Vətən sevgisi ilə torpağın qoynunda şəhidlik zirvəsinə ucalan qardaşım Taleh çox vətənpərvər idi. 35 illik bir ömrə nələri sığdırmadı... Gənc yaşlarından vətənsevərliyini əməlləri ilə sübut etdi. Torpaqlarımızı azad görmək istəyirdi. O üzdən istəyinə çatmaq üçün hərbçi olmaq qərarına gəlmişdi.
2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu. Kəşfiyyatçı ixtisasına yiyələndi. 2007-ci ildə Hərbi Akademiyanı başa vurdu, beynəlxalq kurslarda və təlimlərdə iştirak edərək bilik və təcrübəsini artırdı. Xidmət etdiyi dövrdə "Qüsursuz xidmətə görə" III və II dərəcəli medallarına layiq görüldü. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" (1918-2008), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918-2013), "Azərbaycan Ordusunun 100 illiyi yubiley medalları, fəxri fərmanlarla təltif olundu və bir çox qiymətli hədiyyələrlə mükafatlandırıldı.
O, peşəkar hərbi mütəxəssis kimi tanınırdı. Mayor rütbəsinə yüksəlmişdi. Bilik və bacarığı, vətən eşqi onun işlərində və əməllərində özünü büruzə verirdi.
Talehin ilk döyüş yolu 2016-cı ilin aprelindən başladı. O, Lələtəpə yüksəkliyinin azad edilməsində qəhrəmanlıq göstərdi.
2020-ci il sentyabrın 27-dən başlanan Vətən savaşına qatılan qardaşım ilə hərdən telefonla əlaqə saxlayırdıq. Deyirdi ki, torpaqlarımızdan qovulan ermənilər geri çəkilsələr də, mövqelərimizi ağır artilleriya silahlarından atəşə tuturlar.
Onun başçılıq etdiyi dəstə Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 30-da isə Qubadlıdakı yüksəkliklərin birini azad etdikdən sonra düşmən gülləsinə tuş gəlmiş və şəhidlik məqamına ucalmışdır.
Qardaşım 1985-ci il martın 6-da Sumqayıtda anadan olub. Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə və "İstedad" liseyində təhsil alıb. Hərbi Akademiyanı başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Zabit" ixtisası üzrə təlimlərdə iştirak edib. "N" saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə müavini və taqım komandiri vəzifəsində xidmət edib, kəşfiyyat komandirinin məlumatların toplanması üzrə rəisi olub.
Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Mayor qardaşımın və onun qəhrəman əsgərlərinin qanı yerdə qalmadı. İndi onların işğaldan azad etdikləri kəndlərimizdə, şəhərlərimizdə bayrağımız dalğalanır.
Nərgiz KƏRİMOVA,
şəhid Taleh Kərimovun bacısı