Yanvarın 18-də səhər saatlarında (Ağsu rayonunda) qeydə alınan zəlzələ diqqəti seysmoloji aktivlik məsələlərinə yönəldib. Zəlzələ nəticəsində yaşayış məntəqələrində yüngül hiss olunan təkanlar əhali arasında müəyyən narahatlıq yaradıb.
Bu barədə "Azərbaycan" qəzetinə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələnin xüsusiyyətləri və onun potensial təhlükəsi barədə danışıb. O bildirib ki, zəlzələnin maqnitudası 3,8 bal, dərinliyi isə 6 kilometr təşkil edib. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələrində onun təsiri 3-4 bala qədər hiss olunub. Mütəxəssisin sözlərinə görə, zəlzələnin sərbəst buraxdığı enerji əsasən 2,15 tam vahid olub, qalıq enerjisi isə 1,5 tam vahid təşkil edib. Hesablamalara görə, bu təkanlar yalnız hiss edilə bilib və güclü, fəlakətli zəlzələ ehtimalı yoxdur.
"Zəlzələnin əsas enerjisi artıq sərbəst buraxılıb və ondan sonra yalnız bir neçə kiçik təkan müşahidə olunub. Bu, onu göstərir ki, daha böyük və fəlakətli zəlzələ ehtimalı yoxdur", - deyə Q.Yetirmişli vurğulayıb. O əlavə edib ki, Azərbaycan seysmoloji cəhətdən aktiv bölgədə yerləşdiyindən hər il minlərlə yeraltı təkan baş verir. Ötən il ölkə ərazisində 5500-dən çox yeraltı təkan qeydə alınmış və onlardan 19-u hiss olunmuşdu.
Ekspert həmçinin bildirib ki, ölkədə baş verən zəlzələlərin çoxu hiss olunmayan səviyyədədir və əhali üçün təhlükə yaratmır: "Araşdırmalarımız göstərir ki, Azərbaycanda heç bir bölgədə 7 və daha yüksək maqnitudalı zəlzələ qeydə alınmayıb".
Qurban Yetirmişli əlavə edib ki, təbii geoloji proseslər nəticəsində yeraltı təkanların baş verməsi normal haldır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"