44 günlük haqq savaşımızda Vətənin müqəddəsliyinə tapınıb şəhidlik yolunu seçən qəhrəmanlardan biri də 19 noyabr 1977-ci ildə Sabirabadın Nərimankənd kəndində dünyaya göz açan Mətləb Məhəmməd oğlu Cəfərovdur.
Yurd sevgisi ilə boya-başa çatan polad biləkli igid 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər döyüşüb, 43 yaşında adını tarixə yazıb. Şərəfli ölümü ilə milyonların ürəyində özünə abidə ucaldan şəhid Mətləb Cəfərovun ömür yolunu Azərbaycan xalqı örnək saymaqla onunla qürur duyur. O, ucaldığı əlçatmaz, ünyetməz göylərin parlaq ulduz kimi yolumuza işıq saçmaqla bərabər, həm də deyir: "Vətən torpağı namusdur, onu qorumalı, sevməli, eləcə məqamı gələndə onun yolunda ölməyi bacarmaq lazımdır".
Mətləb Cəfərov 9-cu sinfə qədər kənd məktəbinə gedib. İki il isə Bakıda liseydə təhsil alıb, universitet bitirib. Sonra hərbi xidmətə yollanıb. Xidmətini başa vurub baş leytenant rütbəsində ehtiyata buraxılıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Mətləb Cəfərov da cəbhəyə yollanıb. Ən qaynar nöqtələrdə döyüşməklə düşmənə sarsıdıcı zərbələr endirib, onun xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşdə qəhrəmanlıq nümayiş etdirib. Təəssüf ki, baş leytenant Mətləb Cəfərov noyabr ayının 2-də Qubadlıda düşmən gülləsinə tuş gəlib. Ağır yaralanıb, 18 gün komada qalıb. Həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 20-də - doğum günündən bir gün sonra şəhidlik zirvəsinə ucalıb.
Vətənpərvərliyin ən ali məqamına yetişib ölümsüzlüyə qovuşan Mətləb Cəfərov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Zəfər ORUCOÜLU