Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qaraqaşlı kəndində ictimaiyyət nümayəndələrinin, icra hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə "Şəhərsalma və Memarlıq sahəsində Qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu" mövzusunda növbəti ictimai maarifləndirici tədbir keçirilib.
Neftçala RİH başçısının müavini Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq müasir şəhərsalma siyasətində dayanıqlı inkişafın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənməsi barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. RİH başçısı aparatın şöbə müdirinin müavini Dilavər Əliyev isə çıxışında Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları, 80-ci maddəsinə əsasən, məlumatlandırma icraatı barədə qanunvericiliyin tələblərini izah edərək tikinti norma və qaydalarına əməl edilməklə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini diqqətə çatdırıb. RİH-in sektor müdiri Nəsib Abbasov qanunsuz tikililərdən danışıb. Bildirib ki, icazəsiz və normativləri pozan tikililər şəhərsalma qaydalarını pozur, memarlıq estetikası və ətraf mühitlə bir araya sığmır.
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparılıb.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Neftçala şəhərində genişmiqyaslı ekoloji təmizlik aksiyası da keçirilib. Aksiya çərçivəsində şəhərin bir sıra küçələri bərk məişət tullantılarından, yabanı ot və tikandan təmizlənib. Aksiyada 115 nəfərdən çox təmizlik işçisi, bələdiyyə və digər təşkilatların nümayəndələri iştirak edib.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Neftçala şəhərinin, o cümlədən rayonun qəsəbə və kəndlərində ərazilərin təmizlənməsi, parklarda yaşıllıq işlərinin aparılması, yolkənarı ərazilərin abadlaşdırılması diqqət mərkəzində saxlanır və təmizlik aksiyalarının il ərzində mütəmadi keçirilməsi ilə bağlı şəhər və digər yaşayış məntəqələrinin bölgüsü təsdiqlənib.
S.QUBADOĞLU,
"Azərbaycan"