21 Noyabr 2026 14:47
72
Səfərlər
A- A+
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər.

Əvvəlcə Vyetnam Prezidenti çıxış etdi.

Prezident To Lamın
çıxışı

-Zati-aliləri Prezident İlham Əliyev və birinci xanım.

Hörmətli qonaqlar.

Bir daha Sizə, cənab Prezident, birinci xanıma və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnama rəsmi səfəriniz münasibətilə ən səmimi salamlarımı çatdırmaq istəyirəm. Siz “Odlar Yurdu”ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir. Ölkənin qonaqlarını ürəkdən və səmimiyyətlə salamlayan Azərbaycanın zəngin mədəni xalçaları şəxsən məni çox təsirləndirmişdir. Xüsusilə Sizin, birinci xanımın və Azərbaycan xalqının bizə göstərdiyi çox səmimi qəbulu nəzərə alaraq, ötən yay Azərbaycana səfərimdən məndə və Vyetnam nümayəndə heyətinin üzvlərində unudulmaz xatirələr qalıb.

Hörmətli qonaqlar, ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib. Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək. Azərbaycan xalqının Vyetnama milli azadlıq mübarizəsində, yenidən birləşməsində və formalaşmasında verdiyi böyük və qiymətli dəstəyi heç vaxt unutmamalıyıq. Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib. Bu bağlılıq məşhur bəstəkar Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” əsərində və müharibələrin tüğyan etdiyi bir dövrdə işinə sevgisinin onu Vyetnama aparan, xalqımızın ilk film məktəbinin və inqilabi kinoda yer alan aktyorların qızıl nəslinin təməlini qoyan istedadlı rejissor Əjdər İbrahimovun işində öz əksini tapıb.

Cənab Prezident, möhtərəm qonaqlar. Bizim uzunmüddətli ənənəvi dostluq münasibətlərimiz var. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasındakı əlaqələrdə mühüm mərhələlər olub. Xüsusilə qeyd etmək lazımdır ki, Vyetnam ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq iki ölkənin beynəlxalq həmrəyliyinin və dəstəyinin nümunəvi göstəricisidir. Azərbaycan çətin dövrlərdə neft-qaz sektorunun təməlinin qoyulmasında Vyetnama dəstək göstərib. Sonradan bu sahə inkişaf edərək strateji sütuna çevrilib, Vyetnamın sənayeləşməsi, modernləşməsi və beynəlxalq inteqrasiyası proseslərinə mühüm töhfə verib.

Nəsillər boyu liderlərimizin və xalqlarımızın yaratdıqları səmimi əlaqələr, göstərdikləri əzmkar səylər sayəsində 2025-ci ilin mayında strateji tərəfdaşlığın qurulması ilə ikitərəfli əməkdaşlıq tariximiz yeni mərhələyə qədəm qoydu. Bizim borcumuz iki ölkə arasında mövcud olan etimadı və sevgini daha da möhkəmləndirmək, ikitərəfli münasibətlərimizdəki hər bir inkişafın xalqlarımıza əhəmiyyətli fayda gətirməsini təmin etməkdir.

Əziz dostlar, bu səhər Prezident Əliyevlə mən açıq və mühüm ikitərəfli danışıqlar, Vyetnam-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə daha da möhkəmləndirilməsi imkanları və yolları ilə bağlı fikir mübadiləsi apardıq və razılığa gəldik. Mən qəti şəkildə inanıram ki, qarşılıqlı əzmkarlığımız və səylərimiz sayəsində iki ölkə arasındakı coğrafi məsafə yeni əməkdaşlıq layihələri və nailiyyətlər, həmçinin gənclərimiz arasında mövcud olan və əcdadlarımızdan bizə miras qalan dəyərli dostluq bağları ilə aradan qaldırılacaq.

Təlatümlü dünyada Vyetnam regionda və beynəlxalq aləmdə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa töhfə vermək, bununla da hər iki xalqın öz gələcəyini inamla qurması üçün zəmin yaratmaq məqsədilə Azərbaycanla birlikdə çalışmaq istəyir.

Cənab Prezident, ölkələrimiz arasında nəsillər boyu formalaşmış səmimi münasibətləri nəzərə alaraq Sizin Vyetnama səfəriniz şübhəsiz ki, Vyetnam-Azərbaycan əlaqələrinin növbəti inkişaf mərhələsinə yeni təkan verəcək.

X X X

Sonra Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli cənab Prezident, hörmətli birinci xanım.

Xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, məni Vyetnama rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizə yenidən səfər etməyə şadam.

Gələn il biz Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik. Lakin xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir. Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi böyük məmnunluq doğurur.

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. Keçən il hörmətli Prezident cənab To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırdı.

Vyetnama səfərimin nəticələrindən çox məmnunam. Biz səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi apardıq, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq.

Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir.

X X X

Sonda prezidentlər Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmini vurğuladılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var  

14:17
21 Noyabr

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO  

13:39
21 Noyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

13:32
21 Noyabr

Sabahın hava proqnozu açıqlanıb  

13:17
21 Noyabr

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

13:01
21 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

12:01
21 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır  

11:53
21 Noyabr

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

11:50
21 Noyabr

NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

11:48
21 Noyabr

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik  

11:35
21 Noyabr

Mədəniyyət naziri Yeni Dehlidə keçirilən forumun açılış sessiyasında çıxış edib YENİLƏNİB

11:33
21 Noyabr

YAP ilk gündən böyük siyasi qüvvəyə çevrildi   

10:59
21 Noyabr

YAP-ın 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir

10:17
21 Noyabr

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

10:09
21 Noyabr

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

09:47
21 Noyabr

Bilmək istəyirəm

09:45
21 Noyabr

Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

09:43
21 Noyabr

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

09:41
21 Noyabr

Paytaxt rayonlarında qarlı havalara hazırlıq tədbirləri başa çatıb

09:40
21 Noyabr

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

09:35
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!