12 İyun 2026 08:40
175
İQTİSADİYYAT
A- A+
Neftdənkənar inkişaf - Azərbaycan iqtisadiyyatının yenilənmə modeli

Neftdənkənar inkişaf - Azərbaycan iqtisadiyyatının yenilənmə modeli


Ötən il ölkə üzrə ÜDM istehsalının 71,5 faizi qeyri-neft sektorunun payına düşüb


Azərbaycan iqtisadiyyatının son 20 ildə keçdiyi inkişaf yolu ölkənin neftdən asılılığının tədricən azaldığını göstərir. 2025-ci ildə ümumi daxili məhsulun (ÜDM) 71,5 faizinin neftdənkənar sahənin  payına düşməsi iqtisadiyyatın strukturunda mühüm dəyişikliklərin baş verdiyini nümayiş etdirir. 

İki onillik əvvəl bu göstərici təxminən 44 faiz səviyyəsində idi, 45 faizə belə çatmırdı. Bu dinamika həyata keçirilən iqtisadi şaxələndirmə siyasətinin nəticəsi kimi qiymətləndirilir. Çünki Azərbaycanın artıq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində müsbət nəticələr əldə etdiyi  aydın görünür. Əgər 2025-ci ildə ÜDM-in strukturuna baxsaq, neftdənkənar sahənin payının 71,5 faizə  qədər yüksəldiyini görərik.  Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatında neft-qaz sektorunun payı artıq 30 faizdən aşağı düşüb. Sənaye istehsalının genişlənməsi, neftdənkənar  ixracın artması və xidmət sektorunun inkişafı bu prosesə dəstək verir. 

Bu nəticələr həyata keçirilən iqtisadi siyasətin səmərəsini ortaya qoyur. Üstəlik, inkişaf ölkənin son 20 ildə müxtəlif iqtisadi sınaqlarla, o cümlədən müasir tariximizin ən çətin iqtisadi dövrlərindən biri ilə üzləşdiyi bir şəraitdə əldə olunub. Bütün bu çətinliklərə baxmayaraq, iqtisadiyyatın strukturunda neftdənkənar sahənin  çəkisinin artması Azərbaycanın şaxələndirmə siyasətinin uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər. Neftdənkənar sənaye iqtisadi dayanıqlığın əsas təminatçılarından biri kimi qiymətləndirilir. Sənaye sahəsi yüksək texnologiyaların, mühəndislik biliklərinin, innovasiyaların və insan kapitalının inkişafına təkan verir. Azərbaycanın siyasi sabitliyi, əlverişli enerji qiymətləri, inkişaf etmiş infrastruktur və makroiqtisadi sabitlik kimi üstünlükləri sənayenin inkişafı üçün əlverişli zəmin yaradır.

Qeyd olunan amillər sənaye sektorunun strukturunun daha geniş şaxələndirilməsini və yeni prioritet istiqamətlər üzrə inkişafın davam etdirilməsini aktuallaşdırır. Bu baxımdan deyə bilərik ki, perspektivli istiqamətlərdən biri dağ-mədən sənayesidir. İşğaldan azad edilmiş ərazilərdə yerləşən zəngin mineral ehtiyatlar, xüsusilə qızıl, mis, gümüş və digər strateji minerallar bu sahənin inkişaf potensialını artırır. Eyni zamanda metallurgiya sənayesinin genişləndirilməsi əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kimya sənayesi də prioritet sahələr sırasında yer alır. Azərbaycanın mövcud neft və qaz resursları polimerlər, polipropilen, polietilen və digər yüksək əlavə dəyərli məhsulların istehsalı üçün geniş imkanlar yaradır.

Kənd təsərrüfatı neftdənkənar  ixracın əsas istiqamətlərindən biri olaraq qalır. Ölkənin əlverişli iqlim şəraiti, münbit torpaqları və mövcud bazarlara çıxış imkanları bu sahənin inkişafını dəstəkləyən əsas amillərdir. Xidmət sektorunda nəqliyyat-logistika xüsusi önəm daşıyır. Azərbaycanın Orta dəhliz və "Şimal-Cənub" nəqliyyat marşrutlarında mühüm tranzit mərkəzinə çevrilməsi ölkə üçün yeni iqtisadi imkanlar yaradır. Turizm sektoru da neftdənkənar  gəlirlərin artırılması baxımından strateji istiqamətlərdən biri hesab olunur. 

Qeyd olunan  istiqamətlər neftdənkənar sahənin inkişafında prioritet sahələr kimi qiymətləndirilir. Bu baxımdan iqtisadiyyat naziri Mikayıl Cabbarovun İctimai Televiziya və AZƏRTACa verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkənin iqtisadi şaxələndirmə siyasətinin əsas hədəflərini və perspektivlərini daha aydın şəkildə ortaya qoyur: "Mən ilk növbədə qeyri-neft sənayesini qeyd edərdim. Çünki sirr deyil ki, istənilən ölkənin sənaye potensialı onun iqtisadi dayanıqlılığını təmin edir. Azərbaycana gəldikdə, bizim bir sıra üstünlüklərimiz var. Onların əksəriyyəti bir çox digər sektorlara da aid ola bilər. Lakin sənayenin özəlliyi ondan ibarətdir ki, ticarətdən fərqli olaraq, bu, daha uzunmüddətli baxış tələb edir. Çünki qoyulan sərmayələrin qaytarılması prosesi daha uzundur. Biz dinamikaya baxdıqda görürük ki, məsələn, ölkə son altı il ərzində qeyri-neft ixracını təxminən iki dəfə artırmağa nail olub. Bu il də həmin artım dinamikası davam edir. Cari ilin dörd ayı ərzində qeyri-neft ixracının həcmi 17 faizdən çox artıb. Bu, kifayət qədər yüksək sürətdir. Burada biz hər zaman, həmçinin qeyri-neft ixracının keyfiyyətinə, yəni onun hansı məhsullardan ibarət olması məsələsinə fokuslanırıq".

Nazirin söylədiyi digər fikirlərə əsaslanaraq deyə bilərik ki, neftdənkənar sahənin inkişafının növbəti mərhələsində diqqət yalnız ənənəvi sahələrin genişləndirilməsinə deyil, həm də yüksək texnologiyalar və innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılmasına yönəldilməlidir. Dünya təcrübəsi göstərir ki, uzunmüddətli iqtisadi dayanıqlılıq bilik və texnologiya tutumlu sahələrin inkişafından asılıdır. Bu baxımdan informasiya texnologiyaları, süni intellekt, rəqəmsal xidmətlər, kibertəhlükəsizlik, data mərkəzləri və startap ekosisteminin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan regional rəqəmsal mərkəzə çevrilmək üçün əlverişli coğrafi mövqeyə və enerji resurslarına malikdir.

Eyni zamanda "yaşıl iqtisadiyyat"  və bərpaolunan enerji sahələri gələcək inkişafın əsas istiqamətlərindən biridir. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi həm enerji təhlükəsizliyini möhkəmləndirə, həm də yeni investisiya və ixrac imkanları yarada bilər. "Yaşıl enerji" potensialından səmərəli istifadə və iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi ilə bağlı dövlətin baxışı iqtisadiyyat naziri Mikayıl Cabbarovun məlum müsahibəsində  aydın şəkildə ifadə olunub:  "Bir element də burada "yaşıl enerji" ilə birbaşa bağlıdır. Bilirsiniz ki, ölkəmizdə enerji keçidi kifayət qədər uğurla baş verir. Belə ki, xarici investorların sərmayələri hesabına artıq inşa edilmiş və fəaliyyətdə olan iki böyük enerji stansiyası mövcuddur. Bunlar "Masdar" şirkəti tərəfindən tikilmiş 230 meqavatlıq günəş və "ACWA Power" tərəfindən tikilmiş 240 meqavat gücündə olan külək-elektrik stansiyalarıdır. İşğaldan azad olunmuş ərazilərdə hazırda BP, SOCAR və digər sərmayədarların iştirakı ilə "Şəfəq" layihəsi də həyata keçirilir. Bu layihələr ölkədaxili enerji təchizatına töhfə verməklə yanaşı, indiyə qədər elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın emal həcmini azaldır və beləliklə, ölkənin ixrac imkanlarını genişləndirir. Onu da qeyd etmək istəyirəm ki, biz gələcəkdə Azərbaycanı yalnız enerji istehsalçısı kimi deyil, həm də bir enerji habı, yəni enerji qovşağı kimi görürük. Burada söhbət yalnız "yaşıl enerji"dən getmir, neft və qaz infrastrukturu da daxil olmaqla, ənənəvi enerji növləri üzrə də bu gün artıq real layihələr həyata keçirilir".

Göründüyü kimi, Azərbaycanın iqtisadi inkişaf gündəmində neftdənkənar sahənin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Və  əldə olunan göstəricilər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm irəliləyişlərin baş verdiyini təsdiqləyir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollardan baha satılır

09:57
12 İyun

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

09:56
12 İyun

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

09:54
12 İyun

İlon Mask tarixdə ilk trilyonçu olub

09:42
12 İyun

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

09:40
12 İyun

Yayda düzgün qidalanmağın yolları

09:40
12 İyun

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

09:39
12 İyun

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!