Azərbaycanla Türkiyənin birgə layihəsi bütün Avrasiya məkanına fayda gətirir
"Cənub qaz dəhlizi" artıq doqquzuncu ildir fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bu möhtəşəm layihə bir neçə seqmentdən ibarətdir və onlar mərhələli şəkildə istifadəyə verilib. Bu gün dəhlizin bel sütunu adlandırılan TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) işə düşməsindən 8 il keçir.
"Cənub qaz dəhlizi" qlobal layihədir. Burada söhbət yeni mənbədən və yeni marşrutla Avropaya qaz ixrac edən dəhlizdən gedir. Bu dəhlizin seqmentləri "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsini, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsini, TANAP-ın və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişini əhatə edirdi. İlk iki seqmentin - "Şahdəniz-2"dən qazın əldə olunmasının və CQBK-nın genişləndirilməsinin başa çatdırılması layihənin 2018-ci il mayın 29-da rəsmi açılışını etməyə imkan verdi.
Növbəti hissə TANAP-dır ki, onun da istifadəyə verilməsi 2018-ci il iyunun 12-də baş tutdu. TANAP Azərbaycandan İtaliya torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ikinci və ən böyük hissəsidir. Onu bu möhtəşəm enerji dəhlizinin birləşdirici halqası, onurğa sütunu da adlandırırlar.
TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak etmişlər.
Kəmərin təməlinin qoyulması uzunmüddətli danışıqlardan konkret işlərə keçmək demək idi. Axı TANAP-ın salnaməsi hələ bu hadisədən xeyli əvvəl başlanmışdı. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar.
Həmin vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün detalları nəzərdən keçirilmişdi. 2014-2015-ci illər TANAP üçün çox məsuliyyətli bir fəaliyyət dövrü olmuşdu.
TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır.
Bu kəmər Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a qovuşur. Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir.
Enerjinin İpək yolu sayılan TANAP Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlanıb. TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi isə 2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində keçirilib. Həmin tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin əhəmiyyətini belə vurğulayıb: "TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb".
TANAP Azərbaycanla Türkiyənin birgə layihəsidir. Lakin bu xətt təkcə iki ölkə və region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir.
Bu gün Azərbaycan 16 ölkəyə qaz ixrac edir və bu, son hədd deyil. Uzun ixrac yolları isə Türkiyədən - TANAP-dan keçir.
Deyilənlərə onu da əlavə etmək istədik ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrə 6,5 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,3 faiz artım deməkdir. İxracın istiqamətləri isə belədir: Avropa - 3 milyard kubmetr, Türkiyə - 2,4 milyard kubmetr (bunun 1,5 milyard kubmetri TANAP vasitəsilə), Gürcüstan - 0,8 milyard kubmetr, Suriya - 0,3 milyard kubmetr. Bu dövrdə ölkədə ümumi qaz hasilatı 12,6 milyard kubmetr təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xaricə təbii qaz ixracı 8,416 milyard kubmetr olub.
Yeni karbohidrogen yataqları işə düşdükcə və "yaşıl enerji" layihələri mavi yanacağa qənaət etməyə imkan verdikcə ixrac daha da artacaq. Prezident İlham Əliyev ötən illərdəki çıxışlarının birində bu barədə demişdir: "Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı. Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən "yaşıl enerji" gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq".
Flora SADIQLI,
"Azərbaycan"