12 İyun 2026 08:25
149
İQTİSADİYYAT
A- A+
Neft qiymətləri yenidən artdı 

Neft qiymətləri yenidən artdı 


Dünya iqtisadiyyatının strateji nöqtələrindən biri olan Yaxın Şərq regionu yenidən qlobal gündəmin diqqət mərkəzindədir. Son günlər burada hərbi və siyasi gərginliyin kəskin şəkildə artması dünya birjalarında neft qiymətlərinin kəskin dalğalanmasına səbəb olub. Beynəlxalq bazarlar hər zaman siyasi sabitliyə və təhlükəsiz logistikaya ehtiyac duyur. Lakin strateji dəniz yollarında və qlobal neft nəqliyyatının keçid məntəqələrində baş verən hərbi qarşıdurmalar təchizat axınını iflic etmək təhlükəsi yaradır. Neftin qiyməti son iki ayın ən aşağı səviyyəsinə düşmüşdü. Lakin son günlərdə alovlanan hərbi böhran qiymətləri yenidən artırdı. 

Körfəzdə baş verən hər bir hadisə dünya enerji bazarına birbaşa təsir edir. Burada baş verən hadisələrin ən qorxulu tərəfi dünyanın ən mühüm dəniz keçidlərindən olan Hörmüz boğazının tamamilə bağlanması oldu. Regiondakı hərbi qüvvələr vəziyyətin kritik olduğunu və boğazdan keçmək istəyən hər bir gəmiyə atəş açılacağını elan etdilər. Çox keçmədən iki böyük ticarət gəmisinin vurulması bu xəbərdarlığın nə qədər ciddi və təhlükəli olduğunu göstərdi. Hörmüz boğazı qlobal neft istehlakının və daşınmasının təxminən beşdəbirini təmin edir. Bu qapının bağlanması regional problem olmaqdan çıxıb, qlobal bir böhrana çevrilib. Çünki bu tıxanma Asiyadan Amerikaya qədər hər bir zavodun işinə, yanacaqdoldurma məntəqələrindən tutmuş nəhəng aviasiya şirkətlərinə qədər hər kəsin cibinə təsir göstərir.

Gərginliyin yenidən artması fonunda beynəlxalq neft birjaları buna dərhal reaksiya verdi. Əvvəlki seanslarda təxminən 3 faiz ucuzlaşaraq nisbi sakitlik nümayiş etdirən qiymətlər hərbi əməliyyatların aktivləşməsi ilə yenidən sıçrayış etdi. "Brent" nefti 90-96 ABŞ dolları arasında sürətlə bahalaşaraq 94,64 ABŞ dollarına çatdı. Amerika nefti "WTI" də bənzər şəkildə 2 faizə yaxın dəyər qazanaraq 90,03 ABŞ dollarını keçdi. "OPEC" səbəti isə artıq 102 ABŞ dollarına yaxınlaşır. Dünyada gündəlik 100 milyon barel neft işləndiyini nəzərə alsaq, qiymətin hər 1 dollar artması qlobal iqtisadiyyata milyardlarla dollar əlavə yük deməkdir. Əgər bölgədəki gərginlik davam edərsə və dəniz yolları açılmazsa, neftin qiyməti tarixi rekorda yüksələ bilər.

Qlobal birjalardakı bu kəskin gərginlik dalğası təbii olaraq Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətində də dərhal özünü büruzə verib. Dünya bazarlarında yüksələn tendensiya səbəbindən "Azeri Light" markalı Azərbaycan neftinin də qiyməti artıb. 

Builki dövlət büdcəsində "Azeri Light" neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Hazırkı real qiymətlər büdcə proqnozundan təxminən 30 dollar bahadır. Tarixi keçmişə nəzər saldıqda, "Azeri Light" markalı neftin çox böyük bir qiymət trayektoriyasından keçdiyini görmək olar. Bu marka üçün tarixi ən aşağı qiymət qlobal pandemiyanın pik nöqtəsində, 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları kimi qeydə alınmışdı. Maksimal qiymət isə qlobal iqtisadi bum dövrünə, 2008-ci ilin iyuluna təsadüf edir ki, həmin vaxt Azərbaycan nefti 149,66 ABŞ dolları həddində tarixi rekorda imza atmışdı. Hazırkı 96 dollarlıq hədd isə bazarda regional risklərin yaratdığı yüksək tələbin bariz nümunəsidir.

Qiymət artımına təsir göstərən digər mühüm faktor sənaye hesabatlarında öz əksini tapan kommersiya xam neft ehtiyatlarının kəskin şəkildə azalmasıdır. Amerika Neft İnstitutunun son hesabatlarına görə, neft ehtiyatları bazarın gözlədiyi 3,4 milyon barellik enişi xeyli üstələyərək gözlənilmədən 9,12 milyon barel azalıb. Hazırda bir çox ölkələrin strateji neft ehtiyatları son illərin ən aşağı səviyyəsinə enib. Dövlətlər yanacağın bahalaşmasının və inflyasiyanın qarşısını almaq üçün enerji şirkətlərinə milyonlarla barel borc neft verməyi planlaşdırırlar. Lakin bu müvəqqəti addım problemi kökündən həll etmir, sadəcə, zaman qazanmağa xidmət edir. Əsl çarə strateji dəniz yollarında təhlükəsizliyin tam bərpa olunması və hərbi gərginliyin dayandırılmasıdır. Əks halda, qlobal enerji bazarı daha böyük sarsıntılarla üz-üzə qalacaq.

Beynəlxalq maliyyə qurumları Körfəzdəki böhrandan sonra öz proqnozlarını dərhal dəyişdilər. Hazırkı vəziyyət qlobal bazarda qiymətlərin 80-103 ABŞ dolları aralığına yüksəlməsinə səbəb olub. Bu gərginlik səbəbindən aparıcı institutlar yeni rəqəmlərini açıqlayıblar. Belə ki, "Fitch Ratings" 2026-cı il üçün "Brent" neftinin orta qiymət proqnozunu 87 ABŞ dollarına qaldırdığı halda, "Goldman Sachs" yaxın dövrdə bu qiymətin orta hesabla 90 ABŞ dolları təşkil edəcəyini gözləyir.

Körfəzdə yaşananlar bir daha sübut edir ki, qlobal enerji bazarı coğrafi sərhədlərə sığmayan, hər bir hadisəyə dərhal reaksiya verən vahid və həssas bir sistemdir. Bir tərəfdən, dövlətlərin strateji ehtiyatlarının sürətlə tükənməsi, digər tərəfdən isə, neft tankerlərinin hədəf alınması qlobal iqtisadiyyatı böyük təhlükə altına qoyur. İndi bütün diqqət rəsmi enerji agentliklərinin hesabatlarındadır. Körfəzdə dəniz nəqliyyatının təhlükəsizliyi təmin edilməsə, bu, təkcə enerji sektorunu sarsıtmayacaq. Bu böhran neft ixrac edən ölkələrin gəlirlərindən tutmuş qlobal iqtisadi artıma qədər hər şeyə mənfi təsir edə bilər. Yanacağın qiymətinin yüksək olması dünyada yeni bir inflyasiya dalğası yaradaraq gündəlik tələbat mallarının da kəskin bahalaşmasına yol açacaq. Başqa sözlə, müasir dünya iqtisadiyyatının və sıravi istehlakçıların rifahı hazırda birbaşa Hörmüzdəki sabitlikdən asılı vəziyyətdədir. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il ötür

08:45
12 İyun

Neftdənkənar inkişaf - Azərbaycan iqtisadiyyatının yenilənmə modeli

08:40
12 İyun

Dayanıqlı və rəqabətqabiliyyətli inkişafın Azərbaycan nümunəsi

08:35
12 İyun

Qərəzindən əl çəkə bilməyən Fransa

08:30
12 İyun

Neft qiymətləri yenidən artdı 

08:25
12 İyun

Dövlətçiliyin xilasına aparan yol

08:23
12 İyun

Milli qurtuluşdan güclü və qalib Azərbaycana

08:20
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!