07 Yanvar 2026 08:00
434
SİYASƏT
A- A+
Azərbaycan dövlətçiliyinin konseptual inkişaf xəritəsi

Azərbaycan dövlətçiliyinin konseptual inkişaf xəritəsi


Bu xəritədə hərbi güc diplomatiya ilə, iqtisadi inkişaf sosial ədalətlə, milli birlik qlobal mövqe ilə uzlaşdırılır


Tarix bəzən hadisələrlə yanaşı, həmin hadisələrin necə ifadə olunması ilə də yazılır. Dünyanın müxtəlif ölkələrində dövlət başçılarının il dəyişikliyi anında xalqa müraciətləri bu baxımdan sadəcə bayram təbriki kimi yox, müəyyən bir dövrün siyasi fəlsəfəsini, ideoloji çərçivəsini və gələcəyə dair strateji baxışı əks etdirən mühüm sənədlər kimi görünür. 

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti tarixi Zəfərimizdən sonrakı 5 möhtəşəm ildə formalaşan yeni Azərbaycan reallığının sistemli izahı, dövlətçilik fəlsəfəsinin açıq manifesti kimi yadda qaldı. 


Vahid ideoloji xətt üzərində


2025-ci il Azərbaycanın müasir tarixində artıq təkcə müharibədən sonrakı bərpa mərhələsi kimi deyil, Zəfərin tam legitimləşdirildiyi, suverenliyin beynəlxalq miqyasda möhkəmləndiyi və dövlətin yeni güc mərhələsinə keçdiyi il kimi dəyərləndirilir. Prezidentin müraciətində bu xətt ardıcıl şəkildə aparılır: daxili sabitlikdən başlayaraq, hərbi gücə, diplomatik qələbədən iqtisadi dayanıqlığa, milli birlikdən qlobal mövqeyə qədər bütün istiqamətlər vahid ideoloji xətt üzərində birləşdirilir.

2025-ci ilin Azərbaycan üçün uğurunu müəyyən edən əsas göstəricilər sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunaraq daha da möhkəmləndirilməsidir. Bu anlayışlar tarixi Zəfərimizdən sonrakı dövr üçün həssas siyasi göstəriciləridir. Müharibədən çıxmış ölkələr üçün ən böyük çağırış, adətən, daxili sabitliyi qorumaq sayılır. Azərbaycan bu mərhələdə sabitliyi qorumaqla yanaşı, onu inkişafın əsas dayağına çevirə bilmişdir.

Prezident xüsusi olaraq xalq-iqtidar birliyi anlayışını ön plana çəkir və bunu ölkəmizin nailiyyətlərinin əsas amili kimi təqdim edir. Bu vurğu da təsadüfi deyil. Müasir dövlətçilikdə legitimliyin əsas mənbəyi yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır, eyni zamanda məhz ictimai etimada söykənir. Azərbaycan modelində bu ictimai etimad müharibə dövründə formalaşan milli həmrəylik üzərində daha da möhkəmlənmişdir.

Xalq-iqtidar birliyi burada yalnız emosional çağırış kimi nəzərə çarpmır, siyasi sabitliyin institusional əsaslandırılması kimi diqqəti çəkir. Dövlət rəhbərimiz bu birliyi gələcəyin təminatı kimi təqdim edərək 2026-cı ilin də ölkəmiz və xalqımız üçün uğurlu keçəcəyinə əminliyini bildirdi. Bu əminlik əsla ritorik optimizm deyil, əvvəlki nəticələrə əsaslanan siyasi proqnozdur.


Zəfərin 5 ili - dövlət yaddaşına çevrilən tarix 


2025-ci ilin ən mühüm siyasi-simvolik hadisələrindən biri Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin beşinci ildönümünün qeyd edilməsi oldu. Dövlətimizin rəhbəri də bu faktı böyük fəxarət hissi ilə xatırladı və vurğuladı ki, bu Zəfər bizimlə əbədi qalacaqdır.

Zəfər təkcə hərbi nəticə olmayıb, artıq Azərbaycan xalqının milli identikliyinin ayrılmaz hissəsidir. Otuz il davam etmiş işğalın sona çatdırılması Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, milli ləyaqətimizin də bərpasıdır.

Cənab İlham Əliyevin təbrik nitqində vurğuladığı digər mühüm məqam ötən illərdə ordu quruculuğu sahəsində görülmüş işlərdir. Zəfərin 5 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirilən texnika, silahlı qüvvələrimizdə aparılmış struktur dəyişiklikləri də Azərbaycanın təhlükəsizlik siyasətinin mahiyyətini nümayiş etdirərək həm texnoloji modernləşmə, həm də insan resurslarının gücləndirilməsi baxımından ordumuzun inkişaf nailiyyətlərini göstərir.  Yerli istehsal olan silahlardan istifadə ilə xaricdən alınmış müasir texnikanın sintezi Azərbaycanın müdafiə sənayesindəki balanslı yanaşmanın uğurudur. Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibinin minlərlə əsgər və zabitdən ibarət olması ordumuzun çevik, peşəkar və yüksək döyüş qabiliyyətinə malik struktur kimi formalaşdırıldığını sübuta yetirir. 

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan qətiyyən yeni müharibəyə hazırlaşmır. Lakin bununla yanaşı, müasir dünyada təhlükəsizliyin yalnız niyyətlə deyil, güclə də qorunduğu reallıqdır. "Kim güclüdür, o da haqlıdır" prinsipinin qlobal səviyyədə yayılması fonunda Azərbaycan öz seçimlərini və suverenliyini qorumağa hazır olmalıdır.

Azərbaycan Prezidenti xalqa müraciətində Vətən müharibəsi zamanı şəhid olmuş hərbçiləri xüsusi ehtiramla xatırladı. Prezident bununla ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş Vətən övladlarının əziz xatirəsinə əbədi hörmətlə şəhidlərimizə ehtiram yaddaşını dövlətin kollektiv şüurunun bir hissəsinə çevirmiş oldu. Bu, postmüharibə dövründə milli kimliyin konsolidasiyası baxımından son dərəcə mühüm məqamdır.


Bu gün bütün dünya Azərbaycanın haqlı olduğunu qəbul edir  


Tarixdə hərbi qələbələr çox baş verib. Ancaq hərbi qələbəni beynəlxalq hüquq və siyasi reallıq müstəvisində təsdiqləmək hər ölkəyə nəsib olmur. Prezidentin müraciətində xüsusi vurğulanan əsas məqamlardan biri də məhz budur: Azərbaycan Vətən müharibəsində qazandığı Zəfəri yalnız silah gücü ilə deyil, ardıcıl, məqsədyönlü və uzaqgörən diplomatik fəaliyyətlə möhkəmləndirmişdir.

Bu mərhələdə Azərbaycan diplomatiyasının əsas strategiyası üç istiqamət üzrə formalaşmış, qələbənin hüquqi əsaslarının beynəlxalq auditoriyaya izahı, münaqişə anlayışının beynəlxalq gündəlikdən çıxarılması, postmünaqişə dövründə sülh təşəbbüskarı kimi çıxış etmək istiqamətlərinin hər birində Azərbaycan mühüm nəticələr qazanmışdır. Dövlət rəhbərimizin də vurğuladığı kimi, bu gün bütün dünya Azərbaycanın haqlı olduğunu qəbul edir. Bu, sadəcə siyasi bəyanat olmayıb, illərlə düzgün məcrada aparılmış hüquqi-siyasi mübarizənin nəticəsidir. Xüsusilə qeyd edilməli məqam həm də ondan ibarətdir ki, Azərbaycan başqa ölkələrin torpaqlarında gözü olmayan bir dövlətdir. Silahdan istifadə yalnız öz ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyıb. Bu yanaşma beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini ciddi şəkildə gücləndirmişdir.

Ötən ilin ən ciddi nailiyyətlərindən biri ATƏT-in Minsk qrupunun faktiki olaraq tarixin arxivinə göndərilməsi oldu. Bununla 30 ilə yaxın davam etmiş beynəlxalq vasitəçilik modelinin iflası rəsmən etiraf edildi. Məlumdur ki, Minsk qrupu bu illər ərzində "münaqişənin həlli" adı altında, əslində, status-kvonu qoruyan, işğalı faktiki olaraq legitimləşdirməyə çalışan mexanizmə çevrilmişdi. Azərbaycan isə bu modeli qəbul etmədi, münaqişənin yeganə real həllinin beynəlxalq hüququn tətbiqindən keçdiyini hər zaman bildirdi və ordumuzun gücü ilə beynəlxalq hüquq normalarının yerinə yetirilməsini özü təmin etdi. 

Vətən müharibəsindən sonra yaranmış yeni reallıq Minsk qrupunun mövcudluğunu mənasızlaşdırdı. Prezidentin vurğuladığı kimi, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Bu, Azərbaycan üçün də, ümumən regionumuz üçün də tarixi dönüş nöqtəsidir. Çünki 30 il ərzində ölkənin əsas siyasi gündəmi olan məsələ artıq bağlanmış hesab edilir.

Bu mərhələdə Azərbaycan qalib ölkə kimi Ermənistana sülh əli uzatdı. Bu addım beynəlxalq aləmdə yüksək qiymətləndirildi və Azərbaycanın məsuliyyətli regional aktor imicini daha da möhkəmləndirdi.


Sülhə doğru


Prezidentin müraciətində xüsusi vurğulanan məqamlardan biri də ötən ilin avqustunda, Vaşinqtonda, Ağ Evdə Ermənistanla sülh müqaviləsinin paraflanmasıdır. Tarixi baxımdan bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Çünki Azərbaycan cəmi beş il ərzində müharibədən sülh mərhələsinə keçə bilmişdir. Bu fakt iki mühüm həqiqəti də ortaya qoyur: Azərbaycan hər zaman müharibəni məqsəd deyil, vasitə kimi görmüş, tarixi qələbəmizlə məqsədə çatdıqdan sonra əsas prioritet məhz sabitlik və inkişaf olmuşdur.

Azərbaycan Prezidentinin "Biz əbədi müharibə aparmaq fikrində deyilik" fikri bu kontekstdə xüsusi məna kəsb edir. Dövlətimiz öz gələcəyini qətiyyən münaqişə üzərində deyil, məhz sülh və əməkdaşlıq üzərində qurmaq niyyətindədir. Bu yanaşma region üçün də yeni imkanlar açır.

Sülh müqaviləsinin cəmi beş il sonra paraflanması Azərbaycan dövlətinin həm siyasi iradəsinin, həm də diplomatik çevikliyinin göstəricisidir. Bu, postsovet məkanında nadir rast gəlinən bir presedentdir.

Prezident müraciətində Azərbaycanın öz Qələbəsini dünyanın ən mötəbər siyasi məkanlarından birində - Ağ Evdə, ABŞ Prezidentinin iştirakı ilə möhürlədiyini xüsusi vurğu ilə qeyd etdi. Bu detalın qeyd olunması əsla təsadüfi deyildir. Ağ Ev faktoru burada Azərbaycanın qələbəsinin qlobal güc mərkəzləri tərəfindən qəbul edilməsi, postmünaqişə reallığının beynəlxalq siyasi sistemə inteqrasiyası, Azərbaycanın regional aktordan qlobal etibarlı tərəfdaşa çevrilməsi və sair bu kimi çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Bu mühüm hadisə ilə 30 il ərzində Azərbaycanın qarşısında duran əsas vəzifə - ərazi bütövlüyünün bərpası və bunun dünya tərəfindən qəbul edilməsi tam şəkildə öz həllini tapmışdır.


Gələcək inkişafın platforması


Prezident İlham Əliyev müraciətində 2025-ci ildə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərə xüsusi yer ayırdı. Ölkəmizin evsahibliyi etdiyi qlobal tədbirlər Azərbaycanın getdikcə güclənən beynəlxalq mövqeyini, regional əhəmiyyətini, ölkəmizə olan etimadı göstərir və Azərbaycan bu tədbirlərlə təkcə iştirakçı deyil, gündəm formalaşdıran aktor olduğunu nümayiş etdirir.

Xüsusilə ötən il Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünün keçirilməsi tarixi-siyasi baxımdan son dərəcə əhəmiyyətlidir. Xankəndi uzun illər separatizmin və beynəlxalq hüquqsuzluğun simvolu kimi təqdim edilirdi. Bu şəhərdə beynəlxalq zirvənin keçirilməsi isə Azərbaycanın suverenliyinin artıq mübahisə mövzusu olmadığını, fakt və reallıq səviyyəsində qəbul edildiyini göstərir.

Bu tədbir eyni zamanda postmünaqişə mərhələsində Azərbaycanın regional əməkdaşlıq mərkəzinə çevrilmək iddiasını açıq şəkildə ortaya qoyur. Qarabağ artıq yalnız keçmiş münaqişənin xatirəsi deyil, gələcək inkişafın platforması kimi təqdim olunur.

Prezident müraciətində Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə görüşünü də ayrıca qeyd etdi. Bu vurğu Azərbaycan üçün türk dünyasının strateji birlik platforması olduğunu göstərir.

Türk Dövlətləri Təşkilatı son illər ərzində simvolik birlikdən real siyasi-iqtisadi əməkdaşlıq mexanizminə doğru sürətlə inkişaf etməkdədir. Qəbələ Zirvəsi bu prosesdə mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycanın bu prosesdə fəal və təşəbbüskar mövqedə çıxış etməsi ölkənin regional liderlik gücünü də nümayiş etdirir.

Burada diqqət çəkən məqam həm də ondan ibarətdir ki, Azərbaycan öz xarici siyasətini yalnız bir istiqamət üzrə deyil, çoxvektorlu və balanslaşdırılmış şəkildə aparır. Türk dünyası ilə yaxınlaşma digər beynəlxalq tərəfdaşlıqlara alternativ deyil, onları tamamlayan strateji xətt kimi təqdim olunur.


Müstəqil siyasətin iqtisadi təminatı


Prezidentin nitqində xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın heç bir xarici diktəni qəbul etməməsi ilə bağlıdır. Bu, müasir beynəlxalq münasibətlər sistemində olduqca önəmli siyasi mövqedir. "Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın" fikri Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən birini açıq şəkildə ifadə edir: bu, suveren qərarvermə hüququdur. Bu prinsip təkcə siyasi ritorika deyil, praktiki siyasətdə də ardıcıl şəkildə tətbiq olunur.

Azərbaycan öz tərəfdaşları ilə münasibətləri bərabərhüquqlu əsasda qurur. Bu yanaşma ölkənin həm Qərb, həm Şərq, həm də regional aktorlarla münasibətlərində özünü göstərir. Son illərdə təzyiq cəhdlərinin tədricən azalması isə Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın artan gücünün və müstəqil siyasətinin nəticəsidir.

Azərbaycanın artan gücü isə yalnız hərbi potensialla məhdudlaşmır, bura güclü siyasi iradə, xalq-iqtidar birliyi, iqtisadi imkanlar, düzgün enerji siyasəti, nəqliyyat-logistika üstünlükləri və onlardan məqsədyönlü istifadə strategiyası da daxildir. Bu amillərin sintezi Azərbaycanın müasir dövrdə regional gücdən orta ölçülü qlobal aktora doğru inkişaf edərək irəlilədiyini göstərir. Xüsusilə enerji və nəqliyyat layihələri Azərbaycanın beynəlxalq sistemdəki rolunu gücləndirən əsas amillərdəndir. 

Prezidentin müraciətində təqdim olunan iqtisadi göstəricilər də diqqəti çəkir. 80 milyard dollardan artıq valyuta ehtiyatları, xarici borcun ÜDM-in cəmi 6,3 faizini təşkil etməsi Azərbaycanın iqtisadi dayanıqlığını açıq şəkildə göstərir.

Bu rəqəmlər dövlətin müstəqil qərarvermə qabiliyyətinin iqtisadi təminatıdır. Xarici borcun az olması, valyuta ehtiyatlarının isə onu dəfələrlə üstələməsi Azərbaycanı xarici təsirlərdən qoruyur. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini yüksəltməsi bu reallığın beynəlxalq maliyyə dairələri tərəfindən də qəbul edildiyini sübut edir.


Böyük qayıdış - yeni sosial həyat modeli


Prezidentin müraciətində xüsusi yer tutan mövzulardan biri də Böyük qayıdış proqramıdır. Bu proqram sosial və infrastruktur layihəsi olmaqla yanaşı, həm də tarixi ədalətin bərpasının institusional mexanizmidir. Otuz ilə yaxın müddətdə doğma yurdlarından didərgin salınmış insanların geri dönüşü Azərbaycan dövlətçiliyinin mənəvi borcu idi və bu borc sistemli şəkildə yerinə yetirilir.

Artıq 70 minə yaxın insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, çalışır, təhsil alır. Bu rəqəm postmünaqişə dövrü üçün son dərəcə əhəmiyyətlidir. Çünki müharibədən sonra ərazilərin bərpası qədər, insanların orada real və dayanıqlı şəkildə yerləşdirilməsi də əsas məsələdir. Keçmiş məcburi köçkünlərin 32 kənd, qəsəbə və şəhərdə yerləşdirilməsi göstərir ki, proses simvolik deyil, genişmiqyaslı və mərhələli şəkildə aparılır. Bu, dövlətin planlı inkişaf modelinin açıq göstəricisidir.

Böyük qayıdış yalnız evlərin tikintisi ilə məhdudlaşmır, Qarabağda, Şərqi Zəngəzurda yeni sosial həyat modeli formalaşdırılır. Bu modelin əsas xüsusiyyətləri  müasir infrastruktur, təhsil və səhiyyə xidmətlərinə çıxış, daimi iş yerlərinin yaradılması, rəqəmsal və "yaşıl" texnologiyaların tətbiqidir.

İşğaldan azad edilmiş torpaqlarımız artıq keçmişin ağrısını daşıyan məkan yox, gələcəyin nümunəvi həyat modeli sayılır. Burada yaradılan şərait insanların yalnız fiziki deyil, psixoloji və sosial reinteqrasiyasını da təmin edir. Dövlət keçmiş məcburi köçkünləri layiqli vətəndaş həyatına qaytarır. 

Prezidentin də bəyan etdiyi kimi, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi Azərbaycan dövləti üçün önəmlidir. Bu yanaşma Azərbaycan diasporunu milli varlığın qlobal şəbəkəsi kimi təqdim edir. Bununla Azərbaycan dövləti göstərir ki, xaricdə yaşayan vətəndaş və soydaşlarımızın hüquqları, təhlükəsizliyi və ləyaqəti onun diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə xalqa müraciəti mahiyyət etibarilə müasir Azərbaycan dövlətçiliyinin tam konseptual xəritəsini təqdim etmiş oldu. Bu xəritədə hərbi güc diplomatiya ilə, iqtisadi inkişaf sosial ədalətlə, milli birlik qlobal mövqe ilə uzlaşdırılır.

Bu müraciət göstərir ki, Azərbaycan artıq yalnız keçmişin problemlərini həll edən ölkə deyil. O, gələcəyini planlayan, öz yolunu müəyyən edən, regional və qlobal miqyasda söz sahibi olan dövlətdir.

Zəfər geridə qalmayıb - o, dövlətin özünəinamına çevrilib, sülh təmin edilmiş reallığa qovuşub, milli birlik praktik siyasətin əsas dayağı kimi möhkəmlənib. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında

01:55
08 Yanvar

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:54
08 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında

01:53
08 Yanvar

BİLDİRİŞ

01:53
08 Yanvar

Rubio: ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var  

23:51
07 Yanvar

Rubio: Venesuela rəhbərliyi ələ keçirilən neft tankeri ilə bağlı bizimlə əməkdaşlıq edir  

23:41
07 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub

21:52
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!