“Azərbaycanla Vyetnam Sosialist Respublikası ilə əlaqələr yüksələn xətlə
inkişaf edir. Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli
siyasi dialoqla yeni dinamika qazanıb. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi
səfəri qarşılıqlı münasibətləri daha da gücləndirəcək”.
Bu fikirləri Milli Məclisin
deputatı Samir Vəliyev deyib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama
dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi
səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin
məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi
Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının
Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində
“Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi
Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə
ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın
isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir.
Millət vəkilinin sözlərinə görə, indiyədək iki ölkə arasında 30-dan çox
sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm
və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari,
elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr
və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar
– Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il
Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər
təşkil olunur.
“Siyasi dialoqun növbəti mühüm mərhələsi kimi noyabrın 19-21-də
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfər etməsi ikitərəfli əlaqələrin
inkişafına böyük töhfələr verəcək. Siyasi münasibətlərin yüksək səviyyəsi
iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb. 2025-ci
ilin yekunlarına görə, 150 milyon ABŞ dollarından çox təşkil edən ticarət
dövriyyəsi mövcud potensialın yalnız başlanğıcı kimi dəyərləndirilir. İqtisadi
tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və
tranzit-logistika istiqamətləri təşkil edir” – deyən Samir Vəliyev əlavə edib
ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və
“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə
yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin
beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi
dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin
genişlənməsinə sanballı töhfə verəcək. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli
dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika
sektorlarında – bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı
birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara
malikdir.
Xüsusi vurğulanmalıdır ki, dövlətimizin başçısı və birinci xanım
Hanoyda çox yüksək səviyyədə qarşılanıb. Cənab Prezidentin bu ölkənin Baş
naziri və parlament sədri ilə məhsuldar görüşləri olub.
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam
Prezidenti To Lamın görüşündə isə iki ölkə arasında əlaqələrin inkişafı çox
yüksək qiymətləndirilib. Həmçinin, dövlət başçıları “Azərbaycan Respublikası
Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi,
Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.
“İki ölkə arasında humanitar, o cümləədən təhsil sahəsində də əməkdaşlığın
perspektivləri mövcuddur. Bu baxımdan, Heydər Əliyev Fondunun Vyetnamda həyata
keçirdiyi layihələr təqdirəlayiqdir. Bütün bunlar göstərir ki, Azərbaycanla
Vyetnam arasında münasibətlərin böyük perspektivi var” – deyə, Samir Vəliyev
vurğulayıb.
“Azərbaycan”