15 İyul 2026 08:40
137
SİYASƏT
A- A+
57 illik tarixin bir məqamı

57 illik tarixin bir məqamı


Bu, milli dirçəlişin başlanğıcıdır


Bəzən təqvimdə adi bir gün kimi görünən bir tarix sonradan bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsinə çevrilir. Belə günlərdə baş verən hadisələr yalnız dövrün siyasi mənzərəsini dəyişmir, gələcək onilliklərin istiqamətini müəyyənləşdirir, millətin özünəinamını formalaşdırır, dövlətçilik düşüncəsinin əsasını yaradır. 

Azərbaycanın müasir tarixində 1969-cu il iyulun 14-ü məhz belə günlərdən biridir. Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ilk baxışda Sovet İttifaqının respublikalarından birində baş vermiş adi kadr dəyişikliyi təsiri bağışlaya bilərdi. Lakin zaman göstərdi ki, bu hadisə təkcə rəhbər dəyişikliyi deyildi, həm də Azərbaycanın inkişaf modelini dəyişən, milli düşüncəyə yeni nəfəs gətirən, gələcək müstəqil dövlətin iqtisadi, intellektual və idarəçilik əsaslarını formalaşdıran böyük tarixi dönüş nöqtəsi oldu. O dövrdə Azərbaycan keçmiş SSRİ-nin əsasən aqrar respublikalarından biri hesab olunurdu. Sənayenin inkişaf tempi zəif, müasir istehsal sahələri məhdud idi, yüksəkixtisaslı milli kadrların sayı isə respublikanın gələcək inkişafı üçün kifayət etmirdi. Mövcud potensialdan səmərəli istifadə olunmur, Azərbaycanın zəngin təbii və insan resursları ümumittifaq planlaşdırmasının kölgəsində qalırdı. Belə mürəkkəb şəraitdə respublika rəhbərliyinə gələn Heydər Əliyev hadisələrə təkcə sovet məmuru kimi deyil, milli maraqları dərindən anlayan azərbaycanlı dövlət xadimi kimi yanaşdı. Ümummilli Liderin həyata keçirdiyi siyasətin mərkəzində yalnız cari təsərrüfat məsələləri yox, xalqın gələcəyi dayanırdı. Məhz buna görə də fəaliyyətinin ilk günlərindən iqtisadi inkişafla yanaşı, milli özünüdərk, milli kadr hazırlığı, elmi potensialın gücləndirilməsi və Azərbaycanın gələcək dövlətçilik imkanlarının genişləndirilməsi paralel istiqamətlər kimi götürüldü.

Bu baxımdan 14 iyul 1969-cu il Azərbaycanın yeni inkişaf fəlsəfəsinin başlanğıcı kimi tarixə yazıldı. Bu tarixdən sonra respublikada həyata keçirilən islahatların əsas məqsədi təkcə həmin günün problemlərini həll etmək deyildi. Əsas məqsəd Azərbaycanın gələcəyini quracaq intellektual, iqtisadi və peşəkar dayaqları yaratmaq idi. Sonrakı illərdə baş verən hadisələr də göstərdi ki, bu siyasət təsadüfi qərarların deyil, uzaqgörən strateji baxışın nəticəsi olub.

Ümummilli Lider yaxşı anlayırdı ki, xalqın gələcəyini yalnız təbii sərvətlər deyil, savadlı insanlar, güclü elm, peşəkar idarəçilik və milli düşüncəyə malik kadrlar müəyyən edir. Ölkənin rəhbəri Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə çalışdığı illərdə respublikanın ictimai-siyasi həyatını yaxından izləyir, milli maraqlara həssas yanaşması ilə seçilirdi. Tarixi araşdırmalarda qeyd olunur ki, həmin dövrdə Azərbaycan ziyalılarının, elm və mədəniyyət xadimlərinin fəaliyyətinə münasibətdə daha ölçülü və məsuliyyətli yanaşmanın formalaşmasında Ulu Öndərin idarəçilik üsulu mühüm rol oynayıb. Məhz buna görə də sonralar bir çox tanınmış ziyalı Heydər Əliyevin milli mədəniyyətə və Azərbaycan ziyalılarına göstərdiyi diqqəti xüsusi minnətdarlıqla xatırlayırdı. Bu, yalnız ayrı-ayrı insanlara qayğı deyildi, eyni zamanda milli intellektin qorunmasına yönəlmiş strateji baxış idi. Heydər Əliyev başa düşürdü ki, xalqın ziyalısı zəifləyərsə, gələcəyi də zəifləyər, elmi düşüncə susdurularsa, inkişaf dayanacaq, milli mədəniyyət sıxışdırılarsa, milli kimlik də zədələnəcək. Buna görə də Azərbaycan alimlərinin, yazıçılarının, müəllimlərinin, mühəndislərinin və yaradıcı insanların fəaliyyətinə verilən dəyər onun dövlət idarəçiliyinin mühüm istiqamətlərindən idi. 

Heydər Əliyevin uzaqgörənliyi yalnız mövcud ziyalı nəslini qorumaq deyildi, həm də gələcəyin Azərbaycanını quracaq yeni nəslin yetişdirilməsini dövlət siyasətinin prioriteti hesab edirdi. Məhz buna görə də respublikanın istedadlı gənclərinin keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq (Leninqrad), Kiyev, Minsk, Novosibirsk və digər elm mərkəzlərində yerləşən nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi diqqət yetirilirdi. Hər il yüzlərlə azərbaycanlı gəncin ittifaqın qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi təsadüfi kampaniya deyil, uzunmüddətli strateji proqram idi. Bu gənclər sonralar Azərbaycanın sənayesini, energetikasını, kənd təsərrüfatını, elmini, səhiyyəsini, hərbi quruculuğunu və dövlət idarəçiliyini formalaşdıran əsas milli kadr korpusuna çevrildilər. 

1969-cu ildən etibarən respublikanın iqtisadi həyatında müşahidə olunan canlanma qısa müddətdə genişmiqyaslı inkişaf mərhələsinə çevrildi. İttifaqın mərkəzləşdirilmiş planlı iqtisadiyyatı şəraitində belə Azərbaycan sənaye potensialını artırmağa, yeni istehsal sahələri yaratmağa və iqtisadiyyatın strukturunu şaxələndirməyə nail oldu. Bir-birinin ardınca yeni zavodlar, fabriklər, istehsalat birlikləri istifadəyə verildi, mövcud müəssisələr müasir texnologiyalarla yenidən quruldu. Neft maşınqayırması sahəsində qazanılan uğurlar Azərbaycanın adını bütün sosialist düşərgəsində məşhurlaşdırdı. Azərbaycanda istehsal olunan neft avadanlıqları SSRİ-nin və sosialistyönümlü ölkələrin müxtəlif neft yataqlarında istifadə olunur, Azərbaycan mühəndislərinin hazırladığı texniki həllər ittifaq miqyasında yüksək qiymətləndirilirdi. Respublikada formalaşan güclü maşınqayırma məktəbi sonrakı illərdə də ölkənin sənaye potensialının əsas sütunlarından biri oldu.

Sumqayıt kimya sənayesi isə həmin dövrün ən iri sənaye komplekslərindən biri kimi fəaliyyət göstərirdi. Burada istehsal olunan məhsullar ittifaqın müxtəlif bölgələrinə göndərilir, Azərbaycan kimya sənayesi ümumittifaq iqtisadiyyatının mühüm halqalarından birinə çevrilmişdi. Metallurgiya, elektrotexnika, cihazqayırma, tikinti materialları sənayesi və digər istiqamətlərdə yaradılan yeni müəssisələr respublikanın iqtisadi simasını tamamilə dəyişdirmişdi.

Heydər Əliyev kənd təsərrüfatının inkişafını da strateji məsələ hesab edirdi. Azərbaycanda pambıqçılıq, üzümçülük, taxılçılıq, tütünçülük, baramaçılıq, meyvəçilik və heyvandarlıq sahələri dövlət dəstəyi hesabına sürətlə inkişaf etdirildi. Suvarma sistemləri genişləndirildi, kənd təsərrüfatının texnika ilə təminatında nəzərəçarpacaq mühüm irəliləyiş var idi. Kənd zəhmətkeşlərinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu siyasətin nəticəsində Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrilmişdi. 

Respublikamızın artan iqtisadi yüksəlişi şəhərlərin simasında da aydın görünürdü. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və digər şəhərlərdə yeni yaşayış massivləri salınır, çoxmərtəbəli yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət evləri, idman obyektləri tikilirdi. Minlərlə ailə yeni mənzillərlə təmin olunur, insanların həyat şəraiti ildən-ilə yaxşılaşırdı. 

Bu gün geriyə baxanda aydın görünür ki, həmin illərdə yaradılan sənaye müəssisələri, formalaşdırılan mühəndislik  məktəbi, yetişdirilən yüksək-ixtisaslı mütəxəssislər və qurulan sosial infrastruktur sonradan müstəqil Azərbaycanın iqtisadi inkişafına xidmət edən möhkəm baza rolunu oynadı.

Ulu Öndər Heydər Əliyev iqtisadiyyata yalnız rəqəmlər toplusu kimi baxmırdı, həm də dövlət müstəqilliyinin ən mühüm dayağı hesab edirdi. Bu uzaqgörən baxış sonrakı tarixi proseslərdə öz təsdiqini tapdı. Məhz buna görə 1969-1982-ci illər Azərbaycan tarixində təkcə yüksək iqtisadi göstəricilər dövrü deyil, gələcək müstəqil dövlətin maddi, texnoloji və istehsal təməlinin formalaşdırıldığı böyük inkişaf mərhələsi kimi qiymətləndirilir.

Tarixə diqqətlə nəzər saldıqda bir həqiqət aydın görünür - böyük dövlətlər təsadüflərin deyil, uzaqgörən siyasətin və ardıcıl quruculuğun nəticəsində yaranır. Dövlətçilik bir gündə formalaşmır. Onun təməli illərlə atılır, iqtisadiyyatda, təhsildə, elmdə, idarəçilikdə və cəmiyyətin milli özünüdərkində yetişir.1969-cu il iyulun 14-dən sonra Azərbaycanda başlanan dəyişikliklərə də məhz bu prizmadan baxmaq lazımdır. Ümummilli Liderin rəhbərliyi dövründə respublikada aparılan siyasət yalnız cari təsərrüfat məsələlərinin həllinə yönəlməmişdi. İqtisadiyyatın şaxələndirilməsi, sənaye müəssisələrinin yaradılması, elmi potensialın gücləndirilməsi, milli kadrların hazırlanması, şəhərlərin abadlaşdırılması və sosial infrastrukturun genişləndirilməsi Azərbaycanın inkişaf imkanlarını əhəmiyyətli dərəcədə artırdı.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə ölkə ağır siyasi və iqtisadi sınaqlarla üz-üzə qaldı. Lakin əvvəlki onilliklərdə yaradılmış sənaye potensialı, yetişdirilmiş mütəxəssislər, formalaşmış idarəçilik təcrübəsi və elmi baza yeni dövlətin inkişafı üçün mühüm imkanlar yaratdı. Bu səbəbdən bir çox tədqiqatçı 1969-1982-ci illəri Azərbaycanın sonrakı dövlət quruculuğu tarixinin vacib mərhələlərindən biri kimi qiymətləndirir.

Bu gün 14 iyul tarixini xatırlayarkən söhbət təkcə bir siyasi qərardan getmir, Azərbaycanın inkişaf tarixində yeni mərhələnin başlanğıcından, milli potensialın səfərbər edilməsindən, dövlət idarəçiliyində peşəkarlığın və strateji düşüncənin ön plana çıxmasından gedir. Məhz buna görə 14 iyul Azərbaycan tarixində yalnız təqvimdə qeyd olunan bir gün deyil. O, milli inkişaf iradəsinin, strateji dövlət idarəçiliyinin və gələcəyə hesablanmış quruculuq siyasətinin rəmzlərindən biri kimi yaddaşlara həkk olunub.

Bu gün Azərbaycan tamamilə fərqli siyasi və iqtisadi reallıqda yaşayır. Müstəqil dövlət olaraq inkişaf yolunu müəyyən edir, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, yeni hədəflərə doğru inamla irəliləyir. Sözsüz ki, hər bir dövrün öz çağırışları və vəzifələri var. Lakin keçilən yolun başlanğıc nöqtələrini düzgün qiymətləndirmək gələcəyi daha sağlam əsaslar üzərində qurmağa kömək edir. Tarix heç vaxt keçmişdə qalmır. O, bu günün düşüncəsində yaşayır, sabahın qərarlarında davam edir. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın "demokratik" diktaturası

09:00
15 İyul

Qaraqayada Sahib zirvəsi

08:55
15 İyul

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!