14 Yanvar 2026 08:40
130
CƏMİYYƏT
A- A+
Qarabağa açılan ilk hava yolu

Qarabağa açılan ilk hava yolu


Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad olunan ərazilərdəki quruculuq əzminin möhtəşəm nümunələrindən biridir


"Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər".

Bu sözləri Prezident İlham Əliyev beş il öncə Qarabağın ilk "hava qapısı" olan Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyarkən deyib. Dövlət başçısı elə həmin ildən başlayaraq vətəndaşların, xarici vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gələ biləcəklərini qeyd etmişdi.

Ölkə rəhbərinin dediyi kimi də oldu. Səkkiz aya tikintisi başa çatan Füzuli Beynəlxalq Hava Limanı sərnişinlərin istifadəsinə verildi. Bu layihə, sadəcə, Qarabağa açılan hava yolu deyil, Azərbaycanın qüdrətinin, işğaldan azad etdiyi torpaqların yenidən qurulması, Böyük qayıdışın qısa zamanda həyata keçirilməsi üçün əlindən gələnin ən yaxşısını ortaya qoyduğunun sübutu idi. Qısa müddətdə həyata keçirilən layihə həm də  Füzulinin və yaxın rayonların ölkə iqtisadiyyatına inteqrasiyası baxımından əhəmiyyətli idi. Belə ki, hava limanı  gələcəkdə həm xarici ölkələrdən, həm də respublikamızın digər rayonlarından yüklərin daşınmasına imkan verəcəkdi. 

Qısa zamanda ərsəyə gətirilən Füzuli aeroportu ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. 

Təməli qoyulduqdan cəmi 8 ay sonra Füzuli Hava Limanı ilk sərnişin təyyarəsini qəbul etdi. 2021-ci ilin sentyabr ayında AZAL-ın "Qarabağ" adlı ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Qarabağ torpaqlarına qədəm qoydu. Bu həm də Azərbaycanın doğma yurduna qayıdışının yalnız Ermənistana deyil, beynəlxalq aləmə də nümayişi idi. Həmin gün eyni zamanda "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400 tipli təyyarənin bu hava limanına eniş etməsi Qarabağın böyük iqtisadi potensialından xəbər verirdi. 

İndi Azərbaycan səmasında yalnız Füzuliyə deyil, Zəngilana, Laçına da təyyarələr yol alır. Füzuli aeroportundan bir il sonra - 2022-ci ilin 20 oktyabrında Şərqi Zəngəzurun ilk hava qapısı Zəngilan Beynəlxalq Hava Limanı da istismara verildi. Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan bu hava limanı həm də Zəngəzur dəhlizinin (TRIPP) inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Beynəlxalq standartlara cavab verən aeroport bütün növ sərnişin, həmçinin yük təyyarələrini qəbul etməyə qadirdir. Bu baxımdan hava limanının Şərqi Zəngəzurun iqtisadi inkişafında rolu danılmazdır. 

İşğaldan azad olunmuş ərazilərdə tikilib istifadəyə verilən üçüncü beynəlxalq statuslu hava limanı isə Laçın rayonunun Qorçu kəndində yerləşir. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən Laçın Beynəlxalq Hava Limanının açılışı ötən il Müstəqillik Günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Bu hava limanı da istənilən tip hava gəmisinin qəbuluna imkan verir və terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Beləliklə, Laçın Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Bu isə nəqliyyat şəbəkəsinin genişlənməsinə və inkişafına xüsusi diqqətin, bu istiqamətdə görülən davamlı işlərin nəticəsidir.

Bu il işğaldan azad olunmuş ərazilərdə növbəti hava limanının istifadəyə verilməsi planlaşdırılır. Bu, 1974-cü ildə istismara verilən Xocalı rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə yerləşən Xocalı Hava Limanıdır. Aeroportda infrastrukturun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Beləliklə, bununla işğaldan azad olunmuş ərazilərdəki hava limanlarının sayı dördə çatacaq.

Çoxəsrlik zəngin tarixə malik şəhərsalma və memarlıq ənənələrinin izləri bu gün işğaldan azad olunmuş ərazilərimizdə görülən quruculuq işlərində bir daha üzə çıxır. Görülən işlərin miqyasını qısa müddətdə, çətin relyef şəraitində  tikilib istifadəyə verilən üç beynəlxalq statuslu hava limanından da aydın görmək mümkündür. Bu gün işğaldan azad olunmuş torpaqlarda salınan şəhər və kəndlər dünya standartlarına tam cavab verir.  

Qarabağ və Şərqi Zəngəzurun hər yerində vüsət almış bərpa və yenidənqurma işləri arasında hava limanlarının tikintisi xüsusilə fərqlənir. Ümumilikdə bu regionda infrastrukturun, yol-nəqliyyat şəbəkəsinin qurulması Qarabağ və Şərqi Zəngəzurun ölkənin yol şəbəkəsinə, həmçinin iqtisadiyyatına inteqrasiyasına imkan verir. Bununla yanaşı, turizmin inkişafına xüsusi önəm verən ölkəmiz üçün hava limanlarının istifadəyə verilməsi yeni imkanlar açır. Belə ki, turizmin əsas komponentlərindən olan nəqliyyatın inkişafı işğaldan azad olunmuş şəhər və kəndlərimizin də qısa zamanda tanınmış turizm destinasiyalarına çevriləcəyindən xəbər verir. Qarabağa səfər etmək istəyən xarici turistlər artıq birbaşa təyarə ilə səyahətlərini reallaşdıra bilirlər. Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri çərçivəsində hava nəqliyyatı infrastrukturunun yaradılmasına və inkişafına dövlət tərəfindən xüsusi önəm verilir. 

2026-cı ilin Prezident İlham Əliyevin sərəncamı ilə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi isə azad olunmuş ərazilərdəki quruculuq işlərinə daha da stimul verəcək. Orada salınan hər şəhər və kənddə tətbiq olunan innovativ yanaşmalar ölkəmizin bu sahəyə baxışını aydın əks etdirir. Təkcə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, 2020-2025-ci illərdə dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir vaxtda bu ərazilərdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanılıb. Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası və 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması bu istiqamətdə görülən işlərin daha da sürətlənəcəyindən xəbər verir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb  

10:20
14 Yanvar

Aşağı Oratağ kəndində həyat yenidən canlanıb: evlər bərpa olunur, sosial infrastruktur yenilənir  

10:16
14 Yanvar

Kir Starmer Qəzza Sülh Şurasına qoşulma ehtimalını nəzərdən keçirir  

09:49
14 Yanvar

Dövlət Departamenti TRIPP layihəsinin icra çərçivəsininin qəbul edildiyini açıqlayıb

09:44
14 Yanvar

Rubio: TRIPP bütün regionda rifahı və təhlükəsizliyi artıracaq  

09:44
14 Yanvar

Tramp: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ölkə tarixindəki ən utancverici gündür  

09:42
14 Yanvar

Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib

09:34
14 Yanvar

Soyuq havalar ürək sağlamlığı üçün təhdid yarada bilər

09:10
14 Yanvar

Atasını çar, özünü isə sovet hökuməti güllələdi 

09:05
14 Yanvar

Əlifba mücahidi

09:00
14 Yanvar

Xəstə təfəkkürlü erməni kilsəsi

08:55
14 Yanvar

Qədim Bakı yeniləşir və müasirləşir

08:50
14 Yanvar

Ümidlərin bərpa olunduğu mərkəz

08:45
14 Yanvar

Qarabağa açılan ilk hava yolu

08:40
14 Yanvar

Yolumuz Zəfər zirvəsinədir...

08:35
14 Yanvar

Heydər Əliyevin unudulmaz Şuşa səfəri  

08:30
14 Yanvar

Azərbaycanın yeni strateji mövqeyi

08:25
14 Yanvar

Hədəf bəllidir

08:20
14 Yanvar

Azərbaycanın "yaşıl enerji" gündəliyi qlobal səviyyədə təqdir olunur

08:15
14 Yanvar

Yaxın 10 il ərzində Bakı və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemləri təkmilləşdiriləcək

08:10
14 Yanvar

Postmünaqişə dövrünün xarici siyasət strategiyası: TDT çərçivəsində intensivləşən əlaqələr

08:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!