdı.

Dəhşət püskürən 20 Yanvar gecəsində Bakıda, həmçinin ölkəmizin müxtəlif rayonlarında keçmiş imperiya əsgərləri tərəfindən 147 nəfər qətlə yetirildi. 700 nəfərdən çox insan ağır yaralandı və müxtəlif dərəcəli bədən xəsarəti aldı. Bu qanlı faciədə təkcə azərbaycanlılar deyil, ölkəmizdə yaşayan başqa millətlərin nümayəndələri də hərbçilər tərəfindən öldürülmüşdü. 

Faktlara, rəqəmlərə göz yaşları içində baxırıq. 20 Yanvar faciəsində 117 nəfər azərbaycanlı, 6 rus, 3 tatar və 3 yəhudi imperiya əsgərlərinin gülləsinə tuş gəlmişdi. Faciəli şəkildə həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 12 tələbə, 1 aspirant, 3 elmlər doktoru var idi. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si isə azyaşlı uşaq idi. Faktlar göstərir ki, Bakıya hücum çəkmiş imperiya əsgərləri qarşısına çıxanlara  aman verməmiş, onları güllələmişdilər. Məlumdur ki, müharibələrdə adətən təcili yardım maşınları atəşə tutulmur, həkimlər öldürülmür. Amma insani hisslərdən məhrum olmuş sovet əsgərləri yaralıların xilasına tələsən həkimləri də güllələmişdilər, təcili yardım maşınlarını da vurmuşdular. 

Yaxşı xatırlayırıq ki, 1990-cı il yanvarın 21-də şəhidlərə məzar qazmaq üçün qocalı, cavanlı  hamı xiyabana axışırdı. Ürəyində insanlıq və azadlıq sevgisi olan şəhər sakinləri çiyin-çiyinə verərək bir-birlərinə kömək edə-edə yorulmaq bilmədən işləyirdilər. O günlərdə başımıza gətirilən bu qanlı faciə, ağrı xalqımızı bir yumruq kimi birləşdirmişdi. 

36 il əvvəl soyuq bir qış gecəsində baş vermiş 20 Yanvar faciəsi xalqımızın tarixində yalnız kədər və qəm dolu bir gün kimi deyil, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi qalacaq. Bu faciə baş verən həmin axşam Azərbaycan xalqının cəsur oğul və qızları qanları ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazdılar. Bu tarixin səhifələrini vərəqlədikcə biz müstəqilliyimiz və azadlığımız uğrunda mübarizə aparmış şəhidlərimizi daha da yaxından tanıyırıq. Onların yarımçıq qalmış mübarizə yollarını zəfər və qələbələrlə davam etdiririk.  

Uzun illərdir ki, 20 Yanvar ölkəmizdə Hüzn Günü kimi qeyd edilir. İldönümü günlərində bir çox təşkilatda, tədris müəssisəsində, təhsil ocağında şəhidlərin anım mərasimləri keçirilir. Onların göstərdikləri qəhrəmanlıq və igidlik barədə gənclərə ətraflı məlumat verilir. Böyüməkdə olan nəsillər isə həmişə qəhrəmanlıqda müstəqilliyimiz və azadlığımız uğrunda canından keçmiş şəhidlərə oxşamağa çalışırlar. 

Xalq şərəf və qürur dolu tarixini, bu tarixi yazmış qəhrəmanlarını heç vaxt unutmur. Daim onları ehtiramla yad edir, xatırlayır, adlarını hörmətlə çəkir. Hər birimizin müqəddəs ziyarətgahına çevrilmiş, and yerimiz olan Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb. Heç vaxt sönməyən, alovlandıqca alovlanan bu məşəl gecəli-gündüzlü şəhidlərin ruhuna keşik çəkir. 

Müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bu gün şaddır. Çünki onların uğrunda şəhid olduqları müqəddəs amallar çiçək açıb. Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində, ondan sonra şanlı ordumuz tərəfindən uğurla həyata keçirilmiş antiterror əməliyyatları zamanı erməni işğalçıları məhv edilmiş, Qarabağdakı separatçıların kökü birdəfəlik kəsilmişdir. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edilmişdir. Ona görə də xalqımız şəhidlərinin ziyarətinə alnıaçıq və başıuca gəlir.  

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!