Azərbaycanın iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlılığının artırılması, şaxələndirmə və qeyri-neft sənayesinin gücləndirilməsi üzərində qurulub. İqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər, iş adamlarına verilən güzəştli kreditlər, lisenziyaların rəqəmsallaşdırılması və biznesin qeydiyyatı prosedurlarının maksimum sadələşdirilməsi daxili bazarda sağlam rəqabət mühitini əhəmiyyətli dərəcədə gücləndirib.
Məhz bu islahat xətti makroiqtisadi sabitliyin qorunmasında və xarici təsirlərə qarşı iqtisadiyyatın immunitetinin güclənməsində həlledici rol oynayır. Azərbaycana davamlı valyuta axınının təmin edilməsi iqtisadi müstəvidə ölkəmizin ən böyük nailiyyətlərindən biridir. Həyata keçirilən genişmiqyaslı struktur və vergi-gömrük islahatları, biznes mühitinin şəffaflaşdırılması və rəqəmsal ekosistemin qurulması ölkəmizin investisiya cəlbediciliyini artırıb. Bu addımlar ölkəmizin maliyyə müstəqilliyini gücləndirərək, xarici valyuta resurslarının ölkəmizə cəlb edilməsinə fundamental zəmin formalaşdırıb. Xüsusilə indiki mərhələdə, qlobal ticarət qarşıdurmalarının kəskinləşdiyi bir dövrdə bu faktor xüsusi önəm daşıyır. Ən azından ona görə ki, beynəlxalq maliyyə bazarlarındakı dalğalanmaların ölkəmizə mənfi təsirləri minimuma enir. Paralel olaraq, bu amil milli valyutanın sabitliyini daha etibarlı şəkildə sığortalayır.
Qeyri-neft sənayesi üzrə ixrac potensialının güclənməsi, ölkə hüdudlarından kənarda gerçəkləşdirilən layihələrdən əldə edilən vəsaitlər valyuta ehtiyatlarımızın sürətlə çoxalmasını təmin edir. Ələlxüsus, son illərdə qeyri-neft sektoru ölkəyə xarici valyuta qazandıran əsas drayverlərdən birinə çevrilib. Bu, qeyri-neft sektoru sahəsinin şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların real bəhrə verdiyinin sübutudur.
Milli iqtisadiyyatın rəqabətədavamlılığının artması və şaxələndirmə siyasəti son onillikdə istehsalın həcmində və strukturunda keyfiyyət dəyişikliklərinə yol açıb. Xatırladaq ki, 2015-ci ildə ümumi daxili məhsul təxminən 54 milyard manat səviyyəsində idisə, son on ildə baş verən dəyişikliklər nəticəsində bu göstərici 2025-ci ildə 129 milyard manata yüksələrək 2 dəfədən çox artıb. Lakin burada başlıca məqam iqtisadi böyümənin kəmiyyəti yox, keyfiyyət tərkibidir. Əgər əvvəlki dövrlərdə ölkə iqtisadiyyatının əsas sütununu enerji sahəsi təşkil edirdisə, son illərdə qeyri-neft sektorunun ÜDM-də payı 70 faizə qədər yüksəlib. Bu tendensiya nümayiş etdirir ki, iqtisadi tərəqqi yalnız karbohidrogen gəlirlərindən asılı deyil. Belə ki, qeyri-neft sənayesində istehsal həcmi son on ildə 2, kənd təsərrüfatı məhsulları istehsalı isə 1,5 dəfə artıb. Xidmət sektorunun payı 40 faizdən 50 faizə yüksələrək iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib.
İqtisadiyyatın şaxələndirilməsi və sənayenin inkişafı fonunda ölkəmizin daxili resursları və istehsal sahələri coğrafi baxımdan da genişlənib. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən bu yana Azərbaycan iqtisadiyyatı özünün ən böyük və hərtərəfli strateji transformasiya dövrünə qədəm qoyub. Bu yeni mərhələ sadəcə postmünaqişə dövrünün bərpası deyil, bütövlükdə milli iqtisadiyyatın regional və qlobal miqyasda yenidən strukturlaşdırılması prosesidir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi təsərrüfat sisteminə sürətli reinteqrasiyası regional inkişafın tamamilə yeni reallıqlarını diktə edir. Dövlətimizin reallaşdırdığı Böyük qayıdış proqramı çərçivəsində reallaşan bu nəhəng reinteqrasiya prosesi qeyri-neft sektorunun inkişaf tempini yeni keyfiyyət mərhələsinə daşıyır. Bu kontekstdə respublikamızın xarici investisiya cəlbediciliyi artıq ənənəvi sahələrlə məhdudlaşmır. Azərbaycanın "Masdar" (BƏƏ), "ACWA Power" (Səudiyyə Ərəbistanı) və BP kimi dünya nəhəngləri ilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda günəş və külək-elektrik stansiyalarının, o cümlədən regional miqyaslı Qaradağ Günəş-Elektrik Stansiyasının inşası üzrə milyardlarla dollarlıq birbaşa xarici investisiya müqavilələri imzalaması bunun bariz sübutudur. Bu meqalayihələr investisiya cəlbediciliyinin neftdən kənar sahədə də zirvədə olduğunu aydın nümayiş etdirir.
İşğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası iqtisadiyyata yalnız yeni ərazilər qazandırmır, həm də ən müasir texnoloji yanaşmaların tətbiqi üçün poliqon rolunu oynayır. Müasir daxili və xarici investisiyaların cəlb edildiyi bu ərazilər, sıfırdan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulur ki, bu da bütövlükdə ölkədə innovativ rəqəmsal ekosistemin formalaşmasına güclü təkan verir. Regionun malik olduğu nəhəng iqtisadi potensial - bərpaolunan "yaşıl enerji" resursları, zəngin şirin su mənbələri və geniş kənd təsərrüfatı torpaqları ölkənin ərzaq və enerji təhlükəsizliyinə birbaşa töhfə verir.
Bununla yanaşı, bölgənin müxtəlif növ strateji tikinti materialları yataqları sənaye zəncirinin xammal bazasını əhəmiyyətli dərəcədə zənginləşdirir. Yerli metallurgiya, emal və tikinti sektorlarının xarici asılılığını minimuma endirir. Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarının daxili istehsalda və qeyri-neft ixracında payının kəskin artması milli sənayeləşmə siyasətinin mühüm qələbəsidir. Bu zonalarda istehsal olunan məhsullar daxili tələbatı yüksək səviyyədə ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə Avropa, MDB və Yaxın Şərq bazarlarına ixrac edilərək ölkənin qeyri-neft potensialını daha da gücləndirir. Bölgənin xammal və istehsal potensialı eyni zamanda investisiya və logistika mərkəzlərinin qurulması ilə dəstəklənir. Azad olunmuş torpaqlarda yaradılan Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları vergi və gömrük güzəştləri vasitəsilə bu bölgəni regional investisiya mərkəzinə çevirir.
Eyni zamanda Füzuli, Zəngilan və Laçında inşa edilən beynəlxalq hava limanları, habelə Zəngəzur dəhlizi istiqamətində qurulan yeni nəqliyyat-logistika şəbəkəsi Qarabağ və Şərqi Zəngəzuru beynəlxalq tranzit marşrutlarının mərkəzi qovşağına çevirir. Bu isə yaxın gələcəkdə ölkəmizin ümumi ixrac portfelində qeyri-neft-qaz məhsullarının payının həndəsi silsilə ilə artmasına hüquqi və iqtisadi zəmin yaradır.
Azərbaycan iqtisadiyyatı müasir dünyada qlobal və geosiyasi çağırışlara çevik və proaktiv reaksiyası ilə seçilir. Əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin qlobal miqyasda tranzit əhəmiyyəti durmadan artır. Dünyada nəqliyyat-logistika zəncirinin qırıldığı bir vaxtda ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin, xüsusən də Orta dəhlizin ən kritik və etibarlı qovşağına çevrilib. Qlobal "yaşıl keçid" tendensiyalarına uyğun olaraq, Azərbaycan Xəzər dənizinin və azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından istifadə edərək "yaşıl enerji" ixracatçısı statusunu qazanmaq istiqamətində sürətlə irəliləyir. Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu qoruyan respublikamız, həm karbohidrogen gəlirlərini rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyatına çevirir, həm də qlobal dayanıqlı inkişaf reytinqlərində mövqeyini ilbəil möhkəmləndirir.
Tranzit potensialının artırılması və qlobal layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq arenada mövqeyini daha da yüksəldir. Bu kontekstdə xüsusilə vurğulanmalıdır ki, Orta dəhlizin rəqabət üstünlüklərinin artırılması məqsədilə rəqəmsal gömrük dəhlizlərinin yaradılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük imkanlarının genişləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan addımlar ölkəmizin qitələr-arası tranzit yüklərin daşınma müddətini iki dəfəyə qədər azaltmasına imkan verib.
Azərbaycan çoxşaxəli multimodal nəqliyyat mərkəzi funksiyasını mənimsəyərək qlobal tədarük zəncirinin diversifikasiyasında həlledici aktora çevrilib. Bu geoiqtisadi manevrlər iqtisadiyyatın xidmət və logistika sektorundan əldə edilən gəlirlərin tərkibində keyfiyyətcə yeni və dayanıqlı artım tempi formalaşdırıb. Eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun təzahürü kimi qlobal iqlim hədəflərinə sadiqliyi və bu sahədə reallaşdırılan meqalayihələr respublikamızın dünya siyasətindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə daşıyıb.
Qlobal enerji böhranının beynəlxalq münasibətlər sistemini və tədarük zəncirlərini yenidən formalaşdırdığı müasir dövrdə Azərbaycanın mavi qazı Avropa qitəsi üçün alternativsiz təhlükəsizlik qarantına çevrilib. Xüsusilə ənənəvi enerji mənbələrindən asılılığın azaldılması və marşrutların diversifikasiyası məsələsinin kəskinləşdiyi bir vaxtda xarici tərəfdaşlar Azərbaycanı ən etibarlı və proqnozlaşdırıla bilən strateji tərəfdaş kimi qəbul edirlər. Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu əməkdaşlığın hüquqi və iqtisadi təməlini təşkil edir. Həmin müqavilələrə əsasən, ölkəmizdən Avropaya qaz ixracının fiziki həcmi ildən-ilə ardıcıl və dinamik şəkildə artırılmaqdadır. "Cənub qaz dəhlizi"nin tam gücü ilə işləməsi və ötürücülük imkanlarının genişləndirilməsi, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərləri vasitəsilə Avropa qitəsinin içərilərinə doğru yeni interkonnektorların qurulması Azərbaycanın qlobal enerji arxitekturasında həlledici mövqeyə malik olmasının təzahürüdür.
Bu gün İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya kimi bir çox Avropa ölkələrinin sənaye gücü və daxili istehlakı birbaşa Azərbaycan qazının sabit və kəsintisiz tədarükü hesabına sığortalanır. Bu amil təkcə ölkəmizə uzunmüddətli və davamlı xarici valyuta axınını təmin etmir, həm də respublikamızın geoiqtisadi nüfuzunu artıraraq onu qlobal enerji təhlükəsizliyinin həlledici aktorlarından birinə çevirir.
İqtisadiyyatın şaxələndirilməsi və regionların dirçəlişi fonunda dövlət büdcəsinin gəlir və xərclərində hər il ardıcıl artımların qeydə alınması da ənənə halını alıb. İqtisadi fəallığın yüksəlməsi və qeyri-neft sənayesindən daxilolmaların çoxalması nəticəsində büdcənin gəlir bazası davamlı olaraq genişlənir və icra prosesində tez-tez müsbət dinamika ilə yenidən baxılaraq dürüstləşdirilir. Bu artımlar Azərbaycanın maliyyə suverenliyini gücləndirməklə yanaşı, həm Qarabağda aparılan nəhəng infrastruktur layihələrinin tamamilə yerli resurslar hesabına maliyyələşdirilməsinə, həm də ölkə daxilində sosialyönümlü proqramların xərclərinin genişləndirilməsinə geniş imkanlar yaradır.
Büdcə gəlirlərinin şaxələndirilməsi həm də kənar maliyyə asılılığını aradan qaldıraraq daxili idarəetmə imkanlarını maksimum həddə çatdırıb. Davamlı büdcə profisiti və gəlir şaxələndirilməsi Azərbaycanın dövlət olaraq iqtisadi və maliyyə suverenliyini qlobal miqyasda ən üst səviyyəyə qaldırır. Belə möhkəm maliyyə immuniteti sayəsində ölkəmiz heç bir xarici maliyyə təsisatından, beynəlxalq banklardan və ya xarici kreditlərdən asılı olmayaraq, tamamilə daxili resurslar hesabına nəhəng layihələri idarə etmək qabiliyyətini ortaya qoyur. Bunun ən bariz nümunəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan çoxmilyardlıq tarixi infrastruktur layihələrinin tamamilə yerli qaynaqlar hesabına maliyyələşdirilməsidir. Bu faktor gələcək nəsillərin çiyinlərinə xarici borc yükü qoymadan böyük coğrafi arealları yenidən qurmaq bacarığının göstəricisidir.
Dövlətimizin güclü maliyyə imkanları makroiqtisadi layihələrlə yanaşı, vətəndaşların rifahının yüksəldilməsinə yönələn humanitar və sosial proqramların əsas sütununa çevrilib. Büdcənin gəlir imkanlarının artması, eyni zamanda ölkə daxilində "sosial dövlət" prinsiplərinin daha qətiyyətlə tətbiqinə birbaşa xidmət edir. İqtisadi tərəqqidən əldə olunan dividendlər sosialyönümlü proqramların xərclərinin genişləndirilməsinə, minimum əməkhaqqı və təqaüdlərin mütəmadi indeksasiyasına, müavinətlərin artırılmasına və əhalinin həssas qruplarının dövlət qayğısı ilə əhatə olunmasına yönəldilir. Beləliklə, iqtisadi islahatlar və regional dirçəliş layihələri sadəcə makroiqtisadi göstərici olaraq qalmır, vətəndaşların rifah halının yüksəldilməsi, keyfiyyətli təhsil, müasir səhiyyə sisteminin və güclü insan kapitalının formalaşdırılması üçün etibarlı maliyyə təminatına çevrilir. Bu qarşılıqlı vəhdət iqtisadi inkişafın cəmiyyətin bütün təbəqələri arasında ədalətli və balanslı paylanmasını təmin edir.
Ölkəmizin əldə etdiyi makroiqtisadi və sosial uğurlar qanunverici orqan səviyyəsində də rəsmi hesabatlarla təsdiqlənir və yüksək qiymətləndirilir. İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkə prezidenti tərəfindən təqdim edilən "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində qeyd olunub ki, ötən dövr ərzində müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər kimi davam etdirilib.
Nəzərə çatdırılıb ki, büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə 1,4 faizlik iqtisadi artımla, 5,6 faizlik orta illik inflyasiya ilə, cari hesablar üzrə tədiyyə balansının 3,5 milyard ABŞ dolları səviyyəsində müsbət saldosu ilə müşayiət olunub. Ölkəmizin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb. Hesabata əsasən, gəlirlər proqnoz rəqəmlərini üstələyib. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz çox icra edilib. Dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 milyard manat icra edilib. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində təsdiq olunsa da, faktiki 580 milyon manat büdcə artıqlığı yaranıb.
Qeyd olunub ki, 2025-ci ildə ümumi daxil məhsul (ÜDM) 129,1 milyard manat, qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edib, xam neftin 1 barelinin orta illik qiyməti 71 ABŞ dollarına bərabər olub, orta illik inflyasiya 5,6 faiz, manatın məzənnəsi 1,7 manat təsbit edilib, əhalinin nominal gəlirlərində 8 faiz artım müşahidə olunub. Vurğulanıb ki, dövlət borcu ilin sonuna 26 milyard manata və ya illik ÜDM-in 20,1 faizinə bərabər olub və bu, 2025-ci ilin əvvəli ilə müqayisədə ilin sonu üçün 1,6 faiz azdır. Dövlət borcunun bu günə olan həcmi 24,1 milyard manata və ya illik ÜDM-in 18,4 faizinə bərabərdir. Bu, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələrdən biri olduğunun bariz nümunəsidir. Borc portfeli ilin sonuna 17,8 milyard manat daxili dövlət borcundan, 8,2 milyard manat xarici dövlət borcundan ibarət olub. Strateji valyuta ehtiyatlarımız bu günə 88,4 milyard ABŞ dollarına çatıb. Dövlət Neft Fondundan büdcəyə transfert 8,5 milyard ABŞ dolları məbləğində icra olunub, dövlət büdcəsi profisitlə icra edilib.
Hesabatda bəyan edilib ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edir, 2029-cu ilə hədəf bu rəqəmi 100 faizə çatdırmaqdır. İcmal büdcə xərcləri qeyri-neft ÜDM-in 48,4 faizinə bərabər olub. Həmçinin regionların büdcədən asılılığı daha da azalıb. Bununla yanaşı, nəzərə çatdırılıb ki, icmal büdcə xərcləri 44,7 milyard manat məbləğində icra olunub. Cari xərclər 22,1 milyard manat, əsaslı xərclər 14,4 milyard manat, dövlət borclarına xidmətlə bağlı xərclər 2,1 milyard manat icra olunub, sosialyönlü xərclər isə 15,3 milyard manat və ya büdcənin 40 faizini təşkil edib. Son 5 ildə sosialyönlü xərclər 3,9 milyard manat artıb.
Azərbaycanın həyata keçirdiyi unikal iqtisadi model və təhlükəsiz borc strategiyası qlobal maliyyə təşkilatlarının da diqqət mərkəzindədir. Hazırda beynəlxalq qurumların hesabatlarında respublikamızın makroiqtisadi sabitliyinin əsas təminatçısı qismində maliyyə rezervlərimiz çıxış edir. Bu aktivlər Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, Dövlət Neft Fondu və Mərkəzi Bankın balansında cəmləşən ehtiyatlardan ibarətdir. Ölkəmizin kredit reytinqləri onun müsbət xarici balans mövqeyi, qlobal səviyyədə ən minimal öhdəlik hədəfləri və nəhəng suveren fond aktivlərinin verdiyi yüksək maliyyə manevr imkanları ilə şərtlənir.
Nüfuzlu "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın strateji valyuta ehtiyatlarının 2026-cı ildə 93 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırır. Agentlik bu göstəricinin ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117 faizinə bərabər olacağını bildirib. Aktivlərin 84 faizi Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılır. Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərini artıracaq, bu da xarici aktivlərin həcminin böyüməsinə şərait yaradacaq. "Fitch Ratings" bildirib ki, Azərbaycanın xalis suveren xarici aktivləri 2026-cı ildə ÜDM-in 73 faizinə çatacaq ki, bu da "BBB" reytinqli ölkələr arasında ən yüksək göstəricidir.
Məhz bu uğurlu inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon manat məbləğində təsdiq edilən Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi bütün Qafqaz regionunun və ölkəmizin müstəqillik tarixinin ən böyük maliyyə paketi olmaqla tarixi nailiyyətə çevrilib. Bu nəhəng büdcə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi kursun effektivliyini maliyyə müstəvisində bir daha təsdiqləyir. "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədini uzunmüddətli dövlət strategiyası kimi büdcənin mərkəzinə qoyan yeni maliyyə planı neft amilindən asılılığın sistemli şəkildə azaldılmasına və qeyri-neft resurslarının drayverə çevrilməsinə fundamental zəmin yaradır. Eyni zamanda təhsil, səhiyyə və sosial təminat proqramlarını əhatə edən sosialyönümlü xərclərin büdcədəki yüksək payı dövlətimizin ali məqsədinin birbaşa vətəndaş rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiyini bariz şəkildə nümayiş etdirir.
Ölkə iqtisadiyyatının keçdiyi bu uğurlu inkişaf yolu və əldə olunan möhtəşəm dividendlər dövlətimizin başçısının qətiyyətli strateji yanaşmasının birbaşa nəticəsidir. Prezident İlham Əliyevin iyunun 1-də "Bakı Enerji Həftəsi"nin açılış mərasimində çıxışı zamanı vurğuladığı məqamlar bu reallıqları tam dolğunluğu əks etdirir: "Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu günə bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur. Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi".
Dövlətimizin başçısının çıxışı Azərbaycanın karbohidrogen resurslarından əldə olunan gəlirləri strateji uzaqgörənliklə idarə etdiyini ortaya qoyur. Ölkəmizin borclanma siyasətinə dair strategiyası tam müstəqil siyasəti şərtləndirən ən fundamental amildir. Xarici borcun ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çox olması və strateji rezervlərin bu borcu 18 dəfədən çox üstələməsi Azərbaycanın qlobal maliyyə arxitekturasında unikal tərəfdaşlıq mövqeyini və suveren maliyyə immunitetini təsdiqləyir. Digər tərəfdən, yoxsulluq və işsizliyin 5 faiz həddinə endirilməsi iqtisadi islahatların birbaşa sosial rifaha və insan kapitalına translyasiya olunduğunun bariz göstəricisidir.
Bütün bu mənzərə və makroiqtisadi göstəricilər bir reallığı tam aydınlığı ilə ortaya qoyur. Azərbaycan postneft dövrünün iqtisadi modelini geoiqtisadi reallıqların mərkəzində uğurla tətbiq edir. Ölkəmizin nümayiş etdirdiyi inkişaf fəlsəfəsi təbii resurslardan asılılığı minimuma endirərək insan kapitalına, rəqəmsal innovasiyalara və regional şaxələndirməyə əsaslanan yeni bir iqtisadi memarlığın qurulmasıdır. Tarixi Zəfərlə başa çatan postmünaqişə dövründən sonra Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi təsərrüfat sisteminə reinteqrasiyası, habelə Orta dəhliz və nəhəng "yaşıl enerji" layihələri respublikamızın gələcək inkişaf trayektoriyasını təyin edən əsas sütunlara çevrilib.
Mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu genişmiqyaslı transformasiyanı heç bir kənar maliyyə təsisatından asılı olmadan, özünün suveren valyuta ehtiyatları və daxili resursları hesabına reallaşdırır. Xarici borcun ümumi daxili məhsula nisbətinin minimal səviyyədə saxlanılması və rezervlərin borcları dəfələrlə üstələməsi ölkənin gələcək nəsillərini qlobal borc yükündən sığortalamaqla yanaşı, respublikanın tam müstəqil xarici və daxili siyasət yürütmək imkanlarını da zirvəyə daşıyır.
Beləliklə, karbohidrogen gəlirlərin rəqabətqabiliyyətli qeyri-neft sənayesinə yönəldilməsi və dayanıqlı sosial rifaha çevrilməsi strategiyası Azərbaycanı təkcə regionun deyil, Avrasiya məkanının ən etibarlı, investisiya cəlbediciliyi baxımından aparıcı dövlətlərindən biri kimi mövqelərini daha da möhkəmləndirir. Dayanıqlı və rəqabətqabiliyyətli inkişaf modeli milli iqtisadiyyatın istənilən qlobal böhran və dalğalanmalara qarşı immunitetini tam təmin edərək, Azərbaycanı inamla daha parlaq və dayanıqlı gələcəyə doğru aparır.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı