14 İyul 2026 08:05
227
SİYASƏT
A- A+
Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor


Prezident İlham Əliyevin xarici siyasəti sayəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində məhz belə tanınır


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu onların iqtisadi və hərbi potensialı qədər həm də həyata keçirdikləri xarici siyasətin səmərəliliyi, etibarlı tərəfdaş kimi qazandıqları inam və qlobal proseslərə verdikləri töhfələrlə müəyyən edilir. Bu baxımdan Azərbaycan son illərdə beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi ardıcıl və praqmatik siyasət nəticəsində Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi, geoiqtisadi və enerji mərkəzinə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas prinsiplərini milli maraqların qorunması, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, daxili işlərə qarışmamaq və çoxtərəfli tərəfdaşlığın inkişafı təşkil edir. Məhz bu siyasət sayəsində Azərbaycan müxtəlif siyasi bloklar arasında etibarlı dialoq platforması formalaşdırmış, həm Şərq, həm Qərb, həm də Şimal və Cənub istiqamətlərində balanslaşdırılmış münasibətlər qurmağa nail olmuşdur.

Məlumdur ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq modeli təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regional sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya layihələrinin genişləndirilməsinə, "yaşıl enerji" keçidinə və rəqəmsal bağlantının gücləndirilməsinə xidmət edir. Son illər baş verən qlobal geosiyasi dəyişikliklər ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Xüsusilə Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda dövlətimiz özünü etibarlı qaz təchizatçısı kimi təsdiqləmişdir. "Cənub qaz dəhlizi" artıq enerji layihəsi hüdudlarından çıxaraq Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsas sütunlarından birinə çevrilmişdir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz, Xəzər dənizi üzərindən yükdaşımaların genişləndirilməsi, rəqəmsal kabel layihələri və "yaşıl enerji" ixracı istiqamətində həyata keçirilən təşəbbüslər Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin iqtisadi əsaslarını daha da möhkəmləndirmişdir.

Azərbaycan bu gün BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların işində fəal iştirak etməklə qlobal problemlərin həllinə öz layiqli töhfələrini verir.


Avropa İttifaqı ilə tərəfdaşlıq gündəliyində yeni səhifə


Ölkəmizin xarici siyasətində mühüm tərəfdaş kimi Avropa İttifaqı ilə münasibətlər də xüsusi yer tutur. Tərəflər arasında enerji, nəqliyyat, ticarət, rəqəmsal inkişaf, "yaşıl enerji", təhlükəsizlik və regional əməkdaşlıq sahələrində uzunmüddətli münasibətlər formalaşıb. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi məsələsi yeni məzmun qazandıqca ölkəmizin strateji əhəmiyyəti daha da artmışdır. Avropa İttifaqı Azərbaycanı etibarlı enerji tərəfdaşı olaraq yüksək qiymətləndirir və bu əməkdaşlığın yalnız təbii qazla məhdudlaşmadığını, bərpaolunan enerji, elektrik ötürülməsi, hidrogen, rəqəmsal bağlantı və logistika sahələrini də əhatə etdiyini bildirir. Bu münasibətlər qarşılıqlı maraqlar əsasında inkişaf yolundadır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Avropa İttifaqı isə regionda iqtisadi əməkdaşlığın və bağlantının genişləndirilməsində maraqlı tərəf kimi çıxış edir.

Bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm hadisələrdən biri oldu. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlərdə enerji təhlükəsizliyi, regional sülh, nəqliyyat dəhlizləri, rəqəmsal bağlantı, "yaşıl enerji" layihələri və s. məsələlər əsas müzakirə mövzuları oldu.

Xanım Ursula fon der Lyayen çıxışında Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu bir daha vurğulayaraq enerji əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. O, həmçinin Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasının bütün region üçün yeni iqtisadi imkanlar yaradacağını qeyd etdi.

Səfər çərçivəsində Avropa İttifaqı regionda nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına dəstək məqsədilə "Sülh naminə Bağlantı Paketi" çərçivəsində 200 milyon avroya qədər qrant ayıracağını açıqladı. Bu təşəbbüsün məqsədi region ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi və sülh prosesinin praktiki nəticələrlə möhkəmləndirilməsidir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də Avropa ilə Asiya arasında strateji bağlantını təmin edən mühüm geosiyasi tərəfdaş kimi qəbul olunur.

Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində Avropa dövlətləri ilə ikitərəfli münasibətlər xüsusi yer tutur. Həmin əməkdaşlıq enerji sektoru ilə bərabər, ticarət, investisiya, nəqliyyat, rəqəmsal texnologiyalar, müdafiə sənayesi, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət kimi çoxsaylı sahələri əhatə edir. Bu, bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas xüsusiyyətlərindən biri  məhz müxtəlif dövlətlərlə milli maraqlara əsaslanan praqmatik tərəfdaşlıq münasibətlərinin qurulmasıdır.

Ölkəmizin bu münasibətlər fonunda İrlandiya ilə əməkdaşlığı xüsusi yer tutur. Son illər iki ölkə arasında siyasi dialoq daha da intensivləşmiş, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan və İrlandiya beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr həyata keçirilir. Ticarət əlaqələrinin genişləndirilməsi, informasiya texnologiyaları, təhsil, kənd təsərrüfatı, əczaçılıq və xidmət sektorunda əməkdaşlıq üçün geniş potensial mövcuddur.

İrlandiya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna marağı artır. Eyni zamanda respublikamızın Avropaya ixrac imkanlarının genişlənməsi iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına yeni stimul verir. Təhsil sahəsində əməkdaşlıq, akademik mübadilə proqramları və elmi əlaqələrin inkişafı da münasibətlərin mühüm istiqamətlərindən hesab olunur.

Azərbaycanın Avropadakı ən mühüm tərəfdaşlarından biri də İtaliyadır. Uzun illərdir ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılmasında Trans-Adriatik Boru Kəmərinin (TAP) xüsusi rolu iki ölkə arasında strateji əməkdaşlığın əsas sütunlarından sayılır. Bununla yanaşı, maşınqayırma, tikinti, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, kosmik sənaye və təhsil sahələrində də əməkdaşlıq ildən-ilə genişlənir. İtaliya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində də fəal iştirak edirlər.

Macarıstan da Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş ilk Avropa dövlətlərindəndir. Rəsmi Budapeşt ölkəmizin enerji siyasətini ardıcıl olaraq dəstəkləyir və Avropanın enerji təhlükəsizliyində rolumuzu yüksək qiymətləndirir. İki ölkə arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, su təsərrüfatı, əczaçılıq və təhsil sahələrində də geniş əməkdaşlıq mövcuddur. Macarıstanın "yaşıl enerji" layihələrində iştirakı və dövlətimizlə birgə həyata keçirilən investisiya təşəbbüsləri tərəfdaşlığın yeni istiqamətlərini formalaşdırır.

Azərbaycanın Rumıniya və Bolqarıstanla münasibətlərinin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi və elektrik enerjisinin ixracıdır. Xəzər dənizində istehsal olunan "yaşıl enerji"nin Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli vasitəsilə Avropaya nəqli Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində yeni strateji mərhələ hesab olunur. Bu layihə enerji təhlükəsizliyi ilə yanaşı, həm də Avropa İttifaqının "yaşıl keçid" strategiyasına mühüm töhfə verir. 

Azərbaycan həmçinin Almaniya ilə sənaye, innovasiya, peşə təhsili, "yaşıl texnologiyalar" və iqtisadi əməkdaşlığı inkişaf etdirir. Alman şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 

Böyük Britaniya isə ölkəmizin enerji sektorunun ən iri investorlarından biri olaraq qalır. Bununla yanaşı, sözügedən dövlətlə maliyyə, rəqəmsal iqtisadiyyat, təhsil və hüquq sahələrində əməkdaşlıq da inkişaf etməkdədir.

Fransa ilə münasibətlər müəyyən dövrlərdə siyasi fikir ayrılıqları ilə müşayiət olunsa da, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmişdir. Rəsmi Bakı hesab edir ki, qarşılıqlı hörmət və bərabərlik prinsipləri istənilən əməkdaşlığın əsasını təşkil etməlidir.


Türk və islam dünyasında Azərbaycan


Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində Türk Dövlətləri Təşkilatı xüsusi yer tutur. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində təşkilat son illərdə siyasi dialoq platformasından iqtisadi və strateji əməkdaşlıq məkanına çevrilməkdədir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətləri arasında nəqliyyat, logistika, rəqəmsal transformasiya, müdafiə sənayesi, təhsil və humanitar əlaqələr sürətlə inkişaf edir. Vətən müharibəsindəki tarixi zəfərimiz sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra türk dünyasının iqtisadi inteqrasiyasında Azərbaycanın rolu daha da artmışdır. Zəngəzur dəhlizi (TRIPP) perspektivi, Orta dəhlizin inkişafı və Xəzər üzərindən daşımaların genişləndirilməsi türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də aktiv fəaliyyət göstərir. İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, islamofobiya ilə mübarizə və humanitar əməkdaşlıq ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərinə çevrilmişdir. Rəsmi Bakı dəfələrlə islam həmrəyliyinə həsr olunan beynəlxalq tədbirlərə evsahibliyi etmiş, müxtəlif platformalarda müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr vermişdir.

Qlobal ticarət marşrutlarının dəyişdiyi bir dövrdə Azərbaycanın yerləşdiyi geostrateji mövqe onun beynəlxalq əməkdaşlıq siyasətinə yeni imkanlar qazandırmaqdadır. Bu baxımdan Orta dəhliz son dərəcə mühüm əhəmiyyət daşıyır. Dəhliz Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan ən perspektivli nəqliyyat marşrutlarındandır. Azərbaycan son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması və logistika imkanlarının artırılması istiqamətində mühüm investisiyalar həyata keçirməkdədir. Bu layihələr sayəsində ölkəmiz tranzit məkanı olmaqla yanaşı, həm də regional logistika mərkəzi kimi çıxış edir.


"Yaşıl enerji" diplomatiyası 


Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində son illərin ən mühüm istiqamətlərindən biri "yaşıl enerji" diplomatiyasıdır. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, Xəzər dənizinin külək enerjisi potensialından istifadə, günəş və külək-elektrik stansiyalarının tikintisi ölkəmizi regionun "yaşıl enerji" mərkəzinə çevirməkdədir. 

Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İtaliya və digər dövlətlərin aparıcı enerji şirkətləri ilə həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətini yeni mərhələyə yüksəldir. "Yaşıl enerji"nin Avropaya ixracı, hidrogen istehsalı perspektivləri və Qara dəniz kabeli layihəsi Azərbaycanın beynəlxalq əməkdaşlığının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdəndir.

Bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm regionda sabitliyin təmin olunmasına, həm də qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir.

Müasir dövrdə Azərbaycanın xarici siyasəti yalnız mövcud tərəfdaşlıqların qorunmasına deyil, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasına, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və davamlı sülhün təmin olunmasına xidmət göstərir. Məhz bu strateji kurs ölkəmizin gələcək inkişafının, beynəlxalq nüfuzunun və qlobal siyasətdə rolunun daha da artmasını təmin edən əsas amillərdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!