12 İyun 2026 09:40
161
Səhiyyə
A- A+
Yayda düzgün qidalanmağın yolları

Yayda düzgün qidalanmağın yolları


Yay mövsümündə həyat tərzində və gündəlik vərdişlərdə ciddi dəyişikliklər etmək lazımdır. Havanın temperaturunun yüksəlməsi ilə birlikdə orqanizmin suya, minerallara və enerji balansını qoruyan qidalara olan ehtiyacı da artır. Mütəxəssislər bildirirlər ki, yay aylarında düzgün qidalanma və sağlam həyat tərzi həm günvurma, susuzlaşma və həzm problemlərinin qarşısını almaqda, həm də immun sistemini gücləndirməkdə mühüm rol oynayır. Bu səbəbdən isti havalarda qida seçiminə, maye qəbuluna, fiziki aktivliyə və gündəlik rejimə xüsusi diqqət yetirilməlidir.

Yüksək temperaturun təsiri ilə insan bədəni daha çox tərlədiyi üçün su ilə yanaşı, vacib minerallar da itirir. Natrium, kalium və maqnezium kimi elementlərin azalması isə halsızlıq, yorğunluq, baş ağrısı və diqqət zəifliyi yaradır. Buna görə də yay aylarında su balansının qorunması sağlamlığın əsas şərtlərindən biri hesab olunur. Həkimlər gün ərzində orta hesabla ən azı 2-2,5 litr su içməyi tövsiyə edirlər. Xüsusilə isti havalarda su ehtiyacını hiss etmədən belə maye qəbul etmək vacibdir. Çünki susuzluq hissi yarandıqda bədən artıq müəyyən qədər maye itirmiş olur. Çay, qəhvə və qazlı içkilər suyun yerini tam əvəz etmir. Əksinə, bəzi hallarda sidikqovucu təsir göstərərək orqanizmdən daha çox maye itkisinə səbəb ola bilir.

Yayda qida rasionunda yüngül və təbii qidaların üstünlük təşkil etməsi tövsiyə olunur. Ağır, yağlı və qızardılmış yeməklər isti havalarda həzm sisteminə əlavə yük yaradır, insanı daha tez yorur və halsızlıq hissini artırır. Bu səbəbdən qaynadılmış, sobada və ya buxarda hazırlanmış yeməklərə üstünlük vermək daha məqsədəuyğundur. Mövsümi tərəvəz və meyvələr isə yay qidalanmasının əsas hissəsini təşkil etməlidir. Xiyar, pomidor, göyərti, qarpız, yemiş, şaftalı, ərik, albalı, moruq və müxtəlif giləmeyvələr həm orqanizmi sərinləşdirir, həm də vitamin və mineral ehtiyacını qarşılayır. Liflə zəngin olan bu məhsullar həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaqların normal işləməsinə kömək edir və toxluq hissi yaradır.

Dietoloqlar bildirirlər ki, yay aylarında xüsusilə səhər yeməyi diqqətdən kənarda qalmamalıdır. Səhər yeməyi günün enerji ehtiyatını formalaşdırır və uzun müddət toxluq hissi yaradır. Yumurta, pendir, göyərti, tam taxıllı məhsullar və mövsümi tərəvəzlərdən ibarət səhər yeməyi həm qidalandırıcı, həm də balanslı hesab olunur. Günorta saatlarında isə daha yüngül qidalara üstünlük verilməsi məsləhət görülür. Xüsusilə 12:00-16:00 aralığında ağır yeməklərin qəbulu ürək-damar sisteminə əlavə yük yarada bilər. Bu saatlarda tərəvəzli salatlar, qatıq, ayran, meyvə və yüngül zülal mənbələri daha uyğun seçim sayılır.

Bu mövsümdə qida təhlükəsizliyi məsələsi də xüsusi əhəmiyyət daşıyır. İsti hava məhsulların daha tez xarab olmasına təsir göstərir və bu da qida zəhərlənmələrinin sayını artırır. Xüsusilə mayonezli salatlar, süd məhsulları və açıq havada satılan qidalar diqqətlə seçilməlidir. Mütəxəssislər küçədə açıq şəkildə satılan məhsullardan uzaq durmağı, meyvə və tərəvəzləri yaxşı yumağı, bişmiş yeməkləri uzun müddət otaq temperaturunda saxlamamağı tövsiyə edirlər. Qidaların düzgün saxlanılması və gigiyena qaydalarına əməl olunması yay mövsümündə sağlamlığın qorunması üçün əsas şərtlərdən biridir.

Yayda insanların ən çox istifadə etdiyi məhsullardan biri də dondurmadır. İsti havalarda sərinlədici təsiri ilə seçilən bu məhsulun həddindən artıq istehlakı müəyyən problemlərə səbəb ola bilər. Tərkibində şəkər miqdarı yüksək olan dondurmalar çəki artımına və qan şəkərinin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda çox soyuq içkilər və qidalar boğaz ağrıları, həzm narahatlıqları və mədə problemləri yarada bilər. Dietoloqlar ev şəraitində hazırlanmış meyvəli desertləri və şəkəri az olan içkiləri daha sağlam seçim hesab edirlər.

Son illərdə yay aylarında "detoks" anlayışı da geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, yay mövsümü yüngül və təbii qidalanma vasitəsilə orqanizmi toksinlərdən təmizləmək üçün əlverişli dövrdür. Detoks zamanı əsas məqsəd orqanizmin maye balansını bərpa etmək, həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq və enerji səviyyəsini artırmaqdır. Bunun üçün gündəlik qida rasionuna bol su ilə yanaşı, vitamin və minerallarla zəngin tərəvəz və meyvələr daxil edilməlidir. Xiyar, pomidor, göyərti, qarpız, yemiş, giləmeyvə, albalı kimi məhsullar orqanizmi həm sərinləşdirir, həm də antioksidantlarla təmin edir. Yulaf, çia toxumu, kətan toxumu və tam buğda məhsulları isə lif baxımından zəngin olduqları üçün bağırsaq fəaliyyətinə müsbət təsir göstərir.

Detoks məqsədilə istifadə olunan içkilər arasında bitki çayları da xüsusi yer tutur. Zəncəfil, nanə, çobanyastığı və qarabaşaq çayları orqanizmi sakitləşdirən və həzmi yaxşılaşdıran vasitələrdir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, detoks çaylarından nəzarətsiz şəkildə istifadə etmək düzgün deyil. Belə içkilərin tərkibindəki məhsullar bəzi insanlara mənfi təsir edə bilər. Yüksək təzyiq, diabet, ürək-damar xəstəlikləri, qanazlığı və digər sağlamlıq problemləri olan şəxslər, həmçinin hamilələr, yaşlı insanlar və uşaqlar detoks içkilərindən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Bu səbəbdən detoks proqramına başlamazdan əvvəl mütəxəssis məsləhəti almaq daha məqsədəuyğundur.

Detoks çaylarının hazırlanma qaydası da önəmlidir. Bitki çaylarını təxminən 80 dərəcə temperaturda 15-20 dəqiqə dəmləmək tövsiyə olunur. Çünki çox qaynar su bitkilərin tərkibindəki faydalı maddələrin bir hissəsini məhv edə bilər. Mütəxəssislər belə çayların səhər oyandıqdan sonra və gecə yatmazdan əvvəl qəbulunu daha faydalı hesab edirlər. Səhər qəbul edilən detoks çayı orqanizmə enerji və təravət verir, gecə qəbul edilən içki isə sakitləşdirici təsir göstərərək yuxu keyfiyyətini yaxşılaşdırır.

Yay mövsümündə detoks sularından da geniş istifadə olunur. Bu içkilər suya müxtəlif meyvə, tərəvəz və ədviyyatların əlavə edilməsi ilə hazırlanır. Limon, xiyar, nanə, giləmeyvə ilə yanaşı, darçın çubuqları, mixək və qara bibər kimi ədviyyatlar da detoks suyunun tərkibinə əlavə edilə bilər. Mütəxəssislər belə suların müəyyən müddət saxlanılmasını tövsiyə edirlər ki, meyvə və tərəvəzlərin vitaminləri suya keçsin. Bununla belə, detoks sularının həddindən artıq istifadəsi də məsləhət görülmür. Uzun müddət nəzarətsiz şəkildə istifadə olunduqda bəzi mineral və vitaminlərin bağırsaqlarda sorulmasına mane ola, hətta əzələ spazmlarına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, yay mövsümünü sağlam və enerjili keçirməyin əsas yolu balanslı qidalanma, düzgün maye qəbulu, aktiv həyat tərzi və istirahət rejiminin qorunmasından keçir. Sadə, lakin vacib qaydalara əməl etməklə yay aylarını daha sağlam, rahat və enerjili keçirmək mümkündür.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollardan baha satılır

09:57
12 İyun

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

09:56
12 İyun

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

09:54
12 İyun

İlon Mask tarixdə ilk trilyonçu olub

09:42
12 İyun

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

09:40
12 İyun

Yayda düzgün qidalanmağın yolları

09:40
12 İyun

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

09:39
12 İyun

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!