Qlobal səviyyədə dəyərləndirilir və təqdir olunur
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər regionda onilliklər boyu davam edən münaqişəyə son qoyaraq, sülh erasının əsasını qoydu. Bu mütləq qələbə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin və ədalətin zəfəri kimi dünya tarixinə düşdü. Azərbaycanın təqdim etdiyi sülh modeli münaqişələrin həllində hərbi qüdrətlə diplomatik uzaqgörənliyin vəhdətini nümayiş etdirən nümunəvi bir təcrübə oldu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycanın bu nailiyyətini ali mükafatla təltif etməsi Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə qəbul edildiyinin bariz göstəricisidir.
Şeyx Zayed Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qaliblərinin adlarını açıqlayıb. Mükafata layiq görülənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Mükafat İlham Əliyevə Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Bu tarixi hadisə Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə təsdiqi hesab oluna bilər.
2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib ki, Ermənistan və Azərbaycan arasında tarixi sülh sazışının paraflanması mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir: "Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur".
Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. Bu tarix həm də beynəlxalq "İnsan Qardaşlığı Günü" kimi qeyd olunur və Azərbaycanın adının bu siyahıda olması qürurvericidir.
Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. İndiyədək bu mükafata layiq görülənlər arasında BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliçası Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhəri Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi və ekstremizmə qarşı fəal, əslən Mərakeşdən olan xanım Lətifə İbn Ziyaten, keniyalı sülh və icma fəalı xanım Şəmsa Əbubəkr Fadhil, Barbadosun Baş naziri xanım Mia Amor Mottley və digər nüfuzlu şəxslər var. Fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin sülh siyasəti sadəcə, münaqişəyə son qoyulması deyil, regionun gələcək onilliklər üçün təhlükəsizlik arxitekturasının qurulması strategiyasıdır. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edəndən sonra gözləmə mövqeyi tutmadı, əksinə, Ermənistana 5 baza prinsipi əsasında sülh müqaviləsi təklif edərək gündəmi diktə edən tərəf oldu. Dünya tarixində nadir hallarda rast gəlinir ki, hərbi yolla öz torpaqlarını azad edən tərəf dərhal sonra qarşı tərəfə genişmiqyaslı sülh təklif etsin. Azərbaycan savaşda qələbə qazanaraq, həm də regionu inkişaf və əməkdaşlıq məkanına çevirməyi hədəflədi.
Əlbəttə, sülhə gedən yol heç də hamar olmadı. Bu yolda Azərbaycan dövləti həm regional, həm də qlobal səviyyədə bir çox maneə ilə üzləşdi. Müharibədən sonrakı dövrdə Ermənistandakı radikal qüvvələr və revanş xəyalları ilə yaşayan dairələr regionu yenidən alova bürüməyə çalışdılar. Bəzi Qərb dövlətləri və ermənipərəst mərkəzlər regionda sülhü deyil, münaqişənin dondurulmuş vəziyyətdə qalmasını və Azərbaycanın suverenliyinə kölgə salmağı hədəflədilər. Sülhə gedən yolda Ermənistanın və ona havadarlıq edən bəzi xarici dairələrin regionu yenidən qarşıdurmaya sürükləmək cəhdləri Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə dəf edildi.
Azərbaycan öz iradəsini diktə edərək, beynəlxalq hüququn prinsiplərinə söykənən ədalətli sülhü regiona gətirdi. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri sülh prosesinə mane olan qanunsuz ünsürləri tamamilə təmizləyərək, yekun saziş üçün yolu açdı. Prezident İlham Əliyev yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda onilliklər boyu həlli mümkün görünməyən davamlı sülhün formulasını kəşf etdi.
Həqiqi güc təkcə müharibədə qalib gəlmək deyil, həm də o qələbəni daimi və ədalətli sülhə çevirə bilmək bacarığıdır. Dünya hərb tarixi sübut edib ki, bir çox lider müharibədə qalib gəlsə də, sülh prosesində strateji səhvlərə yol verərək qələbənin bəhrələrini itirib. Prezident İlham Əliyev "müharibədə qalib gələn lider sülhdə də qalibdir" tezisini real siyasətdə sübuta yetirdi. Dövlət başçısının düşünülmüş siyasəti sübut etdi ki, dayanıqlı sülh yalnız suverenlik və sərhədlərin toxunulmazlığı şərti ilə mümkündür. Prezidentin "diplomatik şahmat" taxtasında hər addımını dəqiqliklə hesablaması Azərbaycanın ədalətli sülh prinsipini legitimləşdirdi.
Dövlət başçısının sülh gündəliyi beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli üzrə "Azərbaycan modeli" kimi tarixə düşdü. Azərbaycan sübut etdi ki, hərbi qələbə yalnız başlanğıcdır. Əsl məharət hərbi üstünlüyü beynəlxalq səviyyədə tanınan hüquqi və siyasi reallığa çevirməkdir. Dövlətimiz kənar təzyiqlərə boyun əymədən, sülhün yalnız ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diktə etdi. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini özü icra edərək, beynəlxalq hüququn işlək olduğunu dünyaya göstərdi. Eyni zamanda Azərbaycan sübut etdi ki, mütləq qələbə yalnız qarşı tərəfi məğlub etmək deyil, həm də onu sülhün qaçılmazlığına inandırmaq və regionun gələcək əmin-amanlığını təmin etməkdir. Ermənistanı revanşizmə sürükləyənlərin qarşısında sarsılmaz bir sədd kimi dayanan Azərbaycan lideri sülh gündəmi ilə regiona həm də iqtisadi və mənəvi dirçəliş gətirdi.
Mükafat göstərir ki, dünya gücləri və nüfuzlu mərkəzlər regionun gələcəyini qarşıdurmada deyil, Prezident İlham Əliyevin təklif etdiyi sülh gündəliyində, birgəyaşayış və kommunikasiyaların açılması layihəsində görürlər. Sülh gündəliyi həm də nəqliyyat dəhlizlərinin açılması və iqtisadi əməkdaşlıq vədinə söykənir. Bu, Ermənistanı təcrid edən deyil, onu sivil və inkişaf edən Cənubi Qafqazın bir hissəsinə çevirmək məqsədi daşıyan humanist bir yanaşmadır. O baxımdan, mükafat həm də münaqişə tərəfləri arasında humanitar əzablara son qoyulmasına, insanların yenidən birgəyaşayış imkanlarının yaradılmasına verilən yüksək qiymətdir. Mükafatın adında yer alan "İnsan Qardaşlığı" ifadəsi Prezidentin Azərbaycanı müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı bir mərkəz kimi inkişaf etdirməsinin də nəticəsidir.
Prezident İlham Əliyevin "İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın son illərdə yürütdüyü aktiv sülh diplomatiyasının və regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə ali təsdiqidir. Bu təkcə bir təltif deyil, Azərbaycan dövlətinin sülh modelinin dünya tərəfindən qəbul edilməsidir. Dəyərli mükafat isə bu ədalətli sülhün qlobal möhürüdür.
İsmayıl QOCAYEV,
"Azərbaycan"