Azərbaycanın ərazi bötövlüyü uğrunda başlayan İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən oğullarımızdan biri də Nurlan Nadir oğlu Həsənov olmuşdur. O, şuşalı idi, 1991-ci il mayın 19-da doğulmuşdur.
Erməni işğalçılarının hücumları nəticəsində Nurlan bir yaşında ailəsi ilə doğma elindən didərgin düşdü, uzun çəkən əzab-əziyyətdən sonra məcburi köçkün kimi Bakıda məskunlaşdı. Amma ata-anası bir gün, bir an da olsun ümidlərini itirmədilər, ömürlərini bu ümidlə, bu inamla yaşadılar.
Yaşı çatanda ailənin ilkin övladı Nurlan Bakıda fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul oldu. İlk günlərdən oxumağa maraq göstərdi. Amma vətənpərvərliyi ilə də çoxlarından fərqləndi. 2008-ci ildə orta təhsilini yüksək qiymətlərlə başa vurub Azərbaycan Texnologiya Universitetinə qəbul oldu, inzibati idarəetmə ixtisasına yiyələndi.
Universiteti bitirdikdən sonra - 2012-ci ildə Nurlan Həsənova Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün çağırış vərəqi gəldi. O, cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etməyə başladı. Erməni qəsbkarları ilə üzbəüz olan barıt qoxulu səngərlərdə dayandı. İşğalçılar atəşkəs rejimini pozmağa can atanda ilk olaraq düşmən üzərinə güllə yağdıranlardan biri də Nurlan oldu. Əsgəri xidmətinin başa çatmasına az qalmış Nurlan zabitlik kursunda oxuyaraq leytenant rütbəsi aldı. İlyarım Silahlı Qüvvələrin sıralarında zabit kimi xidmət etdi. 2014-cü ildə ehtiyata buraxıldı.
Ordudan tərxis olunsa da, Nurlan bir gün, bir an olsun belə, Qarabağın, o cümlədən Şuşanın azadlığı uğrunda döyüşmək istəyini unutmadı. Böyüyüb yaşa dolduqca ata-baba yurdunun həsrətini daha çox çəkirdi, doğmadan-doğma olan el-obasına dönmək, o gözəl yerlərdə yaşamaq istəyirdi. O səbəbdən də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan Həsənov iki övladını doğmalarına əmanət edib torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün könüllü ordu sıralarına yazıldı. Kifayət qədər döyüş təcrübəsi olan gənc zabiti Cəbrayılın azadlığı uğrunda gedən əməliyyatlara göndərdilər.
Leytenant Nurlan Həsənov illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatmışdı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin ön sıralarında vuruşa-vuruşa Zəfər ovqatı ilə üzü Şuşaya doğru addımlayırdı. Ermənilər oğulların güclü hücumları qarşısında dayana bilməyərək ağır itkilər verərək geri çəkilirdi. Nurlan kimi cəsur oğulların qəhrəmanlığı sayəsində torpaqlarımız addım-addım Ermənistan silahlı qüvvələrinin işğalından azad olunurdu.
Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşduqdan sonra Nurlangilin bölüyünü Füzuli istiqamətinə göndərdilər. Amma təəssüflər olsun ki, gənc zabit Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edə bilmədi. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid oldu. Bir gün sonra Biləcəri qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən əməliyyatlar zamanı hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə Nurlan Nadir oğlu Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"