1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan
Partiyası müasir Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biri idi.
Müstəqilliyinin ilk illərində ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşən,
dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın belə bir
taleyüklü mərhələsində YAP-ın yaranması tarixi zərurətdən irəli gəlirdi. Xalqın
böyük əksəriyyəti ölkəni düşdüyü böhrandan çıxara biləcək yeganə siyasi lider
kimi Ümummilli Lider Heydər Əliyevi görürdü. Məhz onun ətrafında birləşən Azərbaycan
ziyalıları və vətənpərvər insanlar yeni siyasi qüvvənin yaradılması təşəbbüsü
ilə çıxış etdilər.
Ulu Öndərin siyasi nüfuzunun formalaşmasında
onun 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr xüsusi əhəmiyyət
daşıyırdı. Həmin illərdə respublikanın iqtisadi potensialı gücləndirilmiş, sənaye,
kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində ciddi nailiyyətlər əldə
olunmuşdu. Bir vaxtlar ittifaq respublikaları arasında geridə qalan Azərbaycan
qısa müddətdə qabaqcıl respublikalardan birinə çevrilmişdi. Heydər Əliyevin
dövlət idarəçiliyindəki təcrübəsi, prinsipiallığı, qətiyyəti və milli maraqlara
sədaqəti xalqın ona olan inamını daha da möhkəmləndirmişdi.
Ulu Öndərin Naxçıvan dövrü isə dövlətçilik
mövqeyinin ən parlaq nümunələrindən biridir. Ermənistanın hərbi təcavüzü və
blokada şəraitində yaşayan Naxçıvanın müdafiəsi, muxtar respublikanın siyasi və
iqtisadi baxımdan ayaqda saxlanılması məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə mümkün oldu. Məhz Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağı dövlət rəmzi kimi qəbul edildi, sovet ideoloji-siyasi sisteminin
simvollarından imtina istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar Ulu Öndərin
milli dövlətçilik ideallarına sadiqliyinin göstəricisi idi.
1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış
ziyalının Heydər Əliyevə müraciəti və onun oktyabrın 24-də bu müraciətə müsbət
cavab verməsi Yeni Azərbaycan Partiyasının yaradılmasına gedən yolun əsas mərhələləri
oldu. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında partiyanın Proqram
və Nizamnaməsi qəbul edildi, Heydər Əliyev YAP-ın sədri seçildi. Partiyanın təsis
konfransının Bakıda deyil, Naxçıvanda keçirilməsi də o dövrün siyasi
reallıqlarının göstəricisi idi. Beləliklə, xalqın siyasi iradəsini ifadə edən
yeni birlik Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq siyasi qüvvəyə
çevrildi.
Bu hadisə həm də ölkənin idarəçilik
böhranından çıxarılması və güclü dövlət quruculuğunun başlanğıcı kimi qiymətləndirilməlidir. Belə ki, 1990-cı illərin əvvəllərindəki
hakimiyyət böhranı, dövlət idarəçiliyinin zəifləməsi, ərazi itkiləri
AXC-Müsavat cütlüyünün siyasi məsuliyyətsizliyin nəticəsi idi. Nəhayət, 1993-cü
ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə
qayıdışı, oktyabrda isə Prezident seçilməsi Azərbaycanın müasir tarixində yeni
mərhələnin başlanğıcı oldu. Dövlətçiliyin qorunması, vətəndaş müharibəsi təhlükəsinin
aradan qaldırılması, siyasi sabitliyin təmin edilməsi ölkənin gələcək
inkişafının əsasını formalaşdırdı. Atəşkəsə nail olunması, “Əsrin müqaviləsi”nin
imzalanması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və hüquqi dövlət
quruculuğu istiqamətində atılan addımlar müstəqilliyin möhkəmləndirilməsinə
xidmət etdi.
2003-cü ildə xalqın cənab İlham Əliyevə
etimadı Heydər Əliyev siyasi kursunun davamlılığına verilən dəstək idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoydu. İqtisadi gücün artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi,
müasir infrastrukturun yaradılması və müdafiə potensialının gücləndirilməsi nəticəsində
ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrildi. 2020-ci ildə Vətən
müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ilin sentyabrında dövlət suverenliyinin
tam bərpası isə Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu nailiyyətlər Ulu
Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan
Partiyasının VIII Qurultayı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən ilk
qurultay partiyanın qarşısında yeni dövrün çağırışlarına uyğun vəzifələr müəyyənləşdirdi.
Prezident, YAP-ın Sədri İlham Əliyev çıxışında partiyanın ölkənin və regionun
ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək bildirdi: “Yeni Azərbaycan
Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.
Dövlət başçısı həmçinin vurğuladı ki, 1992-ci ilin noyabrında Naxçıvanda
keçirilmiş təsis konfransı faktiki olaraq Azərbaycanın gələcək qələbələrinə yol
açmışdır.
VIII Qurultayda açıqlanan göstəricilər
partiyanın təşkilati potensialını da nümayiş etdirir. 2026-cı il oktyabrın 1-nə
olan məlumata görə, YAP-ın 4953 ərazi partiya təşkilatı üzrə 769 811 üzvü qeydə
alınıb. Onların 398 568 nəfəri qadınlar, 43 379 nəfəri isə 18–29 yaşlı gənclərdir.
Bu rəqəmlər partiyanın geniş ictimai bazaya malik olduğunu, qadınların və gənclərin
siyasi proseslərdə iştirakına diqqət yetirildiyini göstərir.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında
dayanan əsas vəzifələr dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin
möhkəmləndirilməsi, gənc nəslin dövlətçilik ruhunda formalaşmasına töhfə verməkdir.
Müasir siyasi sistemdə partiyaların konstruktiv əməkdaşlığı, ictimai dialoqun
genişləndirilməsi və ümummilli maraqlar ətrafında birliyin qorunması da mühüm əhəmiyyət
daşıyır.
Beləliklə, 34 illik tarixi yol keçən Yeni Azərbaycan
Partiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin
qorunması və ölkənin davamlı inkişafı prosesində mühüm siyasi institut kimi
formalaşıb.
Könül Nurullayeva,
Milli Məclisin deputatı