Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədən irəli gələn vəzifələrin, qarşıya qoyulan məsələlərin icrası ilə bağlı görüləcək işlər Astarada fermer və sahibkarların iştirakı ilə müzakirə olunub.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam edir: "Məlumdur ki, 3 sentyabr 2017-ci il tarixdə Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Həmin müşavirədən sonra dövlət başçısının sərəncamları ilə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair dövlət proqramları təsdiq edilib. Bu il mayın 25-də isə Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib. Dövlət proqramının icrası ilə aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur".
RİH başçısı sözünə davam edərək bildirib ki, təsdiq edilmiş dövlət proqramları kənd təsərrüfatının müxtəlif sahələrinin dirçəldilməsi üçün böyük imkanlar yaratmaqla ölkədə qeyri-neft sektorunun inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir: "Son illər Astarada sitrus və subtropik meyvələrin istehsalına diqqət artmış, fiziki şəxslər və pay torpaq mülkiyyətçiləri tərəfindən yeni bağlar salınaraq sahəsi ümumilikdə 4 min 666 hektara çatdırılıb ki, bu da əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur. Sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilərək müasir üsullardan istifadəyə daha çox üstünlük verilir. Bu sahənin rayonda daha sürətli inkişafı üçün sitrus bağlarının yerli iqlim şəraitinə uyğun yeni texnologiya əsasında əkilməsi üçün mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. 2018-ci ildən etibarən rayona xaricdən gətirilərək əkilən şaxtayadavamlı və məhsuldar tinglər müsbət bəhrəsini verir, başqa sözlə, intensiv üsulla əkilmiş bağlardan artıq yüksək nəticələr əldə edilir".
Tədbirdə diqqətə çatdırılıb ki, ötən il 78 min tonsitrus və subtropik meyvə istehsal edilib və nəticədə fermerlərin və fərdi təsərrüfatçıların ailə büdcələri əhəmiyyətli dərəcədə artıb. İstehsal olunan sitrus və subtropik meyvələri ölkə əhalisinin tələbatının çox hissəsini ödəsə də, əlavə olaraq ildə ölkəmizə 20 min ton portağal, 20 min ton limon və 8 min ton naringi idxal edilir. Bu səbəbdən sitrusçular intensiv bağ sahələrinin artırılması üzərində düşünməli, istehsalı 2 dəfə artıraraq 150 min tona çatdırılmasına nail olmalıdırlar.
Məruzədən o da məlum olub ki, Astarada ilk dəfə sutkalıq istehsal gücü 50-55 ton olan sitrus meyvələrinin çeşidlənməsi və qablaşdırılması məntəqəsi yaradılır. Bunun üçün artıq müasir avadanlıqlar alınıb, sitrus meyvələrin yığımına qədər quraşdırılması nəzərdə tutulur. Bu yerdə qeyd edək ki, Astarada sitrus və subtropik meyvələrinin saxlanması üçün soyuducu anbarlar kifayət qədər olmadığından sakinlər və fermerlər istehsal etdikləri məhsulları dəyərindən ucuz qiymətə satmaq məcburiyyətində qalırlar. Odur ki, yeni soyuducu anbarların tikintisi istehsalçıların öz məhsullarını daha keyfiyyətli saxlamasına və mənfəətlərinin artmasına şərait yaradardı.
Çayçılıq Astarada kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. Rayonun çay fabriklərində istehsal edilən ekoloji təmiz Astara çayı beynəlxalq sərgilərdə mükafatlara layiq görülmüşdür. O üzdən rayonda istehsal edilən çay məhsulunun xarici bazarlara ixracında problem yoxdur. Yeri gəlmişkən bildirək ki, ötən il rayon üzrə 232 hektar sahədən 725 ton yaşıl çay yarpağı yığılaraq fabriklərə təhvil verilib. Amma bu, kifayət etmir. Odur ki, qarşıya çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilməsi vəzifəsi qoyulub. Bununla həm də yüzlərlə insanın məşğulluğunu təmin etmək mümkün olacaq.
Rayonda çəltikçiliyin də inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib, o cümlədən sutkada gücü 40 ton olan müasir Çəltik emalı zavodu istifadəyə verilib. Artıq Astara düyüsünün brend olaraq ölkə bazarlarında öz alıcısı var. Söz düşmüşkən xatırladaq ki, ötən il 307 hektar sahədən 1226 ton məhsul yığılıb, orta məhsuldarlıq 41 sentnerə çatıb. Bu il 181 hektar çəltik əkilib və hazırda çətik əkini davam edir.
Son illər rayonda balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üçün də müəyyən işlər görülüb. Regionda ilk dəfə illik istehsal gücü 30 ton olan "Astara FİSH" və istehsal gücü 15 ton olan "Belluqa Astara" MMC-ləri yaradılıb. Həmin müəssisələrdə nərə cinsli balıqlar yetişdirilir. Rayonun təbii iqlim şəraitinin əlverişli olması gələcəkdə bu sahənin daha da genişləndirilməsinə imkan yaradır.
Rayon sakinləri və fermerlər heyvandarlığın inkişafına da xüsusi maraq göstərirlər. Son illər onlar heyvanların cins tərkibini yaxşılaşdıraraq təsərrüfatlarını genişləndirirlər. 2025-ci ildə rayon üzrə 37 min baş qaramal, 21 min davar mövcud olub. 4 min 100 ton ət, 25 min 600 ton süd istehsal edilib. Rayonda yaradılmış müasir ət kəsimi məntəqəsi sanitar-gigiyenik normalara əməl edilməklə yanaşı, istehlakçıların təmiz və keyfiyyətli ət məhsulları ilə təmin edilməsinə şərait yaradır.
Müşavirədə çıxış edən fermer və sahibkarlar məşğul olduqları sahələr üzrə dövlət dəstəyindən yararlanmaqla qazandıqları nailiyyətlərdən, mövcud problemlərdən, qarşıdakı planlardan danışıb, həyata keçirmək istədikləri yeni layihələr barədə təkliflərini səsləndirib və prezidentin kənd təsərrüfatı ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər. RİH-in başçısı qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları qaşısında məsələ qaldırılacağını qeyd edib. Vurğulayıb ki, dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq üçün müasir texnologiyalar tətbiq etməklə Astara üçün xarakterik olan yeni intensiv bağların salınması, istifadəsiz qalan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma suyundan səmərəli istifadə olunması, yeni su mənbələrinin yaradılması, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin genişləndirilməsi vacibdir. O, həmçinin kənd təsərrüfatının bütün sahələri üzrə peşəkar mütəxəssislərə böyük ehtiyac olduğunu xatırladıb.
Seyran CAVADOV,
"Azərbaycan"