1926-cı ildə Şərq dünyasının mədəniyyət paytaxtı Bakı tarixinin ən böyük və həlledici günlərindən birini yaşayırdı. "İsmailiyyə" sarayının möhtəşəm salonunda toplaşan yüzlərlə alim, mütəfəkkir və dövlət xadimi sadəcə dil və əlifba islahatını deyil, bütöv bir coğrafiyanın - türk dünyasının gələcək elmi və mədəni intibahını müzakirə edirdi.
Bu tarixi hadisənin - I Türkoloji Qurultayın mərkəzində isə İstanbuldan doğma vətəninə fəxri qonaq kimi dönən, ömrünü millətin oyanışına həsr edən görkəmli bir sima dayanırdı: Əli bəy Hüseynzadə. O, bu möhtəşəm tədbirdə tarixi şəxsiyyət və fikir adamı kimi iştirak edirdi və xaricdən dəvət olunan elm, mədəniyyət xadimi kimi yüksək ehtiramla qarşılanırdı.
İllər öncə Azərbaycan mətbuatının dəyərli orqanı olan "Füyuzat" jurnalı vasitəsilə "Türkləşmək, islamlaşmaq, müasirləşmək" formulunu xalqın şüuruna həkk edən böyük mütəfəkkirin bu qurultayda iştirakı sovet rejiminin ideoloji sədlərinə baxmayaraq, əslində, milli məfkurənin və ortaq türk ruhunun böyük qələbəsi idi. Əli bəy Hüseynzadə qurultaya Türkiyə nümayəndə heyətinin tərkibində qatılsa da, Bakıya addım atdığı andan bütün iştirakçıların və elmi elitanın diqqət mərkəzində oldu. O, Vilhelm Tomsen və Nikolay Marr, Villi Banq və Anatoli Lunaçarski kimi dünyaşöhrətli alimlərlə birgə qurultayın Fəxri Rəyasət Heyətinə üzv seçildi.
Qurultay günlərində Əli bəy Hüseynzadənin böyük türkoloq Fuad Köprülü və Azərbaycanın fədakar biblioqrafı Salman Mümtaz ilə çəkdirdiyi fotoşəkil sadəcə bir xatirə deyildi, parçalanmış türk dünyasının Bakıdakı elmi birliyinin gerçək rəmzi idi. Əli bəy "Qərbin iki dastanında türk" mövzusunda etdiyi dərin fəlsəfi çıxışlar ilə Avropa elminə bələd olan şərqli bir ziyalının intellektual gücünü ortaya qoydu.
Əli bəy Hüseynzadənin latın əlifbasına keçidlə bağlı mövqeyi və irəli sürdüyü arqumentlər, o dövrün sovet ideoloqlarının dar çərçivəli siyasi maraqlarından tamamilə fərqlənirdi. SSRİ rəhbərliyi latın qrafikasını Şərq xalqlarını islam dünyasından qoparmaq üçün bir alət kimi görürdüsə, Hüseynzadə bu islahata bütün türk xalqlarının gələcək inteqrasiyası və mədəni birliyi prizmasından yanaşırdı. Hüseynzadə israr edirdi ki, yeni əlifba sadəcə lokal bir xətt islahatı olmamalıdır. Bu əlifba xəritədəki siyasi sərhədləri aşmalı, İstanbuldan Yakutiyaya qədər bütöv bir coğrafiyanı vahid elmi mühitdə birləşdirən "ortaq körpü" funksiyasını daşımalıdır. O, yalnız qrafikanın dəyişdirilməsinin kifayət etmədiyini bildirirdi. Əgər hər bir türk xalqı latın hərflərini öz yerli ləhcəsinə uyğun fərqli fonetik qaydalarla mənimsəsəydi, bu, gələcəkdə bir-birini başa düşməyən onlarla fərqli yazı dilinin yaranmasına gətirib çıxaracaqdı. Bu səbəbdən o, vahid fonetik standartların və ortaq imla qaydalarının müəyyənləşdirilməsini tələb edirdi. Əli bəy Hüseynzadənin qurultayla bağlı xüsusi əhəmiyyəti həm də ondadır ki, o, tədbir zamanı gündəlik qeydlər aparmışdır. Bu qeydlər sonralar türkoloji elm üçün qiymətli mənbə hesab edilmiş və qurultayın gedişini daha dolğun şəkildə öyrənməyə imkan vermişdir.
"Dildə birlik" və ortaq ədəbi dil
Əli bəy Hüseynzadənin I Türkoloji Qurultaya və ümumən XX əsrin əvvəllərində dil islahatlarına münasibəti "türk dillərinin ortaq mədəni köklərə qayıtması" və "milli modernləşmə" prinsiplərinə əsaslanırdı. O, dil məsələsini sadəcə qrammatika deyil, türk millətinin varlıq və birlik mübarizəsi kimi görürdü, ərəb qrafikasının çətinliyini qəbul edir, latın əlifbasına keçidi mədəni inkişaf üçün zəruri sayırdı. Əli bəy I Türkoloji Qurultayda qəbul edilən latın qrafikalı yeni türk əlifbasının bütün türk xalqları üçün ortaq olmasını müdafiə edirdi. Latın qrafikasına keçidi türk dünyasının elmi və texnoloji baxımdan Qərb sivilizasiyasına inteqrasiyasının ən qısa yolu kimi qiymətləndirirdi.
O, fars-ərəb tərkiblərindən imtinanı qarşıya qoyurdu. Köhnə Osmanlı dilindəki ağır, xalqın başa düşmədiyi ərəb və fars dillərinin qrammatik qaydalarının dildən çıxarılmasını müdafiə edirdi. Avropa terminologiyasına gəldikdə isə, elm, texnika və fəlsəfə sahələrində yeni anlayışları ifadə etmək üçün beynəlxalq terminlərin birbaşa qəbul edilməsini, yaxud türk dilinin öz daxili imkanları ilə yeni sözlərin (neologizmlərin) yaradılmasını təklif edirdi.
Əli bəy Hüseynzadənin dil baxışlarının ilkin forması ən aydın şəkildə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" jurnalı dövründə görünür. Bu mərhələdə onun əsas məqsədi təkcə Azərbaycan türkcəsini inkişaf etdirmək deyil, bütün türk xalqları üçün ortaq bir ədəbi dil yaratmaq idi.
Onun dil konsepsiyasının əsası türk dil birliyi ideyasıdır. Bir faktı da qeyd edək ki, o zaman füyuzatçılar ortaq dilin əsasını Osmanlı türkcəsində görürdülər. Jurnalın dili Azərbaycan xalq danışıq dilindən daha çox Osmanlı ədəbi dilinə yaxın idi: ərəb və fars mənşəli sözlər də geniş şəkildə işlədilirdi.
Həmin dövrdə "Molla Nəsrəddin" jurnalı isə xalqın başa düşdüyü sadə Azərbaycan türkcəsini müdafiə edirdi. Əli bəy Hüseynzadə daha yüksək üslublu, ümumtürk xarakterli ədəbi dili üstün tuturdu. Bu, "Molla Nəsrəddin"çilərlə "Füyuzat"çılar arasında dil mübahisələrinin yaranmasına səbəb olmuşdu. Maraqlıdır ki, sonrakı illərdə türk dünyasında və Azərbaycanda dil siyasətinin inkişafı göstərdi ki, tam osmanlılaşmış ortaq dil modeli praktik baxımdan çətin idi. Buna görə də Azərbaycan ədəbi dili öz milli bazası üzərində inkişaf etdi. Lakin Ə.Hüseynzadənin irəli sürdüyü türk dil birliyi, əlifba birliyi və mədəni inteqrasiya ideyaları sonrakı türkoloji düşüncəyə ciddi təsir göstərdi.
Əli bəy Hüseynzadə qurultay platformasında dil islahatının siyasi alətə çevrilməməsini, sırf elmi prinsiplərlə aparılmasını tələb edirdi. O, Türkiyə nümayəndə heyəti ilə birlikdə dilin struktur bütövlüyünün qorunması şərti ilə islahatların tərəfdarı idi.
Ankara nümayəndə heyətinin üzvü kimi Hüseynzadə Türkiyədə də bu istiqamətdə hazırlıqların getdiyini diqqətə çatdırırdı. O, Bakıda qəbul ediləcək qrafika strukturunun gələcəkdə Türkiyə türkcəsinin keçəcəyi ehtimal olunan latın modeli ilə mütləq uzlaşmalı olduğunu vurğulayırdı. Mütəfəkkir həm də ərəb qrafikasından imtinanın milli kitabxana fondlarını və çoxəsrlik klassik Şərq ədəbiyyatı irsini məhv etmək riskinə qarşı da xəbərdarlıqlar edirdi. Latın qrafikasına keçidi dəstəkləsə də, bunun keçmişi tamamilə silən bir "mədəni nihilizm"ə çevrilməməsini şərt kimi qarşıya qoyurdu.
Əli bəy Hüseynzadənin qurultaydakı ortaq əlifba mübarizəsi fərdi bir cəhd deyildi. Türkiyə nümayəndə heyətinin digər görkəmli rəhbəri, dahi alim və ədib Mehmet Fuad Köprülü başda olmaqla milli təfəkkürlü digər türkoloqlar da eyni elmi və ideoloji cəbhədə vuruşurdular. Sovet rəhbərliyinin "böl və idarə et" siyasətinə qarşı bu iki nəhəng sima Bakıda vahid cəbhə formalaşdırmağı bacarmışdı. Fuad Köprülü xəbərdarlıq edirdi ki, tələsik və plansız şəkildə həyata keçirilən əlifba islahatı türk xalqlarını əsrlər boyu formalaşmış elmi, ədəbi və dini qaynaqlardan məhrum edə bilər. Köprülü qurultay kürsüsündən bəyan edirdi ki, əgər latın qrafikasına keçilirsə, bu, türk dillərinin fonetik quruluşunu zədələməməlidir. O, Bakıda qəbul olunacaq hər bir hərfin və işarənin gələcəkdə Türkiyənin də qəbul edə biləcəyi ortaq standarta uyğunlaşdırılmasını zəruri sayırdı. Hüseynzadə ilə birlikdə onlar sovet türkoloqlarının hər ləhcəyə ayrı bir latın hərfi vermək (parçalamaq) planına qarşı ciddi elmi müqavimət göstərirdilər.
Əli bəy Hüseynzadə ilə sovet dilçiləri arasında elmi fikir ayrılıqları
I Türkoloji Qurultayda Əli bəy Hüseynzadə ilə sovet dilçiləri arasında açıq qarşıdurma olmasa da, bir sıra məsələlərdə nəzəri fikir ayrılıqları mövcud idi. Türk birliyi və milli dillər məsələsində Ə.Hüseynzadə türk xalqlarının ortaq tarixi-mədəni köklərini və onların yaxınlaşmasını vurğulayırdı. O, türk dillərini vahid bir mədəni məkanın tərkib hissəsi kimi görürdü. Sovet türkoloqlarının əksəriyyəti isə türk dillərinin qohumluğunu qəbul etsələr də, hər bir xalqın ayrıca milli dili və milli ədəbi dilinin formalaşdırılmasını ön plana çəkirdilər. Sovet milli siyasəti də bu istiqaməti dəstəkləyirdi. Buna görə də türkçülük ideyası ilə milli dillərin ayrıca inkişafı arasında müəyyən konseptual fərq yaranırdı.
Digər məsələ türkçülük ideologiyası və sovet yanaşması ilə bağlı idi. Əli bəy Hüseynzadəni hamı türkçülüyün əsas ideoloqlarından biri kimi tanıyırdı. Onun "Türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu dil məsələlərinə də təsir göstərirdi. Sovet alimləri isə dilləri əsasən tarixi-materialist və sinfi yanaşma çərçivəsində tədqiq etməyə çalışırdılar. Onlar dil problemlərini milli romantizm və ya ümumtürk siyasi ideyaları ilə əlaqələndirməyə ehtiyatla yanaşırdılar. Bu səbəbdən Ə.Hüseynzadənin ideoloji mövqeyi ilə sovet türkoloqlarının rəsmi mövqeyi arasında fərq vardı. Amma latın qrafikasına keçid məsələsində Ə.Hüseynzadə ilə sovet türkoloqları arasında ciddi ziddiyyət yox idi. Hər iki tərəf ərəb əlifbasının türk dillərinin fonetik xüsusiyyətlərini tam əks etdirmədiyini qəbul edirdi.
Məqsədlərə gəldikdə, tədqiqatçılar yazırlar ki, Əli bəy Hüseynzadə əlifba birliyini türk xalqlarının mədəni yaxınlaşmasının vasitəsi kimi görürdü. Sovet alimləri isə bunu savadlanma, modernləşmə və sovet milli quruculuğu baxımından əsaslandırırdılar.
"Füyuzat" dövründən gələn ənənəyə uyğun olaraq Əli bəy Hüseynzadə türk xalqlarının ortaq ədəbi-mədəni irsinə böyük əhəmiyyət verirdi. Sovet dilçilərinin bir hissəsi isə xalq danışıq dilinə əsaslanan milli ədəbi dillərin inkişafını daha vacib hesab edirdi. Bu yanaşma sonradan Azərbaycan ədəbi dilinin formalaşmasında da üstün mövqe qazandı.
Sovet rejiminin "mənəvi və psixoloji" təqibi
Əli bəy Hüseynzadə və Fuad Köprülünün Bakıya gəlişi sovetin xüsusi xidmət orqanlarını (ÇK) ciddi təşvişə salmışdı. Qurultaydan cəmi bir neçə gün əvvəl hazırlanan məxfi xidmət hesabatlarında onların adı "təhlükəli milli ideoloqlar" kimi keçirdi. Araşdırmaçıların yazdıqlarına görə, sovetin gizli sənədlərində Əli bəy Hüseynzadə və Fuad Köprülünün Bakıdakı latın qrafikalı əlifba hərəkatını sovetlərin əleyhinə yönəldə biləcək "qatı millətçilər" olduğu vurğulanır, hətta onların nüfuzundan qorxaraq qurultayın tamamilə təxirə salınması təklif edilirdi. Həmin günlərdə sovet senzurası və gizli agentlərin təqibləri Əli bəy Hüseynzadənin ətrafını bürüsə də, onun Bakı tribunasından görünməsi türk dünyasının ortaq gələcək ideallarına vurulan ən böyük möhür idi.
Bu səfər Əli bəyin doğma vətəni Azərbaycana son gəlişi oldu. O, SSRİ-də daxili siyasi vəziyyətin və sovet rejiminin gələcək təhlükəliliyini çox yaxşı hiss edirdi. İstanbul qatarına minərkən Bakıda qalan yeganə qardaşı İsmayıl bəyə "Mən daha sizə məktub yazmayacağam. Bilirəm, bu, sizin üçün təhlükəlidir", - deyərək vidalaşmış və bir daha vətənə yaza bilməmişdir. Onun bu ehtiyat tədbirinə baxmayaraq, sonradan (1930-cu illərdə) sovet hökuməti Əli bəyin qardaşı İsmayıl bəyi, onun övladlarını və nəvələrini məhz "Əli bəy Hüseynzadənin qohumları" və "pantürkist şəbəkənin üzvləri" ittihamı ilə ağır sürgün və repressiyalara məruz qoymuşdu.
Əli bəyin qurultayda nümayiş etdirdiyi qətiyyətli elmi mövqeyi sonradan sovet repressiya aparatının qurultay iştirakçılarına, bütövlükdə 100-dən çox ziyalıya qarşı açdığı "pantürkizm" cinayət işlərində əsas bəhanələrdən birinə çevrilmişdi.
Beləliklə, 1926-cı ilin o qızğın günlərindən bu yana əsrdən çox vaxt keçib. I Türkoloji Qurultaydan az sonra onun Rəyasət Heyətində əyləşən bir çox fədakar elm xadimi sovet repressiya maşınının qurbanı oldu, onların müdafiə etdiyi ortaq latın əlifbası isə zorla kiril qrafikası ilə əvəzləndi.
Sovet ideoloqları türk dünyasının mədəni körpülərini uçurmağa çalışsalar da, Əli bəy Hüseynzadənin Bakı tribunasından səsini ucaltdığı o uzaqgörən milli məfkurəni tarixin yaddaşından silə bilmədilər. Bu gün Azərbaycanın və digər müstəqil türk dövlətlərinin yenidən latın qrafikalı əlifbaya qayıtması, ortaq dil və vahid terminologiya istiqamətində atılan qətiyyətli addımlar Əli bəy Hüseynzadənin o dövrdə irəli sürdüyü arqumentlərin nə dərəcədə düzgün yol, istiqamət olduğunu sübut edir. Zaman onun hər bir qorxusunda və hər bir tələbində nə qədər haqlı olduğunu göstərdi. Çünki Əli bəy Hüseynzadənin I Türkoloji Qurultaydakı iştirakı sadəcə elmi bir ezamiyyət deyildi, bütöv bir millətin intibah andı idi.
İradə ƏLİYEVA,
"Azərbaycan"