Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri, ən yeni tariximizin ilk səhifəsi hesab edə biləcəyimiz 1990-cı ilin 20 Yanvarından 36 il keçir. Azadlıq tariximiz də o gündən başlayır, müstəqilliyə gedən yoldakı qətiyyətimiz də. Mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadə əbəs yerə deməmişdi: "Torpağın qoynuna cəsədləriylə Azadlıq toxumu əkdi şəhidlər".
O da həmin şəhidlərdən biridir. Ayaq izləri qalıb Salyanda. Məzarı da dünyaya göz açdığı, boya-baş çatdığı torpaqdadır. Surəti isə onu tanıyanların, sevənlərin, qədirbilən xalqımızın qəlbində əbədi yurd salıb.
20 Yanvar 1990-cı il hadisəsi zamanı qanlı imperiya ilə mübarizədə nakam gedən qurbanlardan biri - Elçin İmanovdan söz açırıq. Zəhmətkeş və ziyalı ailədə boy atmışdı. Ürəyində gələcəkdə həkim olmaq, xalqa, Vətənə xidmət etmək arzusu var idi. Buna görə də dərslərinə münasibəti gündən-günə ciddiləşirdi. Hər gün məktəbdən gələr, azacıq istirahət etdikdən sonra kitabları qarşısına tökərdi. Bütün fənləri lazımınca öyrənmək üçün özünə rejim cədvəli də tərtib etmişdi. Kimya, biologiya, fizika, Azərbaycan dili, ədəbiyyat dərslərinin sadədən tutmuş mürəkkəbə qədər hər bir sirrinə mükəmməl yiyələnməyə səy göstərirdi. Vaxt tapanda isə məhəllə yoldaşları ilə futbol da oynayardı.
Elçinin nümunəvi davranışı, dərslərdəki əzmi valideynlərini də, müəllimlərini də sevindirirdi. Bir gün atası Beydulla kişi dərslərini hazırlayan Elçinin otağına gəlir, başına sığal çəkib ondan "Gələcəkdə hansı sənətin sahibi olmaq istəyirsən?" deyə soruşur. O zaman 9-cu sinif şagirdi olan Elçin əmisi Sahib kimi diş həkimi olmaq istədiyini bildirir. Atası gülümsəyərək əyilib oğlunun üzündən öpür və qardaşı ilə görüşlərin birində Elçinin də onun kimi diş həkimi olmaq arzusunda olduğunu söyləyir. Sahib həkim bu xəbərdən məmnun olur, nəsildə peşəsinin davamçısı yetişəcəyindən sevinir.
Günlər, aylar, illər bir-birini əvəz edir. Elçin orta təhsilini başa vurub elə həmin il - 1986-cı ilin yayında sənədlərini ovaxtkı N.Nərimanov adına Tibb İnstitutunun Stomatologiya fakültəsinə verir. Tələbə adını qazanır. Tələbə biletini, qiymət kitabçasını əlinə alanda sevinci yerə-göyə sığmır. Hər iki sənəddə "İmanov Elçin Beydulla oğlu. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu Stomatologiya fakültəsi. Birinci kurs, 445-ci qrup" sözləri yazılmışdı.
Həmin dövrün qayda-qanununa görə ali məktəblərdən də hərbi xidmətə çağırırdılar. Odur ki, Elçin birinci kursu başa vurduqdan sonra hərbi xidmətə gedir. Əvvəl Rusiyanın Volqoqrad vilayətində, bir neçə ay sonra isə Almaniyada xidməti borcunu yerinə yetirir. Əsgərlik illərində də Elçin arzularından bir an olsun belə ayrı düşmür. Məktublarının birində kitablarının bağlama ilə göndərilməsini xahiş edir.
Əsgərlik həyatı onu təhsildən müəyyən vaxt geri atsa da, xeyri də dəyir. Bərkə-boşa düşür, ağı qaradan, yaxşını yamandan ayırd etməyi öyrənir. Başqa millətdən olan əsgər yoldaşlarının yanında öz valideynlərinin, doğulub boya-başa çatdığı Vətənin - Azərbaycanın adını ucaltmağa çalışır. Buna görə dəfələrlə komandanlığın təşəkkürnaməsini alır.
İki il ötüb keçir. Elçin əsgərlik borcunu yerinə yetirib Vətənə qayıdır. Yenidən qayğılı tələbəlik illəri başlanır.
Elçin və ovaxtkı Xalq Təsərrüfatı İnstitutunda oxuyan qardaşı Fuadla indiki Cəlil Məmmədquluzadə küçəsində olurdular. Ataları ailələrinin maddi imkanını nəzərə alıb onlar üçün ucuz qiymətə birotaqlı həyət evi kirayə etmişdi. Özü də ayda bir-iki dəfə Bakıya gəlib oğlanlarının dərdini-sərini öyrənər, dərsləri ilə maraqlanar, rayondan gətirdiyi ərzağı verib geri qayıdardı. Lakin tələbəliyin ən şirin anlarını özündə yaşadan yataqxana həyatı onları maqnit kimi həmişə çəkirdi. Odur ki, vaxt tapan kimi Elçin tələbə yataqxanasına - qrup yoldaşlarının yanına gedər, birlikdə seminar və imtahanlara hazırlaşar, maraqlı diskusiyalar aparardılar. Çox vaxt qardaşı Fuad da ona qoşulardı. Bu o vaxtlar idi ki, Bakı qaynar qazanı xatırladırdı. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi, respublikaya rəhbərlik edənlərin Moskva qarşısında acizlik göstərmələri, heç bir təsirli tədbir həyata keçirə bilməmələri, yalnız öz vəzifə kürsülərini qorumaq cəhdləri xalqı sözün əsl mənasında hövsələdən çıxarmışdı. Xalq öz sözünü demək üçün Azadlıq meydanına toplaşır, vəziyyətdən çıxış yolu tapmaqdan ötrü mitinqlər keçirirdi.
Həmin hadisələr vaxtı mitinq iştirakçılarının demək olar ki, çox hissəsini tələbələr təşkil edirdi. Gənclər bütün ölkələrdə tarixin dönüş nöqtələrində aparıcı qüvvə olublar. O zaman Bakıda da belə idi. Əksər ali məktəblərin tələbələri kimi indiki Tibb Universitetində təhsil alan gənclər də ictimai-siyasi hərəkatda fəal iştirak edirdilər.
Elçinin qardaşı Fuad deyir ki, qış sessiyası idi. Elçin yanvarın 19-da növbəti imtahandan "əla" qiymət almışdı. Ovqatı yaxşı idi. Lakin baş verən hadisələr bütün tələbələr kimi onu da narahat edirdi. Söz-söhbət gəzirdi ki, rus qoşunları şəhərə girəcək. Ehtimallar düz çıxdı. Axşamüstü tələbə gənclər televizorun qarşısında oturub hadisələrin gedişini izləyirdilər. Birdən-birə televizor söndü. Elçin qardaşı Fuadla həmin vaxt tələbə dostlarının yanında idi. Yataqxananın həyətində bir neçə avtobus dayanmışdı. Nə məqsədlə bilən yox idi. O zaman cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, sovet ordusu, o vaxt deyildiyi kimi, Qızıl Ordu öz xalqına əl qaldırmaz. Baş verəcəklərdən, imperiyanın qanlı, məkrli planlarından heç kəsin xəbəri yox idi. Bilən yox idi ki, bu Qırmızı ordu ermənipərəst - cinayətkarlardan təşkil olunmuş xüsusi dəstə Azərbaycan xalqının gözünü qorxutmaq, xalqımızı qanına qəltan etmək üçün gəlmişdi. Bu, bədnam M. Qorbaçovun xüsusi hazırlanmış planı idi.
Həyətə düşən tələbələrə avtobuslara oturmaq komandası verildi. Keçmiş Çapayevlə L.Şmidt küçələrinin kəsişməsində avtobuslardan düşən tələbələr silahlı ordu tərəfindən atəşə tutuldular. Gecənin bağrını dəlib keçən güllələrdən biri də Elçin İmanova tuş gəldi. Qardaşı Fuad, tələbə dostları Səlim, Cavid, Əlipaşa onu təcili yardım maşını ilə 4 saylı xəstəxanaya çatdırsalar da, həkimlər gənci xilas edə bilmədilər. Elçin 20 Yanvar gecəsi saat 12 radələrində aldığı güllə yarasından keçindi.
Gecə vaxtı çətinliklə də olsa, onu Salyana gətirdilər. Səhəri gün bütün Salyan camaatı yığışaraq Elçin İmanovu böyük kədər və ehtiramla son mənzilə yola saldı. Şəhid adı, ömrün şəhidlik zirvəsi ifadəsi o gündən leksikonumuzda ən müqəddəs sözə çevrildi. Ailə üzvlərinin, rayon ictimaiyyətinin yaxından iştirakı ilə yüksək səviyyədə hüzn mərasimi keçirildi. Qəbri üstündə abidə tikildi.
Ulu Tanrı tərəfindən hər kəsə bir ömür payı verilir. Kiminə az, kiminə çox. Sonda isə bir gün gələnlər bir gün də tərk edir bu dünyanı. Fərq ondadır ki, verilən ömür payını necə yaşamısan, özündən sonra hansı izi qoyub getmisən. Şəhidlərimizin çoxu gənc yaşlarında həyatdan köç ediblər. Onların ürəklərində bəslədikləri neçə-neçə şirin arzuları sona çatmayıb, yarı yolda qalıb. Əksər hissəsi heç ailə həyatı da qurmayıb. Elçin İmanov üçün də el adəti ilə elçi gediləcək, qırmızı xonçalar bəzənəcək, toy olacaqdı. Bütün gənclər kimi, onun da gözaltısı, seçib sevdiyi qız vardı. 20 gün əvvəl Yeni il münasibətilə onu təbrik edib bir dəstə gül də bağışlamışdı. Sevinc, xoşbəxtlik, vüsal rəmzi olan qərənfillər respublikamızda görüşə, təbrikə aparılan, bəlkə də son güllər idi. Qanlı Yanvar faciəsindən sonra onların da təyinatı, ünvanı dəyişdi.
Ali təhsilini başa vurduqdan sonra ailə həyatı qurmaq, ev-eşik sahibi olmaq, ata-ana borcunu qaytarmaq, işləyib həkim kimi cəmiyyətə xeyir vermək Elçinin ən ülvi və pak arzuları idi. Amma nə edəsən ki, ürəyində bəslədiyi şirin duyğular namərd gülləsinə tuş gəldi, arzuları yarı yolda qaldı. Əvəzində ömrünün 24-cü qışında şəhidlik zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu.
İllər, qərinələr, əsrlər keçəcək, adları Azərbaycanın müstəqillik tarixi salnaməsinə qızıl hərflərlə yazılan şəhidlərin xatirəsi gələcək nəsillər tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə yad ediləcək. Çünki onlar ölümləri ilə ölməzlik qazanıblar:
Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal secib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə qanınız, canınız var!
Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik, qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!
Bir ata övladından el oğluna döndünüz,
Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da, əsrlərlə sağsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çələngə, min gülə.
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!
Seyran CAVADOV,
"Azərbaycan"