27 Oktyabr 2026 08:00
221
SİYASƏT
A- A+
Azərbaycan-Hindistan münasibətləri: siyasi və diplomatik münasibətlərdə yeni imkanlar

Azərbaycan-Hindistan münasibətləri: siyasi və diplomatik münasibətlərdə yeni imkanlar


Prezident İlham Əliyevin 23 oktyabr 2026-cı ildə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi ikitərəfli siyasi dialoqun fəallaşması baxımından mühüm hadisədir. Nazir Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını çatdıraraq səfərin baş nazirin tapşırığı ilə həyata keçirildiyini bildirib. Bu, Azərbaycanla münasibətlərin inkişafına Hindistan rəhbərliyi səviyyəsində marağın ifadəsidir.


Müsbətə doğru irəliləyişin göstəricisi


Prezident İlham Əliyevlə Baş nazir Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek Zirvəsi çərçivəsində görüşü, Hindistanın AQEM-in Bakı Zirvə Görüşündə iştirakı və xarici işlər nazirinin səfəri bir-birini tamamlayan siyasi təmaslardır. Fikir ayrılıqları fonunda müşahidə olunan soyuqluqdan sonra bu ardıcıllıq münasibətlərdə müsbət dəyişiklik üçün imkanlar deməkdir. Bu, Azərbaycanla Hindistan arasında münasibətlərdə pozitiv dəyişikliklərin və müsbətə doğru irəliləyişin göstəricisidir. İrəliləyişin davamlılığı isə siyasi niyyətlərin konkret addımlarla müşayiət olunmasından asılı olacaq.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın mətbuat konfransındakı açıqlaması da bunu bir daha təsdiq edir: "Azərbaycanla münasibətləri daha da dərinləşdirməyin yollarını müzakirə etdik... Azərbaycanla münasibətlərimizi daha yüksək səviyyəyə qaldıra bilərik".

Azərbaycan hər bir ölkə ilə konstruktiv  dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa hazır olub. Hindistan dünya arenasında vacib ölkələrdən biridir və ikitərəfli münasibətlərin inkişafı hər iki ölkənin marağındadır. Azərbaycanla Hindistan arasında münasibətlərin böyük tarixi var. Azərbaycan və Hindistan öz tarixi-mədəni irsini qoruyub saxlamaqla yanaşı, müasir inkişafın imkanlarından yararlanaraq ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirirlər.

Hazırkı dövrdə də Azərbaycanda Hindistan mədəniyyətinə aid tarixi izlər var və dövlətimiz tərəfindən qorunur. Nazir Cayşankarın Azərbaycana səfəri çərçivəsində Atəşgah məbədini ziyarət etməsi xüsusi rəmzi məna daşıyır. Bu ziyarət iki ölkə arasında münasibətlərin yalnız müasir siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq tarixi yaddaşa, qarşılıqlı mədəni hörmətə və xalqlar arasında çoxəsrlik təmaslara əsaslandığını nümayiş etdirir. Nazir Çayşankarın "Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin uzun tarixi var" açıqlaması bunu təsdiqləyir.

Azərbaycanın milli maraqlarını prinsipial müdafiə etməklə əməkdaşlığa açıq olması, etibarlı tərəfdaş kimi mövqeyi, enerji və nəqliyyat siyasəti kimi faktorlar ölkəmizlə əlaqələrə marağı artırır. Hindistanın malik olduğu böyük iqtisadi, sənaye və texnoloji potensial da qarşılıqlı faydalı əlaqələr üçün geniş imkanlar açır. Münasibətlərin qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü, bərabərhüquqluluq və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanması bu imkanların reallaşması üçün vacibdir.

Hindistanla davamlı dialoq Azərbaycanın sülh gündəliyinin daha aydın anlaşılmasına, həssas məsələlərdə fikir ayrılıqlarının müzakirəsinə və əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə xidmət edə bilər. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyi, yüksəksəviyyəli təmasların davamlılığı və qarşılıqlı səfərlərin intesivləşdirilməsi bunun üçün baza təşkil edir. Nazir Çayşankarın "Hindistan Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişi alqışlayır" açıqlaması həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesinin dəyərləndirilməsi kimi qəbul edilə bilər.


Enerji, sənaye və ticarət: əməkdaşlığın real əsasları


Enerji sahəsi Azərbaycan-Hindistan münasibətlərinin ən möhkəm iqtisadi dayaqlarındandır. Hindistanın "ONGC Videsh" şirkəti "Əsrin kontrakt"ında, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində iştirak edir. Hindistan tərəfinin məlumatına görə, şirkətin bu aktivlərdə payların əldə edilməsinə yatırdığı sərmayə 1,2 milyard ABŞ dollarını ötür. Bu iştirak tərəflərin uzunmüddətli iqtisadi maraqlarını birləşdirir və digər sahələrdə əməkdaşlıq üçün də etimad yaradır.

Hindistan kapitalının Azərbaycanın qeyri-neft sektoruna yönəlməsi də münasibətlərdə mühüm inkişafdır. Son İnvestisiya forumunda Azərbaycana 125 milyon dollar həcmində sərmayə yatıran şirkətlərdən biri də Hindistana məxsusdur. 29 sentyabr 2026-cı ildə açıqlanan rəsmi məlumata əsasən, UFlex Limited şirkətinin iştirakı ilə Ələt Azad İqtisadi Zonasında qablaşdırma məhsulları istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində razılaşdırılan layihənin dəyəri 117,7 milyon ABŞ dolları, planlaşdırılan illik istehsal gücü 60 min ton təşkil edir. Layihə yeni istehsal və ixrac imkanları yaratmaqla Azərbaycanın regional sənaye mərkəzi kimi mövqeyini gücləndirə bilər. 

Hindistanın rəsmi məlumatına görə, 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi təxminən 401 milyon ABŞ dolları olub. Əczaçılıq, kənd təsərrüfatı, sənaye məhsulları, texnologiya və xidmətlər üzrə əlaqələrin genişləndirilməsi ticarətin şaxələndirilməsinə imkan verər. Bunun üçün biznes nümayəndə heyətlərinin səfərləri və birbaşa şirkətlərarası təmaslar yeni müqavilələrlə nəticələnməlidir.

Nazir Çayşankarın "iqtisadiyyatlarımızın bir-birini tamamladığını nəzərə alaraq, ikitərəfli ticarətin və investisiyaların daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük" fikirləri cəlbedici perspektivlərdən xəbər verir.


Nəqliyyat, texnologiya və humanitar əlaqələr


Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərindəki mövqeyi Hindistanla əməkdaşlığa strateji əhəmiyyət verir. Ölkəmizin liman, dəmir yolu və logistika infrastrukturu Hindistanın beynəlxalq bazarlara çıxış maraqları ilə uzlaşır. Bu potensialdan istifadə daşımaların səmərəliliyindən, prosedurların əlaqələndirilməsindən və marşrutların etibarlı fəaliyyətindən asılıdır.

Hindistan texnologiyalar, rəqəmsal infrastruktur sahəsində əsaslı şəkildə inkişaf edir. Hindistanın proqram təminatı və informasiya texnologiyaları üzrə təcrübəsi Azərbaycanın rəqəmsal transformasiya məqsədləri ilə də uyğunlaşır. Elektron xidmətlər, maliyyə texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və startaplar gələcək birgə layihələr üçün perspektivli istiqamətlərdir.

Turizm artıq konkret nəticələrin olduğu sahədir. 2025-ci ildə Hindistandan Azərbaycana 166 944 turist gəlib və ölkəmizə turist göndərən dövlətlər arasında dördüncü yeri tutub. Bakı ilə Dehli və Mumbay arasında birbaşa uçuşlar səfərləri asanlaşdırır. AZAL-ın həftədə 14 reys həyata keçirməsi əməkdaşlığa olan qarşılıqlı marağı təsdiqləyir.

Qarşılıqlı turizm tanıtımı, universitetlərarası əməkdaşlıq, elmi və mədəni tədbirlər əlaqələrin ictimai əsaslarını möhkəmləndirə bilər. Hər iki xalqın qədim mədəni irsi və Azərbaycanda Hindistan mədəniyyəti ilə bağlı tarixi izlər bu əməkdaşlığa əlavə məzmun verir.


Çoxtərəfli platformalar və Cənub-Cənub əməkdaşlığı


BMT, Qoşulmama Hərəkatı, AQEM və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində təmaslar ikitərəfli münasibətləri beynəlxalq gündəliklə əlaqələndirir. Bu platformalar ortaq maraqların müzakirəsi və fərqli mövqelərin diplomatik dialoq vasitəsilə yaxınlaşdırılması üçün imkan yaradır. Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh 15 oktyabr 2026-cı ildə Bakıda keçirilmiş AQEM-in 7-ci Zirvə Görüşündə Azərbaycanın 2026-2028-ci illərdə sədrliyini davam etdirməsini alqışlayıb, inklüziv və konsensusa əsaslanan əməkdaşlığa dəstəyini ifadə edib. Dünya əhalisinin təxminən yarısını əhatə edən bu platformada Azərbaycanın sədrliyinin davam etməsi ölkəmizin dialoq imkanlarına etimadın göstəricisidir.

Azərbaycan və Hindistanın Qlobal Cənubun bir hissəsi olması inkişaf etməkdə olan ölkələrin beynəlxalq qərarlarda təmsilçiliyi, texnologiyalara və maliyyəyə çıxışı kimi məsələlərdə ortaq maraqlar yaradır. Bu, bütün məsələlərdə eyni mövqe demək olmasa da, birgə fəaliyyət üçün əlavə zəmin formalaşdırır.

Cənub-Cənub əməkdaşlığının praktik dəyəri təcrübə, texnologiya və sərmayə mübadiləsindədir. Azərbaycanın enerji və nəqliyyat imkanları ilə Hindistanın istehsal və texnoloji potensialı bir-birini tamamlaya bilər. Mövcud enerji investisiyaları və Ələtdə planlaşdırılan sənaye müəssisəsi bu əməkdaşlığın real iqtisadi əsaslarını göstərir. Mütəxəssis hazırlığı, rəqəmsal xidmətlər, səhiyyə və kənd təsərrüfatı üzrə təşəbbüslər həmin əlaqələri genişləndirə bilər. Müasir dövrdə də Azərbaycan və Hindistanı birləşdirən layihələrin, o cümlədən Qlobal Cənubun mövcudluğu əməkdaşlığın çoxtərəfli platformalarda inkişafı üçün perspektivlər vəd edir.


Perspektiv: siyasi niyyətdən konkret nəticəyə


Azərbaycan-Hindistan münasibətlərinin siyasi dialoqdan praktik əməkdaşlığa keçidi qarşılıqlı etimad, milli maraqlara hörmət və regional sülh gündəliyinə konstruktiv yanaşma əsasında uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın formalaşmasına xidmət edə bilər. Nazir Cayşankarın Azərbaycana səfəri münasibətlərin fəallaşması üçün mühüm imkan yaradıb. Növbəti mərhələnin uğuru siyasi təmasların davamlılığı, layihələrin icrası və tərəflərin bir-birinin milli maraqlarına münasibəti ilə müəyyənləşəcək. Qarşılıqlı hörmət və praqmatik yanaşma enerji, sənaye, nəqliyyat, texnologiya və turizm imkanlarını davamlı tərəfdaşlığa çevirə, çoxtərəfli formatlarda əməkdaşlığı da gücləndirə bilər. Hindistanın regionda yeni siyasi reallığa uyğun davamlı münasibət sərgiləməsi, Azərbaycan-Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin dəstəkləməsi də əməkdaşlığı şərtləndirən faktorlardandır. 


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qardaşımla qürur duyuram

09:00
27 Oktyabr

Vətən Mətləb üçün ana qədər müqəddəs idi

08:55
27 Oktyabr

Xəzər sahilində arxitektura möcüzəsi: "Crescent bay"

08:50
27 Oktyabr

Bu gün müasir tikili, sabah memarlıq abidəsi

08:45
27 Oktyabr

Xəlil Rza Ulutürk - azadlığın gur səsi

08:40
27 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
27 Oktyabr

Doğma yurdu Şuşa uğrunda döyüşmək ən böyük arzusu idi

08:30
27 Oktyabr

Rasimi Qarabağa Vətən sevgisi apardı

08:25
27 Oktyabr

Gəncədə şəhid ailələri ilə birgə "44" filmi izlənilib

08:20
27 Oktyabr

Ermənistanın Bərdə terroru

08:15
27 Oktyabr

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

08:10
27 Oktyabr

İdman həmrəyliyindən beynəlxalq ədalətə

08:05
27 Oktyabr

Azərbaycan-Hindistan münasibətləri: siyasi və diplomatik münasibətlərdə yeni imkanlar

08:00
27 Oktyabr

Qazaxıstanın ildən-ilə uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik

01:51
27 Oktyabr

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə

01:50
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:49
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:48
27 Oktyabr

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında

01:47
27 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:45
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

01:44
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!