12 İyun 2026 08:55
202
CƏMİYYƏT
A- A+
Şəfəqdə ucalan yurd sevgisi

Şəfəqdə ucalan yurd sevgisi


Ümidləri, arzuları nurlu simalarında şəfəq saçan şagirdlərin arasındayıq. Bura yerləşdiyi məkanın adını daşıyan Şəfəq qəsəbəsi tam orta məktəbidir.

Şagirdlərin simasında kədərdən daha çox qürur, iftixar hissi təcəssüm edir. Təhsil aldıqları orta məktəbdə keçirilən növbəti tədbir Vətən müharibəsində şəhid olmuş Rövşən Zahid oğlu Təhməzova həsr olunub. Qəhrəmanın 29-cu doğum gününü onsuz qeyd edirlər. Şəfəq qəsəbəsi tam orta məktəbin direktoru Almaz Hüseynova vurğulayır ki, bu təhsil ocağında tez-tez vətən torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımıza həsr olunmuş tədbirlərin keçirilməsi onlara ehtiramımız, mənəvi borcumuzdur: "44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Qarabağ və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etdi. Bu müqəddəs yolda Azərbaycanın yüzlərlə igid övladı şəhid oldu, sağlamlığını itirdi. Bu gün qalib xalq olmağın qüruru ilə yaşadığımız üçün vətəni canından, doğmalarından çox sevmiş, sinəsini düşmən güllələrinə sipər etmiş igidlərimizə minnətdarıq. Biz onların xatirəsini hər zaman əziz tuturuq".

Məktəb direktorunun sözlərini tədbir iştirakçılarının üzündəki ifadə də təsdiq edirdi. Sonra şagirdlər Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igidlərimizə həsr olunmuş, vətənə məhəbbət tərənnümlü şeirlər söylədilər.

Tədbirdən sonra məktəbin sinifdənxaric oxu üzrə təşkilatçısı Şəms Cabbarova ilə sinif otaqlarını dolaşırıq. Məktəbə qədəm qoyduğun andan hiss edirsən ki, bu bina yalnız şagirdlərə təhsil verən bir məkan deyil. Burada sanki divarlar da, şəkillər də danışır. Məktəbin foyesində şəhidlərin portretləri düzülüb. Hər səhər məktəbə qədəm qoyan neçə-neçə şagird atasının, qardaşının və Vətən torpaqlarının azadlığı, onların qürurla, xoşbəxt yaşaması naminə canından keçmiş digər qəhrəmanların baxışları ilə salamlaşırlar.

Yaşı az olsa da, bu təhsil ocağı şanlı bir tarixin şahididir. Məktəb Vətən müharibəsindəki böyük qələbəmizdən sonra - 2021-ci ildə açılıb. Bu bina da məktəb üçün tikilib.

Məktəbin özü kimi, yerləşdiyi yaşayış məntəqəsi də yenidir. Abşeron rayonunun inzibati ərazisində salınmış bu yaşayış massivi 2023-cü ilin oktyabrında rəsmən "Şəfəq" adlandırılıb. 2024-cü ilin aprelində Prezident İlham Əliyevin təsdiqlədiyi "Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunla Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib. 

Məktəbin direktoru Almaz Hüseynova məlumat verir ki, o vaxt bu məktəbdə 120 şagird təhsil alırmış. Hazırda Şəfəq qəsəbəsi tam orta məktəbində şagirdlərin sayı 928 nəfərə çatıb. 

Qeyd edək ki, Şəfəq qəsəbəsi sakinlərinin çoxu gözdən əlillər, Birinci və İkinci Qarabağ müharibələri əlilləri və şəhid ailələrindən ibarətdir. Şəfəq qəsəbəsi tam orta məktəbində bu səbəbdən həssas təbəqənin uşaqları - şəhid və qazi, gözdən əlil olan ailələrin övladları təhsil alırlar. Məktəbdə 45-ə yaxın şəhid övladı oxuyur. O uşaqların heç vaxt gözləri gülmür. Xoş söz də desən, gözlərindən qəm, qüssə çəkilmir. Almaz Hüseynova deyir: "Onların hər birinə xüsusi həssaslıq və qayğı ilə yanaşılır. Onların qəlbini azacıq da oxşamaq üçün ad günlərində yaxınlaşıb kiçik də olsa, sürpriz hazırlayırıq. Sinif yoldaşları da o uşaqlara olduqca həssaslıqla, hörmətlə yanaşırlar, bir dəfə onları incidən olmayıb. Onlar məktəbin rəhbərliyindən, müəllim heyətindən həmin uşaqlara hansı münasibəti görürlərsə, o cür davranırlar".

Məktəbin direktoru qeyd edir ki, şəhid övladları atalarının və onların timsalında Vətən uğrunda döyüşmüş bütün igidlərimizin qəhrəman olduqlarını yaxşı anlayırlar. Odur ki, qürur, iftixar hissləri kədərlərindən böyükdür: "Onlar sanki atalarının adlarını yaşatmaq üçün böyüyürlər. Bu səbəbdən məktəbimizdə təşkil olunan tədbirlərdə can-dildən iştirak edirlər. Məktəbimizdə tez-tez müxtəlif tədbirlər, viktorinalar, ustad dərsləri keçirilir. Zəfər Günü xüsusi təntənə ilə qeyd olunur. Şagirdlərimiz şeirlər söyləyir, səhnəciklər göstərirlər. Şəhid övladları atalarının, qardaşlarının şəkilləri həkk olunmuş köynəklərlə çıxış edirlər. Şəhid övladları şeir deyərkən, mahnı oxuyarkən çox vaxt kövrəlirlər. Amma onlar, eyni zamanda böyük qürur hissi yaşayırlar. Yaşca kiçik olanlar yoldaşlarına atalarının şəklini fəxrlə göstərib "Bu mənim atamdır", - deyirlər".

Məktəbin direktoru diqqətə çatdırır ki, övladları və ya qardaşı bu məktəbdə təhsil alan şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da məktəbimizdə ənənəyə çevrilib: "Həmin günlərdə şəhidlərimizin evlərini də ziyarət edirik. Məktəbimizdə təşkil etdiyimiz tədbirlərə qəsəbəmizdə yaşayan, hətta doğmaları bu məktəbdə təhsil almayan şəhidlərimizin belə ailə üzvlərini dəvət edirik. Böyük məmnuniyyətlə dəvətimiz qəbul olunur".

Şəfəq tam orta məktəbində ən diqqətçəkən məqamlardan biri də şəhidlərin adlarının yaşadılmasıdır. Şəhid övladının təhsil aldığı sinfə atasının adı verilib. Ancaq elə sinif var ki, orada bir deyil, iki, üç, hətta dörd şəhid övladı oxuyur. Almaz Hüseynova bildirir: "Belə olduğu halda o sinfə ən birinci gəlmiş uşağın şəhid atasının adını veririk. Digər siniflərimizə şəhidlərimizin adını verərkən onların başqa siniflərimizdə bacı-qardaşlarının oxuyub-oxumadığına diqqət yetiririk. Əgər şəhidimiz subay olubsa, övladı qalmayıbsa, onun adını bacısının, yaxud qardaşının oxuduğu sinfə veririk".

Sinif otaqlarına baş çəkdikcə düşünürük ki, uşaqlar hər gün yalnız məktəb dərsliklərindən, müəllimlərindən deyil, həm də divara vurulmuş bu şəkillərdən tariximizi öyrənirlər. Məktəbin foyesində və giriş hissəsində də şəhidlərin fotoları və xatirə guşələri yaradılıb.

Tənəffüs zamanı məktəbin bir neçə müəllimi ilə də həmsöhbət oluruq. Deyirlər ki, şəhid övladları ilə işləməyin xüsusi həssaslıq tələb etdiyini dərsin planlaşdırılmasından uşaqlarla sağollaşana qədər hər mərhələdə nəzərə alırıq. Almaz Hüseynova: "Torpaqlarımızın işğal və azad edildiyi tarixi günləri tədris etdiyimiz fəndən asılı olmayaraq, mütləq şagirdlərimizə xatırladırıq. Şagirdimizin atasının şəhid olduğu gün isə sinifdə ümumi məlumat veririk. Atasının şəhidliyini xüsusi vurğulamırıq. Qələbəyə olan töhfəsini, vətənimizdə rahat yaşamağımızda onun atasının da əməyi olduğunu qeyd edirik. Ailələri ilə də əlaqə saxlayırıq, onların evlərinə baş çəkirik".

Müəllim - cəmiyyətin gələcəyini formalaşdıran ən məsuliyyətli peşə sahiblərindən biridir. O, yalnız şagirdlərinə bilik öyrətmir, həm də onların dünyagörüşünün, xarakterinin və həyata baxışının formalaşmasında mühüm rol oynayır. Gənc nəslə milli-mənəvi dəyərləri, vətənə sevgi və vətənpərvərlik hisslərinin aşılanmasında, onların layiqli vətəndaş kimi yetişməsində müəllimlərin rolu böyükdür. Müəllimin verdiyi düzgün istiqamət uşağın gələcək taleyinə təsir edə bilir. "Buna görə də müəllim peşəsi böyük məsuliyyət, vicdan və fədakarlıq tələb edir".

Məktəbin gənc müəllimlərindən soruşuruq: "Hazırkı dövrdə müəllim olmaq çətin deyil?" Cavab verirlər ki, ola bilər yeni başlayanda çətinlik çəkirdik, amma artıq yox. Məktəbin coğrafiya müəllimi Aytən Məhərrəmli artıq beşinci ildir müəllim işlədiyini söyləyir: "Və özümü tamamilə aid olduğum yerdə hiss edirəm", - deyir.

Şəms Cabbarova isə qeyd edir ki, 20 ildir ki, dərs deyirəm, uşaqlarla sevərək işləyirik: "Çalışdığımız təhsil ocağında qayda-qanuna, nizam-intizama əməl olunduğu üçün əlavə problemlərlə qarşılaşmırıq. Elə müəllimlərimiz var ki, hər gün Şəfəq qəsəbəsinə gəlmək üçün uzun yol qət edir və bundan qətiyyən şikayətlənmir".

Hər bir şagirdin uğuru, yalnız özünün, ailəsinin deyil, eyni zamanda təhsil aldığı məktəbin, ona dərs deyən müəllimlərin uğurudur. Almaz Hüseynova Şəfəq qəsəbəsi tam orta məktəbin məzunlarının qazandığı uğurlardan fərəhlə söz açır: "Məzunlarımız arasında Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Tibb Universitetində, Polis Akademiyasında və başqa ali məktəblərdə təhsillərini davam etdirənlər, peşə, sənət öyrənib müxtəlif sahələrdə çalışanlar var. Onların dövlətə, xalqa faydalı vətəndaş kimi yetişmələri, öz həyatlarını düzgün qurmaları bizi sevindirir".

Məktəbin məzunlarından biri də Ağadadaş Xəlilovdur. Ağadadaş hazırda Milli Müdafiə Universitetinin nəzdində olan Bakı Hərbi Kollecində Aviasiya ixtisası üzrə I kursda təhsil alır. Ağadadaş kiçik yaşlarından hərbçi olmaq istəyib. Ancaq Bakı Hərbi Kollecində oxumağı o, yalnız özünün ən böyük arzusunu gerçəkləşdirmək üçün seçməyib. Həm də bununla Vətən müharibəsində şəhid olmuş atasının - hərbçi Nadir Ağadadaş oğlu Xəlilovun arzusunu reallaşdırıb. Ağadadaş deyir: "Atam mənim hərbçi olmağımı istəyirdi. Bu peşəyə yiyələnmək uşaq çağlarımdan mənim də ən böyük arzum oldu. Mən Vətənə xidmət etməklə həm atamın xatirəsini yaşatmaq, həm də onun mənə öyrətdiyi milli dəyərlərimizi qorumaq istəyirəm. Çünki şəhid övladı olmaq yalnız bir ad deyil, onu ömür boyu daşımaq böyük bir məsuliyyət və qürurdur".

Bu məktəbdən ayrılarkən bir daha anlayırsan ki, Vətən sevgisi yalnız dərsliklərdə öyrədilmir. O sevgi şəhid şəkillərinin qarşısında dayanıb susan uşağın baxışlarında, müəllimin qayğı dolu münasibətində, sinif otaqlarında yaşadılan xatirələrdə yaşayır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollardan baha satılır

09:57
12 İyun

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

09:56
12 İyun

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

09:54
12 İyun

İlon Mask tarixdə ilk trilyonçu olub

09:42
12 İyun

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

09:40
12 İyun

Yayda düzgün qidalanmağın yolları

09:40
12 İyun

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

09:39
12 İyun

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!