20 Yanvar 2026 09:30
110
İQTİSADİYYAT
A- A+
Mingəçevir - Kür üstündə nur şəhəri  

Mingəçevir - Kür üstündə nur şəhəri  


Şəhərsalma müasir cəmiyyətin sosial, iqtisadi və ekoloji inkişafını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan region şəhərlərinin planlaşdırılması paytaxtla müqayisədə fərqli problemlər və üstünlüklərlə xarakterizə olunur. Region şəhərlərində əhali sıxlığının nisbətən az, ərazinin isə daha geniş olması şəhərsalmanın üstünlükləri sırasında yer alır. Və bu amillər yaşayış zonaları, nəqliyyat infrastrukturu, yaşıllıq sahələrinin daha balanslı şəkildə təşkili üçün əlverişli şərait yaradır. 

Spesifik nümunə kimi Mingəçevir şəhərinin şəhərsalma xüsusiyyətləri və inkişaf potensialı maraqlıdır.  Bu şəhər  özünəməxsus planlaşdırma strukturu və enerjiyönümlü inkişaf modeli ilə seçilir. Mingəçevir Azərbaycanın mərkəzi hissəsində, Kür çayının sahilində yerləşən mühüm sənaye və enerji mərkəzlərindən biridir. Şəhərin coğrafi mövqeyi onun nəqliyyat əlaqələrinin formalaşmasında, sənaye potensialının inkişafında və regionlararası iqtisadi münasibətlərdə mühüm rol oynayıb.  Bu şəhər Mingəçevir Su-Elektrik Stansiyasının (SES) inşası ilə əlaqədar XX əsrin ortalarından etibarən planlı şəkildə salınıb. Planlı şəhərsalma prinsiplərinə əsaslanan Mingəçevir  bu gün geniş küçə və prospektləri, funksional zonalara bölünmüş əraziləri və nisbətən səliqəli məhəllə strukturu ilə seçilir. Kürün səssiz dalğaları və günəşin sular üzərində oynayan şüası şəhərə xüsusi bir füsunkarlıq bəxş edir. Mingəçevir həm dincliyi, həm də canlılığı ilə hər kəsi özünə çəkir. Burada həyatın ritmi və təbiətin harmoniyası bir-birinə qarışır.

Qeyd edək ki, Mingəçevir Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir və 11 noyabr 1948-ci ildə şəhər statusu alıb, 4 fevral 1954-cü ildə isə respublika tabeli şəhər kateqoriyasına keçib. Şəhər şərq, qərb və cənubdan Yevlax rayonu, şimaldan isə Mingəçevir su anbarı ilə həmsərhəddir. 

"Mingəçevir" toponiminin yaranması ilə bağlı müxtəlif ehtimallar mövcuddur. Tarixi mənbələrə görə  bu ad e.ə. I əsrdə Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında baş vermiş döyüşlə bağlı ola bilər. Digər ehtimallar ərəblərin Azərbaycandakı hərəkətləri, Məniçöhrün adı və ya "Min, gəl, çevril" ifadəsi ilə əlaqələndirilir. Alim Tofiq Hacıyev və Əjdər Fərzəli bu adın qədim alban və türk tayfalarının adları olan  "Mik" və "Savir" sözlərindən  yarandığını bildirirlər.  Və zamanla "Sevit Mingə" ifadəsi "Mingəçevir" şəklinə çevrilib.

Şəhərin yaranma tarixi və funksional təyinatı onun şəhərsalma strukturuna birbaşa təsir göstərib. Mingəçevir ilkin mərhələdə sənaye və enerji şəhəri kimi formalaşıb. Sonrakı dövrlərdə isə  burada yaşayış, sosial  strukturlar və mədəni funksiyalar  fəaliyyətə başlayıb. 

Əhalinin say artımı və sənayenin inkişafı şəhərin ərazi baxımından genişlənməsinə səbəb olub. Bu proses yaşayış massivlərinin yaranması, məktəblər, səhiyyə müəssisələri, mədəniyyət və istirahət məkanlarının  inşası ilə reallaşıb. Kür çayı və Mingəçevir su anbarı şəhərin ekoloji və  turizm potensialının formalaşmasında mühüm amillərdən biri hesab edilir. Ona görə də şəhərsalma strategiyaları hazırlanarkən Kür  və Mingəçevir su anbarlarının ekoloji balansın qorunması və turizm potensialının artırılması baxımından rolu nəzərə alınıb. Yaşayış zonaları əsasən şəhərin mərkəzi və mərkəzətrafı hissələrində formalaşıb. Bu ərazilərdə çoxmənzilli yaşayış binaları üstünlük təşkil edir. Yaşayış massivlərinin planlaşdırılmasında məhəllə prinsipi tətbiq edilib, binalar arasında açıq məkanların və yaşıllıq sahələrinin saxlanılmasına xüsusi diqqət yetirilib.

Mingəçevirdə yaşayış zonalarının sənaye ərazilərindən nisbətən uzaq məsafədə yerləşdirilməsi layihələndirmə, memarlıq  və urbanizasiya baxımından böyük  üstünlük hesab olunur. Bu yanaşma ekoloji tarazlığın qorunmasına, əhalinin sağlam yaşayış mühitinin təmin edilməsinə müsbət təsir göstərir. Eyni zamanda yaşayış sahələrinin əsas nəqliyyat arteriyaları ilə əlaqələndirilməsi şəhərdaxili hərəkətliliyin və əlçatanlığın artırılmasına şərait yaradır.

Mingəçevir şəhərinin formalaşması və inkişafı bilavasitə enerji infrastrukturu, xüsusilə Mingəçevir SES-in  inşası ilə bağlıdır. XX əsrin ortalarında Kür çayı üzərində  SES-in tikilməsi şəhərin iqtisadi funksional təyinatını müəyyən edib və onun sənaye mərkəzi kimi formalaşmasına təkan verib.  Məhz bu amil Mingəçevirin şəhərsalma strukturunda enerji və sənaye zonalarının aparıcı rol oynamasına səbəb olub.

Mingəçevir şəhərində sənaye və enerji obyektlərinin mövcudluğu ekoloji nəzarətin vacibliyini artırır. Bununla belə, istehsal prosesləri nəticəsində yaranan tullantıların idarə olunması, su və hava resurslarının mühafizəsi davamlı diqqət tələb edən məsələlərdəndir. Mingəçevir SES yalnız enerji istehsalı baxımından deyil, həm də şəhərin məkan planlaşdırılmasında strateji əhəmiyyətə malikdir. Stansiyanın yerləşdiyi ərazi ətrafında sənaye zonaları formalaşıb. Belə planlaşdırma sənaye fəaliyyətinin yaşayış mühitinə mənfi təsirinin minimuma endirilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Mingəçevir su anbarı və SES şəhərin ekoloji və landşaft strukturuna da təsir göstərir. Su hövzəsinin mövcudluğu mikroiqlimin formalaşmasına, istirahət  zonalarının yaranmasına və şəhərin estetik görünüşünün zənginləşməsinə imkan verir.

 Bu təbii elementlər şəhər mühitinin formalaşmasında da  əsas ekoloji faktorlar kimi çıxış edir. Şəhər ərazisində parklar, xiyabanlar və yaşıllıq zolaqları, parklar yaşayış zonaları ilə inteqrasiya olunmuş şəkildə planlaşdırılıb. Park və bağlar əhalinin istirahəti üçün əlverişli şərait yaratmaqla yanaşı, atmosfer havasının təmizlənməsinə, səs-küy səviyyəsinin azaldılmasına və şəhər mikroiqliminin yaxşılaşdırılmasına müsbət təsir göstərir. 

İnkişaf perspektivləri baxımından Mingəçevir şəhəri üçün dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu gün "ağıllı şəhər" elementlərinin mərhələli şəkildə tətbiqi, yaşıllıq sahələrinin artırılması, sənaye və yaşayış zonaları arasında balansın qorunması şəhərin gələcək inkişafını təmin edə bilər. Mingəçevir su anbarının turizm potensialından daha səmərəli istifadə olunması da şəhərin sosial-iqtisadi inkişafına əlavə imkanlar yaradar. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!