Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar,
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!
Xəlil Rza Ulutürkün poeziyasında azadlıq bir arzu deyil, insanın mənəvi varlığını müəyyən edən ali dəyərdir, Vətən sevgisi isə sözlə ifadə olunan hissdən daha çox ömür boyu sədaqət tələb edən müqəddəs bir əqidədir. Şairin misralarından yüksələn etiraz və mübarizə ruhu xalqın milli oyanışına ilham verir, ana dilinə bağlılığı və istiqlal yanğısı isə yaradıcılığına xüsusi mənəvi qüdrət qazandırır. Xəlil Rza üçün şair olmaq şeir yazmaq deyil, həm də zamanın qarşısında öz sözünə, xalqının taleyi qarşısında isə vicdanına cavabdeh olmaq idi. Məhz buna görə şairin poeziyası ilə həyatı arasında keçilməz sərhəd yoxdur - səsləndirdiyi fikirləri mübarizəsi ilə təsdiqləyən sənətkarın sözü bu gün də azadlığın, milli qürurun və Vətənə sədaqətin canlı ifadəsi kimi səslənir.
Oktyabrın 21-də anadan olmasının ildönümünü qeyd etdiyimiz Xəlil Rza Ulutürk 1932-ci ildə Salyanın (indi Neftçalanın) Pirəbbə kəndində dünyaya göz açıb. O, uşaqlıqdan xalqın canlı dilini, şifahi ədəbiyyatın zənginliyini və klassik poeziyanın mənəvi dünyasını mənimsəyərək gələcəyin sənətkarı kimi formalaşıb. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması onun ədəbiyyat və dil sahəsindəki biliklərini daha da dərinləşdirib. Sonralar şair, ədəbiyyatşünas alim və tərcüməçi kimi qazandığı uğurlar Xəlil Rza Ulutürkün istedadının yalnız coşqudan deyil, həm də zəhmətdən, elmi axtarışdan və sözə məsuliyyətlə yanaşmaqdan qaynaqlandığını təsdiq edir. Filologiya elmləri doktoru Xəlil Rza müxtəlif xalqların ədəbi nümunələrini Azərbaycan dilinə çevirərək milli ədəbiyyatımızın üfüqlərini genişləndirmişdir.
Şairi oxucu yaddaşında əbədi yaşadan başlıca xüsusiyyət onun azadlığa münasibəti idi. Onun üçün azadlıq abstrakt siyasi anlayış, şüar və ya kağız üzərində elan edilən hüquq deyil, eyni zamanda insanın ləyaqətlə yaşaması, öz dilində danışması, milli kimliyini qoruması, gələcəyini özü müəyyənləşdirməsi demək idi. Buna görə də şairin poeziyasında azadlıq istəyi mücərrəd arzudan çıxaraq iradəyə, iradə isə əmələ çevrilirdi. Yuxarıda misralarını xatırlatdığımız şeirdəki "səma", "günəş" və "cahan" obrazları azadlığın məhdudlaşdırıla bilməyən mahiyyətini ifadə edir. Şairin təsəvvüründə azadlıq insana damcı-damcı verilən bir nemət deyil, onun mənəvi varlığının ayrılmaz hissəsidir. Xəlil Rzanın sənətkarlıq qüdrəti həm də ondadır ki, o, şeiri şəxsi hisslərin ifadəsi çərçivəsində saxlamırdı. Onun misralarında fərdi duyğu ictimai məna qazanır, bir insanın etirazı bütöv xalqın səsinə çevrilirdi. Sözün təsir gücü şairin yaradıcılığında milli azadlıq düşüncəsinin mühüm ifadə vasitələrindən idi. Onun poeziyası oxucunu yalnız düşünməyə deyil, öz mövqeyini müəyyənləşdirməyə, mənəvi məsuliyyətini dərk etməyə çağırırdı.
1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı genişlənərkən Xəlil Rza Ulutürk bu proseslərin fəal iştirakçılarından oldu. O, meydanlarda, ictimai çıxışlarında və yazılarında xalqın istiqlal arzusunu cəsarətlə ifadə edirdi. 1990-cı il yanvarın 26-da həbs edilərək Moskvadakı Lefortovo həbsxanasına göndərilməsi şairin mübarizə yolunun ən ağır sınaqlarından biri idi. Həbsxana divarları şairin iradəsini susdura bilmədi. Xəlil Rza orada da yazdı, mübarizəsini sözlə davam etdirdi. "Lefortovo gündəliyi" və həmin dövrdə qələmə aldığı əsərlər onun azadlıq ideallarına sədaqətinin, sarsılmaz iradəsinin ifadəsinə çevrildi. 1990-cı ilin oktyabrında azadlığa buraxılan şair xalqın müstəqillik mübarizəsindəki mövqeyini qoruyub saxladı.
Xəlil Rza üçün Vətən sevgisi təkcə yüksək səslə söylənilən sözlərdən ibarət deyildi, bu sevgi torpağa, xalqa, milli yaddaşa və ana dilinə bağlılıqda özünü göstərirdi. O, dilin saflığını qorumağı, onun ifadə imkanlarını genişləndirməyi milli varlığın qorunması ilə əlaqələndirirdi.
"Mən Azərbaycanam!" şeirində Xəlil Rza Ulutürkün Vətən sevgisini, milli qürurunu və mənəvi böyüklüyünü, şairin özünün obrazını görürük. Bu şeirdə şair Vətəni sadəcə tərənnüm etmir, onun tarixi taleyini, ağrılarını, səxavətini və sarsılmaz yaşamaq iradəsini varlığında yaşadır.
"Hər şeyi alınıb tükənsə belə, eşqi tükənməyən Azərbaycanam!" - deyən Xəlil Rza Azərbaycanın qüdrətini maddi sərvətlərində deyil, tükənməyən ruhunda, milli qürurunda və yaşamaq əzmində görür. Şairin nəzərində Vətənin böyüklüyü çəkdiyi əzablarla ölçülmür; onun böyüklüyü bütün sınaqlara baxmayaraq, varlığını və mənəvi bütövlüyünü qoruyub saxlamasındadır.
Şeirin sonunda səslənən əbədi Azərbaycan ideyası isə bu məhəbbətin zirvəsidir. Xəlil Rza üçün Azərbaycan keçmişin yadigarı deyil, bu günün mənəvi məsuliyyəti və gələcəyin sarsılmaz inamıdır. Onun Vətən sevgisi sözlə məhdudlaşmır, xalqın taleyini öz taleyi bilən, milli azadlığı və ləyaqəti həyatının mənasına çevirən bir şəxsiyyətin dünyagörüşünü ifadə edir. Elə buna buna görə də Xəlil Rzanın böyüklüyündən danışarkən onun yalnız istedadlı şair olduğunu söyləmək kifayət deyil, eyni zamanda Azərbaycanı şeirlərində yaşadan, milli ruhu sözə çevirən və Vətən sevgisini mənəvi əqidə səviyyəsinə yüksəldən sənətkardır.
Xəlil Rzanın həyatında sevinc qədər ağır kədər də var. 1992-ci ildə oğlu Təbriz Xəlilbəyli Qarabağ uğrunda döyüşlərdə şəhid oldu. Övlad itkisi hər bir ata üçün ömürlük faciədir. Vətən uğrunda mübarizəni həyat amalına çevirmiş şair üçün bu ağrı həm də xalqının taleyi ilə bağlı ümummilli hüzn idi. Təbrizin şəhidliyi Xəlil Rzanın həyatında şəxsi faciə ilə milli fədakarlığın qovuşduğu ağır bir məqam kimi qaldı. Şairin bu itki qarşısında yaşadığı iztirab Vətən sevgisinin coşqudan deyil, böyük qurbanlardan və dözülməz sınaqlardan da keçdiyinin bariz nümunəsidir.
Xəlil Rza Ulutürkün yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şair Əməkdar incəsənət xadimi fəxri adına, M.F.Axundzadə adına mükafata və Azərbaycan Respublikasının Xalq şairi adına layiq görülüb. Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif edilib. 1994-cü il iyunun 22-də dünyasını dəyişən sənətkar Fəxri xiyabanda dəfn olunub.
Bu gün Xəlil Rza Ulutürkün irsinə ehtiyacımız onun yalnız böyük şair olmasından irəli gəlmir. Onun həyatı sözlə əməl arasındakı vəhdətin, əqidəyə sədaqətin və milli məsuliyyətin nümunəsidir. Şair həm də bizə öyrədir ki, Vətəni sevmək onun haqqında gözəl danışmaqla bitmir, bu sevgi dili qorumaqda, həqiqəti müdafiə etməkdə, milli dəyərləri yaşatmaqda və çətinliklər qarşısında mənəvi mövqeyini itirməməkdə təzahür edir. Xəlil Rza Ulutürk sözün azadlıq qazandığı, şairin xalqının taleyi ilə birləşdiyi zirvədə dayanır. Şairin səsi zamanın sərhədlərini aşaraq bu gün də insanı düşünməyə, mübarizəyə və öz mənəvi köklərinə bağlı qalmağa çağırır. Onun misralarındakı azadlıq yanğısı heç vaxt sönməyən bir məşəl, Vətən sevgisi isə nəsillərdən-nəsillərə ötürülən mənəvi əmanətdir. Xəlil Rza Ulutürk xalqımızın yaddaşında təkcə istiqlal şairi kimi deyil, azadlığın qiymətini öz ömrü ilə təsdiqləyən böyük sənətkar kimi yaşayacaq. Onun səsi susmur, çünki o səs bir insanın deyil, azad yaşamaq istəyən bir xalqın səsidir.
Elşən QƏNİYEV,
"Azərbaycan"