27 Oktyabr 2026 08:15
238
SİYASƏT
A- A+
Ermənistanın Bərdə terroru

Ermənistanın Bərdə terroru


Qarayusifli kəndinin raket atəşinə tutulmasından altı il ötür


Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizə apardığı bir vaxtda Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini raket və ağır artilleriya atəşinə tuturdu. 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatları qısa müddətdə mühüm nəticələr verdi. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsi istiqamətində irəlilədikcə Ermənistan cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizə zərbələr endirirdi. Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələri müxtəlif vaxtlarda raket və artilleriya hücumlarına məruz qaldı. Bu hücumlar nəticəsində dinc sakinlər həyatını itirdi, yüzlərlə insan yaralandı, yaşayış evləri və mülki obyektlər dağıntılara məruz qaldı.

Beynəlxalq humanitar hüququn əsas prinsiplərinə görə, silahlı münaqişələr zamanı mülki şəxslərin və obyektlərin hədəfə alınması qadağandır. 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarında mülki əhalinin qorunması, hərbi və mülki hədəflər arasında fərq qoyulması, mütənasiblik və hücum zamanı ehtiyat tədbirlərinin görülməsi kimi fundamental tələblər müəyyənləşdirilib. Lakin Vətən müharibəsi dövründə erməni silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə endirilən zərbələr bu prinsipləri ciddi şəkildə pozdu.

Ermənistanın müharibə dövründə həyata keçirdiyi terrorçu hücumların ən ağır nəticələrindən biri Bərdə rayonunda yaşandı. 2020-ci il oktyabrın 27-də saat 16.00 radələrində rayonun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdən raket atəşinə tutuldu. Hücum zamanı kasetli döyüş sursatlarından istifadə edilməsi nəticəsində beş mülki şəxs həyatını itirdi, 14 nəfər yaralandı. Həlak olanlar 1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı idi.

Qarayusifli faciəsi yalnız beş insanın həyatını itirməsi ilə məhdudlaşmadı. Yaralanan 14 nəfərin yaşadığı fiziki və mənəvi sarsıntılar, doğmalarını itirən ailələrin ağrısı, kənd sakinlərinin yaddaşında qalan qorxu həmin günün ağır nəticələri idi. Raket hücumları nəticəsində zərər görən evlər və digər mülki obyektlər insanların uzun illər ərzində qurduğu həyatın bir anda necə dağıla bildiyini nümayiş etdirdi.

Ermənistan silahlı qüvvələrinin Bərdəyə hücumları oktyabrın 27-si ilə yekunlaşmadı. Ümumilikdə 2020-ci il oktyabrın 5-i, 8-i, 27-si və 28-də, eləcə də noyabrın 7-də rayona endirilən zərbələr nəticəsində 28 nəfər həlak oldu, 108 nəfər yaralandı. Yaşayış evlərinə, nəqliyyat vasitələrinə və müxtəlif mülki infrastruktur obyektlərinə küllü miqdarda maddi ziyan dəydi.

Bərdə hücumları zamanı kasetli döyüş sursatlarından istifadə edilməsi məsələsi ayrıca diqqət tələb edirdi. Bu silahların təhlükəsi onların geniş əraziyə çoxsaylı kiçik partlayıcı elementlər yayması ilə bağlıdır. Həmin elementlərin bir hissəsi dərhal partlamaya, sonradan mülki əhali üçün təhlükə yarada bilərdi. 2008-ci ildə qəbul edilmiş Kasetli Sursatlara dair Konvensiya iştirakçı dövlətlər üçün bu silahların istifadəsini, istehsalını, əldə saxlanılmasını və ötürülməsini qadağan edir. Bununla yanaşı, konvensiyaya qoşulmayan dövlətlər də beynəlxalq humanitar hüququn mülki əhalinin qorunmasına dair ümumi qaydalarına əməl etməlidirlər. Bərdə faciəsinin beynəlxalq hüquqi baxımdan araşdırılması, hadisələrə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi və mülki əhaliyə qarşı törədilmiş qanunsuz hücumların hüquqi qiymətini alması mühüm əhəmiyyət daşıyır.

Bu gün Qarayusifli faciəsindən altı il ötür. Zaman keçsə də, 2020-ci il oktyabrın 27-də həyatını itirən insanların xatirəsi unudulmur. Bu hadisələri unutdurmamaq, həqiqətləri gələcək nəsillərə çatdırmaq və mülki insanlara qarşı törədilən cinayətlərin cəzasız qalmamasına çalışmaq həm tarixi yaddaş, həm də ədalət qarşısında mənəvi məsuliyyətdir. Bərdənin qanlı oktyabr günləri Azərbaycan tarixində təkcə faciə kimi deyil, həm də müharibənin dəhşətlərinə baxmayaraq, xalqın göstərdiyi dözümün və mənəvi birliyin yaddaşı kimi yaşayacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!